Məhkəmə qərarları › İş №2(012)-1614/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1614/2025

10.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1614/2025 10.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun anası - xx.xx.1951-ci il təvəllüdlü X3 yaşadığı ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, onun anası X5 yaşadığı ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixində dünyasını dəyişmişdir. X1 xx.xx.2024-cü il tarixində Xırdalan Qəbirstanlığında dəfn olunmuşdur. Ölüm hadisəsi xx.xx.2024-cü il tarixdə baş vermişdir və bununla bağlı Respublika Təcili və X2 Mərkəzi PHŞ-in Abşeron TTTYS tərəfindən xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasına ölüm haqqında tibbi arayışın verilməsi ilə bağlı onun tərəfindən müraciət olunsa da sözügedən xəstəxana tərəfindən ölüm haqqında tibbi arayış verilməmişdir. Maraqlı şəxs isə ölüm haqqında tibbi arayış olmadığı üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Odur ki, ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin qəbul edilməsinə zərurət meydana gəlmişdir. Qeyd edir ki, onun anası 12- 15 il bundan əvvəl poliklinikada qeydiyyatda olmuşdur. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. İş materiallarında olan AZE seriyalı, 02946189 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həsənova Aidə (Aida) Dadaş qızı 12 fevral 1951-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş AZ-T № 287876 saylı doğum haqqında şəhadətnamənin və AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1973-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuşdur, atası X4, anası isə Həsənova Aida (Aidə) Dadaş qızıdır. İş materiallarında olan ”Respublika Təcili və X2 Mərkəzi” PHŞ-in Abşeron TTTYS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, Həsənova Aidə (Aida) Dadaş qızı ünvan 1 ünvanında həkim gələnə qədər ölmüşdür. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X10 tərəfindən verilmiş 07 yanvar 2025-ci il tarixli, 18-1-20/2-H-8-xx-xx/2025 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. A.Həsənovanın ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 07 yanvar 2025ci il tarixli, 3-16-5/8-xx-xx/2025 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon Xırdalan şəhər bələdiyyəsi tərəfindən verilmiş 14 yanvar 2025-ci il tarixli, XP-15 nömrəli arayışdan görünür ki, Ərizəçi anası Həsənova Aida (Aidə) Dadaş qızı xx.xx.2024-cü il tarixində Xırdalan Qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 12 fevral 1951-ci il təvəllüdlü Həsənova Aida (Aidə) Dadaş qızının 16 dekabr 2024-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında ölməsi faktı ərizəçinin izahatı və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 12 fevral 1951-ci il təvəllüdlü Həsənova Aida (Aidə) Dadaş qızının 16 dekabr 2024-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar