Məhkəmə qərarları › İş №2(012)-107/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-107/2022

23.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-107/2022 23.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikilinin sökülməsi və torpaq sahəsinin qanuni sahibliyə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikilinin sökülməsi və torpaq sahəsinin qanuni sahibliyə qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə Qobu qəsəbəsində iddiaçı üçün ayrılmış 0.08 ha torpaq sahəsi üzərində tikilmiş tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli Qərarı ilə Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsini 800 manat müqabilində iddiaçı almışdır. İddiaçı 2019-cu ildə torpaq sahəsinə baxış keçirən zaman həmin ərazidə başqa şəxslər, yəni cavabdehlər tərəfindən tikilinin inşa edildiyini görmüşdür. Belə ki, məlum olmuşdur ki, cavabdehlər torpaq sahəsini 2015-ci ildə “Qara” ləqəbli Samir adlı alqı-satqı işləri ilə məşğul olan şəxsdən almışlar. Mübahisə ilə əlaqədar iddiaçı Abşeron rayon Polis idarəsinə müraciət etmiş və həmin qurumun xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi iddiaçıya tövsiyyə olunmuşdur. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, məhkəməyə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5404 saylı rəyi ilə razıdır. Belə ki, cavabdehlər mübahisəli torpaq sahəsində tikili inşa etmişlər və onda olan məlumata görə, cavabdehlər tikilinin inşasını başa çatdırmışlar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, məhkəməyə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5404 saylı rəyi ilə razıdır. Cavabdehlər ona məxsus olan torpaq sahəsində tikili inşa etmişlər. Dəfələrlə xəbərdarlıq etsə də, cavabdehlər buna əhəmiyyət verməmişlər. Halbuki, cavabdehlər torpaq sahəsini maklerdən almışlar. Maklerin ona məxsus olan torpaq sahəsini başqa şəxsə satmağa səlahiyyəti yoxdur. Torpaq sahəsi pay torpağı kimi ona satılmış, torpaq və tikilinin ona məxsus olmasına baxmayaraq, cavabdehlər həmin ərazini zəbt etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi-vəkilinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 saylı Qərarından görünür ki, Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı satılmışdır. -Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2012-ci il tarixli rəyindən görünür ki, Abşeron rayon Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 saylı qərarı ilə İddiaçı 800 kv.m olmaqla fərdi ev tikmək məqsədilə satılmış torpaq sahəsi qanunamüvafiqdir və Komitənin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə dair hüquqi sənəd verməsinə etiraz etməmişdir. -Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Məmmədova X1 orqanına 2007-ci ildə torpaq sahəsi almaq üçün müraciət etmiş və bələdiyyə orqanının iclasında ərizəyə baxılaraq Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin satılması xx.xx.2007-ci il tarixli 17 saylı qərarla qəbul edilmiş, bunun müqabilində İddiaçı tərəfindən X6 rayon filialındakı xüsusi hesabına 800 manat haqq ödənilməsi vətəndaşa həvalə edilmişdir. -Abşeron rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, tərəflər arasında olan mübahisə mülki hüquq kateqoriyasına aid olduğundan onlara mülki qaydada məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Qərardan daha sonra görünür ki, izahatı alınmış Cavabdeh1 bildirmişdir ki, bir neçə il öncə torpaq sahəsi almaq istəyən zaman Qobu qəsəbəsində torpaq alqı-satqısı ilə məşğul olan X3 ilə tanış olmuş, Pənah ona Qobu qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsini təklif etmiş, bununla bağlı o, 0.04 ha torpaq sahəsinə dair Pənahın oğlu Samir Xankərəmova xx.xx.2007-ci il tarixdə 8000 manat pul vermiş, bundan sonra Samir xx.xx.2011-ci il tarixdə ona yenidən 8000 manat pul qarşılığında ilk öncə aldığı torpaq sahəsinə bitişik olan 0.04 ha torpaq sahəsini də təklif etmiş, o, Samirlə razılaşaraq 8000 manat pulu hissə-hissə 2 dəfəyə vermiş, daha sonra xx.xx.2013-cü il tarixdə Samirə aldığı torpaq sahəsinə bitişik olan növbəti 0.04 ha torpaq sahəsinə dair yenidən 8000 manat pul vermiş və həmin torpaq sahəsini də almış, 2016-cı ildə o, həmin torpaq sahəsində ev tikdirmək üçün Qobu bələdiyyəsinə müraciət etmiş, orada ona torpaq sahəsinə dair sənədlərin saxta olduğu bildirilmiş, bundan sonra o, Samirlə əlaqə saxladıqda Samir səhvini etiraf edərək, ona təqdim etdiyi torpaq sahəsinin sənədlərini düzəldərək yenidən ona geri qaytaracağını bildirmiş, həmin torpaq sahəsinin sənədlərində düzəlişlər edildikdən sonra o, Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edərək həmin torpaq sahəsində ev tikdirmək üçün icazə almış, bununla bağlı onun kürəkəni Cavabdeh2 həmin torpaq sahəsində ev tikdirməyə başlamış, Xalid 2019-cu ilin mart ayında onunla əlaqə saxlayaraq İddiaçı həmin torpaq sahəsinin özünə məxsus olduğunu iddia etdiyini bildirmiş, Xalid həmin zaman Samir, Pənah və Nərgizin kürəkəni Atakişi ilə birlikdə Qobu bələdiyyəsinə müraciət etmiş, orada torpağın ona məxsusluğu bir daha sübut olunmuş, lakin sonradan İddiaçı barədə şikayət etmişdir. Bundan əlavə Cavabdeh1 Samir Xankərəmova həmin torpaq sahəsini almaq məqsədilə ümumilikdə 24000 manat pul verdiyini, Samirə pul verən zaman yanında sonuncu dəfə Mirzabba adlı qohumunun olduğunu, həmçinin, onun Samirdən sonuncu dəfə aldığı 0.04 ha torpaq sahəsinin sənədlərini Samirin ona təqdim etmədiyini bildirmişdir. Qərardan daha sonra görünür ki, izahatı alınmış Cavabdeh2 da Cavabdeh1 izahatına uyğun eyniməzmunlu izahat vermişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Abşeron rayonu Qobu qsəbəsi Məmmədyarov küçəsi 54 saylı evdə, Rzayev X5 rayonu Xəlilabad kəndində, Cavabdeh2 isə Cəlilabad rayonu Şorbaçı kəndində qeydiyyatdadırlar. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5404 saylı rəyindən görünür ki, qərardadın birinci sualı üzrə: 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2012-ci il tarixdə 481/12 nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinə aid hüquqmüəyyənedici sənədləri (torpaq sahəsinin çıxarışı) təqdim edilmədiyindən Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2012-ci il tarixdə 481/12 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akta və Abşeron rayonu X2 planından çıxarışa əsasən, İddiaçı fərdi mənzil tikmək məqsədilə satılmış 0.08 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmadığı, lakin iddia olunan, Cavabdeh1 faktiki istifadəsində olan 0.0306 ha və Cavabdeh2 faktiki istifadəsində olan 0.0474 ha torpaq sahəsinin məhkəmə tərəfindən təqdim olunmuş iş materialında Abşeron rayonu X2 Planından Çıxarışda göstərilən 0.08 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə yerində (naturada) üst-üstə düşdüyü müəyyən olunmuşdur. Rəydən daha sonra görünür ki, qərardadın ikinci sualı üzrə: 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikililərin (yaşayış evi) məhkəmə tərəfindən təqdim olunmuş iş materialında Abşeron rayonu X2 Planından Çıxarışda göstərilən 0.08 ha torpaq sahəsinin koordinatları daxilinə düşdüyü müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı sahiblik və istifadəsində olmaqla bu, Abşeron rayon Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 saylı Qərarı və torpaqların alqı-satqısına dair aktla öz təsdiqini tapmışdır. Hazırda, iddiaçı onun faktiki sahiblik və istifadəsində olan torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına tikililər inşa edildiyindən həmin tikililərin sökülməsinə və torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 152.2. maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. maddəsinə əsasən, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Mülki iş üzrə iddiaçının faktiki sahiblik və istifadəsində olan torpaq sahəsinin naturada faktiki üst-üst düşməsini müəyyən etmək və mübahisəli torpaq sahəsində özbaşına tikililərin inşa edilib-edilmədiyini müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5404 saylı rəyinə əsasən, Cavabdeh1 faktiki istifadəsində olan 0.0306 ha və Cavabdeh2 faktiki istifadəsində olan 0.0474 ha torpaq sahəsinin Abşeron rayonu X2 Planından Çıxarışda göstərilən 0.08 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə yerində (naturada) üst-üstə düşdüyü və tikililərin həmin torpaq sahəsinin koordinatları daxilində olması təsdiq olunmuşdur. Beləliklə də, məhkəmə ekspert rəyini digər sübutlarla paralel şəkildə qiymətləndirib Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, əsas sübut növü kimi nəzərə alır. Bu səbəbdən də, iddiaçının faktiki sahiblik və istifadəsində olan torpaq sahəsində qanunvericiliyin tələblərinə uyğun olmayan şəkildə cavabdehlər tərəfindən tikilinin inşa olunması müəyyən olunmuşdur. Başqa sözlə, iddiaçının faktiki sahiblik və istifadəsində olan torpaq sahəsində cavabdehlər tərəfindən tikililərin inşa edilməsi iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələndiyindən iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməli, İddiaçı məxsus Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikililər sökülməli və həmin torpaq sahəsi iddiaçının qanuni sahibliyinə qaytarılmalıdır. Mülki Məcəlləsinin; 152.1. maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: Məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Beləliklə də, qanunun, həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarına istinad edərək məhkəmə qeyd edir ki, iddiaçının müqavilə əsasında aldığı torpaq sahəsinə münasibətdə “gözlənilən mülkiyyət hüququ” yaranmışdır. Özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin: 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2.-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən onun özünə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat pul vəsaiti isə cavabdehlərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikililər sökülsün. Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı qanuni sahibliyinə qaytarılsın. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar