Məhkəmə qərarları › İş №2(012)-161/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-161/2022

14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-161/2022 14.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6466,12 manat əsas borc, 9540,26 manat faiz, 2649,30 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2376,90 manat faiz borcu olmaqla, cəmi 21032,58 manat pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti “Mercedes Benz-320” markalı, Tip, sedan, Ban-WDB2100551A344845, T boz qara met. rəngli, buraxılış ili 1997-ci il olan, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı ASC-nin Səbail filialı ilə Cavabdeh arasında bağlanmış 11 avqust 2011-ci il tarixli 01 nömrəli kredit müqaviləsinə əsasən “Mercedes Benz 320” minik markalı (Tip: sedan, buraxılış ili-1997, BanWDB2100551A344845) avtomobilinin alınması məqsədi ilə cavabdehə 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 6720 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan "Mercedes Benz- 320” markalı (Tip: sedan, buraxılış ili-1997, BanWDB2100551A344845), **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 11.08.2011-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış ipoteka müqaviləsinin 2-ci bəndinə əsasən kreditin təminatı kimi “Mercedes Benz - 320” markalı (Tip: sedan, buraxılış ili-1997, Ban- WDB2100551A344845) ** HC *** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 1302 saylı 02.05.2017-ci il tarixli və **********071 saylı 22.09.2020-ci il məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Qeyd olunanlara əsasən nümayəndə, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 11 avqust 2011-ci il tarixli, 01 saylı kredit müqaviləsindən görünür ki, LPO İddiaçı ASC-nin Səbail filialı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Mercedes Benz 320” minik markalı (Tip: sedan, buraxılış ili-1997, BanWDB2100551A344845) avtomobilinin alınması məqsədi ilə Cavabdeh 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 6720 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 11 avqust 2011-ci il tarixli girov müqaviləsindən görünür ki, girov saxlayan LPO İddiaçı ASC ilə borcalan Cavabdeh arasında girov müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən 11 avqust 2011-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq «Mercedes Benz-320” markalı, Tip, sedan, Ban- WDB2100551A344845, T boz qara met. rəngli, buraxılış ili 1997-ci il olan, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil girov saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 11 noyabr 2020-ci il tarixli arayışdan görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 avqust 2011-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə Cavabdeh 03 noyabr 2020-ci il tarixinə 6466,12 manat əsas borc, 9540,26 manat faiz, 2649,30 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2376,90 manat faiz borcu olmaqla, cəmi 21032,58 manat borcu vardır. Məhkəmə iddiaçı bankın nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Belə ki, LPO İddiaçı ASC ilə Cavabdeh arasında 11 avqust 2011-ci il tarixli, 01 saylı kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi 11 avqust 2011-ci il tarixli girov müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Məhkəmə tərəfindən obyektiv həqiqətə nail olmaqdan ötrü məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2021-ci il tarixli, 9/5404 saylı ekspert rəyindən görünür ki, 11 avqust 2011-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə Cavabdeh LPO İddiaçı ASCyə 11.08.2013-cü il tarixə,yəni müqavilənin bitmə tarixinə 6.720,00 manat əsas borcu,2.640,00 manat faiz borcu, 11 noyabr 2020-ci il tarixə (iddia verilən tarixə 5% ilə) əsas borc 6720 manat, faiz borcu isə 4579,12 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1, 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin ümumi məzmununa əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə iddiaçının cavabdehdən Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 11 avqust 2011-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə 2376,90 manat məbləğində borcu tələb etməsi ilə bağlı hesab edir ki, bu tələbin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, borclu Cavabdeh bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 11 avqust 2011-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə 6466,12 manat əsas borc üzrə hesablanmış 2649,30 manat məbləğində cərimə borcunun (dəbbə pulunun) azaldılaraq 100 manat məbləğində saxlanılmasını qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 dekabr 2021-ci il tarixli, 9/5404 saylı ekspert rəyini də nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə 11 avqust 2011-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə əsas borcu 6466,12 manat, faiz borcu üzrə 2640,00 manat, 100 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2376,90 manat faiz borcu olmaqla, cəmi 11583,02 manat məbləğində pul tutulmalıdır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının (ipoteka saxlayanın) tutmanın Cavabdeh mülkiyyətində olan və ipoteka müqaviləsi ilə yüklü edilmiş avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319-cu maddəsinə görə isə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmadığı halda ipoteka predmetinə tutmanın yönəldilməsi nəzərdə tutulub. Həmin Qanunun 36.1-ci maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.3-cü maddəsinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeyd olunan iş materiallarından da görünür ki, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ipoteka predmeti olan avtomobilə tutmanın yönəldilməsi barədə ipotekaqoyana və ipotekasaxlayana bildiriş vermiş və həmin bildiriş dövlət qeydiyyatına alınmışdır. Bununla da iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl etmişdir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun tələbin Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş «Mercedes Benz-320” markalı, Tip, sedan, Ban-WDB2100551A344845, T boz qara met. rəngli, buraxılış ili 1997-ci il olan, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışından əldə edilən pul vəsaitinin banka olan borcun təmin edilməsi tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələb də təmin olunmalıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan 11 avqust 2011-ci il tarixli girov müqaviləsinin 1.3-cü bəndindən görünür ki, tərəflərin razılığına əsasən ipoteka predmetinin dəyəri 9600 manat məbləğində müəyyən edilmişdir. Məhkəmədə qeyd olunan məbləğ mübahisə predmeti olmadığından məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti zamanı həmin məbləğ əsas götürülməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə mücərrəd olduğundan və iddianın bu formada təmin edilməsi gələcəkdə qətnamənin icrasını qeyri mümkün etdiyindən həmin hissədə iddia rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 02 dekabr 2021-ci il tarixli, 9/5404 saylı mühasibatlıq ekspertizasına görə 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN- **********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesabAZ34CTRE********************. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6466,12 manat, faiz borcu üzrə 2640,00 manat, 100 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2376,90 manat faiz borcu olmaqla, cəmi 11583,02 manat pul və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Tutma ipoteka predmeti olan “Mercedes Benz-320” markalı, Tip, sedan, Ban- WDB2100551A344845, T boz qara met. rəngli, buraxılış ili 1997-ci il olan, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin avtomobilin açıq hərrac yolu ilə satılsın, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilsin. İddia tələbi ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq LPO İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi hissəsində rədd edilsin. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 02 dekabr 2021-ci il tarixli, 9/5404 saylı mühasibatlıq ekspertizasına görə 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM:ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar