Məhkəmə qərarları › İş №2(012)-1786/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1786/2021

01.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1786/2021 01.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi, İddiaçı Abşeron rayon Masazır bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Abşeron rayon Masazır bələdiyyəsinin Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı «torpaq sahəsinin boşaldılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Abşeron rayon Masazır Bələdiyyəsi cavabdeh “Qəsr” Yaşayış Kompleksinə qarşı torpaq sahəsinin özbaşına tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Qəsr” Yaşayış Kompleksi istifadə etdiyi ünvan 1 ünvanında özbaşına tutduğu 0,22 ha torpaq sahəsinin öz hesabına boşaldılaraq həmin torpaq sahəsini Masazır bələdiyyəsinin mülkiyyətinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Abşeron rayon Masazır Bələdiyyəsi ərizə təqdim edərək, Masazır Bələdiyyəsinin iddia tələbi üzrə cavab verməli olmayan “Qəsr” Yaşayış Komplüksi əsli Cavabdeh Mənzil Tikinti Kooperativi ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masazır bələdiyyəsinin üzv və qulluqçuları tərəfindən bələdiyyənin inzibati ərazi vahidində baxış keçirildiyi zaman Masazır kəndi, Ə.Vahid küçəsi 281 ünvanında 0,22 ha torpaq sahəsi Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən zəbt olunması müəyyən edilmişdir. Zəbt olunmuş torpaq sahəsində lazımi icazə almadan qanunsuz olaraq torpaqdan istifadə olunur. Belə ki, həmin ərazidə qazıntı işləri aparılması həyata keçirilir. Torpaq sahəsinin qeyri-qanuni sahibliyinə dair zəbti ilə əlaqədar Masazır bələdiyyəsi tərəfindən “Qəsr” Yaşayış Kompleksinin rəhbərliyinə 23 dekabr 2020-ci il tarixli, 01/01-06-01/427 saylı rəsmi məktubla Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsində nəzərdə tutulan torpaq qanunvericiliyinin pozulmasına görə yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma ilə bağlı məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh ona edilmiş xəbərdarlığa əhəmiyyər verməmişdir. Cavabdeh torpaq sahəsindən istifadə etdiyi müddət ərzində qanunvericiliyə zidd olaraq heç bir torpaq vergisi və ya icarə haqqı ödəməmişdir. Cavabdeh Masazır Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə edərək vergidən yayındığı üçün bələdiyyə büdcəsinə ziyan vurmuşdur. Yəni, cavabdeh istifadə etdiyi torpaq sahəsinə görə mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri bələdiyyəyə təqdim etməmiş (torpaqdan istifadə müddəti bilinmir) və bununla da vergidən (və ya icarə haqqının ödənilməsindən) yayınmışdır. Odur ki, qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi xahiş olunur. Məhkəmə iclasında iddiaçı Abşeron rayon Masazır bələdiyyəsinin vəkili və nümayəndəsi X1 iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Mənzil Tikinti Kooperativi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 7.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron rayon Masazır bələdiyyəsi tərəfindən “Qəsr” Yaşayış Kompleksinə ünvanlanmış 23.12.2020-ci il tarixli məktubundan görünür ki, Abşeron rayon Masazır Bələdiyyəsi özünün inzibati ərazi vahidində bələdiyyə mülkiyyətində və balansında olan əmlakın inventarlaşmasını həyata keçirir. İnventarlaşma ilə bağlı aparılan baxış zaman məlum olmuşdur ki, Masazır kəndi Ə.Vahid küçəsi, “xxxx” mağazasının yaxınlığında MTK tərəfindən lazımi icazələr almadan torpaq sahəsi zəbt olunuş və həmin ərazidə tikinti işlərinin aparılması üçün təmizlənmə işləri aparılar. Qeyd olunanları nəzərə alaraq beş gün müddətində özbaşına tutduğu torpaq sahəsinin əvvəlki vəziyyətə salınaraq Masazır Bələdiyyəsinə təhvil verilməsi xahiş olunur. Əks təqdirdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq, müvafiq qurumlara müraciət olunacaqdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddia tələbinə əsasən Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən Masazır Bələdiyyəsinə məxsus torpaqdan istifadə olunmaqla həmin ərazidə qazıntı işləri aparılır. Odur ki, iddiaçı Abşeron rayon Masazır Bələdiyyəsi cavabdeh “Qəsr” Yaşayış Kompleksinə qarşı torpaq sahəsinin özbaşına tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Qəsr” Yaşayış Kompleksi istifadə etdiyi ünvan 1 ünvanında özbaşına tutduğu 0,22 ha torpaq sahəsinin öz hesabına boşaldılaraq həmin torpaq sahəsini Masazır bələdiyyəsinin mülkiyyətinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia tələbində iddiaçı cavabdehin onun mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə etdiyi üçün həmin torpaq sahəsinin boşaldılaraq onun mülkiyyətinə qaytarılmasını xahiş etmişdir. İşin araşdırılan hallarından isə müəyyən olunur ki, iddiaçı iddia tələbində torpağın onun mülkiyyətində olmasını bildirsə də bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə ilk əvvəl qeyd edir ki, işə baxılarkan iddiaçının tələb etmə ilə bağlı onun subyektiv hüqunun olub-olmaması aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsini aşağıdakı bəndlərinə əsasən;

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Həmin Məcəllənin 66-cı maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. (MM-nin 139.3.,178.1.,178.2.-ci mad.) İmperativ xarakterli normaların məzmunundan müəyyən olunur ki, torpaq sahəsi üzərində hüquqlar yalnız torpağın qanunla müəyyən olunmuş qaydada ayrılmasından və bu hüquqların dövlət qeydiyyatına alınmasından sonra yaranır, belə qeydiyyatın aparılmadığı halda isə dövlət bu hüquqların müdafiəsinə təminat vermir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd edir ki, iddiaçının tələb etmə hüququ o zaman qnunui və əsaslı ola bilər ki, həmin torpağın onun mülkiyyətində olmasını sübut etsin. İddiaçı tərəfindən belə sübut məhkəməyə təqdim edilmədiyindən iddiaçının iddia tələbi ilə bağlı subyektiv hüququ da yaranmır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq öz elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz Kassasiya instansiyasının mövqeyini də nəzərə almaqla məhkəmə hesab edir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olmadığından və iddiaçı özünün əsl iddiaçı ilə əvəz edilməsinə razı olmadığından, həmin tələb təmin edilə bilməz Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 54.1. maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2. maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Beləliklə, işin məhkəmə iclasında tədqiq edilən hallarından görünür ki, Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “torpaq sahəsinin boşaldılmasına dair” iddia, tələb hüququ olmayan iddiaçı Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən verilmişdir və odur ki, iddia tələbi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən eyni zamanda iddia tələbi rədd edildiyindən ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlməlidir. İnsan hüquqlarının və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Abşeron rayon Masazır bələdiyyəsinin Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar