Məhkəmə qərarları › İş №2(012)-1767/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1767/2022

11.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1767/2022 11.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X1 kаtibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz və qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz və qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, siyahıda qeyd olunan cehiz əmlakının, 1 ədəd 5 qramlıq, dəyəri 400 manat olan nişan üzüyünün və 67 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlak tələbinə dair 2(012)- 1767/2022 saylı mülki işin aidiyyatı üzrə baxılması üçün Şəmkir rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Hazırki işə Abşeron rayon Məhkəməsində deyil, aidiyyatı üzrə Şəmkir rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Cavabdeh2 və Cavabdeh1 rəsmi qeydiyyat ünvanı Şəmkir rayonu Könüllü kəndidir. İş materiallarına nəzər salarkən məlum olur ki, iddia ərizəsinə cavabdehlərin rəsmi qeydiyyat ünvanı ilə bağlı arayış əlavə olunmamışdır. İddia ərizəsinə cavabdehlərin faktiki yaşayış ünvanları əlavə edilmişdir. Hazırda, cavabdehlərin rəsmi qeydiyyat ünvanı ünvan 2 Şəmkir rayon Məhkəməsinə göndərilməlidir. Ona görə də ərizənin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Mülki iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehlərin ərizəsini, mülki iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəmkir rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Yaşayış yeri üzrə Qeydiyyat haqqında 02.03.2022-ci il tarixli arayışlardan və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şəmkir rayonu Könüllü kəndində qeydiyyatdadırlar. Mülki Prosessual Məcəllənin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 39.1 maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 40.1. maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 iyun 2021-ci il Qərarındakı hüquqi mövqeyə görə, müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, daşınmaz əmlakın olduğu yer üzrə verilən iddia tələbləri 1) mülkiyyət hüququnun tanınması, 2) qeyri-qanuni sahiblikdən götürülmə, 3) mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulduğu hallarda mümkündür. Hazırki iddia tələblərindən məlum olduğu kimi isə, mübahisə predmeti daşınmaz əmlak deyil, həmin əmlakda yerləşdirilmiş cehiz əmlaklarının çıxarılması və iddiaçıya təhvil verilməsi tələbidir ki, həmin iddia tələbi də ümumi aidiyyət qaydalarına uyğun olaraq cavabdehlərin rəsmi qeydə alındığı ünvan üzrə məhkəmədə baxılmalıdır. Beləliklə də, hazırki iş üzrə cavabdehlər Şəmkir rayonu Könüllü kəndində qeydiyyatda olduqlarından, ümumi aidiyyət qaydalarına uyğun olaraq iddia tələbi cavabdehlərin rəsmi qeydə alındıqları yerin məhkəməsində, Şəmkir rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz və qızıl-zinət əşyaları tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Şəmkir rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar