Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1007/2022 25.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi Ərizəçi Mirzəyeva (Məmmədyarova) Xurşid Məmmədyar qızının iştirakı ilə, Ərizəçi Mirzəyeva (Məmmədyarova) Xurşid Məmmədyar qızının Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Mirzəyeva (Məmmədyarova) Xurşid Məmmədyar qızı ərizə ilə məhkəməyə müraciət edərək, 26 noyabr 2007-ci il tarixdə 32 nömrə ilə qeydə alınan nikah şəhadətnaməsi əsasında həyat yoldaşı olmuş, Azərbaycan Respublikası vətəndaşı, 03 mart 1972-ci il təvəllüdlü mərhum X2 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Mirzəyeva (Məmmədyarova) Xurşid Məmmədyar qızı məhkəməyə dəqiqləşdirmə ərizəsi ünvanlayaraq, 26 noyabr 2007-ci il tarixdə 32 nömrə ilə qeydə alınan nikah şəhadətnaməsi əsasında həyat yoldaşı olmuş, Azərbaycan Respublikası vətəndaşı, 03.03.1972-ci il təvəllüdlü mərhum X2 27.11.2021-ci ildə Abşeron rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Mirzəyeva (Məmmədyarova) Xurşid Məmmədyar qızı məhkəmə iclasında izahatında bildirdi ki, o, 26 noyabr 2007-ci il tarixdə 32 nömrə ilə qeydə alınan nikah şəhadətnaməsi əsasında Azərbaycan Respublikası vətəndaşı 03 mart 1972-ci il təvəllüdlü X5 ilə rəsmi nikaha daxil olmuşdur. Onlar ünvan 1 ünvanda faktiki yaşamışlar. Qeydiyyat ünvanları isə ünvan 2 yoldaşı 1-ci Qarabağ müharibəsi iştirakçısı və qazisi olmuşdur. 16 noyabr 2021-ci il tarixdə qanunsuz erməni silahlı birləşmələrinin dövlət sərhəddinin Laçın və Kəlbəcər rayonları istiqamətində sərhədə basqını nəticəsində həmin hücumu dəf edərkən və düşmən əsgərlərini məhv edərkən 7 nəfər Azərbaycan hərbi qulluqçusu qəhrəmancasına şəhid olmuşdur. Həmin şəhidlərdən biri X6 onun bacısı oğludur. Mərhum həyat yoldaşı da şəhidi öz doğma bacısı oğlu kimi çox istəmişdir. Mərhum həyat yoldaşıyla birlikdə şəhid qohumumun dəfn mərasimində iştirak etmək üçün Quba rayonu Davudoba kəndinə getmişlər. Həm ailələri, həm də xalqı üçün olduqca ağır itki olan həmin dəfn mərasimindən 27.11.2021-ci il tarixdə ünvan 1 ünvandakı fərdi yaşayış evlərinə qayıtmışlar. Evə girdikdən təxminən 1 saat sonra günorta, yəni 27.11.2021-ci il tarixdə saat 14:00-15:00 radələrində həyat yoldaşı ürəyində narahatlıq hiss etmiş, onlar dəfələrlə təcili tibbi yardım maşını çağırsalar da təcili tibbi yardım maşını gəlməmişdir. Şəxsi avtomobillə xəstəxanaya çatdırmaqla isə həyatını xilas etmək mümkün olmamış və ürək çatışmazlığından vəfat etmişdir. Mərhum həyat yoldaşı el adətlərinə uyğun olaraq bütün dəfn mərasimlərinin keçirilməsi ilə 23.03.2021-ci il tarixdə gənc yaşında koronadan vəfat etmiş, ailə qurduqdan sonra Xocalı sakini olmuş bacısı Cəfərova (Mirzəyeva) Arzu Nüsrət qızının dəfn olunduğu Bakı şəhəri Xəzər rayonunun Şüvəlan qəsəbə qəbirstanlığında torpağa tapşırılmışdır. Yenicə şəhid qohumunun ağır itkisinin ardınca mərhum həyat yoldaşının vaxtsız vəfatı həyat yoldaşı olaraq onu, valideyinlərini və yaxınlarını ağır sarsıntı halına salmışdır. Düşdüyü ağır psixoloği durum vəziyyəti səbəbindən Təcili və X3 Stansiyasının (TTTYS) ölümdən sonra təkrar dəvət etməmişlər. Bu səbəbdən də sözügedən ölüm hadisəsi TTTYS-nin həkimi tərəfindən təsdiq olunmamış, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın müvafiq bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurulmamışdır. Halbuki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.2-ci bəndində qeyc olunur ki, “Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcil və X3 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur”. Ölüm haqqında məlumat ölümün baş verdiyi vaxtdan üç gündən gec olmayaraq aidiyyəti üzrə verilməli olduğu halda hazırki müddətədək verilmədiyindən (yuxarıda qeyd olunan üzürlü səbəbdən) bu hal ölümün qeydə alınamsı üçün müvafiq tibb müəssisəsindən zəruri sənədin alınmasını mümkünsüz etmişdir. Mərhum həyat yoldaşının ürəyindən anidən bərk narahatlıq hiss etməsi ilə ölümün qısa müddət ərzində baş verməsi, onun və azyaşlı övladlarının yetərli tibbi savadı olmaması ilə bağlı xəstəlik anı qarşısında əlacsız qalmaqları səbəbindən, bu faktın baş verdiyi anda və bugünədək bu haqda heç bir adiyyəti tibb müəssisəsinə müraciət etməmişdir. Bu səbəbdən, habelə həyat yoldaşının vəfatından uzun müddət keçməsi ilə əlaqədar “Ölüm haqqında tibbi şəhadətnamə”nin hər hansı bir tibb müəssisəsindən verilməsi mümkünsüzdür və istənilən tibb müəssisəsi bu sənədi verməməkdə haqlıdır, hər hansı bir tibb müəssisəsinə qarşı da bu barədə hər hansı bir tələb irəli sürülməsi əsassızdır. ünvan 3 ünvanda yerləşən Maraqlı şəxsnə 15.12.2021-cu il tarixdə müraciət edərək mərhum həyat yoldaşı X2 ölümünün qeydə alınmasını təmin edilməsini xahiş etmişdir. Mərhum həyat yoldaşının Qarabağ müharibəsi qazisi olması və bacısı oğlunun şəhid olması səbəbindən onun ərizəsi xüsusi hörmət və ehtiramla qəbul edib dərhal müvafiq cavab məktubunu ona təqdim etmişlər. Təbii ki, yuxarıda sözügedən sənəd olmadığından ərizəsindəki xahişinin mümkünsüzlüyü 15.12.2021-ci il tarixli 05/Q-1697/15 saylı rəsmi cavab məktubu ilə ona bildirilmiş və ona ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Hazırda həyat yoldaşının ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən bir sıra sənədləşdirmə işlərinin həll edilməsində çətinlik yaranmışdır. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X4 məhkəmədə ifadəsində bildirdi ki, mərhum X5 onun qardaşı olmuşdur. X5 27.11.2021-ci ildə Abşeron rayonunda yaşadığı evdə vəfat etmiş və 28.11.2021-ci ildə Xəzər rayonu, Şüvəlan qəbirstanlığında dəfn edilmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X8 məhkəmədə ifadəsində bildirdi ki, mərhum X5 bacısının həyat yoldaşı olmuşdur. Mərhum qazi olmuş və 1-ci Qarabağ müharibəsində iştirakından sonra sağlamlıında problemlər yaranmışdır. X5 27.11.2021-ci ildə Abşeron rayonunda vəfat etmiş və Xəzər rayonunda dəfn edilmişdir. İş materiallarında olan AA3120430 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X5 03.03.1972-ci ildə anadan olmuşdur. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 15 dekabr 2021-ci il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi tərəfindən verilmiş 21.12.2021-ci il tarixli, 237 №-li arayışdan görünür ki, X1 qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 03.03.1972-ci təvəllüdlü X2 27.11.2021-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktı təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-nin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 03.03.1972-ci təvəllüdlü X2 27.11.2021-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1007/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1007/2022
25.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver