Məhkəmə qərarları › İş №2(012)-118/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-118/2023

21.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-118/2023 21.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı inşa edilmiş bina və tikililərin torpaq sahəsindən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı inşa edilmiş bina və tikililərin torpaq sahəsindən çıxarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa edilən 242 kv.metr sahəsi olan 2 mərtəbədən ibarət ofis binası, 92 kv.metr sahədən ibarət yeməkxana binası, 41.5 kv.metr sahədən ibarət WC binası, 1112,9 kv.metr sahədən ibarət anbar (istehsalat binası) və 430 kv.metr sahədən ibarət köməkçi tikilinin sökülüb ərazidən çıxarılaraq iddiaçı "xxxx" MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(012)-463/2017 saylı qətnaməsi ilə Cavabdeh iddia tələbi qismən təmin edilmiş, onun mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində "xxxx" MMC, X11 və X12 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər "xxxx" MMC, X11 və X3 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 5.975 ha torpaq sahəsinin cavabdehlər "xxxx" MMC, X11 və X6 qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi və cavabdehlər "xxxx" MMC, X10 və Məmmədov Sərvər Yunis oğlundan müştərək qaydada 2013-cü ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200.000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi 1.710 600 manat pulun tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamə ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri kimi 100 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, iddianın qalan hissədə əsassız olduğundan və tələb iddiaya cavab verməli olmayan şəxslərə qarşı yönəldiyindən rədd olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsi ilə cavabdehlər X13 və X4 apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində "xxxx" MMC, X11 və X12 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər "xxxx" MMC, X11 və X3 hesabına sökülərək, torpaq sahəsinin cavabdehlər "xxxx" MMC, X11 və X3 qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlər "xxxx" MMC, X11 və X1 müştərək qaydada 500.000 manat pulun tutularaq iddiaçı Cavabdeh verilməsi, iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumu kimi 30 manat pulun cavabdehlər "xxxx" MMC, X11 və X1 müştərək qaydada alınaraq iddiaçıya verilməsi, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun cavabdehlərin özlərinə aid edilməsi, iş üzrə məhkəmə-əmtəəşünaslıq və xətşünaslıq ekspertizalarının dəyəri kimi 200 manat pulun cavabdehlər "xxxx" MMC, X11 və X1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi və iddia tələbinin qalan hissədə rədd olunması qət olunmuşdur. Qətnamə üzrə icra vərəqəsi xx.xx.2019-cu il tarixdə verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsi qismən, yəni iddianın cavabdeh X7 münasibətdə təmin edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-407/2021 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qətnaməsi cavabdeh X8 münasibətdə təmin olunmuş hissələrdə, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 5,975 ha torpaq sahəsində X12 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdeh X3 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 5.975 ha torpaq sahəsinin cavabdeh X5 qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi və cavabdeh X1 2013-cü ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200.000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi ******* manat pulun tutularaq iddiaçı Cavabdeh verilməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə iddia tələblərinin təmin edilməsi qət olunmuşdur. Cavabdeh Abşeron rayon İcra və Probasiya şöbəsinə icra icraatının dayandırılması barədə ərizə göndərərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)- 329/2019 saylı icra sənədi üzrə icra icraatının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(105)-329/2019 saylı icra sənədinin icrası “İcra haqqında” Qanunun 17.1.10cu maddəsi rəhbər tutularaq dayandırılmışdır. Qeyd olunan məhkəmə qərarları qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 14 oktyabr 2019-cu il tarixli qərarı ilə icraata başlamaq haqqında qərar qəbul edilmiş, lakin X14 tərəfindən 500.000 manat məbləğində pul vəsaiti Cavabdeh ödənildikdən sonra Cavabdeh xahişi ilə icra sənədi üzrə icraat qanunsuz tikilinin sökülməsi hissəsində dayandırılmışdır. Göründüyü kimi, məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi vardır və həmin qətnamə ilə Cavabdeh mülkiyyətində olan Abşeron rayon Qobu qəsəbəsində yerləşən 5.975 ha torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin "xxxx" MMC və X4 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması qət olunmuşdur. Beləliklə, tikililərin "xxxx" MMC-nin hesabına sökülməsi və Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,975 ha torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi, özlüyündə söküntü nəticəsində əldə olunmuş tikinti materiallarının, eləcə də digər mal-məmulatların "xxxx" MMC-nin mülkiyyətinə keçməsi ilə nəticələnməlidir. Cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(105)-407/2021 saylı qətnaməsinin Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 5.973 ha torpaq sahəsində "xxxx" MMC, X11 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi hissəsindən imtina etməsi cavabdehin əsassız varlanmasına səbəb olmuşdur. Tərəflər arasında mübahisə yaranmamışdan əvvəl Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində zavod inşa edilməsi ilə bağlı iddiaçı "xxxx" MMC-yə müraciət etmiş və tərəflər arasında şifahi olaraq razılıq əldə olunmuşdur. Məhz bu səbəbdən Cavabdeh tərəfindən "xxxx" MMC təsisçilərindən biri olan X9 500.000 manat məbləğində avans ödənilmişdir. Lakin sonradan məhkəmə qərarına əsasən həmin məbləğ Vahid Xələfovdan geri alınaraq cavabdehə qaytarılmışdır. Nəticədə Cavabdeh heç bir ödəniş etmədən iddiaçı "xxxx" MMC-nin hesabına öz ərazisində zavod əldə edərək əsassız varlanmışdır. Qeyd olunan bu xüsusatlar məhkəmə qərarı ilə öz əksini tapdığından təkrar sübut edilməsinə ehtiyac yoxdur və bu səbəbdən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində inşa edilən tikililər iddiaçının mülkü kimi qiymətləndirilərək ona təhvil verilməlidir. Abşeron Rayon Məhkəməsində olan 2(012)- 174/2016 saylı mülki iş üzrə "xxxx" Qiymətləndirmə Şirkətindən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5.975 ha torpaq sahəsində inşa edilmiş tikilinin (polistirolbeton zavodu) hazırki dövr üçün orta bazar qiyməti nə qədər təşkil etdiyinə dair MB 09/272 nömrəli, 12 noyabr 2016-cı il tarixli ekspert rəyi alınmışdır. Qiymətləndirmənin aparılması üçün mübahisəli polistirolbeton zavoduna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Cavabdeh məxsus torpaq sahəsində iddiaçı şirkət tərəfindən 242 kv.m. sahəsi olan 2 mərtəbədən ibarət ofis binası, 92 kv.m. sahədən ibarət yeməkxana binası, 41.5 kv.m. ibarət WC binası, 1112.9 kv.m. ibarət anbar (istehsalat binası) və 430 kv.m. ibarət köməkçi tikili qanunsuz olaraq inşa edilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı ərizə təqdim edərək tələbini dəqiqləşdirmiş, mübahisəli torpaq sahəsində iddiaçı tərəfindən inşa edilən 242 kv.m. sahəsi olan 2 mərtəbədən ibarət ofis binası, 92 kv.m. sahədən ibarət yeməkxana binası, 41.5 kv.m. sahədən ibarət WC binası, 1112.9 kv.m. sahədən ibarət anbar (istehsalat binası) və 430 kv.m. sahədən ibarət köməkçi tikilinin sökülüb ərazidən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və sökülən bütün material və qurğuların iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianın əsassız olması səbəbi ilə rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; - Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-463/2017 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsində "xxxx" MMC, X11 və X12 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülərək torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçının sahibliyinə və istifadəsinə verilməsi və cavabdehlərdən müştərək qaydada 2013-cü ilin iyun ayında verilmiş 644000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500000 manat olmaqla, cəmi ******* manat və həmin pul məbləğinin ödənilməməsi nəticəsində əldən çıxmış fayda kimi 366600 manat olmaqla, cəmi ******* manat pulun tutularaq iddiaçı Cavabdeh verilməsi, iddianın qalan hissədə əsassız olduğundan və iddiaya cavab verməli olmayan şəxslərə qarşı yönəldildiyindən rədd edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-3603/2020 saylı qərarından görünür ki, cavabdeh X12 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-329/2019 saylı qətnaməsi qismən, yəni iddianın cavabdeh X8 münasibətdə təmin olunmuş hissəsində ləğv edilmiş və işin yenidən baxılması üçün Apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsi ilə cavabdehlər X11 və X5 Apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsində "xxxx" MMC, X11 və X12 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülərək torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçının sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlərdən müştərək qaydada 500000 manat pulun tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-407/2021 saylı qətnaməsindən görünür ki, cavabdeh X5 apellyasiya şikayəti təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-463/2017 saylı qətnaməsi cavabdeh X8 münasibətdə təmin olunmuş hissələrdə, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsində X13 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdeh X3 hesabına sökülərək torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin cavabdeh X3 qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçının sahibliyinə və istifadəsinə verilməsi və cavabdeh X1 2013-cü ilin iyun ayında verilmiş 644000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500000 manat olmaqla, cəmi ******* manat və həmin pul məbləğinin ödənilməməsi nəticəsində əldən çıxmış fayda kimi 366600 manat olmaqla, cəmi ******* manat pulun tutularaq iddiaçıya verilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə iddia tələbləri təmin edilməmişdir. - Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-329/2019 saylı icra sənədi üzrə icra icraatına başlanılmışdır. - Cavabdeh Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, tələbkar icra sənədi üzrə sökülməsi nəzərdə tutulan tikilinin və üzərində olan əmlakların çox qiymətli və bahalı olması səbəbindən həmin əmlaklar hesabına hətta tələbkarın borcunu belə bağlamağın mümkün olduğunu bildirmiş, bu səbəbdən həmin əmlakın realizə edilməsi və tələbkarın borcunun bağlanması məqsədilə hazırki müddətdə icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. - Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələbkar Cavabdeh Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanladığı ərizəsində icra sənədinin “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinə əsasən, icraatın dayandırılmasını xahiş etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinin tələbləri əsasında icrasının dayandırılması qərara alınmışdır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-2607/2021 saylı qətnaməsi ilə iddiaçılar "xxxx" MMC-nin və X5 Cavabdeh qarşı cəmi 754213 manat məbləğində olan əmlakın avtomat 1000A 1 ədəd (dəyəri 900 manat), avtomat 800A 2 ədəd (dəyəri 1400 manat), dizel generator Tl 518DM5A 1 ədəd (dəyəri 37500 manat), forklift liuGong CLG2035H 1 ədəd (dəyəri 20000 manat), notebook HP g6 2379 1 ədəd (dəyəri 535 manat), polisterolbeton istehsal edən avadanlıqlar və istehsal xətti 1 komplekt (270348 ABŞ dolları), panno paylayıcı 1 ədəd (dəyəri 950 manat), qızdırıcı fen 2 ədəd (dəyəri 1346.40 manat), sement çəni 1 ədəd 50 tonluq (dəyəri 12500 manat) və digər əmlakların qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və həmin əmlaklar olmadığı halda olmayan əmlakların dəyərinin hazırki bazar qiymətinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1822/2022 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-2607/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3949/2022 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)- 1822/2022 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-365/2023 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-2607/2021 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. - Abşeron Rayon Məhkəməsinin 2(012)-174/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadından görünür ki, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsində inşa edilmiş polistirobeton istehsal edən müəssisənin bazar qiymətinin müstəqil mütəxəssis tərəfindən müəyyən edilməsi qərara alınmışdır. - "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsində inşa edilmiş polistirobeton istehsal edən müəssisənin həmin dövrə bazar qiyməti 611000 manat təşkil edir. Hesabatdan görünür ki, tədqiqat aparılmış ərazidə 242 kv.metrlik ofis binası, 92 kv.metrlik yeməkxana binası, 41,5 kv.metrlik WC binası, 1112,9 kv.metrlik anbar (istehsalat binası) və 430 kv.metrlik köməkçi tikili mövcuddur. - Abşeron Rayon Məhkəməsinin 8(012)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, "xxxx" MMC-nin şikayəti təmin edilmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlyas Həsənovun “icraatın dayandırılması barədə” xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-329/2019 saylı icra vərəqəsi üzrə icraatın təzələnməsi, habelə icra hərəkətlərinin müvafiq icra qurumu tərəfindən davam etdirilməsi qərara alınmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-50/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə mübahisəli torpaq sahəsində yerləşən tikililərin qanunsuz hesab edilərək "xxxx" MMC və X4 hesabına sökülməli olması qət edilmişdir. Mübahisə daha əvvəllər məhkəmədə araşdırılarkən mübahisəli ərazidə mütəxəssis tədqiqatı aparılmış və orada 242 kv.metrlik ofis binası, 92 kv.metrlik yeməkxana binası, 41,5 kv.metrlik WC binası, 1112,9 kv.metrlik anbar (istehsalat binası) və 430 kv.metrlik köməkçi tikilinin olması müəyyən edilmişdir. Hazırda "xxxx" MMC Cavabdeh qarşı inşa edilmiş bina və tikililərin torpaq sahəsindən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli torpaq sahəsində MMC tərəfindən inşa edilən 242 kv.metr sahəsi olan 2 mərtəbədən ibarət ofis binası, 92 kv.metr sahədən ibarət yeməkxana binası, 41.5 kv.metr sahədən ibarət WC binası, 1112.9 kv.metr sahədən ibarət anbar (istehsalat binası) və 430 kv.metr sahədən ibarət köməkçi tikilinin sökülüb ərazidən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və sökülən bütün material və qurğuların iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu zaman iddiaçı qeyd etmişdir ki, icra sənədi üzrə tələbkar Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsindəki qanunsuz tikililərin cavabdehlər tərəfindən sökülməsi hissəsində icra sənədinin icrasından imtina etməsi onun əsassız varlanmasına səbəb olacaqdır. İddiaçı tələbini Mülki Məcəllənin 1091.1 və 1091.2ci maddələrinə istinad edərək əsaslandırmışdır. Həmin maddələrə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə görə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Normanın dispozisiyasından görünür ki, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün üç şərt müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi və bu əldəetmə üçün heç bir hüquqi əsasın olmaması. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, tərəflər arasında əvvəllər mülki hüquq münasibətlərindən yaranan məhkəmə mübahisələri olmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsi ilə cavabdehlər X11 və X5 Apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsində "xxxx" MMC, X11 və X12 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülərək torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçının sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlərdən müştərək qaydada 500000 manat pulun tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli, 2(102)-3603/2020 saylı qərarı ilə Məmmədov Sərvər Yunis oğlunun kassasiya şikayəti təmin olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsi S.Y.Məmmədova dair hissədə ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(105)-407/2021 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(012)-463/2017 saylı qətnaməsi X8 münasibətdə təmin olunmuş hissədə ləğv edilmişdir. Qeyd olunan məhkəmə qərarları qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 14 oktyabr 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Göstərilən xüsusatlar mülki işin mübahisə edilməyən hallarıdır. "xxxx" MMC isə hazırki iddia ərizəsini yuxarıda göstərilən icra sənədi üzrə icra işinin icraatının dayandırılmasına görə həmin icra sənədinin dəyəri milyon manatdan çox olan çoxsaylı əmlakların götürülməsi hissəsində icrasının mümkün olmaması ilə əsaslandırmış, iddia tələbinin təmin edilməli olduğunu göstərmişdir. Halbuki mülki iş üzrə mübahisə predmeti olan əmlakların cavabdehə məxsus torpaq sahəsindən çıxarılması barəsində məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi vardır və həmin qətnamə ilə Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 hektar torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin "xxxx" MMCnin və X4 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması qət olunmuşdur. Göründüyü kimi, mübahisəli tikililərin "xxxx" MMC-nin hesabına sökülməsi və Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki həmin torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi öz-özlüyündə söküntü nəticəsində əldə olunmuş tikinti materiallarının, eləcə də digər mal-məmulatların "xxxx" MMC-nin mülkiyyətinə keçməsi ilə nəticələnəcəkdir. Buna görə də hazırki iddia tələbinin təmin olunması hüquqi müəyyənlik prinsipinin pozulması ilə yanaşı, mövcud mübahisəyə dair eyni hüquqi mövqeyi ifadə edən fərqli qətnamələrin yaranmasına səbəb olacaqdır. Həmçinin iddiaçı "xxxx" MMC iddia tələbini mübahisə predmetini təşkil edən əmlakları məhz icra üzrə icraatın dayandırılması ilə əlaqədar əldə edə bilməməsi ilə əsaslandırmışdır. İş materialları ilə müəyyən edilir ki, icra sənədi üzrə borclu "xxxx" MMC şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və icra işi üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC-nin şikayəti təmin edilmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlyas Həsənovun “icraatın dayandırılması barədə” xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-329/2019 saylı icra vərəqəsi üzrə icraatın təzələnməsi, habelə icra hərəkətlərinin müvafiq icra qurumu tərəfindən davam etdirilməsi qərara alınmışdır. Bu qərardad apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddia ərizəsində mübahisənin yaranmasına əsas kimi göstərilən hal artıq aradan qaldırılmışdır və bu baxımdan məhkəmə hesab edir ki, hazırki iddianın heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Qeyd edildiyi kimi, əvvəlki məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən əmlakların sahibi "xxxx" MMC-dir. Hazırki halda bu əmlakların cavabdehə məxsus torpaq sahəsində qalması, onların çıxarılması barədə məhkəmə qətnaməsinin icra edilməməsi iddiaçıya indiki iddianı qaldırmağa hüquqi əsas vermir. Başqa sözlə, iddiaçı ona məxsus olan mübahisəli əmlakların alınmasını qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsi prosesində təmin etməli, bu mümkün olmadıqda isə onların dəyərini bu əmlaklardan bəhrələnən şəxsdən tələb etməlidir. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPMnin 77-ci maddəsinə əsasən hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü. İddia təmin edilmədiyindən mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı inşa edilmiş bina və tikililərin torpaq sahəsindən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar