Məhkəmə qərarları › İş №2(012)-1751/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1751/2024

03.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1751/2024 03.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və orada yerləşən fərdi yaşayış evindən çıxarılma, habelə evə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və evə köçürülmə tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı övladları xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 ilə birlikdə ona məxsus evdən çıxarılmaları və onun həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, yeni məhəllə, K.Hüseynov küçəsi, dalan 2-də yerləşən 0,04 sot torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli hüquqların dövlət reyestrindən çıxarışına əsasən ********** saylı qeydiyyat nömrəsi ilə onun adına rəsmiləşdirilmişdir. Xüsusi mülkiyyətində olan həmin torpaq sahəsi həyat yoldaşı X4 mülkiyyətində olmuş, torpaq sahəsində bir mərtəbəli, iki otaqlı yarımtikili ev olmuşdur. Həmin evdə təmir işləri aparmış, yaşamağa yararlı hala gətirərək həyat yoldaşı ilə birlikdə yaşamağa başlamışlar. Həyat yoldaşı 2017-ci ildə öldükdən sonra, həmin torpaq sahəsi onun adına rəsmiləşdirilsə də, fərdi yaşayış evi rəsmiləşdirilməmişdir. Cavabdeh onun keçmiş gəlinidir. O, oğlu Emin Məmmədovla 2008-ci ildə faktiki evlənmiş, xx.xx.2009-cu ildə nikahları rəsmiləşdirilmişdir. Onların birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-ci il təvəllüdlü X9 doğulmuşlar. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər birinə 120 manat olmaqla cəmi 480 manat aliment kəsilmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə X10 arasında Cəlilabad rayon Qeydiyyat Şöbəsində bağlanmış 22.dekabr 2009-cu il tarixli, 555 saylı nikah pozulmuşdur. Cavabdeh 2017-ci ildə Bakı şəhərinə köçərək, müxtəlif ünvanlarda kirayədə yaşamış, sonradan Bakı şəhəri, Binəqədi rayonunda atasına məxsus fərdi həyət evində uşaqları ilə yaşamışdır. Bir müddətdən sonra, onun mülkiyyətində olan torpaq sahəsindəki fərdi yaşayış evinə iddiaçı evdə olmayanda, xəbəri olmadan evinə köçərək orada yaşamış, daha sonra həmin evdə yaşamasına imkan verməmiş, onu öz evinə buraxmamış, mülkiyyətində olan torpaq sahəsini və evin onun adına rəsmiləşdirilməsini tələb etmişdir. O, iddiaçını, keçmiş həyat yoldaşını və onlarla yaşayan institut tələbəsi olan nəvəsini də qovaraq küçəyə atmışdır. Hazırda onlar ünvan 3 ünvanında kirayədə qalırlar. Dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh onları mənzilə buraxmır, onu təhqir edir və mənzilə buraxmayacağını bildirir. Ona görə də məcbur olaraq başqa-başqa yerlədə müvəqqəti yaşamaq məcburiyyətindədir. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsi və evin adına keçirəcəyi halda onu mənzilə buraxacağını bildirir. Bundan başqa, cavabdeh oğlundan 2023-cü ilin fevral ayından həmin mənzildə yaşaya-yaşaya aliment alır, iki dəfə oğlu alimenti gecikdirdiyinə görə, onu tutdurmaq istəmiş, alimenti tam aldıqdan sonra oğlu məsuliyyətdən azad edilmişdir. Bu mənzilə görə kommunal ödənişlərini (işıq, qaz, su və s) ona ödətdirir, evlə bağlı yaranmış bir sıra çətinlikləri həll etmək məqsədilə ona zəng edərək həmin çətinliklərin aradan qaldırılması və əlavə xərclərin ödənilməsini tələb edir. Qarşısına şərt qoyur ki, əmlakı onun adına keçirdikdən sonra kommunal xərcləri ödəyəcəkdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən Cavabdeh azyaşlı övladları xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X9 ilə birlikdə ona məxsus torpaq sahəsindən və orada yerləşən evdən çıxarılmaları və onun həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixdən X4 adına qeydə alınmışdır. Onun adına AA 108178 saylı, xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan AZ-İ 907872 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İşdə olan qanun üzrə vərəsəlik haqqında xx.xx.2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, X3 miras qalmış Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinə dair İddiaçı vərəsədir. İşdə olan ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdən İddiaçı adına qeydə alınmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, X3 miras qalmış mübahisəli torpaq sahəsi vərəsə kimi iddiaçı tərəfindən qəbul edilmiş və onun adına xx.xx.2019-cu il tarixdə reyestrdən çıxarış verilmişdir. Torpaq sahəsində fərdi yaşayış evi olsa da, ona dair hər hansı hüquq müəyyənedici sənəd yoxdur. Cavabdeh iddiaçının keçmiş gəlini olmaqla 4 uşağı ilə həmin evdə yaşayır. Hazırda İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı övladları xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X9 ilə birlikdə ona məxsus torpaq sahəsindən və orada yerləşən evdən çıxarılmaları və onun həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdən görünür ki, mübahisəli 0,04 ha torpaq sahəsilə bağlı iddiaçının adına reyestrdən çıxarış tərtib edilmişdir. Həmin sənəd hazırda qüvvədədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Eyni zamanda, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən cavabdehin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə torpaq sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Eyni zamanda, məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli əmlaka dair heç bir hüququ olmadığından onun bu daşınmaz əmlakdan istifadə etməsi əsassızdır. İşin faktiki hallarından da görünür ki, Cavabdeh uşaqları ilə birlikdə faktiki olaraq hazırda bu ünvanda yaşayır, əmlakın mülkiyyətçisi isə həmin əmlakının boşaldılmasını xahiş edir. Mübahisəli tikiliyə dair hüquqmüəyyənedici sənədlər olmasa da, işin faktiki hallarından görünür ki, onun yerləşdiyi torpaq sahəsi xx.xx.2019-cu il tarixdən İddiaçı mülkiyyətindədir və beləliklə, məhkəmənin qənaətinə görə bu tikiliyə münasibətdə onun qanuni gözlənti hüququ mövcuddur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh azyaşlı övladları xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 ilə birlikdə iddiaçıya məxsus torpaq sahəsindən və orada yerləşən evdən çıxarılmalıdırlar. İddia tələbinin İddiaçı mübahisəli evə köçürülməsi hissəsinə dair məhkəmə qeyd edir ki, cavabdeh uşaqları ilə birlikdə mübahisəli əmlakdan çıxarılmaqla, iddiaçının sahiblik və istifadə hüququ bərpa edildiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh azyaşlı övladları xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X9 ilə birlikdə iddiaçıya məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsindən və orada yerləşən fərdi yaşayış evindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh övladları - xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 100 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar