Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-122/2022 05.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh vəkili X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması tələbi barədə iddia ərizəsinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" İKB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, "xxxx" X1 (Yelo Bank ASC) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2015-ci il tarixli 17-G- 1-0-4-15 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 40.536.38 ABŞ dolları əsas borc, kredit müqaviləsinin müddətinin bitmə tarixinə, yəni 01 aprel 2020-ci il tarixinə ödənilməmiş 39.133.75 ABŞ dolları faiz borcu, həmin günə hesablanmış 4468.74 ABŞ dolları dəbbə borcu, cəmi 84.138.87 ABŞ dolları, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavbadehdən iddiaçının xeyrinə tutulması, tutmanın öhdəliyin təminatı kimi Cavabdeh ilə bağlanmış 17 fevral 2015-ci il tarixli 17-G-1-0-4-15 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı ev hərracda ilkin satış qiyməti 50.000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin iddiaçının xeyrinə ödənilməsi, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 9-cu maddəsinə uyğun ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən 4 otaqlı evdə qeydiyyatda olan Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilməklə evdən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, "xxxx" X1 (Yelo Bank ASC) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2015-ci il tarixli 17-G-1-0-4-15 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 40536.38 ABŞ dolları əsas borc, kredit müqaviləsinin müddətinin bitmə tarixinə, yəni 01 aprel 2020-ci il tarixinə ödənilməmiş 39485.45 ABŞ dolları faiz borcu, həmin günə hesablanmış 4592.82 ABŞ dolları dəbbə borcu, cəmi 84.614.65 ABŞ dolları, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavbadehdən iddiaçının xeyrinə tutulması, tutmanın öhdəliyin təminatı kimi Cavabdeh ilə bağlanmış 17 fevral 2015-ci il tarixli 17-G-1-0-4-15 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı ev hərracda ilkin satış qiyməti 50.000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin iddiaçının xeyrinə ödənilməsi, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 9-cu maddəsinə uyğun ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən 4 otaqlı evdə qeydiyyatda olan Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilməklə evdən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 fevral 2015-ci il tarixli 17-G-1-0-4-15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin “6 saylı” filialından illik 25%-İə 36 ay müddətinə 63.711 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit ödənişinin təminatı kimi Cavabdeh ilə bağlanmış 17 fevral 2015-ci il tarixli 17-G-1-0-4-15 saylı ipoteka müqaviləsinə əsasən cavabdehə məxsus olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin RX seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında 08 aprel 2016-cı il tarixdə kredit və İpoteka müqaviləsinə əlavə imzalanmış və müqavilənin qüvvədə olma müddəti 01 aprel 2020-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsinə əlavə olunmuş “Ödəniş cədvəli”nə əsasən cavabdeh hər ay sabit məbləğdə olmaqla 1641 ABŞ dolları, ümumilikdə isə 80395 ABŞ dolları ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla əlaqədar olaraq, tərəflər arasında tərtib edilmiş “Ödəniş cədvəli”nə əsasən kreditin faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydasını müəyyən etmişdir. Cavabdeh tərəfindən Banka sonuncu ödəniş 05 aprel 2018-ci il tarixdə, 5000 ABŞ dolları məbləğində olmuşdur. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş qrafik cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazimi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. 17 fevral 2015-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 9.2-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. Həmçinin, qeyd olunur ki, Cavabdeh kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə prosesində iştirak edən cavabdehin vəkili X3 iddianı qəbul etmədiyini bildirərək, rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17 fevral 2015-ci il tarixli 17-G-1-0-4-15 saylı kredit müqaviləsindən müəyyən edilir ki, kreditor "xxxx" İKB ASC-nin 6 saylı filialı ilə borcalan Cavabdeh arasında bağlanmış həmin Müqaviləyə əsasən sonuncuya 36 ay müddətinə, illik 25 %-lə 63.711 ABŞ Dolları məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 5.1-ci və 5.2-ci bəndlərinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə illik 25%-lə hesablanır. Çatmalı ola faizlər ödəniş qrafikində göstərilən tarixədək ödənilmədikdə həmin faizlər vaxtı ötürülmüş faizlər hesab olunur. Həmin Müqavilənin 9.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə, lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin illik 36% miqdarında banka dəbbə pulu ödəməlidir. İş materiallarında olan 08 aprel 2016-cı il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən edilir ki,kredit müqaviləsinin 1.6-cı bəndində göstərilmiş “36 ay” sözləri “61 ay 14 gün” sözləri ilə əvəz edilsin və kreditin müddəti “61 ay 14 gün “ hesab edilsin. Müqavilənin 1.8-ci bəndində göstərilmiş “17.02.2018” sözləri “01.04.2020” sözləri ilə əvəz edilsin və kreditin bağlanma tarixi “01.04.2020” hesab edilsin. Müqavilənin digər bəndləri dəyişdirimədən saxlanılmışdır. İş materiallarında olan MA seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 27.04.2011-ci il tarixli Çıxarışdan müəyyən edilir ki, ünvan 1, 4 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan 17 fevral 2015-ci il tarixli 17-G-1-0-4-15 saylı ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka saxlayan "xxxx" İKB ASC-nin “6 saylı” filialı və ipoteka qoyan Cavabdeh arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evi ipoteka qoyan tərəfindən ipoteka saxlayan qarşısında kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 159.276 ABŞ dolları olaraq müəyyən edilmişdir. İş materiallarında olan 17 fevral 2015-ci il tarixli 17-G-1-0-4-15 saylı ipoteka müqaviləsinə əlavəsindən görünür ki, müqavilənin 4.3-cü bəndi aşağıdakı reaksiyada oxunsun: “İpoteka ilə təmin edilmiş öhdəlik “61 ay 14 gün (altmış bir ay on dörd gün)”, 17.02.2015-ci il tarixdən “01.04.2020” tarixinədək icra edilməlidir. İş materiallarından olan RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 21.02.2015-ci il tarixli Çıxarışdan müəyyən edilir ki, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 17.02.2015-ci ildən başlayaraq 36 ay müddətinə "xxxx" İKB ASC-nin «6 saylı» filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində 22 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından olan RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 12.04.2016-cı il tarixli Çıxarışdan müəyyən edilir ki, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 17.02.2015-ci ildən başlayaraq 01.04.2020-ci ilədək "xxxx" İKB ASC-nin «6 saylı» filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində 22 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından olan 12.02.2015-ci il tarixli 12 №-li Arayışdan müəyyən edilir ki, Cavabdeh həqiqətən də, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində daimi qeydiyyatdadır. İş materiallarında olan ipoteka saxlayan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ünvanlanmış 21.09.2020-ci il tarixli ipoteka premetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması haqqında ərizədən görünür ki, ünvan 1 ünvanında yerləşən 14 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. İş materiallarında olan İddiaçı ASC-yə göndərilən 28.09.2020-ci il tarixli məktubdan müəyyən edilir ki, Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseyn küçəsi, döngə 3 ünvanında yerləşən **********7610301 reyestr nömrəli, 8 saylı fərdi yaşayış evi üzərində tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Cavabdeh öz öhdəliklərinin icrası barədə "xxxx" İKB ASC tərəfindən xəbərdar edilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının çıxarışından müəyyən edilir ki, "xxxx" İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC adlandırılmışdır. İş materiallarından olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 21 iyun 2021-ci il tarixli, 9/3425 №-li rəyindən müəyyən edilir ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları; 17 fevral 2015-ci il tarixli, 17- G-1-0-4-15 saylı kredit müqaviləsi və 08 aprel 2016-ci il tarixli 1 saylı Əlavənin şərtlərinə müvafiq olaraq Cavabdeh 01 aprel 2020-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı ASC-nə olan borcu 79.659,20 USD məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə - 40.240,00 USD; faiz borcu üzrə - 39.419,20 USD. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 05.03.2021-ci il tarixli rəydən müəyyən edilir ki, Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseyn küçəsi, döngə 3, 8 saylı fərdi yaşayış evinin likvid dəyəri 270.000 (iki yüz yetmiş min) manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 03.06.2021-ci il tarixli “Qiymətləndirmə haqqında məlumat”dan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseyn küçəsi, döngə 3, 8 saylı fərdi yaşayış evinin likvid dəyəri 220.000 (iki yüz iyirmi min) manat təşkil edir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli, 2(012)- 1654/2021 saylı qərardadı ilə mülki iş üzrə təkrar qiymətləndirici rəyi alınmağı qərara alınmış və 12.10.2021-ci il tarixdə tərtib edilmiş, 336 E №-li "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyindən müəyyən edilir ki, ünvan 3 ünvanında olan 4 otaqlı, 175.51 kv.m ümumi, 82.34 kv.m əsas, 93.17 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar dəyərinə uyğun 140.000 (yüz qırx min) manat, likvid qiymətinin dəyəri 130.000 (yüz otuz min) manat müəyyən edilir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunan 09.04.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh 01.04.2020-ci il tarixə olan borcu 40536.38 ABŞ dolları əsas, 39485.45 ABŞ dolları faiz, 4592.82 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 84.614.65 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək qeyd edir ki, iddia tələbi əsas borc və faiz borcu tələbinə dair hissədə qismən təmin edilməli, ekspertiza rəyini təkzib edən sübut olmadığından ekspertiza rəyi ilə müəyyən edilmiş əsas borc 40.240 ABŞ dolları məbləğində, faiz borcu isə 39.419,20 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq qeyd edir ki, iddia ərizəsində qeyd olunmuş 4592.82 ABŞ Dolları cərimənin məbləği azaldılmalı, 40 ABŞ Dolları müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi kredit borcu hissəsində qismən təmin edilərək iddiaçı "xxxx" İKB ASC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, o, həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən, iddia tələbi qismən təmin edilməli, ekspert rəyinə əsasən Cavabdeh 40240 ABŞ Dolları əsas borcu, 39419.20 ABŞ Dolları faiz borcu, 40 ABŞ Dolları cərimə borcu olmaqla, ümumilikdə 79.699.20 ABŞ Dolları məbləğində kredit borcu qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında Qanun”un 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Məhkəmə öhdəliyin cavabdeh tərəfindən icra edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olmaqla təmin edilməli tələb ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməli, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilməlidir. Məhkəmə iddia tələbinin evin hərracdan satılandan cavabdehin həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması cavabdehin həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi borcalan özünə məxsus əmlakı ipoteka qoymuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslı olduğundan təmin edilməli, tələb ipoteka predmetinə yönəldikdə cavabdeh bir ay müddətində evi boşaltmalı,evdən çıxmalı və cavabdehin həmin evə istifadə hüququ itirilməlidir. Belə ki, “İpoteka haqqında Qanun”un 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə ipoteka predmetinin likvid dəyərini qiymələndirərək qeyd edir ki, iş materiallarında olan tərəflər arasında bağlanan 17 fevral 2015-ci il tarixli 17-G-1-0-4-15 saylı ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka predmetinin dəyəri 159.276 ABŞ dolları olaraq müəyyən edilmişdir (həmin vaxtın manata məzənnəsində bu 124.235 manat təşkil edir.Yuxarıda qeyd edilən qiymətləndiricilərin rəyinə əsasən evin likvid dəyəri 220 000manat, 270 000 manat, 130 000 manat qiymətləndirilmişdir. Məhkəmə qeyd edilən sübutlara müqayisəli şəkildə məcmu halda qiymət verərəkən ipoteka predmetinin likvid dəyərinin sonuncu rəylə 130 000 manat qiymətləndirilməsini ipoteka müqaviləsi ilə müəyyən edilən qiyməti ilə müqayisədə real hesab edir. Ona görə də məhkəmə hesab edir ki, evin likvid dəyəri 130 000 (yüz otuz min) manat müəyyən edilməlidir. Eləcə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, habelə 20 manat xidməti haqqı olmaqla, ümumilikdə 60 manat məhkəmə xərcinin 30 manat məbləğindəki hissəsi Cavabdeh qızından tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə ekspertizası üzrə 100 manat məbləğində məhkəmə xərci vardır. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ekspertiza xərcinə görə 50 manat iddiaçıdan, 50 manat isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Həmçinin qiymətləndiricnin rəyi üzrə 200 manat məhkəmə xərci vardr. İddia qismən təmin edildiyindən həmin məbləğin 100 manatı iddiaçıdan,100 manatı da cavabdehdən tutulub "xxxx" MMC-nin hesabına keçirilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 40 240 ABŞ Dolları əsas borcu, 39419.20 ABŞ Dolları faiz borcu, 40 ABŞ Dolları cərimə borcu olmaqla, ümumilikdə 79699.20 ABŞ Dolları məbləğində kredit borcu qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla hissəsi habelə, məhkəmə xərcləri üçün 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməli, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 130 000 manat müəyyən edilməli, tələb ipoteka predmeti olan olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməli, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, Cavabdeh ev hərracdan satılandan bir ay sonra oradan çıxarılmalı, oranı boşaltmalı və onun həmin evdən istifadə hüququ itirilmiş hesab edilməli, iddia qalan hissədə təmin edilməməli,iddia qismən təmin edildiyindən ekspertiza xərcinə görə 50 manat iddiaçıdan, 50 manat isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməli,həmçinin qiymətləndiricnin rəyi üzrə 200 manat məhkəmə xərcinin 100 manatı idİddiaçı ASC-dən, 100 manatı da Cavabdeh tutulub "xxxx" MMC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 40240 ABŞ Dolları əsas borcu, 39.419.20 ABŞ Dolları faiz borcu, 40 ABŞ Dolları cərimə borcu olmaqla, ümumilikdə 79699.20 ABŞ Dolları məbləğində kredit borcu qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun kurs manatla hissəsi habelə məhkəmə xərci üçün 30 məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan olan Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinə yönəldilsin. ünvan 1 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evi açıq hərracdan satılsın və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilsin. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. İpoteka predmeti olan olan Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evi hərracdan satılandan bir ay sonra Cavabdeh oradan çıxarılsın, oranı boşaltsın və onun həmin evdən istifadə hüququ itirilmiş hesab edilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında olan, 4 otaqlı, 175.51 kv.m ümumi, 82.34 kv.m yaşayış, 93.17 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 130 000 manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərci olaraq İddiaçı ASC-dən 50 manat və Cavabdeh 50 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qiymətləndiricnin rəyi üzrə 200 manat məhkəmə xərcinin 100 manatı İddiaçı ASC – dən, 100 manatı da Cavabdeh tutulub "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-122/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-122/2022
05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver