Məhkəmə qərarları › İş №2(012)-1763/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1763/2023

10.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1763/2023 10.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1964-cü il təvəllüdlü X5 Abşeron rayonu, Xırdalan şəhərində xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, dəqiqləşdirməyə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası, xx.xx.1964-cü il təvəllüdlü X5 vəfat etmə yerinin “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi” ünvanı kimi nəzərdən keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, mərhum xx.xx.1964-cü il təvəllüdlü X8 onun atasıdır. X3 xx.xx.2022-ci il tarixdə 14 saylı bölmənin təcili tibbi yardım briqadasında vəfat etmişdir. Atasının ölümünün qeydiyyata alınması barədə Maraqlı şəxsnə müraciət etsə də ölüm haqqında tibbi şəhadətnamə verilmədiyinə görə imtina verilmişdir. O, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün 21 saylı şəhər poliklinikasına müraciət etsə də atasının poliklinikaya müraciəti və ambulator kartası olmadığı üçün şəhadətnamənin verilməsi mümkün olmamışdır. Atasının ölüm haqqında şəhadətnaməsi ona dəfnə görə verilən müavinətin alınmasına görə lazımdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun atası insultdan vəfat etmişdir. Atası vəfat edəndə öz ata evində olmuşdur. Ölüm haqqında şəhadətnamə eyni zamanda, evin satılması üçün ona lazımdır. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, o, Ərizəçi məxsus olan evdə kirayədə yaşamış, qonşuluq münasibətləri olmuşdur. X1 isə qonşu kimi tanımışdır. xx.xx.2022-ci il tarixdə, səhər saat 8 radələrində səs-küy eşitmiş və X5 vəfat etməsini bilmişdir. Həmin vaxt o, Maştağada yaşayırdı. Mərhumun vəfat etmə səbəbini bilmir və qonşu kimi yas mərasimində iştirak etmişdir. Səhv bilmirsə, mərhum Seyidli qəbiristanlığında dəfn olunmuşdur. xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, Ərizəçi əmisidir, X8 isə ondan iki yaş balaca olan qardaşıdır. Qardaşı xəstəxanadan gəlmiş, həkimlərin rəyinə əsasən, insult keçirmişdir. Onun özünə məxsus evi vardır, qardaşı isə atası ilə birlikdə yaşayırdı, üç gündən sonra isə atası vəfat etmişdir. Qardaşı xəstəxanadan çıxanda da özünü yaxşı hiss etmirdi və narahat olduğundan neçə gün otaq içində daima hərəkət edirdi. Qardaşı vəfat edəndə o, işdə olmuş və ona zəng edilmişdir. O, qardaşını görəndə qardaşı artıq yataqda idi. Qardaşının evi ilə onun evi arasında 10-15 dəqiqəlik yol mövcuddur. Qardaşı 2022-ci ilin avqust ayında səhər saatlarında vəfat etmişdir. Qardaşının dəfni Maştağa qəbiristanlığında olmuşdur. Qardaşı uzun müddət bundan əvvəl qəza keçirmiş və yaddaşını itirmişdir. X5 ölümü təbii ölüm olmuş, bədbəxt hadisədən olmamışdır. Qardaşının yas mərasimi 3 və 7 mərasimləri olmaqla keçirilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, XVİİİ-ЖГ № 439199 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2279 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, X3, anası X7r. -xx.xx.2022-ci il tarixli Təcili və X12 X4 görünür ki, X5 adına həmin tarixdə, saat 07:59 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanına çağırış daxil olmuş, həkimə qədər kişi cinsindən meyid olmaqla ölüm halı aşkar edilmişdir. -21 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 51 saylı məktubdan görünür ki, Maştağa qəsəbəsi, Albalılıq bağ evi ünvanında yaşamış 1964-cü il təvəllüdlü X5 poliklinikaya müraciəti və ambulator kartası olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamənin yazılması mümkün deyildir. -Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 05/Q-192/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Maştağa Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 159 saylı arayışdan görünür ki, Ərizəçi mərhum X3 (TTTYS verdiyi xx.xx.2022-ci il tarixli arayışa əsasən) xx.xx.2022-ci il tarixdə vəfat etmiş, Maştağa qəsəbəsi, «Seyidlər» qəbiristanlığında dəfn olunmuşdur. -Ərizəçi tərəfindən təqdim olunmuş fotoşəkillərdən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X8 dəfn olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, X2 rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 21-ci küçə ünvanında qeydiyyatda olmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Ərizəçi Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 21-ci küçə, 10 saylı evdə qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X8 ərizəçinin atası olmuş, sonuncu xx.xx.2022-ci il tarixdə ev şəraitində halı pisləşdiyindən vəfat etmiş və X5 ölüm faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadələrində X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar