Məhkəmə qərarları › İş №2(012)-1728/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1728/2024

07.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1728/2024 07.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, oğlu X2 02 noyabr 1977-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Ərizəçi xx xxxxxx 1955-ci il tarixdə Ermənistan Respublikası. Amasiya rayonunda anadan olmuşdur. X5 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından 4 övladları olmuşdur: 21 aprel 1976-cı il təvəllüdlü X6, 02 oktyabr 1977-ci il təvəllüdlü X7, 13 fevral 1979-cu il təvəllüdlü X8 və 23 may 1987-ci il təvəllüdlü X9. X7 anadan olduqda heç bir problemi olmamışdır. 40 günlük olduqda xəstələnmiş, qəflətən istiliyi qalxmışdır. 02 noyabr 1977-ci il tarixdə yaşadıqları Sumqayıt şəhəri. Corat qəsəbəsində ev şəraitində vəfat etmişdir. Onu Sumqayıt şəhəri. Corat qəsəbəsi ərazisində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Bütün bunları şahidlər vasitəsilə təsdiq edə bilər. Lakin məlumatsız olduqlarından həkim çağırmamışlar. Tibbi şəhadətnamə almamışlar. Ümumiyyətlə hüquqi savadsızlığına görə belə bir sənədin zəruri olduğunu bilməmişdir. Həyat yoldaşı X3 miras işi ilə bağlı notariusa müraciət etdikdə ailə tərkibi haqqında arayış alınarkən mərhum oğlu X2 ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. O 2 saylı Sumqayıt Regional "ASAN xidmət” X14nə oğlunun ölüm qeydiyyatının aparılması və ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmişdir. Lakin 2 saylı Sumqayıt Regional “ASAN xidmət” X14ndən ona arayışla bildirilmişdir ki. yoxlama aparılmış və ölüm aktı qeydi aşkar olunmamışdır. Müvafiq qaydada məhkəməyə müraciət etsə də Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qərardadına əsasən ərizə geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, ölümün qeydə alınmamasına və ya ölümün qeydə alınmasından imtina edilməsi barədə arayış eləcə də ərizəçinin qeydiyyatda olmasına dair sənəd ərizəyə əlavə edilməmişdir. Hal-hazırda qeyd edilən sənədlər ərizəyə əlavə edilərək yenidən məhkəməyə müraciət edirlər. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Abşeron rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Ərizəçi bacısıdır. Ərizəçi 4 övladı olmuşdur. 02 oktyabr 1977-ci il təvəllüdlü X7 onun ikinci övladı olmuşdur. X2 qəflətən istiliyi qalxdığı üçün və anası, atası gənc ailə olduğu üçün 02 noyabr 1977-ci ildə vəfat etmişdir. Həmin vaxt Ermənistandan onlara qonaq gəldiklərini bildirmişdir. X1 qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, Ərizəçi bacısının həyat yoldaşıdır. X7 02 oktyabr 1977-də anadan olmuşdur. Həmin vaxt qiyabi təhsil aldığı üçün onların evinə getmişdir. X7 qəflətən istiliyi qalxdığı üçün 02 noyabr 1977ci ildə vəfat etmişdir. X1 qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Uşağın ölümünə səbəb hər hansı bir bədbəxt hadisə olmamış, uşaq xəstələnərək vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” X14 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05/09İS/172585-23 saylı arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X4 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar içərisində oğlu xx.xx.1977-ci il təvəllüdlü X7 aşkar edilmişdir -2 saylı Sumqayıt “Asan xidmət” X14 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16- 5/8-Y-69-6065/2023 saylı arayışdan görünür ki, X7 02 oktyabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.Bu barədə xx.xx.1977-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 3888 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. -2 saylı Sumqayıt “Asan xidmət” X14 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16- 5/8-Y-69-6064/2023 saylı arayışdan görünür ki, X7 barəsində 1977-1981-ci illər Sumqayıt şəhər qeydiyyat şöbəsində ölüm akt qeydi aşkar olunmamışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. -Tibbi Ərazi Bölmələrini X15 X23 Rayon Mərkəzi Xəstəxanası X24 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-20/2-Q-17-xx-xx/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir E.Yusubovun ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, Ərizəçi Abşeron rayonu, Saray qəsəbə ərazi dairəsi, Saray qəsəbəsi ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X7 ərizəçinin oğlu olmuş, sonuncu xx.xx.1977-ci il tarixdə qəflətən istiliyi qalxdığından vəfat etmiş və X2 ölüm faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X2 xx.xx.1977-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin oğlu X7 xx.xx.1977-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X2 xx.xx.1977-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X2 xx.xx.1977-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar