Məhkəmə qərarları › İş №2(012)-1348/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1348/2021

18.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1348/2021 18.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Elçin Məmməd oğlu Kazımovun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X2, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan qızıl-zinət əşyaları--komplekt 1 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd üzük, 1 ədəd bilərzik (qiyməti cəmi 1100 manat), 1 ədəd nişan üzüyü (qiyməti 500 manat), 1 ədəd qızıl saatın (qiyməti 1500) cavabdehdən alınıb iddiaçıya verilməsi və yaxud onların əvəzi olan 3100 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Bir müddət birgə yaşasalar da, sonradan aralarında olan mübahisələrə görə ayrılmışlar. Aralarında olan nikah Abşeron rayon Qeydiyyat şöbəsinə təqdim etdikləri ərizə əsasında ləğv edilmişdir. Onlar ayrıldıqdan sonra ona toy və nişan mərasimlərində hədiyyə edilmiş qızılzinət əşyaları cavabdehə məxsus evdə qalmışdır. Həmin qızıl-zinət əşyaları komplekt 1 cüt sırğa, 1 boyunbağı, 1 üzük, 1 bilərzik (qiyməti cəmi 1100 manat), 1 nişan üzüyü (qiyməti 500 manat), 1 qızıl saatdır (qiyməti 1500 manat). O, dəfələrlə cavabdehə həmin qızıl-zinət əşyalarının qaytarılması barədə müraciət etsə də, cavabdeh həmin əşyaları qaytarmamışdır. Cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Odur ki, ona məxsus olan qızıl-zinət əşyaları--komplekt 1 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd üzük, 1 ədəd bilərzik (qiyməti cəmi 1100 manat), 1 ədəd nişan üzüyü (qiyməti 500 manat), 1 ədəd qızıl saatın (qiyməti 1500) Cavabdeh alınıb ona verilməsi, yaxud onların əvəzi olan 3100 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək izahatında göstərdi ki, İddiaçı ona qarşı qaldırdığı iddia yalandır və həqiqəti əks etdirmir. İddiaçının ondan tələb etdiyi 1500 manat dəyərində olan qızıl saat anasına məxsusdur. Həmin saat heç vaxt iddiaçıya məxsus olmamışdır və bunu sübuta yetirmək üçün anasının keçmiş fotoşəkillərini məhkəməyə təqdim etmişdir. İddiaçı tərəfindən sadalanan digər qızıl-zinət əşyalarını isə iddiaçı xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında anası və kiçik bacısı ilə birlikdə aparmışlar. İddiaçının onun evindən ilk apardığı əşyalar qızıl-zinət əşyaları olmuşdur. Hazırda iddiaçının onda nəyinki qızılı, heç bir əşyası yoxdur. İddiaçı özünə məxsus bütün əşyalarını aparmış və o, buna heç vaxt etiraz etməmişdir. Habelə, iddiaçı ona toy hədiyyəsi olaraq 01 ədəd qızıl üzük almış, həmin üzük ona qaytarılmışdır. Halbuki, həmin üzük onda qalmalı idi. Çünki üzük ona hədiyyə alınmışdır. İddiaçı məhkəməni aldadaraq, özü ilə apardığı qızıl-zinət əşyalarını ondan ikinci dəfə tələb etmək niyyətindədir. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillər iddianın sübuta yetirilməsi üçün kifayət deyildir. Həmin fotoşəkillər toy ərəfəsində çəkilmiş şəkillərdir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. İşdə olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İ № 364504 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 2020-ci ilin oktyabr ayının 6-cı günündə pozulmuş, kişiyə Bünyatov, qadına Quliyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə görə şahidlərin ifadələri mülki prosessual icraatda sübutların ayrıca növü kimi təsbit olunmuşdur. Belə ki, şahid ifadələri tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunun və ya olmadığının məhkəmə tərəfindən müəyyən edilərkən əldə edilən məlumatların növü olaraq xüsusi prosessual normalarla tənzimlənir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə baxış iclası zamanı iddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, o, iddiaçının anasıdır. Qızına məxsus cehiz əşyalarının qaytarılması üçün o özü, qardaşı, qızı Şövkət və rəfiqəsi ilə birlikdə cavabdehin yaşadığı evə getmişlər. Həmin vaxt onlar qızıl-zinət əşyalarını da götürmək istəmiş, lakin yerində tapa bilməmişlər. Qızılların harada olduğunu soruşduqda, cavabdeh tərəf onlara «Siz bizimlə şərikli qızıl almısız ?» deyə cavab vermişlər. Cavabdeh tərəf yalnız onların toy hədiyyəsi olaraq cavabdehə aldığı nişan üzüyünü qaytarmış, qızına məxsus digər qızıllar isə cavabdehin evində qalmışdır. Məhkəmə baxış iclası zamanı iddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X3 digər şahid X6 ilə eyni məzmunda ifadə verdi. Məhkəmə baxış iclası zamanı iddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, o, iddiaçının rəfiqəsidir. Toy mərasimindən sonra qonaqlıq olmuşdur. Toydan 10-14 gün cavabdehin anası hədiyyə olaraq iddiaçıya qızıl saat vermişdir. Lakin, həmin saatın əlamətlərini görməmişdir. Məhkəmə baxış iclası zamanı iddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, iddiaçı onun qardaşı qızıdır və o, hər iki tərəfi də tanıyır. Toy mərasimindən 3 gün sonra qonaqlıq oldu və cavabdehin anası iddiaçıya hədiyyə olaraq qızıl saat vermişdir. Məhkəmə baxış iclası zamanı cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, o, cavabdehin anasıdır. Oğlu Natiq ilə keçmiş gəlini Şövkətin ailə münasibətləri pozulduqdan sonra, gəlini ona evlərinə getmək istədiyini bildirdi. Bir müddət sonra Şövkətin valideynləri gəlib onu öz evlərinə apardı. Şövkət evdən gedəndə bütün əşyalarını özü ilə aparmışdır. Qızıl saatı isə antik əşya kimi xatirə olaraq 50 ildir ki, saxlamış və həmin saat ona məxsusdur. O, qızıl saatı keçmiş gəlininə hədiyyə olaraq verməmişdir. Toy mərasimindən əvvəl Şövkətin iştirakı ilə qızıl üzüyü, boyunbağını, bilərziyi və dəst sırğanı 1100 manat pul verib Sumqayıt şəhərində qızıl dükanlarının birindən almışlar. Nişan üzüyünü isə 500 manata almışlar. Məhkəmə baxış iclası zamanı cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, o, cavabdehin bacısıdır. Qardaşı Natiq ilə keçmiş gəlinləri Şövkət ayrıldıqdan sonra cehizlərini Şövkət özü, anası, dayısı və rəfiqəsi ilə birlikdə gəlib aparmışlar. Həmin vaxtı onların ailə üzvləri ilə evdə olmuşlar. Şövkət özünə məxsus əşyaları evdən aparmışdır. Qızıl saat anası Giləyə məxsusdur və anası həmin saatı Şövkətə verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbləri ilə bağlı gəldiyi nəticəsini aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Eyni məzmunlu müddəanı nəzərdə tutan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsi ilə müəyyən edilir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və şahid ifadələri əsasında, mübahisə predmeti olan qızıl-zinət əşyalarının mövcud olması mübahisə edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh 01 cüt sırğanın, 01 ədəd boyunbağının, 01 ədəd üzüyün, 01 ədəd bilərziyin və 01 ədəd nişan üzüyünün iddiaçıya hədiyyə olaraq verilməsini etiraf etsə də, həmin qızıl-zinət əşyalarının iddiaçı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə evdən aparıldığını, hal-hazırda ondan ikinci dəfə tələb etdiyini bildirmişdir. Məhkəmə cavabdehin bu hissədə verdiyi izahatına belə münasibət göstərir ki, əgər iddiaçı qızıl-zinət əşyalarının təkrar tələb etmiş olsaydı, iddia ərizəsində sadalanan əşyaların sayı və qiyməti daha çox olardı. Habelə, iş materiallarında olan tərəflərin toy şənliklərində çəkilmiş fotoşəkillərində həmin qızıl-zinət əşyalarının İddiaçı üzərində olması ona hədiyyə kimi verilməsinə dəlalət edir. Qanunvericiliyin istinad edilən maddələrinin dispozisiyalarından görünür ki, nikaha daxil olanadək və nikah dövründə hədiyyə şəklində verilmiş qızıl-zinət əşyaları ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir, bu növ əmlakın geriyə qaytarılmasını hər hansı şərtlə məhdudlaşdırmaq əsassız olmaqla, qeyri-qanunidir. Lakin, məhkəmə iclasında şahidlərin ifadələri ilə adı çəkilən qızıl-zinət əşyalarının cavabdehə məxsus evdə qaldığı və iddiaçı evdən yalnız özünə məxsus cehiz əşyalarını apardığı müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdehdə qalan hədiyyə şəkilində ona verilmiş qızıl-zinət əşyalarının ona geri qaytarılması tələbində haqlıdır. Həmçinin məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri və foto şəkillər əsasında müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi 1500 manat dəyərində qızıl saatın qaynanası tərəfindən ona hədiyyə kimi verilməsini müəyyən etmək mümkün olmamışdır. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlər qızıl saatın cavabdehin anası tərəfindən iddiaçıya hədiyyə verilməsi ilə bağlı bir-birinə zidd və təzadlı ifadələr vermişlər. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş foto şəkillərdən də görünür ki, iddiaçının iddia etdiyi qızıl saat cavabdehin anasına məxsusdur. Bundan əlavə, məhkəmə iclasında izlənilmiş video görüntülərdə də qızıl saatın İddiaçı verilməsinə dair hər hansı rastlantı aşkar edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hər tərəfli və obyektiv baxaraq, tərəflərin məhkəmə iclasında verdiyi izahatlara və tutduğu mövqelərinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1100 manat dəyərində komplekt 01 cüt sırğa, 01 ədəd boyunbağı, 01 ədəd üzük, 01 ədəd bilərzik və 500 manat dəyərində 01 ədəd nişan üzüyü alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyinə görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1100 manat dəyərində komplekt 01 cüt sırğa, 01 ədəd boyunbağı, 01 ədəd üzük, 01 ədəd bilərzik və 500 manat dəyərində 01 ədəd nişan üzüyü alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar