Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-576/2025 05.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1499/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Mərzəndiyə kəndində yerləşən mülkiyyətində olan torpaq sahəsində cavabdeh "xxxx" ASC-yə məxsus qeyri-qanuni quraşdırılmış transformatorun sökülərək, torpaq sahəsi üzərində mülkiyyət hüququn bərpa olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Daha sonra İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Şamaxı rayonu, Mərzəndiyə kəndində yerləşən daşınmaz Əmlakın Dövlət reyestrində adına qeydə alınmış reyestr nömrəsi **********11-12301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən, mülkiyyətində olan 1,3996 ha torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində qeyri-qanuni quraşdıırlmış transformatorun sökülərək, ərazidən çıxarılması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu, Mərzəndiyə kəndində onun mülkiyyətində 1,39 ha torpaq sahəsində yerləşən əmlak kompleksi mövcuddur. Qeyd olunan əmlak onun məhrum atası tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsindən özəlləşdirilmiş və vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. Sözügedən əmlak kompleksinin yerləşdiyi 1,39 ha torpaq sahəsinin üzərində onun razılığı olmadan "xxxx" ASC tərəfindən yüksək gərginlikli transformator quraşdırılmışdır. Qeyd olunan trasformatorun onun torpaq sahəsindən götürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. Ona rəsmi bildirilmişdir ki, 2017-ci ildə qeyd olunan ərazidə tender təşkilatı tərəfindən yerli icra və bələdiyyə orqanları tərəfindən təsdiqlənmiş layihə-smeta sənədləri əsasında aparılan yenidənqurma işləri zamanı, ******* saylı 400 KVA saylı transformator həmin vaxt müraciətdə qeyd olunan ərazi boş olduğuna görə mövcud yerində quraşdırılmışdır. Qeyd olunan torpaq sahəsi 2012-ci ildən atasının və sonradan onun mülkiiyyətindədir. Torpaq sahəsi dəmir torla hasarlanmış və onun istifadəsində olmuşdur. "xxxx" ASC mülkiyyətində olan torpaq sahəsini zəbt edərək, qeyri-qanuni olaraq onun heç bir icazəsi olmadan transformator quraşdırmışdır.
4. Cavabdeh "xxxx" ASC iddiaya qarşı etirazında göstərmişdir ki, İddiaçı iddiasında qeyd etdiyi Şamaxı rayonu Mərzəndiyyə kəndində yerləşən torpaq sahəsinə və transformator məntəqəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, "xxxx" ASC-nın balansında olan və həmin kəndi elektrik enerjisi ilə təmin edən transformator məntəqəsinin bir hissəsi qeyd olunan torpaq sahəsinin çəpərindən içəri, digər yarısı isə torpaq sahəsinin çəpərindən kənara düşür. Torpaq sahəsinin kənarı dəmir tor vasitəsi ilə çəpərlənmişdir. Kənardan baxış zamanı, torpaq sahəsinin ölçülərinin və transformator məntəqəsinin həqiqətən də həmin torpaq sahəsinin icərisində yerləşməsinin müəyyən edilməsi qeyri-mümkündür. Transformator məntəqəsi xx.xx.2018-ci il tarixdə “Azərişıq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılaraq, istismara verilmişdir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi reyestrdən çıxarışa nəzər saldıqda məlum olur ki, iddiaçıya həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququ transformator məntəqəsi tikilərək istismara verildikdən sonra, yəni xx.xx.2023-cü ildə verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ transformator məntəqəsi quraşdırıldıqdan sonra verildiyindən və transformator məntəqəsinin həmin torpaq sahəsinin daxilində olduğu müəyyən edilmədiyindən onun iddiası əsasızdır. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
5. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1499/2024 nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-yə məxsus transformator məntəqəsinin İddiaçı Şamaxı rayonu, Mərzəndiyə kəndində yerləşən daşınmaz Əmlakın Dövlət reyestrində reyestr nömrəsi **********11-12301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən mülkiyyətində olan 1,3996 ha torpaq sahəsinin 6 kv.m. hissəsindən çıxarılması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Şamaxı rayonu Mərzəndiyə kəndində iddiaçının mülkiyyətində 1,3996 ha torpaq sahəsində yerləşən əmlak kompleksi mövcuddur. Əmlak kompleksinin yerləşdiyi 1,3996 ha torpaq sahəsinin üzərində iddiaçının razılığı olmadan cavabdeh "xxxx" ASC tərəfindən yüksək gərginlikli transformator quraşdırılmışdır. Qeyd olunan trasformatorun onun torpaq sahəsindən götürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. "xxxx" ASC-nin nümayəndəsi də ərizəsində qeyd etmişdir ki, "xxxx" ASC-nın balansında olan və həmin kəndi elektrik enerjisi ilə təmin edən transformator məntəqəsinin bir hissəsi qeyd olunan torpaq sahəsinin çəpərindən içəri digər yarısı isə torpaq sahəsinin çəpərindən kənara düşür. Həmçinin, digər bir mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticəsi ilə cavabdeh "xxxx" ASC-yə məxsus transformatorun iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 6 kv.m. hissəsində yerləşdiyi müəyyən olunmuşdur. Eyni zamanda, məhkəmə hesab edir ki, iddiaçıya məxsus 1,3996 ha torpaq sahəsinin yalnız 6 kv.m. hissəsi cavabdeh tərəfindən zəbt olunduğundan və 1,3996 ha torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququ mövcud olduğundan, iddia qalan hissədə təmin olunmamalıdır.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.5, 152.6, 157.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
8. Cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1499/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ASC-nin təbii inhisar subyekti olaraq, ümumi (publik) hüquq sahəsində fəaliyyəti nəticəsində onun hüquqlarına müdaxilə edilməsini (mülkiyyətdə olan torpaq sahəsi üzərində yüksək gərginlikli transformator quraşdırılması və həmin transformator çıxarılması ilə bağlı hərəkətsizlik etməsini) iddia etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 14-cü bəndinin tələblərinə əsasən hazırki iddiaya mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi məhkəmə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasını nəzərə almamış və bununla da prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə tərəfindən Mülki Məcəllənin 88, 101.6, 102.1, 103.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən mübahisə üzrə şəxsi mənafeyinin cavabdeh "xxxx" ASC-yə məxsus və həmin ərazidə yerləşən xeyli sayda fərdi yaşayış evlərini elektrik enerjisi ilə təchiz edən transformator məntəqəsi ilə bağlı ictimai əhəmiyyətli mənafeyindən üstünlüyü dəqiq ifadə olunmamışdır. İddiaçı ona məxsus torpaq sahəsindən yüksək gərginlikli transformator məntəqəsinin çıxarılmasını (nəzərə alınsa ki, həmin transformator məntəqəsinin yerinin dəyişdirilməsi böyük maddi vəsait tələb edir) tələb etməklə, mülkiyyət hüquqlarından suiistifadəyə yol verərək, mülkiyyətindən "xxxx" ASC-yə ziyan vurmaqla istifadə etmiş və öz hərəkətlərinin zəruriliyini əsaslandırmamışdır. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının rəyində transformator məntəqəsinin yerinin dəyişdirilməsinin mümkünlüyü ilə bağlı hər hansı tədqiqatlar aparılmamış və gəlinən nəticə texniki cəhətdən əsaslandırılmamışdır. Digər tərəfdən ekspertin transformator məntəqəsinin torpaq sahəsindən çıxarılaraq alternativ qaydada, yəni iddiaçının torpaq sahəsinin düz yanından keçən avtomobil yolunun kənarına çəkilməsi hava elektrik xətlərinin mühafizə zonasını tənzimləyən qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə tərəfindən qeyd edilən hallara düzgün qiymət verilməmiş və məhkəmə öz qətnaməsində qeyd edilən ekspert rəyinə əsaslanmaqla sübutların qiymətləndirilməsini düzgün aparmamışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, transformatorun yerləşdiyi torpaq sahəsi mərhum atasının adına 2012-ci ildə dövlət reyestrində qeydə alınmış, həmin torpaq sahəsinin bir hissəsi müxtəlif vaxtlarda alqı-satqı olunmuş və vərəsəlik qaydasında onun mülkiyyətində keçmişdir. Yerdə qalan hissəyə son dəfə çıxarış 2023-cü ildə alınmışdır.
Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayıtini müdafiə edərək bildirdi ki, transformator məntəqəsi xx.xx.2018-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılaraq istismara verilmiş, bundan sonra, yəni xx.xx.2023-cü il tarixdə iddiaçının mülkiyyət hüququ tanınmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ trtansformator məntəqəsi quraşdırıldıqdan sonra verildiyindən və transformator məntəqəsinin həmin torpaq sahəsinin daxilində olduğu müəyyən edilmədiyindən onun iddiasının əsassız olduğunu hesab edir. İddiaçı ilə hər hansı bir barışığa gəlinməsi mümkün deyildir.
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, transformatorun yerləşdiyi torpaq sahəsi mərhum atasına məxsus olmuş, 2012-ci ildə mülkiyyət hüququ tanınmış, vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. Eyni zamanda, həmin torpaq sahəsinin bəzi hissələri müxtəlif vaxtlarda alqısatqı əsasında satılmış, yerdə qalan hissəyə son dəfə çıxarış 2023-cü ildə alınmışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Cavabdehlə zəbt edilmiş torpaq sahəsinin satılması, icarəyə verilməsi və sair kimi barışıq vasitələri ilə mübahisəni həll etmək mümkün deyildir. Belə ki, cavabdeh mübahisəni barışıqla bitirmək istəmir.
İşdə olan sübutlar
13. Hüquqların dövlət və qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********13-12301 olan X4 xüsusi mülkiyyətində Şamaxı rayonu Mərzəndiyə kəndində 3,1461 ha torpaq sahəsinin üzərində əmlak kompleksi kimi müəssisə vardır.
14. Hüquqların dövlət və qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********11-12301 olan İddiaçı xüsusi mülkiyyətində Şamaxı rayonu Mərzəndiyə kəndində 1,3996 ha torpaq sahəsinin üzərində Əmlak kompleksi vardır.
15. İş materiallarında olan texniki pasportdan görünür ki, Şamaxı rayonu Mərzəndiyə kəndində yerləşən inventar nömrəsi 8924, reyestr nömrəsi **********11-12301 olan torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmişdir.
16. 25 yanvar 2025-ci il tarixli, 3-16-16/2-10/8139 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı Əlibaba oğlunun faktiki istifadəsində olan torpaq sahəsi mülkiyyətinə verilmiş Şamaxı rayonu, Mərzəndiyə kəndində yerləşən 1,3996 ha torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilir. "xxxx" AsC-yə məxsus transformator məntəqəsinin yerləşdiyi torpaq sahəsinin 6 kv.metr hissəsi İddiaçı Əlibaba oğlunun xüsusi mülkiyyətinə verilmiş (reyestr nömrəsi **********11-12301 çıxarış) Şamaxı rayonu, Mərzəndiyə kəndində yerləşən 1,3996 ha topaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir.
17. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-41/2-1583/2025 nömrəli məktubundan və əlavə edilmiş sənədlərdən görünür ki, Şamaxı rayonu, Mərzəndiyə kəndində yerləşən 3,1461 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********13-12301 reyestr nömrəsi ilə X3 adına dövlət reyestrində qeydə alınmış, torpaq sahəsinin 0,14 ha hissəsi xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X1, X3 2019-cu ildə ölmüş, ona məxsus olan ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Mərzəndiyə kəndində yerləşən 578,5 kv.metr olan əmlak kompleksi və 2,0861 ha torpaq sahəsinin 11/22 hissəsi xx.xx.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqın şəhadətnaməyə əsasən İddiaçı Əlibaba oğluna miras qalmış, həmin əmlakların digər hissələri miras payın bağışlanmasına dair müqavilə əsasında digər vərəsələr tərəfindən İddiaçı Əlibaba oğluna bağışlanmışdır.
Tətbiq edilən hüquq
18.Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
20. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
21. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarı 14-cü bəndinin ikinci abzası. Təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
23. Məhkəmə kollegiyası tərəfindən Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1499/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1499/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı xüsusi mülkiyyətində Şamaxı rayonu Mərzəndiyə kəndində 1,3996 ha torpaq sahəsi olmaqla, həmin torpaq sahəsinin 6 kv.metr hissəsində cavabdeh tərəfindən elektrik enerjisi ilə təmin edən transformator quraşdırılmış və həmin transformator quraşdırılarkən iddiaçının razılığı alınmamışdır.
26. Məhkəmə kollegiyası hazırki mübahisənin mülki məhkəmədə baxılmalı olmaması, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbi mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədar torpaq sahəsinin boşaldılmasından ibarətdir ki, buna müvafiq olaraq yaranmış mübahisə də cavabdeh orqanın qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətinin icrasından deyil, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsinin nəticəsi hesab olunur. Yuxarıda istinad olunan “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 14-cü bəndi nəzərə alındıqda birinci instansiya məhkəməsinin məhkəmə aidiyyətini pozmaqla işə baxılmasına dair cavabdehin apellyasiya şikayəti əsassız hesab olunur.
27. Məhkəmə kollegiyası cavabdehin şikayətin digər dəlillərinə münasibətdə isə qeyd edir ki, mübahisəli torpaq sahəsi MA seriyalı, ******* nömrəli çıxarışa əsasən xx.xx.2012-ci ildən iddiaçının atasının mülkiyyətində olmuş, mülkiyyət hüququ vərəsəlik qaydasında iddiaçıya keçmişdir. İddiaçının hər hansı bir hüquqdan sui-istifadə etməsi faktı isə müəyyən edilməməkdədir. Transformator məntəqəsinin yerinin dəyişdirilməsinin böyük maddi vəsait tələb etməsi faktı qəbul edildiyi halda isə bunun nəticələrinin riskini cavabdeh daşımaqdadır.
28. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1499/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.