Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-160/2024 16.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil2, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əmlak Məsələləri Dövlət Reyestr Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə və 1 saylı Bakı «ASAN xidməti» mərkəzində Notariat Ofisinin xüsusi notariusu X4 qarşı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 verilmiş hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********21 reyestri , ********** qeydiyyat nömrəli çıxarışın, 1 saylı Bakı "ASAN xidməti’’ mərkəzində Notariat Ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş 19 aprel 2023-cü il tarixli 4Ə-533 reyestrli alqı-satqı müqaviləsi və onun əsasında Cavabdeh1 verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********21 reyestrli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Digah qəsəbəsi, Koroğlu küçəsi ev 20-də müvəqqəti yaşayır. Çünki Abşeron rayonu, Digah qəsəbəsi, Vaqif küçəsi 23 saylı evin təmirə ehtiyac var. Lakin qeydiyyatı ata yurdu olan ünvan 1 ünvanındadır. Vaxtaşırı həmin evə baş çəkir, ailəsi artır, həmin evə gələcəkdə qeydiyyatda olanlardan bır neçə nəfər köçmək niyyətindədir. Hazırda ünvan 1 saylı evin altında olan qarajda o, öz maşınını saxlayır. Bır neçə vaxt öncə qonşular dedilər ki, ev kiməsə satılıb və alan adam maşını çıxartmağı tələb edir. O, həmin şəxslə telefon vasitəsi ilə danışmışdır. Şəxs bildirdi ki, evi o alıb və evi sökmək istəyir. O, buna etiraz edərək, evə dair ona aid sənədlərin göstərilməsini xahiş etmişdir. Öz növbəmdə isə həmin evə qeydiyyatının olması barədə sənədləri təqdim etməyə hazır olduğunu söyləmişdir. Şəxs hər hansı bır sənəd təqdim etməkdən imtina etdi. Həmin şəxsin evə hər hansı bır aidiyyətı yoxdur, qeydiyyatda olduğu evi sökməyə səlahiyyəti olmayan şəxs özbaşınalıq edir. Onun evə dair cavabdehə aid olan sənədlərin iddiaçıya göstərməyi tələb etmək hüququ var, sənədləri olmazsa cavabdehin hərəkətləri qanunsuzdur və onun istifadə hüquqlarını pozur, evi sökməklə ona xeyli miqdarda ziyan vura bilər. Bununla bağlı, polis orqanlara müraciət etmişdir və polis bölməsində Cavabdeh1 bildirmişdir ki, o alqı-satqı yolu ilə torpaq sahəsini alıb, həmin torpaq sahəsi olnun mülkiyyətindədir. Təqdim olunmuş alqı-satqı müqaviləsindən və çıxarışlardan bəlli olur ki, sənədlər Abşeron rayonu, Digah qəsəbəsində yerləşən torpaq sahəsinə verilib. Lakin həmin torpaq sahəni məhz iddiaçının və onun ailə üzvlərinin qeydiyyatda olduğu evə verilməsi qaranlıq qalıb. Eyni zamanda alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi öncədən Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Hazırda Cavabdeh1 onun və ailə üzvlərinin qeydiyyatda olduğu Abşeron rayonu, Digah qəsəbəsi, Vaqif küçəsi 23 saylı evi sökür. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçının vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və onun təmin olunmamasını xahiş etdi. O bildirdi ki, mübahisəli torpaq sahəsi onun mərhum ərinə məxsus idi. Üzərində köhnə ev olsa da yaşayış üçün yararsız vəziyyətdə olub. Əri vəfat etdikdən sonra həmin torpaq sahəsini 25000 manata Cavabdeh1 satıb. İddiaçı onun ərinin qardaşı oğludur və həmin evdə qeydiyyatda olmayıb. Əgər qeydiyyatda olsa idi, alqı-satqı zamanı məlum olardı. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədi və onun təmin edilməməsini xahiş etdi. O, bildirdi ki, vicdanlı alıcı olmaqla, torpaq sahəsini Cavabdeh2 alıb. Torpaq sahəsini alarkən üzərində yarımçıq vəziyyətdə tikili var idi. Digər cavabdehlər Əmlak Məsələləri Dövlət Reyestr Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi və 1 saylı Bakı «ASAN xidməti» mərkəzində Notariat Ofisinin xüsusi notariusu X3 nümayəndələri məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Lakin 1 saylı Bakı «ASAN xidməti» mərkəzində Notariat Ofisinin xüsusi notariusu X8 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Digər cavabdeh isə məhkəməyə səbəbini bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2018-ci il tarixli Sumqayıt Cavabdeh4ndə notariat kontorunda təsdiq edilmiş Daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Digah qəsəbəsində 0,13 ha torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara - X11, X14 və X7 məxsus hissəsindən kod 30800066 olan şəhadətnaməyə əsasən birgə mülkiyyət üzrə 0,13 ha hissələrini Cavabdeh2 mülkiyyətinə verirlər. - ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Digah qəsəbəsində 0,13 ha torpaq sahəsi Cavabdeh2 adına qeydə alınmışdır. - 1 saylı Bakı Cavabdeh4 Notariat Ofisində təsdiq edilmiş daşınmaz əmlakın 4Ə-533 saylı, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X9 mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsində yerləşən ümumi sahəsi 0.13 ha torpaq sahəsini Cavabdeh1 25000 manata satmışdır. - ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Digah qəsəbəsindəki 0,13 ha torpaq sahəsi Cavabdeh1 adına qeydə alınmışdır. - ƏMDK yanında DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3- 21-3-32/2-9859/2023 saylı məktubdan görünür ki, Abşeron rayonu, Digah qəsəbəsi, M.P.Vaqif küçəsində yerləşən, 23 nömrəli fərdi yaşayış evinin qeydiyyatdan keçməsi barəsində heç bir məlumat aşkar edilməmişdir. - Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbə inzibati ərazi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 18 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında 2000-ci il tarixdən mənzil məişət şəraiti qənaətbəxş olmadığı səbəbdən yaşayış olmamışdır. xx.xx.1951-ci il doğumlu Digah qəsəbə sakini X2 mülkiyyətində Digah qəsəbə Koroğlu küçəsi 26-da fərdi təsərrüfatı olmuşdur. 2011-ci ildə X5 vəfat etdikdən sonra həmin evi (təsərrüfatı) vərəsəlik yolu ilə mərhumun həyat yoldaşı X1 mülkiyyətinə keçmişdir. İddiaçı həyat yoldaşından boşanaraq göstərilən ünvanda yəni, Digah qəsəbə Koroğlu küçəsi 26-da yaşayır. - xx.xx.2023-cü il tarixli, ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı 21.sentyabr 2005-ci il tarixdən Abşeron rayonu, Digah Qəsəbə ərazi dairəsi, Digah qəsəbəsi, X22 küçəsi, ev 23 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayon Digah qəsəbəsində yerləşən torpaq sahəsi (üzərində tikili olan) X12, X14 və X6 birgə mülkiyyətində olmuş və onlar öz paylarını Cavabdeh2 mülkiyyətinə vermişlər. Cavabdeh2 da öz növbəsində həmin torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmışdır. Hazırda torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. X10 isə ünvan 3 ünvanında qeydiyyatda olsa da, həmin evlə bağlı heç bir hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Həmçinin məhkəmənin sorğularına həmin ünvanda hər hansı bir evin olmaması cavabı verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 məxsus çıxarışın, Cavabdeh2 ilə Cavabdeh1 arasında 1 saylı Bakı “ASAN xidməti” mərkəzinin Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinin və həmin alqısatqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139-1.1.3. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 324.1. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qeyd edilən hüquq normalarını hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən sadalanan hüquq normalarının pozuntusu halları olmamışdır. Belə olan halda, qeyd edilən müqavilənin etibarsızlığından söhbət gedə bilməz. Həmçinin bu müqavilənin etibarsızlığına dair heç bir əsas olmadığından onun nəticəsində tərtib olunmuş reyestrdən çıxarışın ləğv olunması barədə tələb də təmin oluna bilməz. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa, aydın olur ki, hazırki iş üzrə iddiaçının hüququ cavabdehlər tərəfindən pozulmadığından o, hazırki tələblə bağlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hüququ pozulmadığından onun müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməyən iddiaçının məlum alqı-satqı müqaviləsinin və reyestrdən çıxarışların etibarsız hesab edilməsi barədə tələbi təmin edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “Affirmanti, non neganti, incumbit probatio” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa İnsan Hüquqları Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, “məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Məhkəmə həmçinin V.Q. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı istinad etməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsinin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcudluğu əmlak sahibinin hüquqlarının mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Beləliklə, məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əmlak Məsələləri Dövlət Reyestr Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə və 1 saylı Bakı «ASAN xidməti» mərkəzində Notariat Ofisinin xüsusi notariusu X4 qarşı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mirnəsir Mirhəsənli