Məhkəmə qərarları › İş №2(012)-1690/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1690/2021

10.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1690/2021 10.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı MMC-nin qanuni təmsilçisi X3 və İddiaçı MMC-nin vəkili və etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin əməli istifadəyə verilməsinə dair» iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin əməli istifadəyə verilməsinə dair» iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri 9 saylı Notariat kontoru tərəfindən təsdiq edilmiş 24.08.2015-ci il tarixli, 3M-1973 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş çıxarışların ləğv edilməsinə və torpaq sahəsinin İddiaçı MMC-nin əməli istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24.08.2015-ci il tarixdə İddiaçı MMC-nin icarəsində olan Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30.0 ha torpaq sahəsinin 02.05.2006-cı ildən başlayaraq 99 il icarə hüquqlarından 2.5670 ha torpaq sahəsinin icarə hüquqlarını İddiaçı MMC-nin təsisçisi Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 tərəfindən iş üzrə digər cavabdeh X11 26000 (iyirmi altı min) manata satılmışdır. Sözügedən alqı-satqı müqaviləsi qanunvericiliyin tələbinə uyğun olmamaqla bağlanmış və bağlandığı andan da etibarsız hesab edilməlidir. Belə ki, MMCnin təsisçisi cəmiyyətin idarə edilməsində heç bir rol oynamır. Cəmiyyətin mülkiyyətində olan əmlak üzərində təsisçinin sərəncam vermək hüququ yoxdur. Bu hüquq cəmiyyətin qanuni təmsilçisi sayılan direktora məxsusdur. Qanunun tələbinə əsasən cəmiyyətin adından əqdləri bağlamaq səlahiyyəti birbaşa olaraq direktora verilmişdir, təsisçinin cəmiyyətin adından heç bir əqd bağlamaq səlahiyyəti mövcud deyildir. Məhkəmə prosesində iddiaçının qanuni təmsilçisi X12 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, 2020-ci ilin noyabr ayından direktor təyin olunmuşdur. Bildirmişdir ki, Fərid satılması üçün Niyaziyə etibarnamə vermiş, o isə, əvvələr həmin müəssisədə çalışmamışdır. Cavabdeh2 əvvəllər müəssisənin təsisçisi olmuş, bundan istifadə edərək və qanunu pozaraq torpaq sahəsinə olan hüququ başqa şəxsə satmışdır. O, direktor olan kimi təmin torpaqları geri tələb etsə də nəticəsi olmamışdır. Belə ki, müəssisəyə olan payını satarkən Fərid ona bildirmişdir ki, torpaq sahələrinə olan hüquqlar hüquqi şəxsə məxsusdur. Fərid torpaqları satdığını heç kəsə deməmiş, müəssisənin ondan qabaqkı direktoru bildiriyinə görə Fəridin qardaşı olmuşdur. Sadalananlara əsasən Y.Səmədov məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi X4 «iddia tələbinin dəqiqləşdirilməsinə dair» ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri 9 saylı Notariat kontoru tərəfindən təsdiq edilmiş 24.08.2015-ci il tarixli, 3M-1973 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və həmin alqı-satqı müqavilələri əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestri xidmətində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsinə və torpaq sahəsinin İddiaçı MMC-nin əməli istifadəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə ərizəni icraata götürmüşdür. Məhkəmə iclasında cavabdeh qismində dindirilmiş Cavabdeh3 izahatında göstərmişdir ki, hadisə 2015-2016-cı illərdə olmuş, o Fəridi görməmiş, taksi sürücüsü işləmiş, Qasımla «Texnikabank»da inkassator işləyəndə tanış olmuş, Qasım onun adına torpaq sahələri olduğunu bildirmiş, o isə həmin torpaq sahələrinin adından çıxarılmasını istədiyini bildirmiş, bundan sonra Fərid və Qasım torpaq sahələrini onu notariusa aparmaqla adından çıxarmış, bu əməliyyatlardan ona hansısa məbləğdə ödəniş verilməmişdir. Cavabdeh3 həmçinin Fərid və Qasımın yaxın olduqlarını düşündüyünü, hər şeyin onun razılığı ilə həyata keçirmədiyini göstərmişdir. Cavabdeh3 məhkəməyə yazılı qaydada ərizə ilə müraciət edərək, iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmənin 07.09.2021-ci il tarixli iclasında Cavabdeh1 vəkili və nümayəndəsi X13 izahatında iddia tələbini qəbul etməkdiklərini bildirərək, iddia tələbində İddiaçı MMCnin təsisçisi Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 tərəfindən 24.08.2015ci il tarixdə Abşeron rayonu, Abşeron Donuzkökəltmə sovxozu ərazisində yerləşən torpaq sahəsinin icarə hüququ ilə üzrə digər cavabdeh X11 26000 manata satılması barədə qeydin olduğunu, Cavabdeh1la İddiaçı MMC arasında bağlanmış 24.08.2015-ci il tarixli müqavilə əsasında Abşeron rayonu, Abşeron Donuzkökəltmə sovxozu ərazsində yerləşən 2,5667 ha torpaq sahəsini 2006-cı ildən başlayaraq 99 il müddətinə icarə hüquqlarını aldıqlarını, müqavilə bağlandığı tarixdən torpaq sahəsinin onların istifadəsinə verildiyini, hazırda onların sahibliyində olduğunu, alqı-satqı müqaviləsi əsasında sözügedən torpaq sahəsinə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Cavabdeh1 adına hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən ******* saylı çıxarışın verildiyini göstərmişdir. Bundan başqa A.Mədətov izahatında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1, 375.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenimunun 31.05.2019-cu il tarixli qərarına istinad edərək iddia müddətinin cavabdehin verdiyi ərizə, kəsici müddətin isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alındığını, qanunverciliyin bu normasının maraqlı şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malik olduğunu, həmin müddətin keçdikdən sonra maraqlı şəxsin bu hüququ itirdiyini, qeyd olunan müddətin qanunun mənasında görə hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətə aid olduğunu, kəsici müddətin şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddət olmasını göstərərək, bildirmişdir ki, hazırki iddia tələbi üzrə kəsici müddət keçdiyindən iddia təmin edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan Cavabdeh2, Cavabdeh1 və onun vəkili və nümayəndəsi X13 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat təqdim etməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlandırılacaq) 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin və prosesin digər iştiraklarının izahatlarını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; -24.08.2015-ci il tarixli, 3M-1973 reyestr nömrəli alqı-satqı müqaviləsinin notarial təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC Cavabdeh2 nümayəndəsi şəxsində İddiaçı MMC-nin icarəsində olan Abşeron rayonu Abşeron Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30.0 ha torpaq sahəsinin 02.05.2006-cı ildən başlayaraq 99 (doxsan doqquz) il icarə hüquqlarından 2.5657 ha torpaq sahəsinin icarə hüquqlarını Cavabdeh1 26000 (iyirmi altı min) manata satmışdır. -Seriya MA, №0232569 saylı, reyestr nömrəsi **********19 olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyətinə məxsus Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30.0 ha torpaq sahəsinə 02.05.2006-cı il tarixdən başlayaraq 99 (doxsan doqquz) il müddətinə icarə hüququ 02.05.2006-cı il tarixli 129A №-li icarə müqaviləsi və 23.06.2011-ci il tarixli, 3M/289 №-li icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-nin xeyrinə yüklü edilmişdir. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Abşeron ərazi idarəsinin verdiyi № AA 030190 saylı, reyestr nömrəsi **********19 olan torpaq sahəsinin planı və ölçüsünün notarial təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən, icarə hüququ İddiaçı MMC-ə məxsus 30.0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. -Seriya RX, №1119200 saylı, reyestr nömrəsi **********64, qeydiyyat nömrəsi ********** olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyətinə məxsus Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 2.4265 ha torpaq sahəsinə icarə hüququ 02.05.2006-cı il tarixli, 129A nömrəli icarə müqaviləsi və 07.04.2016-cı il tarixli, 3M-511 nömrəli icarə hüququnun alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh1 məxsusdur. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Abşeron ərazi idarəsinin verdiyi № AN 184831 saylı, reyestr nömrəsi **********64 olan torpaq sahəsinin planı və ölçüsünün notarial təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən, istifadə hüququ Cavabdeh1 məxsus 2.4265 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. -19.07.2014-cü il tarixli etibarnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 Cavabdeh3 özünə məxsus olan daşınar və daşınmaz əmlaklarla bağlı, o cümlədən özünün məhkəmədə təmsilinə dair baş etibarnamə vermişdir. -»Alyans NT» MMC-nin nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, cəmiyyət təsisçisi Cavabdeh2 onu Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X17 Qeydiyyatı İdarəsində 11.12.2009cu ildə, ********** nömrəsi ilə qeydiyyata aldırmışdır. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommesiya hüquqi şəxslərinin Dövlət reyestrindən 11.12.2009-cu il tarixli, **********120800 saylı çıxarışdan görünür ki, İddiaçı MMC-nin təsisçisi Cavabdeh2, qanuni təmsilçisi X10r. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommesiya hüquqi şəxslərinin Dövlət reyestrindən 03.02.2014-cü il tarixli, **********817300 saylı çıxarışdan görünür ki, İddiaçı MMC-nin təsisçisi Cavabdeh2, əvvəlki qanuni təmsilçisi X15, hazırki qanuni təmsilçisi X5r. -13.11.2020-ci il tarixli, 3M-430 nömrəli müəssisədəki payın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC-nin təsisçisi Cavabdeh2 özünə məxsus 5 payı 100 (yüz) manata X1. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X17 qeydiyyatı idarəsinin verdiyi 23.11.2020-ci il tarixli, **********099900 saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC-nin təsisçisi və qanuni təmsilçisi X7r. -»Alyans NT» MMC-nin 09.09.2021-ci il tarixli 47/21 saylı arayışından görünür ki, İddiaçı MMC-nin 2015-ci ildə aktivləri 30 ha torpaq sahəsindən ibarət olmuş, hal-hazırda mübahisələndirilən 2.5657 ha torpaq sahəsi həmin sahənin tərkib hissəsi olmuş, əvvəlki təsisçi Cavabdeh2 tərəfindən satılan torpaq sahəs ilə bağlı hüquqlar Cavabdeh1 satıldıqdan sonra satılması barədə şirkətə heç bir məlumat verilməmiş, 2020-ci ilin noyabr ayında Şirkətin təsis payının alqı-satqısından bir müddət sonra Şirkət öz aktivləri barədə araşdırma aparan zaman məlum olmuşdur ki, 30 ha torpaq sahəsinin tərkib hissəsini təşkil edən 2.5657 ha torpaq sahəsi 24.08.2015-ci il tarixli, 3M-1973 saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh1 satılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mülkiyyət hüququ ilə dövlətə məxsus Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30.0 ha torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti ilə Cavabdeh2 təsisçisi olduğu İddiaçı MMC arasında bağlanmış 02.05.2006-cı il tarixli, 129A №-li saylı icarə müqaviləsinə əsasən cəmiyyətin 99 (doxsan doqquz) illik icarəsinə verilmiş, daha sonra icarə hüququna dair İddiaçı MMC ilə 23.06.2011-ci il tarixli, 3M/289 №-li alqı-satqı müqaviləsi bağlanılmışdır. Cəmiyyətin təsisçisi Cavabdeh1 nümayəndəsi Cavabdeh3 vasitəsilə İddiaçı MMC-yə məxsus icarə hüququnun torpaq sahəsinin 2.5657 ha hissəsini 24.08.2015-ci il tarixli, 3M- 1973 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə 26000 (iyirmi altı min) manat məbləğin müqabilində Cavabdeh1 adına keçirmişdir. Məhkəmə hesab edir ki, 24.08.2015-ci il tarixli, 3M-1973 saylı icarə hüququnun alqısatqı müqaviləsi qanunvericiliyin tələblərinin pozulması ilə bağlanılmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin nizamnaməsinin 4.1-ci bəndində göstərilir ki, cəmiyyətin ali idarəetmə orqanı təsisçilərinin azı ildə bir dəfə çağırıldığı Ümumi Yığıncaqdır. Cəmiyyətin təsisçisi bir nəfər olduqda, o, Ümumi Yığıncağın səlahiyyətlərini təkbaşına həyata keçirir. Ümumi Yığıncağın qərarları iştirakçıları tərəfindən qəbul edilir, onlar tərəfindən imzalanır və möhür vurulur. Həmin Nizamnamənin 4.5-ci bəndində göstərilir ki, cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir. Direktor Cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, Cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir, Ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, Cəmiyyətin adından əqdlər bağlayır, rəsmi sənədləri imzalayır, Cəmiyyətin işçilərini vəzifəyə təyin edir, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər verir. Qanunvericiliklə və Cəmiyyətin Nizamnamə ilə Ümumi Yığıncağın və digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirir. Eyni zamandan sözügedən Nizamnamənin 4.2-ci bəndində Cəmiyyətin təsisçilərinin Ümumi Yığıcağının müstəsna səlahiyyətləri müəyyən edilərək, sadalanmışdır. Cəmiyyətin Nizamnaməsindən görünür ki, cəmiyyətin adından əqdlər bağlamaq səlahiyyəti və cəmiyyətin idarə edilməsi direktorun səlahiyyətinə aid edilmişdir, təsisçilərə və onların Ümumi yığıncağına belə səlahiyyət verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlandırılacaq); 49.1-ci maddəsinə görə hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. 49.2-ci maddəsinə görə hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. 49.3-cü maddəsində göstərilir ki, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən hüquqi şəxsin mülki hüquqlar əldə etməsi və öhdəsinə vəzifələr götürməsi saləhiyyəti hüquqi şəxsin iştirakçılarına və təmsilçilərinə verilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin adından müvafiq əqdlərin bağlanması hüququ cəmiyyətin nizamnaməsinin tələbinə əsasən direktora məxsus olmuşdur. Lakin 24.08.2015-ci il tarixli, 3M-1973 saylı müqavilə həmin zaman cəmiyyətin direktoru X14 ilə deyil, cəmiyyətin təsisçisi Cavabdeh2 tərəfindən bağlanılmışdır. Üstəlik həmin müqavilə bağlanarkən Cavabdeh2 cəmiyyətin adından deyil, fiziki şəxs qismində, etibarnamə əsasında nümayəndəsi Cavabdeh3 vasitəsilə təmsil olunmuşdur. Belə ki, müvafiq notariat işinin içərisində Cavabdeh2 cəmiyyətin adından çıxış etməsi üçün səlahiyyətlərini təsdiq edəcək sənəd mövcud deyildir. Cavabdeh2 Cavabdeh3 vermiş olduğu 19.07.2014-cü il tarixli etibarnamə isə etibar edilən Cavabdeh3 etibar edən Cavabdeh2 məxsus əmlaklara dair əqdlər bağlamaq səlahiyyəti vermiş, həmin etibarnamədə Cavabdeh3 cəmiyyətə məxsus aktivlərə (əmlaklara) daxil olan hüquqla bağlı əqd bağlamaq səlahiyyəti verilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, Mülki Məcəlləyə 15.05.2015-ci il tarixli, 1283-İVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə dəyişiklik edilərək, «Hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası»nı müəyyən edən 49-1-ci maddə əlavə edilmiş və həmin dəyişiklik müqavilə bağlanan tarixdə qüvvədə olmuşdur. Həmin maddənin 49-1.2-ci maddəsinə görə aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxs tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə bağlanılır. Həmin əqdə münasibətdə aidiyyəti şəxs olan iştirakçı məsələ ilə əlaqədar olan səsvermədə iştirak edə bilməz. Normanın tələbindən göründüyü kimi hüquqi şəxsə aidiyyatı olan şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil etdikdə əqd müvafiq prosedur qaydaya öncədən riayət edilməklə bağlanmalıdır. Bu qaydalara müstəqil auditorun rəyinin alınması və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sadə səs çoxluğu ilə qərar qəbul edilməsi aiddir. 24.08.2015-ci il tarixli, 3M-1973 saylı müqavilənin bağlanılması ilə bağlı tərtib edilmiş notariat işinin materiallarında müvafiq auditor rəyi və hüquqi şəxsin iştirakçısının ümumi yığıncağının qərarı mövcud deyildir, üstəlik həmin sənədlər cavabdehlər tərəfindən də məhkəməyə təqdim edilməmişdir. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, Cavabdeh2 və Cavabdeh1 arasında 24.08.2021-ci il tarixli icarə hüququnun alqı-satqısına dair müqavilə qanunvericiliyin tələbinə müvafiq formada, müəyyən edilmiş prosedur qaydalara riayət edilmədən bağlanılmış, həmin zaman Cavabdeh1 müqavilə tərəfinin səlahiyyəti olmayan şəxs olmasını bilmiş, bu müqavilənin bağlanılması barədə Cəmiyyətin qanuni təmsilçisi məlumatlandırılmamışdır. Mülki Məcəllənin 49-1.4-cü maddəsinə əsasən əqdin bu Məcəllənin 49-1.2-ci və 49- 1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlanılması nəticəsində hüquqi şəxsə dəyən zərərə görə təqsiri olan şəxslər məsuliyyət daşıyır. Əqdin digər tərəfi əqdin bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlandığını bildikdə hüquqi şəxs və ya onun istənilən iştirakçısı bu Məcəllənin 337.1-ci və 339-cu maddələrinə müvafiq olaraq həmin əqdi mübahisələndirə bilər. Məhkəmə hesab edir ki, iddiaçı mülki qanunvericiliyin ona tanımış olduğu hüquqdan istifadə etməklə qanunvericiliyin tələbinin pozulması ilə bağlanılmış müqaviləni mübahisələndirməkdə haqlıdır. Mülki Məcəllənin: 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Cavabdeh1 vəkili və nümayəndəsi A.Mədətovun kəsici müddətin tətbiqi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, «B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12.03.2020-ci il tarixli Qərarında göstərilir ki, «... Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur... «. Həmçinin məhkəmə qeyd edir ki, kəsici müddətin tətbiqi üçün də qanunverici konkret hal müəyyən etmişdir. Belə ki, hazırki iş üzrə Mülki Məcəllənin 354.2-ci maddəsinnə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi kəsici müddətin başlanma anı qanunvericiliklə dəqiq müəyyən edilmişdir ki, bu şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən etibarən bir il ərzində həyata keçirilə bilər. Hazırki işin hallarından görünür ki, sözügedən torpaq sahəsinə Cəmiyyətin malik olduğu icarə hüququ özgəninkiləşdirilərkən onun qanuni təmsilçisi bu barədə məlumatlandırılmamış, yalnız 2020-ci ilin 23 noyabr tarixindən sonra cəmiyyətin direktoru X12 bu halı müəyyən etmiş və hazırki iddia tələbi ilə bir illik kəsici müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X9 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqnıda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X9 Haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci il aprel ayının 15- dən Konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyasının 46-cı maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. İnsan hüquqlarının və X9 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24.11.2005-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.03.2019-cu il tarixli Qərarında deyilir ki, «... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir». Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları məcmu halda qiymətləndirib, qanunvericiliyin tələblərini rəhbər tutub hesab edir ki, iddia ərizəsi təmin edilərək Bakı şəhəri 9 saylı Notariat kontoru tərəfindən təsdiq edilmiş 24.08.2015-ci il tarixli, 3M-1973 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestri xidmətində aparılmış qeydiyyat, həmin qeydiyyat əsasında verilmiş RX seriyalı, ******* nömrəli çıxarış ləğv edilməli və torpaq sahəsi İddiaçı MMC-nin əməli istifadəsinə verilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 10 (on) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri 9 saylı Notariat kontoru tərəfindən təsdiq edilmiş 24.08.2015-ci il tarixli, 3M-1973 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestri xidmətində aparılmış qeydiyyat, həmin qeydiyyat əsasında verilmiş RX seriyalı, ******* nömrəli çıxarış ləğv edilsin və torpaq sahəsi İddiaçı MMC-nin əməli istifadəsinə verilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar