Məhkəmə qərarları › İş №2(012)-173/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-173/2024

23.04.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-173/2024 23.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətin müdafiəsi tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətin müdafiəsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan 0.0163 ha torpaq sahəsinə Cavabdeh tərəfindən qanunsuz müdaxiləyə son qoyulması, ona məxsus torpaq sahəsində onun tərəfindən aparılmış bütün tikililərin cavabdeh tərəfindən sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək onun sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən və dəqiq koordinatları DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş A№ 654557 saylı torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş 0.0163 ha torpaq sahəsi onun mülkiyyətindədir. Ona məlum olmuşdur ki, torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Zəbt etdiyi ərazidə cavabdeh özünə məxsus tikinti işləri aparmışdır. Bununla bağlı ona müraciət etdikdə o, bu məsələyə heç bir məhəl qoymamışdır. Daha sonra o Daşınmaz Əmlakın Dövlət Kadastrı Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etdi. Onlar da gəlib yerində ölçmə işləri apararaq onun müraciətinə 09 iyun 2023-cü il tarixli məktubla cavab verdilər. Həmin məktubda da qeyd olunur ki, onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi başqası tərəfindən hasara alınaraq onun istifadəsindədir. Beləliklə açıq faktdır ki, ona məxsus olan torpaq sahəsi onun özünə məxsus olmadığını bildiyi halda qəsdən Cavabdeh tərəfindən zəbt edilmişdir. Bununla da, cavabdeh onun mülkiyyət hüququnu pozmuşdur. Ekspert rəyi ilə razı olduğunu bildirmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0163 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, A № 654557 saylı plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ümumi sahəsi 0.0163 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Abşeron rayonu notariusu G.İ.Məsimova № 078, alıcı ilə satıcı arasında bağlanmış alqısatqı müqaviləsi, 4ə-1520, xx.xx.2021 olmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-İ-0096-35 saylı məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0163 ha torpaq sahəsinin başqası tərəfindən zəbt olunub-olunmaması barədə məlumat verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli (d/o **********) qeydiyyat nömrəli İddiaçı müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən xx.xx.2021-ci il tarixli, **********83 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla mülkiyyətinə verilmiş 0.0163 ha torpaq sahəsinə texniki baxış keçirilmiş və əldə olunmuş məlumatlar elektron kadastr xəritəsi əsasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin bir hissəsi başqa şəxs tərəfindən hasara alınaraq istifadəsindədir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 321332/2-13011 saylı mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********83 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0163 ha torpaq sahəsinin plan və ölçüsü faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşən hissəsi 0.0137 ha təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********83 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0163 ha torpaq sahəsinin koordinatlarına əsasən 1 qismi Cavabdeh faktiki istifadəsində olan tikili (qaraj tikilisi) ilə üst-üstə düşür. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın İddiaçı verilmiş M\V 105938 nömrəli vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/8749 nömrəli ekspert rəyinin surətindən görünür ki, məhkəmənin 2(012)-3505/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Həmin ekspert rəyində Qərardadın birinci sualı üzrə; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-332/2-13011/2023 nömrəli mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********83 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0163 ha torpaq sahəsinin plan və ölçüsü faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşən hissəsinin 0.0137 ha təşkil etdiyi müəyyən edildi. Qərardadın ikinci sualı üzrə; Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********83 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0163 ha torpaq sahəsinin bir qisminin Cavabdeh faktiki istifadəsində olan tikili (qaraj tikilisi) ilə üst-üstə düşdüyü müəyyən edildi. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0163 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan iddiaçıya həmin torpaq sahəsinin bir hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyi, zəbt edilən ərazidə cavabdeh tərəfindən tikinti işlərinin aparılması məlum olmuşdur. Hazırda İddiaçı Cavabdeh qarşı “mülkiyyətin müdafiəsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan 0.0163 ha torpaq sahəsinə Cavabdeh tərəfindən qanunsuz müdaxiləyə son qoyulması, ona məxsus torpaq sahəsində onun tərəfindən aparılmış bütün tikililərin cavabdeh tərəfindən sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək onun sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “X1rşı” məhkəmə işində Avropa məhkəməsi vurğulayıb ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir, bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiyası olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirir. Özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mübahisəli torpaq sahəsi İddiaçı adına dövlət reyestrində qeydə alınmış və bununla da iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları Cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın rəyini məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübut kimi qiymətləndirərək hesab edir ki, rəydə göstərilən nəticədə sübuta yetirilir ki, İddiaçı adına mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0163 ha torpaq sahəsinin plan və ölçüsü faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşən hissəsinin 0.0137 ha təşkil etdiyi və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0163 ha torpaq sahəsinin bir qisminin Cavabdeh faktiki istifadəsində olan tikili (qaraj tikilisi) ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Ekspertizanın rəyi ilə təsdiqini tapır ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus 1.0163 ha torpaq sahəsinin 0.0137 ha təşkil edən hissəsində hazırda cavabdeh tərəfindən qanunsuz olaraq qaraj tikmiş, bu isə iddiaçının konstitusiya və qanunlarla qorunan mülkiyyət hüququna toxunulmuş və onun hüquqlarını məhdudlaşdırmışdır. Beləliklə məhkəmə işdə olan sübutlara hüquqi qiymət verib, qanunun qeyd edilən tələblərini rəhbər tutub belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********83 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0163 ha torpaq sahəsinin 0.0137 ha təşkil edən hissəsində Cavabdeh tərəfindən tikilmiş qaraj cavabdeh tərəfindən sökülməli, həmin torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilərək İddiaçı sahibliyinə qaytarılmalıdır. Eyni zamanda Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində Cavabdeh tərəfindən qanunsuz müdaxiləyə son qoyulması tələbini göstərmişdir. Həmin tələbdə qeyrimüəyyənlik olduğundan, müdaxilə nədən ibarət olması iddiaçı tərəfindən sübuta yetirilmədiyindən həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin; 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-nin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan 50 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 50 (əlli) manat dəyərində məhkəmə tikinti-texniki ekspertizası xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********83 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0163 ha torpaq sahəsinin 0.0137 ha təşkil edən hissəsində Cavabdeh tərəfindən inşa edilmiş tikili (qaraj tikilisi) cavabdeh tərəfindən sökülsün və həmin torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilərək İddiaçı sahibliyinə qaytarılsın. Cavabdeh dövlət rüsumuna görə 50 (əlli) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar