Məhkəmə qərarları › İş №2(012)-1087/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1087/2021

17.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1087/2021 17.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə xx xxxxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası- Sadıqov Rafiq Babaş oğlunun xx xxxxxx 2019-cu il tarixdə Xırdalan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası- Sadıqov Rafiq Babaş oğlu xx xxxxxx 2019-cu il tarixdə “ürək tutması” səbəbindən vəfat etmiş, Xırdalan qəbirstanlığında dəfn olunmuşdur. Vəfat edən vaxtı həkim müayinəsindən keçmədiyinə görə ailəsi müvafiq qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Bu halda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında mərhumun qonşusu X1 şahid qismində ifadə verdi ki, Sadıqov Rafiq Babaş oğlu 2019-cu ildə rəhmətə getmiş və o, mərhumun dəfnində iştirak etmişdir. Məhkəmə iclasında mərhumun qonşusu X3 şahid qismində ifadə verdi ki, həqiqətən də, Sadıqov Rafiq Babaş oğlu 2019-cu ildə Xırdalan şəhərində “ürək tutuması” səbəbindən vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki,ərizə əsaslıdır, təmin edilməlidir Mülki işin materiallarında olan fotoşəkillərdən müəyyən edilir ki, xx.xx.1958-ci il tarixdə anadan olmuş Sadıqov Rafiq Babaş oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Mülki işin materiallarında olan X2 Yardım Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən edilir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 18:52 radələrində Sadıqov Rafiq Babaş oğlunun meyidi Xırdalan şəhəri, MMBM ünvanında aşkar edilmişdir. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 05/Q-1158/15 saylı arayışdan müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bu səbəbdən də Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşin materiallarında olan “Abşeron rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən ərizəçiyə verilən xx xxxxxxx 2020-ci il tarixli, 1695 saylı cavab məktubundan müəyyən edilir ki, Sadıqov Rafiq Babaş oğlunun ölümünün səbəbi məlum olmadığına görə ona Abşeron rayon Poliklinikası tərəfindən ölüm haqqında şəhadətnamə verilmir. Beləliklə, qeyd edilənlərə əsasən müəyyən edilir ki, ərizəçinin atası- xx.xx.1958-ci il təvəllüdlü Sadıqov Rafiq Babaş oğlunun xx xxxxxx 2019-cu il tarixdə Xırdalan şəhərində ölməsi işin materialları ilə tam sübuta yetirilir. Qeyd edilənlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, xx.xx.1958-ci il təvəllüdlü Sadıqov Rafiq Babaş oğlunun xx xxxxxx 2019-cu il tarixdə Xırdalan şəhərində ölməsi təsdiiqini tapdığından, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü Sadıqov Rafiq Babaş oğlunun xx xxxxxx 2019-cu il tarixdə Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar