Məhkəmə qərarları › İş №2(012)-1418/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1418/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1418/2021 01.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, İddiaçı və onun vəkili-nümayəndəsi X1, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı «müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə 01 sentyabr 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Kooperativindən Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1, “A” ünvanında inşa edilən 83.7 m², 2 otaqdan ibarət, 37 nömrəli mənzilin alınması üçün cavabdehə ödənilmiş 44.205 manat pulun, vəkil xidməti üçün Yevlax şəhər Vəkil Bürosuna ödənilən 300 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair 18.06.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativindən Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1, “A” ünvanında inşa edilən 83.7 m², 2 otaqdan ibarət, 37 nömrəli mənzilin alınması üçün cavabdehə ödənilmiş 44.205 manat mənzil üçün ödədiyi pulun, vəkil xidməti üçün Yevlax şəhər Vəkil Bürosuna ödənilən 300 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda ona məlum olmuşdur ki, iddia ərizəsində qeyd etdiyi Cavabdeh MTK-nın hüquqi adı dəyişdirilmiş, onun maddi texniki bazasında yeni adda müəssisə yaradılmışdır. Bu səbəbdən hazırki ərizəsində cavabdehin əsl cavabdehlə "xxxx" MTK ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair 18.06.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə bağlanmış 02.11.2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin ləğv edilməsini, onun tərəfindən cavabdehə mənzilin alınması üçün ödədiyi 44.205 manat məbləğində pulun, vəkil xidməti üçün Yevlax şəhər Vəkil Bürosuna ödənilən 300 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə izahatında bildirdi ki, onunla 02.11.2018-ci il tarixində cavabdeh "xxxx" MTK-nın sədri X6 ilə rəsmi mənzil tikintisi haqqında müqavilə bağlanaraq Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1, “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blokunun 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 83.7 m² olan izolə olunmuş 2 otaqdan ibarət 37 nömrəli mənzilin ona satılması ilə bağlı razılaşmışlar və həmin müqaviləni bağlayarkən öz üzərlərinə vəzifə və öhdəliklər götürmüşlər. Bu hallar mənzil tikinti haqqında müqavilədə əks olunub. Onlar müqaviləni bağlayarkən mənzilin dəyəri bu müqavilə bağlanan vaxt hər m² 650 manat müəyyən edilməklə 83.7 m² üçün 54.405 manat rəsmən onun tərəfindən ödənilmişdir. O, müqavilə üzrə müəyyən olunan pulu mənzil tikinti kooperativinə tamamilə ödədiyini və bu barədə ona 02.11.2018ci il tarixli maliyyə arayışı verilərək evinin girişi, mərtəbəsi, kvadrat metri müəyyən edilməklə tərəfindən 54.405 manatın ödənildiyi tam təsdiq edilmiş, MTK-ya heç bir borcunun olmadığı kooperativin sədri Emil Səməndərov tərəfindən imzalanılmaqla ona rəsmi maliyyə arayışı verilmişdir. Həmin pul, yəni 54.405 manatın ödənilməsi, həmçinin rəhbərlik tərəfindən təsdiq edilmiş kassa mədaxil orderində də öz əksini tapmışdır. Ona satılmış mənzilin bir neçə şəxsə satıldığını eşitmiş və müqavilə üzrə qeyd edilən mənzil ona verilmədiyindən MTK sədrinə dəfələrlə müraciətlər etdiyini, ancaq heç bir nəticə görmədiyindən, o, MTK qarşısında saatlarla saxlanıldığından, pulunun ödəniləcəyi ona bildirilsədə, pul ödənilmədiyindən məhkəməyə müraciət etmişdir. O, kooperativin səhlənkar işinin nəticəsi olaraq həm mənzildən, həm də ödədiyi 54.405 manatdan məhrum olmuş və çətin vəziyyətə düşmüşdür. Cavabdehin müqavilə öhdəlikləri üzrə öz vəzifələrini icra etmədiyindən ona ciddi zərər dəymişdir. Cavabdeh tərəf əvvəlcədən ödənişini almış, öz maraqlarını təmin etdirmiş, ona aid vəzifələri isə icra etməmişdir. Onun çox saylı şikayətlərindən sonra ödədiyi pul məbləğindən cavabdeh idarə 10.200 manat ona qaytarmış, qalan məbləğ isə ona ödənilməmişdir. O, ödədiyi pulun qəbzini məhkəməyə təqdim etdiyini və vicdanlılıq nümayiş etdirərək cavabdehin ödədiyi məbləği də qeyd etdiyini bildirmişdir. Ancaq bugünə qədər 44.205 manat ona ödənilməmişdir. Bu səbəbdən də məhkəmədə iddia qaldırdığını, iddianı müdafiə etdiyini, cavabdehdən 44.205 manat mənzil üçün ödədiyi pulun, vəkil xidməti üçün Yevlax şəhər Vəkil bürosuna ödənilən 300 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi X3 məhkəmədə iddianı müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X7 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı pretenziya qaydalarına əməl etməmişdir. Müqavilə 2018-ci ildə bağlanmışdır. Binanın müəyyən hissəsinin ilin sonuna qədər təhvil veriləcəyini, mübahisə predmeti binanın 12-13-cü mərtəbələri tikilsə də digər mərtəbələri tikilməmişdir. Mənzilin pay haqqı vətəndaş tərəfindən tam ödənilmişdir. Mənzil əvvəlcə başqa alıvcıya satılmış, əvvəlki alıcı mübahisəli mənzildən imtina etdiyi üçün sonradan hazırki iddiaçının adına sənədləşdirilmişdir. İddiaçının iddia etdiyi mənzil hal-hazırda tikintisi yekunlaşmış,əgər iddiaçıya qaytarılan 10200 manat pulu geri qaytarılarsa hüquqularını təmsil etdiyi təşkilat mübahisəli mənzili iddiaçıya təhvil verməyə hazırdır. İş materiallarında olan 02 noyabr 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilədən görünür ki, "xxxx" MTK-nın sədri X4 şəxsində (İcraçı) və digər tərəfdən İddiaçı (Payçı) arasında müqavilə bağlanılmış və bu müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A”ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İİ blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 83.7 m² olan, izolə olunmuş 2 otaqdan ibarət 37 nömrəli mənzili pay kimi “Payçı”ya ayırmağı, “Payçı” isə müqavilədə göstərilmiş və sonradan şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi ilə əlaqədar yaranmış əlavə məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kvadrat metr sahə üçün 650 manat təşkil etmiş və sahəsi 83.7 m² olan mənzil üçün cəmi 54.405 (əlli dörd min dörd yüz beş) manat ödənilmişdir. İş materiallarında olan 02 noyabr 2018-ci il tarixli ƏXZ№618572 nömrəli kassa mədaxil orderinin qəbzindən və "xxxx" MTK tərəfindən verilmiş 02 noyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda yerləşən yaşayış binasının İİ giriş, 10 mərtəbəsində, ümumi sahəsi 83.7 m² olan 2 otaqlı, 37 saylı mənzilin pay dəyəri “Payçı” İddiaçı tərəfindən 54.405 (əlli dörd min dörd yüz beş) manat ödənilmiş və MTK-ya heç bir borcu yoxdur. İş materiallarında olan 07.01.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsində mülki işə baxılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan 07.01.2021-ci il tarixli BMP**********95 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi yardım edilməsi üçün Yevlax şəhər Vəkil Bürosuna 300 manat ödəmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, 02 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən icraçı "xxxx" MTK Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 “A”ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İİ blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 83.7 m² olan, izolə olunmuş 2 otaqdan ibarət 37 nömrəli mənzili pay kimi “Payçı” İddiaçı ayırmağı, “Payçı” İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüş, iddiaçı isə mənzilin dəyərini, yəni 54.405 manat pulu cavabdeh şirkətə ödəmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MTK mənzilin dəyəri olan 54.405 manat məbləğində pulu almasına, həmçinin həmin puldan yararlanmasına baxmayaraq tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, nəticədə iddiaçının ümid etdiklərindən məhrum olmasına səbəb olmuş, halbuki hər bir tərəf vicdanlığın tələb etdiyi tərzdə hərəkət etməlidir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, "xxxx" MTK İddiaçı ilə aralarında bağlanmış 02 noyabr 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin 1.1-ci bəndində öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçının tələbi qanuni və əsaslıdır. "xxxx" MTK tərəfindən pulun bir hissəsinin, yəni 10200 manatının iddiaçıya qaytarılması da həmçinin məhkəməyə yuxarıda qeyd olunan nəticəyə gəlməyə və iddiaçının pretenziya qaydasına əməl etməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 02 noyabr 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilə ləğv edilməlidir. Mülki Məcəllənin 441.1-ci maddəsinə görə tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mülki Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 441.3-cü maddəsinə əsasən əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Mülki Məcəllənin 441.3-cü maddəsinə əsasən əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Bu baxımdan, iddiaçının ödədiyi 44.205 (qırx dörd min iki yüz beş) manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsini məhkəmə işin hallarına uyğun olmaqla əsaslı və qanuni hesab edir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat və 300 manat vəkil haqqı cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 02 noyabr 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilə ləğv edilsin, "xxxx" MTK-dan 44.205 (qırx dörd min iki yüz beş) manat məbləğində pul vəsaiti, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 300 (üç yüz) manat vəkil haqqı olmaqla, cəmi 44.535 (qırx dörd min beş yüz otuz beş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar