Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-95/2022 10.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2007-ci il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlanmış, müqaviləyə görə iddiaçı (müqaviləyə görə 1-ci tərəf) mülkiyyətində olan, Bakı şəhəri, Xocalı prospekti 36 ünvanında yerləşən 1, 2, 4, 5, 6 və 7 saylı mənzilləri "xxxx" MTK-nin (müqaviləyə görə 2-ci tərəf) istifadəsinə verməyi, "xxxx" MTK isə Bakı şəhəri, Xocalı prospekti 36 ünvanında MTK tərəfindən inşa ediləcək yüksək mərtəbəli binanın 1-ci mərtəbəsində Xocalı prospekti boyu 23,30 metr uzunu, 15,5 metr eni, hündürlüyü 3,20 metr olan qeyri-yaşayış sahəsini (ümumi sahəsi 361,0 m2), 2-ci mərtəbəsində Xocalı prospekti boyu 20,0 metr uzunu və 15,5 metr eni, hündürlüyü 3,0 metr olan qeyri-yaşayış sahəsini (ümumi sahəsi 310 m2), binanın 10-cu mərtəbəsində bir mənzili (ümumi sahəsi 138,4 m2), 11-ci mərtəbəsində bir mənzili (ümumi sahə 138,4 m2) və 12-ci mərtəbəsində beş mənzili (ümumi sahəsi 593,5 m2 ) bayır hissəsi tam təmir edilmiş vəziyyətdə iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşür.
2. İddiaçıya məxsus qeyd edilən mənzillər onun tərəfindən "xxxx" MTK-ya təhvil verilmişdir.
3. Bundan sonra, iddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2012-ci tarixdə, xx.xx.2007-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əlavə və dəyişikliklər barədə Saziş bağlanmış, Sazişin şərtlərinə görə, müqavilənin 1.2-ci bəndində “və eləcə də yaşayış sahəsi” sözləri çıxarılmış, 2.1-ci bəndinə 7-ci və 8-ci yarım bəndlər əlavə edilmiş, yeni bəndlərə əsasən iddiaçı müqavilədə göstərilən Bakı şəhəri, Xocalı prospekti 36 ünvanında inşa edilən hündür mərtəbəli yaşayış binasında tikintinin başa çatması üçün 1.000.000 manat məbləğində işlər görməyi, alınan mal-materialın qiymətlərini "xxxx" MTK ilə razılaşdırmaqla həyata keçirməyi, göstərilən ünvanda sonuncu tərəfindən tikiləcək yüksək mərtəbəli binanın onuncu mərtəbəsində bir mənzili (ümumi sahəsi 136,1 m2), on birinci mərtəbəsində bir mənzili (ümumi sahə 136,1 m2) və 12-ci mərtəbəsində 5 mənzili (ümimi sahəsi 593,5 m2) MTK-ya qaytarmağı öhdəsinə götürmüşdür (mənzillərin qiymətinin hər kv.m üçün 650 manat olmaqla, 562900 manat qiymətləndirilmişdir). Habelə, Müqavilənin 2.2-ci bəndi yeni redaksiyada verilməklə, "xxxx" MTK binanın 1-ci mərtəbəsində 16,50 m. uzunluğu, 15,50 m. eni, 3,20 m. hündürlüyü olan, 60 kv.m yardımçı sahələri çıxmaq şərtilə, cəmi 195 m2 (16,5x15,5=255-60=195) qeyri-yaşayış sahəsini, 2-ci mərtəbəsində 16,50 m. uzunluğu, 26 metr eni, 3 m. hündürlüyü olan, 60 kv.m yardımçı sahələri çıxmaq şərtilə, cəmi 369 m2 (16,5x26=429-60=369) qeyri-yaşayış sahəsini, 3-cü mərtəbəsində 23,70 m. uzunluğu, 26 metr eni olan, 60 kv.m yardımçı sahələri çıxmaq şərtilə, cəmi 556 m2 (23,7x26=616-60=556) qeyri-yaşayış sahəsini, 4-cü mərtəbəsində 23,70 m. uzunluğu, 26 metr eni olan, 60 kv.m yardımçı sahələri çıxmaq şərtilə, cəmi 556 m2 (23,7x26=616-60=556) qeyri-yaşayış sahəsini bayır hissəsi tam təmir edilmiş vəziyyətdə iddiaçıya verməyi öhdəsinə götürmüşdür.
4. Daha sonra, "xxxx" MTK-nın qanuni təmsilçisi, cavabdehin qanuni təmsilçisi və Auditorlar Palatasının auditoru arasında xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmış, müqavilə Bakı ŞİH-nin 267 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən "xxxx" MTKnın təmsilçisi Türkiyə vətəndaşı X1 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəli zirzəmi olmaqla), A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmim olmaqla) yaşayış və qeyriyaşayış sahələrinin digər vətəndaşlara təkrar satılması nəticəsində aparılan Auditlə müəyyən olnacaq zərər çəkmiş şəxslərin Bakı ŞİH-nin 443 saylı, xx.xx.2015-ci il tarixli sərəncamına əsasən eyni ünvanda cavabdehə ayrılmış onun təsisçisi və qanuni mümayəndəsi X3 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsi, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, MMC və MTK-nın auditinin başa çatdığı tarixə Auditlə müəyyən olunacaq debitor və kreditor borcların Yiğitdöl Hikmətin şəriki cavabdehin təsisçisi Qabil Əliyevin qəbul etməsindən və Auditin başa çatdırıldığı vaxtadək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin onun tərəfindən həll olunması ilə bağlı məsələlərin realizəsindən ibarətdir.
5. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
6. İddiaçı Bakı şəhəri, ünvan 4 ünvanda inşa edilən yüksək mərtəbəli binanın 2ci mərtəbəsində Xocalı prospekti boyu 16,50 metr uzunluğu, 26 metr eni, 3 metr hündürlüyü olan, 60 kv.m yardımçı sahəni çıxmaq şərti ilə (16,5x26=429-60=369), cəmi 369 kv.m qeyri-yaşayış sahəsinin xx.xx.2007-ci il tarixli müqavilədə və ona əlavə edilmiş əlavə və dəyişikliklər barədə xx.xx.2012-ci Sazişdə göstərilən qaydada və ölçüdə (Xocalı prospekti boyu) ayrılaraq onun sahiblik və istifadəsinə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, həmin sahələrdən sahiblik və istifadə hüququna hər hansı maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən "xxxx" MTK tərəfindən Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181 saylı məhəllədə yüksək mərtəbəli binanın tikilməsinə başlanılmışdır. MTK həmin ərazidə inşaat işlərinə başlayan zaman ərazidə mövcud olmuş mənzillərin alqı-satqısına başlamışdır. Həmin vaxt bu ərazidə söküləcək köhnə mənzillərin 6-sı ona məxsus olmuşdur. Onunla "xxxx" MTK arasında Birgə Fəaliyyət haqqında xx.xx.2007-ci il tarixli Müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinin şərtlərinə görə ona məxsus mənzillər MTK-nin istifadəsinə verilir, əvəzində isə Müqavilənin 2.2-ci bəndinə uyğun olaraq MTK tərəfindən inşa ediləcək yüksək mərtəbəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 361 m2, 2-ci mərtəbəsində ümumi sahəsi 310 m2, onuncu mərtəbəsində bir mənzil (ümumi sahəsi 138,4 m2), on birinci mərtəbəsində bir mənzil (ümumi sahə 138,4m2), 12-ci mərtəbəsində beş mənzil (ümumi sahəsi 593,5 m2 ) bayır hissəsi tam təmir edilmiş vəziyyətdə onun mülkiyyətinə verilməli idi. Bundan başqa, tərəflər arasında həmin müqaviləyə əlavə və dəyişikliklər barədə xx.xx.2012-ci il tarixdə Saziş imzalanmışdır (Sazişin şərtləri işin faktiki hallarında qeyd edilmişdir §3). Ona verilən sahələr Xocalı prospekti boyu olmuş, yalnız ölçülər dəyişmişdir. "xxxx" MTK-nın sədri Hikmət Yiğitdöl vəzifəsindən siu-istifadə və dələduzluq etdiyinə görə 178.3.2, 29, 178.3.2 və 313-cü maddələri ilə məhkum olunmuş, o, həmin işdə zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Auditorlar Palatasının auiditoru A.Əliyev, Hikmət Yiğitdöl, cavabdehin təsisçisi Qabil Əliyevin və "xxxx" MTK-nın digər təsisçilərinin bağladığı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən səlahiyyətləri cavabdehə keçmişdir. Həmin müqavilənin 3.5-ci bəndinə deyilir ki, "xxxx" MTK Bakı şəhəri İH-nin 443 saylı, xx.xx.2015-ci il tarixli srəncamına əsasən cavabdehə ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181 saylı məhəllədə layihələndirilmiş üç bloklu yaşayış kompleksini və altındakı torpaq sahələrinin cavabdehə məxsus olmasını, Hikmət Yiğitdöl tərəfindən tikilmiş A1 blokunda, eləcə də A1 və A2 blokları arasında olan 6 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) qeyri-yaşayış sahəsindən yaranmış bütün problemlərini cavabdeh tərəfindən həll edilməsini qəbul edir. Hazırda cavabdeh tərəfindən ona binanın 2-ci mərtəbəsində 361 kv.m sahə ayrılarkən müqavilənin şərtini pozaraq orada nəzərdə tutulmuş Xocalı prospekti boyu 16,5 metr uzunluğu, 26 metr eni, 3 metr hündürlüyü olan, 60 kv.m yardımçı sahəni çıxmaq şərtilə, cəmi 369 kv.m qeyri-yaşayış sahəsini təhvil verməkdən boyun qaçırır. Cavabdehin bu hərəkətləri onun mülkiyyət hüquqlarını pozur.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
8. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
9. Məhkəmə iclasında verilən izahatlar:
10. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
11. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
12. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respubikasının Konstitusiyası:
13. Maddə 13, İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
14. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
16. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 405. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.
18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
21. Maddə 752.1. podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
25. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
26. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıddır.
27. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
28. İddiaçının iddia tələbi onunla "xxxx" MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixdə başlanmış müqaviləyə və həmin müqaviləyə əlavə və dəyişikliyə xx.xx.2012-ci il tarixdə edilmiş əlavə sazişə əsasən Bakı şəhəri, ünvan 4 ünvanda inşa edilən yüksək mərtəbəli binanın 2-ci mərtəbəsində Xocalı prospekti boyu 16,50 metr uzunluğu, 26 metr eni, 3 metr hündürlüyü olan, 60 kv.m yardımçı sahəni çıxmaq şərti ilə (16,5x26=429- 60=369), cəmi 369 kv.m qeyri-yaşayış sahəsinin (bundan sonra – mübahisəli qeyriyaşayış sahəsi) onun istifadəsinə və sahibliyinə verilməsi ilə bağlıdır.
29. Podrat müqaviləsinə verilən anlayışdan da görünür ki, bu müqavilə kansensual müqavilədir, tərəflər sifarişin qəbul edilməsi və muzd barədə razlığa gəldikləri andan müqavilə bağlanmış sayılır (§ 20).
30. İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı ilə "xxxx" MTK yeri, ölçüsü, qiyməti və digər mühüm şərtləri göstərilməklə, xx.xx.2007-ci il tarixdə başlanmış müqaviləyə xx.xx.2012-ci il tarixdə əlavə edilmiş sazişə əsasən mübahisəli Qeyri-yaşayış sahəsinin tikilərək iddiaçıya təhvil verilməsi barədə razılığa gəlməklə, yazılı formada podrat müqaviləsi bağlamışlar. Beləliklə, iddiaçı ilə "xxxx" MTK müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldiklərindən müqavilə bağlanmış sayılır (§ 17).
31. İşin halları ilə də müəyyən edilir ki, iddiaçı öhdəliyini yerinə yetirərək xx.xx.2007-ci il tarixdə bağlanmış müqavilədə göstərilən mənzilləri, onların yerləşdiyi ərazidə tikinti işlərinin yerinə yetirilməsi məqsədilə, "xxxx" MTK-nın mülkiyyətinə vermiş, habelə xx.xx.2012-ci il tarixdə bağlanmış sazişin şərtlərinə uyğun olaraq öhdəliyini yerini yetirsə də, cavabdeh mübahisəli Qeyri-yaşayış sahəsini iddiaçıya verməməklə öhdəliyini pozmuşdur (xx.xx.2012-ci il tarixdə bağlanmış müqavilə üzrə cavabdeh "xxxx" MTK-nın bütün öhdəliklərini öz üzərinə götürmüşdür) (§ 20).
32. Məhkəmə qeyd edir ki, üzərinə öhdəlik götürmüş hər bir tərəf öhdəliyini vicdanla yerinə yetirmək vəzifəsi daşıyır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarının təmin edilməsinə yönələn addımdır. Bu səbəbdən də, qanunvericilik öhdəliyin icrası zamanı vicdanlılıq şərtlərini təkcə tərəflər arasında bağlanmış müqavilənin məzmunundan irəli gələn hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşdırmır, hətta müqavilədə və qanunda nəzərdə tutulmasa belə, tərəflərin mənafelərinə uyğun gələn tərzdə, işgüzar adətlərə uyğun icra edilməsini təşviq edir (§ 18).
33. Nəzərə almaq lazımdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamı əsasında cavabdehə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli yaşayış binasının tikintisinə icazə verilmiş və sonuncu həmin ünvanda yüksək mərtəbəli yaşayış binaları inşa etmişdir. Bu zaman, cavabdeh vicdanlılığın tələb etdiyi tərzdə hərəkət edərək öhdəliyini icra etməlidir. Çünki, əvvəldə də qeyd edildiyi kimi, müqavilə üzrə tərəflərinin öhdəliyini vicdanla yerinə yetirməsi təkcə konket müqavilə şərtləri ilə məhdudlaşmır, həm də Mülki Məcəllənin müfafiq tələblərinə müvafiq surətdə həyata keçirilməlidir (§ 18).
34. Mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməsi Mülki Məcəllənin 5.3-cü maddəsində də imperativ olaraq qeyd edilmişdir (§ 15).
35. Bundan başqa, məhkəmə qeyd edir ki, "xxxx" MTK-nın təsisçisi və direktoru Hikmət Yiğitdölün barəsində aparılmış cinayət işi üzrə çıxarılmış hökmlə də müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə (32 ünvanında) inşa edilən yüksək mərtəbəli binanın 2-ci mərtəbəsində Xocalı prospekti boyu 16,50 metr uzunluğu, 26 metr eni, 3 metr hündürlüyü olan 60 kv.m yardımçı sahəni çıxmaq şərti ilə (16,5x26=429-60=369), cəmi 369 kv.m qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən iddiaçının sahibliyinə və istifadəsinə verilməsi müəyyən edilmiş, hətta bu barədə icra vərəqəsi də verilmişdir.
36. Beləliklə, şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Bakı şəhəri, ünvan 4 ünvanda inşa edilən yüksək mərtəbəli binanın 2-ci mərtəbəsində Xocalı prospekti boyu 16,50 metr uzunluğu, 26 metr eni, 3 metr hündürlüyü olan, 60 kv.m yardımçı sahəni çıxmaq şərti ilə (16,5x26=429-60=369), cəmi 369 kv.m qeyri-yaşayış sahəsinin xx.xx.2007-ci il tarixli müqavilədə və ona əlavə edilmiş əlavə və dəyişikliklər barədə xx.xx.2012-ci Sazişdə göstərilən qaydada və ölçüdə ayrılaraq İddiaçı sahiblik və istifadəsinə verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Pərviz Zamanlı