Məhkəmə qərarları › İş №2(012)-1413/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1413/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1413/2021 19.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ASC (əvvəlki adı: «xxxx» İKB ASC)-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı ASC (əvvəlki adı: «xxxx» İKB ASC)-nin Cavabdeh qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə 19 aprel 2021-ci il tarixdə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC (əvvəlki adı- «xxxx» İKB ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC (əvvəlki adı: «xxxx» İKB ASC)-nin xeyrinə 26 oktyabr 2015-ci il tarixli, 17-A- 1-0-1183-15 saylı kredit müqaviləsi üzrə banka 3819,69 ABŞ dolları əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 26 oktyabr 2017-ci il tarixinə ödənilməmiş 2624,45 ABŞ dolları faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 4018,04 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə cəmi 10462,18 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi cavabdehə məxsus 2015-ci il buraxılışlı, “VAZ-21214” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı, XTA212140G2237335 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC (əvvəlki adı: «xxxx» İKB ASC)-nin nümayəndəsi X3 iddia tələbini onunla əsaslandırdı ki, 26 oktyabr 2015-ci il tarixli, 17-A-1-0-1183-15 saylı kredit müqaviləsinə əsasən Ağayev X4 İKB ASC-nin «6 saylı» filialından illik 22,5 faizlə 24 ay müddətinə 6200 ABŞ dolları məbləğində kredit götürmüş və iddiaçı bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin təyinatı 2015-ci il buraxılışlı, “VAZ- 21214” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı, XTA212140G2237335 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilin alınması olmuşdur. Müqavilənin 1.4-cü bəndinə əsasən, kredit müqaviləsi üzrə bütün öhdəliklərin təminatı 26 oktyabr 2015-ci il tarixli, 17-A-1-0-1183-15 saylı ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş, bu müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə 12400 ABŞ dolları məbləğində qiymətləndirilmiş cavabdeh mülkiyyət hüququ ilə məxsus olan 2015ci il buraxılışlı, “VAZ-21214” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı, XTA212140G2237335 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş “Ödəniş cədvəli” nə əsasən cavabdeh hər ay sabit məbləğdə olmaqla 234 ABŞ dolları, ümumilikdə 7776 ABŞ dolları ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla əlaqədar olaraq, tərəflər arasında tərtib edilmiş “Ödəniş cədvəli” nə əsasən kreditin faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydasını müəyyən etmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş və öz öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, çörək bişirmə sexində işləyirdi. Həmin sexin müdirinə işlə əlaqədar maşın lazım olmuşdur. Müdirinin adına kredit olduğuna görə maşın üçün kredit götürə bilməyəcəyini ona bildirmişdir. Bu səbəbdən müdiri sexə lazım olan maşına görə onun adına kredit götürməsini xahiş etmişdir. O da öz adına kredit götürmüşdür. Maşını aldığı adam onun qonşusu idi və maşın qonşusunun adına olmuşdur, lakin indi o, qonşusunu tapa bilmir. Daha sonra müdiri həmin maşını başqa adama satmışdır. O, maşını axtarmaq üçün Salyana getmişdir. Orada həmin şəxsin həbsdə olduğu məlum olmuş, qardaşı isə maşının artıq mövcud olmadığını bildirmişdir. Hal-hazırda maşının kimə satılması və harada olması barədə heç bir məlumatı yoxdur. O, hazırda maşını tapıb satmaq istəyir, hərracda maşının ucuz satılmasına razı deyildir. O, həmçinin məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı tələbi aidiyyəti üzrə əsil olan cavabdehə yönəltməmişdir. O, bu etiraza əlavə etdiyi notariusdan çıxarışda göstərilən kimi, maşına sənəd aldığı tarixdə, yəni, 27.10.2015-ci il tarixdə X1 üçün, 27.11.2015-ci il tarixdə isə X6 mülki etibarnamə ilə vermişdir. Sonra, Həşim Elçinə (X7), Elçin Seymura, Seymur isə Elmar adlı şəxsə avtomobili satmışdır. Bu, məsələnin faktiki tərəfidir ki, avtomobil ona məxsus deyil, olmayıb, çoxdan özgəninkiləşdirilib satılıb, başqalarının mülkiyyətindədir. Bundan başqa, həmin dövrü əhatə edən devolvasiya iddia tələbində qətiyyən nəzərə alınmamışdır. Ödənilməmiş 3819,69 ABŞ dolları əsas borc olsa da, iddiaçı 2624,45 ABŞ dolları faiz borcu, 4018,04 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 10,462 ABŞ dolları tələb etmişdir. İddia ərizəsinin “xahiş edirəm” hissəsi düzgün tərtib olunmamışdır. Belə ki, iddiaçı həm, şişirdilmiş rəqəmlə pul istəyir, həm də avtomobilin hərracda satılmasını tələb edir. Qeyd olunanlara əsasən, iddiaçı " İddiaçı" ASC-nin ona qarşı qaldırdığı iddia tələbi əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan 26 oktyabr 2015-ci il tarixli, 17-A-1-0-1183-15 saylı kredit müqaviləsindən görünür ki, «xxxx» İKB ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən «xxxx» İKB ASC Cavabdeh illik 22,5 faiz dərəcəsi ilə 24 ay müddətinə 6200 ABŞ dolları məbləğində borc pul vermişdir. İş materiallarında olan 26 oktyabr 2015-ci il tarixli, 17-A-1-0-1183-15 saylı ipoteka müqaviləsindən görünür ki, «xxxx» İKB ASC ilə Cavabdeh arasında 26 oktyabr 2015-ci il tarixli, 17- A-1-0-1183-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin təminatı üsulu kimi ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh məxsus 2015-ci il buraxılışlı, “VAZ- 21214” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı, XTA212140G2237335 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri 12400 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarında nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2015-ci il buraxılışlı, “VAZ-21214” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı, XTA212140G2237335 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilin sahibi Cavabdehdur. İş materiallarında olan 15 mart 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 26 oktyabr 2015-ci il tarixli, 17-A-1-0-1183-15 saylı kredit müqaviləsi üzrə 3819,69 ABŞ dolları əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 26 oktyabr 2017-ci il tarixinə ödənilməmiş 2624,45 ABŞ dolları faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 4018,04 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə cəmi 10462,18 ABŞ dolları borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsini, cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Cavabdeh ilə İddiaçı ASC (əvvəlki adı: «xxxx» İKB ASC) arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh 26 oktyabr 2015-ci il tarixli, 17-A-1-0-1183-15 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehlərdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, hesablanmış 4018,04 ABŞ dolları məbləğində cərimə pulu cavabdehin maddi durumunu yüngülləşdirə bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 200 ABŞ dolları məbləğində olmalıdır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, «xxxx» İKB ASCnin Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş 2015-ci il buraxılışlı, “VAZ-21214” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı, XTA212140G2237335 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilə tutumanın yönəldilməsi, bu əmlakın hərracda satılması tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 19,60 manat cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC (əvvəlki adı: «xxxx» İKB ASC)-nin xeyrinə 26 oktyabr 2015-ci il tarixli, 17-A-1-0-1183-15 saylı kredit müqaviləsi üzrə banka 3819,69 ABŞ dolları əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 26 oktyabr 2017-ci il tarixinə ödənilməmiş 2624,45 ABŞ dolları faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 400 ABŞ dolları dəbbə pulu olaqla, ümumilikdə cəmi 6644,14 ABŞ dolları borc və ya ödəniş gününə Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 19,60 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alıaraq iddiaçının xeyrinə tutulsun. İddia tələbi üzrə tutma Cavabdeh məxsus 2015-ci il buraxılışlı, “VAZ-21214” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı, XTA212140G2237335 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilsin. Cavabdeh məxsus 2015-ci il buraxılışlı, “VAZ-21214” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı, XTA212140G2237335 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil açıq hərracda satış yolu ilə realizə edilsin və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində İddiaçı ASC (əvvəlki adı: «xxxx» İKB ASC)-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar