Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1172/2023 11.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh3 vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 43 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı əqdin etibarsız hesab edilməsi və mənzilə dair reyestr çıxarışının ləğv olunması barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 43 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı əqdin etibarsız hesab edilməsi və mənzilə dair reyestr çıxarışının ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 9 saylı evin 18 saylı mənzilinə dair xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən verilmiş reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ona 45000 manat borcu olmuş və uzun müddət borcu ödəməkdən yayınmışdır. Son nəticədə onun mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 18 saylı mənzilin üzərinə xx.xx.2021-ci il tarixli qərardadla həbs qoyulmuşdur. Həbsdən 4 gün keçmiş Cavabdeh3 gizli yolla mənzili digər cavabdeh olan bacısı Cavabdeh4 bağışlamış, bağışlamadan sonra isə həbs qərardadından şikayət vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Uzun müddət borc tələbi icra edilməmişdir. Şəxsi işi ilə bağlı demək olar ki, Azərbaycanda olmur. Buna görə də mübahisəli mənzillə bağlı gedən proseslərdən xəbəri olmamşdır. Həmişə icra məmuru deyirdi ki, borclu pulu ödəməsə, onun mənzili hərraca çıxarılacaqdır. Ödəmə olmadığından mənzil hərraca çıxarılmış, hər dəfə ona bildiriş göndərilsə də hərracda iştirak etməmişdir. Mənzili hərracda qanuni alqı-satqı yolu ilə özü almışdır. Bundan sonra isə reyestrdən çıxarış almaq üçün müvafiq orqana müraciət etmişdir. Oradan bildirmişlər ki, mənzil hələ də cavabdeh Qəlibiyyə Qarayevanın mülkiyyətindədir. Cavabdehlər arasında mənzilə dair bağışlama gizli yolla, qanunsuz olaraq və üzərində həbs olunduğu halda həyata keçirilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 vəkili Nümayəndə2, habelə iştirak etdiyi məhkəmə iclasında Cavabdeh3 iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Cavabdeh3 bildirdi ki, tərəflər arasında mübahisə borc üstündə yaranmışdır və o, borcundan 19000 manat pulu artıq qarşı tərəfə ödəmişdir, qalan borcu isə yaxın müddətdə ödəyəcəkdir. Buna görə də iddia rədd olunmalıdır. Cavabdeh ünvan 2 ünvanlayıb məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, xx.xx.2021-ci il tarixində Cavabdeh3 ilə Cavabdeh4 arasında ünvan 1, mənzil 18-ə dair 4Ə-411 saylı reyestrlə “Daşınmaz əmlakın başılaması” müqaviləsi rəsmiləşdirilmişdir. xx.xx.2021-ci il saat 09:42:08 tarixli “Forma 1” arayışından aydın görünür ki, adı gedən ünvan üzərində həbs və yüklülük qeydə alınmamışdır. Odur ki, X3 notariat ofisinə qarşı irəli sürdüyü iddia tamamilə əsasızdır. Cavabdehlər Cavabdeh2 nümayəndəsi və Cavabdeh4 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 9 saylı evin 18 saylı mənzili xx.xx.2012-ci il tarixdən Cavabdeh3 mülkiyyətindədir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-42/2020 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, mənəvi zərərə görə cavabdeh "xxxx" MTK-dan 1000 manat məbləğində pul vəsaiti iddiaçı Cavabdeh3 xeyrinə tutulmalı, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində "xxxx" MTK-nın tikilməkdə olan binasının 1-ci girişi, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 106,5 kv.m olan 2 otaqlı, 4 saylı mənzilinə dair "xxxx" MTK ilə X8 arasında bağlanmış xx.xx.2012-ci il tarixli «yaşayış binasında mənzil tikintisi haqqında» müqavilə və maliyyə arayışı 4 saylı mənzilə (aid olan hissədə) münasibətdə etibarsız hesab edilməli, Cavabdeh3 45000 manat pul, X1 isə 7772 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı Məhəmməd oğluna verilməli, mənzil İddiaçı tərəfindən X2 təhvil verilməsi ilə onun təmir xərclərinin İddiaçı ödəməsi eyni vaxtda həyata keçirilməsi təmin edilməli, iş üzrə məhkəmə məsrəfi olan 288 manat 25 qəpik və 173 manat, ümumilikdə 461 manat 25 qəpik Cavabdeh3, 100 manat məbləğində ekspertiza xərcinin 32 manat 80 qəpiyi X1, qalan 67 manat 20 qəpiyi İddiaçı Məhəmməd oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat "xxxx" MTK-dan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş materiallarında olan Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-42/2020 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(012)-298/2021 saylı qərardadından görünür ki, təqdimat təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-42/2020 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Cavabdeh3 adına qeydiyyata alınmış və mülkiyyətində olan ünvan 1 ünvanındakı 18 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 4Ə-411 reyestr nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanındakı 18 saylı mənzilini Cavabdeh4 bağışlamışdır. Müqavilə Bakı şəhəri 43 saylı dövlət notariat kontorunda təsdiq edilmişdir. İş materiallarında olan ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 9 saylı evin 18 saylı mənzili xx.xx.2021-ci il tarixdən Cavabdeh4 mülkiyyətindədir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(105)-224/2021 saylı qərardadından görünür ki, Cavabdeh4 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin hərracın nəticələri barədə 238/22 saylı, xx.xx.2022-ci il tarixli protokolunun surətindən görünür ki, Cavabdeh3 məxsus, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi ünvanında yerləşən 9 saylı evin 18 nömrəli mənzili 36400 manata İddiaçı satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X4 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. İşdən göründüyü kimi, mübahisə predmetini Cavabdeh3 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi ünvanında yerləşən 9 saylı evin 18 nömrəli mənzilinin bacısı Cavabdeh4 bağışlanılmasına dair müqavilə təşkil edir. İşdəki mötəbər sənədlərdən görünür ki, Cavabdeh3 iddiaçıya borcu olmuş və bu borcun tutulması barədə icra sənədi verilmişdir. İcra sənədi üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsi icraata başlamış və tələb icra edilmədiyindən borclu Cavabdeh3 mülkiyyətindəki mübahisəli mənzilin üzərinə həbs qoyulması barədə təqdimat verilmişdir. Bu təqdimat Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(012)- 298/2021 saylı qərardadı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 42/2020 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Cavabdeh3 adına qeydiyyata alınmış və mülkiyyətində olan ünvan 1 ünvanındakı 18 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Lakin bundan cəmi 4 gün sonra hazırda mübahisələndirilən bağışlama müqaviləsi bağlanmış və Cavabdeh3 mülkiyyətində olan, lakin artıq üzərinə həbs qoyulmuş ünvan 1 ünvanındakı 18 saylı mənzili Cavabdeh4 bağışlamışdır. Qeyd edilən qərardaddan daha sonra Cavabdeh4 şikayət vermiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(105)- 224/2021 saylı qərardadı ilə Cavabdeh4 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşdən görünür ki, xx.xx.2021-ci il tarixli, 4Ə-411 reyestr nömrəli müqavilə ilə mübahisəli mənzil Cavabdeh4 bağışlanmışdır, halbuki bu mənzilin üzərinə icra sənədinin icrasını təmin etmək məqsədilə məhkəmə qərardadına əsasən həbs qoyulmuş, yəni mənzil yüklü olduğu halda özgəninkiləşdirilmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin mənzil yüklü olmasına baxmayaraq, Cavabdeh3 tərəfindən bacısı Cavabdeh4 bağışlandığından həmin əqd etibarsızdır, çünki daşınmaz əmlak üzərinə həbsin qoyulması onun üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılması mənasına gəlir. Məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlak hazırda nə Cavabdeh3, nə də Cavabdeh4 mülkiyyətində ola bilməz və İddiaçı hazırki tələbi əsaslıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. İş materiallarından görünür ki, mübahisəli mənzil qeyd edilən müqaviləyə əsaslanmaqla xx.xx.2021-ci il tarixdə Cavabdeh4 adına qeydə alınmışdır. Həmin müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıldığından etibarsızdır və onun əsasında verilmiş reyestrdən çıxarış da ləğv edilməlidir. Qüvvədə olan qanunvericiliyə görə üzərinə həbs qoyulmuş daşınmaz əmlakın bu qaydada özgəninkiləşdirilməsi qadağandır və əmlak üzərinə həbs qoyulması institutunun mahiyyətinə ziddir. Bu hallara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, mübahisəli mənzilin Cavabdeh4 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli müqavilə yalan əqd olaraq əhəmiyyətsizdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 9 saylı evin 18 saylı mənzili ilə bağlı Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Cavabdeh4 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış çıxarış ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunun qeyd edilən normasına əsasən hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu kimi 100 manat pul Cavabdeh3 alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 9 saylı evin 18 saylı mənzilinə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Cavabdeh4 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış reyestrdən çıxarış ləğv edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh3 tutulub İddiaçı ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1172/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1172/2023
11.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver