Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-443/2025 01.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Əbilli Xəyyam Gündüz oğlunun katibliyi, İddiaçı vəkili/nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı və iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 Cavabdeh qarşı ölçmə işlərinə edilən maneçiliklərin aradan qaldırılması və maneçiliklərə son qoyulması tələbinə dair mülki işə 01 iyul 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, İsmayıllı rayonu Gideyli kəndi ünvanında yerləşən, İsmayıllı rayonu Kürd Eldarbəyli bələdiyyəsinin 30 aprel 2007-ci il tarixli 03 nömrəli iclas qərarı ilə İddiaçı satılmış 0,08 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılan naturada araşdırılma, ölçmə işlərinə Cavabdeh tərəfindən edilən maneçiliklərin aradan qaldırılması, maneçiliklərə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, İsmayıllı rayonu Gideyli kəndində anadan olmaqla, hal-hazırda İsmayıllı şəhərində yaşayır. İsmayıllı şəhərinə köçməmişdən əvvəl, yəni Gideyli kəndində yaşayan zaman Kürd Eldarbəyli bələdiyyəsinə müraciət edərək yaşadığı Gideyli kəndinin ərazisindən ona fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsinin satılmasını istəmişdir. X12 bələdiyyəsinin 30 aprel 2007-ci il tarixli bələdiyyə iclasında müzakirəyə çıxarılaraq 0,08 hektar həyətyanı torpaq sahəsinin ona satılması haqqında 03 saylı qərar çıxarılmışdır. Torpaq sahəsinin ona satılması üçün İsmayıllı RİH Memarlıq və Tikinti Şöbəsinin 129 saylı razılıq rəyi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsinin 132/3 nömrəli torpaq sahəsinin ona satılmasına dair razılıq rəyi alınmışdır. Həmin rəyə əlavə olaraq ona satılası torpaq sahəsinin yerqurluşu layihəsindən çıxarışı çəkilərək, torpaq sahəsinin konturları yerində, naturada müəyyən olunaraq ona tanıdılaraq aralarında torpaqların alğı-satqısına dair akt bağlanmış və torpaq sahəsi ona təhvil verilmişdir. Torpaq sahəsinin qiyməti olan 168 manat onun tərəfindən Kürd Eldarbəyli bələdiyyəsinin "xxxx" ASC-də yerləşən hesabına ödənilərək 10 nömrəli qəbz bələdiyyəyə təqdim edildmişdir. Həmin vaxtın qanunvericiliyinə uyğun olaraq bütün sənədlər toplanaraq müvafiq qurumların rəhbərlərinin imzası və möhürü ilə təsdiq olunaraq ona təhvil verilmişdir. Ona satılan torpaq sahəsi ərizəsinə əlavə etdiyi Gideyli kəndinin kompleks yerqurluşu layihəsindən çıxarışdan göründüyü kimi Litir-A qeyd olunan torpaq sahəsi eni 20 metr, uzunluğu 40 metr, 0,08 hektar olmaqla yolun kənarında yerləşir. O, həmin vaxtdan torpaq sahəsindən mülkiyyətçi kimi istifadə etmiş, əkib-becərmiş və vergisini ödəmişdir. Torpaq sahəsinin harada yerləşməsini kənd bələdiyyəsinin sədri olmuş Maqsud Hüseynov da məhkəmə iclasında təsdiq edə bilər. Son vaxtlar İsmayıllı şəhərinə köçməyi ilə əlaqədar kənd sakini və həyat yoldaşının dayısı olan ərizəsi üzrə Cavabdeh onlardan icazə istəmişdir ki, icazə verin, siz rayonda yaşadığınızdan bu torpaq sahəsini müvəqqəti əkibbecərsin. Yoldaşının dayısı olduğu üçün razılaşmışdır ki, hələlik əkib-becərsin. O, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata aldırması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Təşkilatın mütəxəssləri mülkiyyət hüququnun qeydiyyata alınması ilə əlaqədar çıxarışa əsasən ona satılmış torpaq sahəsində ölçmə işləri aparmaq istədikdə cavabdeh buna imkan verməmiş və bildirmişdir ki, onlar artıq kənddə yaşamır, torpaq sahəsini özü almaq istəyir. O, bunu eşitdikdən sonra cavabdehlə görüşmüş, bələdiyyə qərarı ilə ona satılmış torpaq sahəsindən cavabdehi çıxarmaq istəsə də sonuncu qəti olaraq torpaq sahəsindən çıxmaqdan imtina etmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi ona 22 yanvar 2025-ci il tarixdə məktub ünvanlayaraq bildirmişdir ki, torpaq sahəsinin naturada araşdırılması mümkün olmadığı üçün imtina edilmişdir. Ona görə də o, cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasına gəlməmiş, onu vəkili/nümayəndəsi Vəkil təmsil etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili/nümayəndəsi Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək əlavə olaraq İsmayıllı rayonu Gideyli kəndi ünvanında yerləşən, İsmayıllı rayonu Kürd Eldarbəyli bələdiyyəsinin 30 aprel 2007-ci il tarixli 03 nömrəli iclas qərarı ilə İddiaçı satılmış 0,08 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılan naturada araşdırılma, ölçmə işlərinə Cavabdeh tərəfindən edilən maneçiliklərin aradan qaldırılması, maneçiliklərə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, mübahisələndirilən həyətyanı torpaq sahəsi oğlu Arzu Zülfüqarovun qanuni istifadəsində və sahibliyindədir. Həmin həyətyanı torpaq sahəsi İsmayıllı rayon Hacıhətəmli bələdiyyəsinin 22 oktyabr 2007-ci il tarixli 13 nömrəli qərarına əsasən oğlu Arzu Zülfüqarova qanuni şəkildə satılmışdır. Torpağın satılması üçün qanunvericiliklə nəzərədə tutulan bütün prosedur hərəkətlər edilmiş, Azərbaycan Respublikası keçmiş DTXK İsmayıllı rayon torpaq şöbəsi tərəfindən satılacaq torpağın cizgisi çəkilmiş, rayon İcra hakimiyyəti razılıq vermiş, torpağın dəyəri bələdiyyənin hesabına ödənilmiş, bələdiyyə ilə oğlu arasında alğı-satqı aktı tərtib olunmuşdur. Bələdiyyə tərəfindən 2007-ci ildə mütəxəssisin iştirakı ilə cizgiyə uyğun olaraq satılacaq torpaq sahəsi yerində ölçülərək oğluna təhvil verilmişdir. Oğlu Arzu həmin ildə topaq sahəsinin ətrafını çəpərləmiş və halhazıradək qeyd olunan həyətyanı torpaq sahəsindən istifadə edir. İddiaçıya da oğluna satılmış torpaq sahəsinin arxasında qonşuluqda 0,08 hektar həyətyanı torpaq sahəsi oğlundan əvvəl satılmış və özünə məxsus həyətyanı torpaq sahəsinin ətrafını çəpərləmişdir. Ötən 18 il ərzində heç bir mübahisə olmadan hər biri indiki olduğu faktiki vəziyyətinə uyğun torpaqdan istifadə etmişlər. Bu hal məhkəmə iclasında ifadə verən, həmin torpaq sahələrinin satılmasını bilavasitə həyata keçirən kənd bələdiyyə sədri də təsdiq etmiş, hər iki həyətyanı torpaq sahəsinin hazırkı faktiki vəziyyətdə, yəni iddiaçının özünün faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi və oğlunun da öz faktiki istifadəsində olan həyətyanı torpaq sahəsindən istifadə edirlər. Tərəflərdən heç biri digərinin torpağına müdaxilə etməmişdir. İddiaçı ərizəsində qeyd edir ki, guya o, İsmayıllı şəhərinə köçərkən xahiş etmişdir ki, torpağı ver o əksin. Bu tamamilə yalandır, aralarında belə bir razılaşma olmamışdır. Çünki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi oğlunun qanuni istifadəsində və sahibliyində olmuş, olmaqda da davam edir. İddiaçının ona qarşı qaldırdığı bu iddianı əsassız və qanunsuz hesab etməklə yanaşı hesab edir ki, iddiaçı qeyd edilən iddianın verilməsi üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Oğlu mübahisəli torpaq sahəsinə 18 ildir qanuni şəkildə sahiblik edir. Bu müddət ərzində iddiaçı bununla əlaqədar heç bir etiraz etməmişdir. Ona görə də iddia tələbini əsassız hesab edir və təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 02 may 2007-ci il tarixli 70/3 nömrəli torpaqların alqı-satqısına dair aktın təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı rayon Kürd Eldarbəyli bələdiyyəsinin 30 aprel 2007-ci il tarixli 03 nömrəli qərarına əsasən 0,08 hektar torpaq sahəsi İddiaçı satılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin İddiaçı ünvanladığı 22 yanvar 2025-ci il tarixli, 3-21-3- 42/2-322/2025 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı tərəfindən təqdim olunan sənədlərin naturada araşdırılması mümkün olmamışdır. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin X2 ünvanladığı 06 mart 2025-ci il tarixli, 3-21-3-42/2- 1140/2025 nömrəli məktubunun surətindən görünür ki, faktiki torpaq sahəsi üzərində mübahisə mövcuddur və AZCAD baza xəritəsində başqa vətəndaşın adı qeyd edilmişdir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 21 may 2025-ci il tarixli, 3-21-3-42/2-2198/2025 nömrəli mütəxəssis rəyinin surətindən görünür ki, İddiaçı adına tərtib olunmuş İsmayıllı rayonu Gideyli kəndi “Gideyli” istehsal kooperativinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən çıxarışda və X1 (cavabdeh X5) adına tərtib edilmiş İsmayıllı rayonu Gideyli kəndi “Gideyli” istehsal kooperativinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən çıxarışda göstərilən torpaq sahələrinin koordinatlar qeyd edilmiş plan-ölçü sənədi olmadığından torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyənləşdirmək mümkün deyildir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, 02 may 2007-ci il tarixli 70/3 nömrəli torpaqların alqı-satqısına dair aktı əsasında İsmayıllı rayon Kürd Eldarbəyli bələdiyyəsinin 30 aprel 2007-ci il tarixli 03 nömrəli qərarına əsasən 0,08 hektar torpaq sahəsi İddiaçı satılmışdır. İddiaçının müraciəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təqdim olunan sənədlərin naturada araşdırılması mümkün olmamışdır. Bu səbəbdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Cavabdehin oğlu Arzu Zülfüqarovun müraciəti üzrə isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi faktiki torpaq sahəsi üzərində mübahisə mövcud olduğunu, AZCAD baza xəritəsində başqa vətəndaşın adı qeyd edildiyini bildirərək bu səbəbdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 21 may 2025-ci il tarixli, 3-21- 3-42/2-2198/2025 nömrəli mütəxəssis rəyinə əsasən İddiaçı adına tərtib olunmuş İsmayıllı rayonu Gideyli kəndi “Gideyli” istehsal kooperativinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən çıxarışda və X1 (cavabdeh X5) adına tərtib edilmiş İsmayıllı rayonu Gideyli kəndi “Gideyli” istehsal kooperativinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən çıxarışda göstərilən torpaq sahələrinin koordinatlar qeyd edilmiş plan-ölçü sənədi olmadığından torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyənləşdirmək mümkün deyildir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdeh iddiaçının mülkiyyət hüququnu pozur, onun mülkiyyət hüququnu həyata keçirməyə mane olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM–nin 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin müəyyən edilmiş hallarından görünür ki, 02 may 2007-ci il tarixli 70/3 nömrəli torpaqların alqı-satqısına dair aktı əsasında İsmayıllı rayon Kürd Eldarbəyli bələdiyyəsinin 30 aprel 2007-ci il tarixli 03 nömrəli qərarına əsasən 0,08 hektar torpaq sahəsi İddiaçı satılmışdır. Hazırda isə iddiaçı həmin torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almaq istəyir. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının qeyd olunan torpaq üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdeh iddiaçının bu hüququnu həyata keçirməyə mane olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli torpaq üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onun hüququ kimi nəzərdə tutulmuşdur. İnsan Hüquqları və X7 X3 1 saylı Protokolunun 1–ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası MM–nin 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8–ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Eləcə də “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010–cu il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd olunmuşdur ki, dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir Həmin Qərarda daha sonra göstərilir ki, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010–cu il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də, şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi, belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Həmin Qərarda bir daha göstərilir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması, əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinə mövcud olan hüquq müəyyənedici sənədi, yəni 02 may 2007-ci il tarixli 70/3 nömrəli torpaqların alqı-satqısına dair akt mülkiyyət hüququna dair sənəd kimi qəbul edilməli və onun həmin sənədlə təsbit olunmuş hüquqları mülkiyyət hüququ kimi qəbul edilərək müdafiə edilməlidir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, mülkiyyətə qəsd və başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməli və cavabdehin həmin əşya üzərində heç bir hüququ olmamalıdır. Yəni cavadehin hərəkətləri qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4–cü maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub– olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etmiş, iddiaçının iradəsinə zidd olaraq həmin mülkdə yaşamaqla, təyinatına uyğun istifadə etmişdir. Nəticədə, iddiaçının mülkiyyətindən sərbəst istifadə etməsinə manelər yaranmışdır. Cavabdehin isə həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Belə olan halda cavabdehin həmin torpaq sahəsi üzərində heç bir mənafe üstünlüyü yoxdur və onun hərəkətləri qanunsuzdur. Bununla da cavabdeh tərəfindən iddiaçının subyektiv hüququ pozulmuşdur. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüquqları yaranmışdır. Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 157.1–ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 213.6–cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5–ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui– istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84–cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111–ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, İsmayıllı rayonu Gideyli kəndi ünvanında yerləşən, İsmayıllı rayonu Kürd Eldarbəyli bələdiyyəsinin 30 aprel 2007-ci il tarixli 03 nömrəli iclas qərarı ilə İddiaçı satılmış 0,08 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılan naturada araşdırılma və ölçmə işlərinə Cavabdeh tərəfindən edilən maneçiliklər aradan qaldırılaraq son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçının dövlət rüsumu barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İsmayıllı rayonu Gideyli kəndi ünvanında yerləşən, İsmayıllı rayonu Kürd Eldarbəyli bələdiyyəsinin 30 aprel 2007-ci il tarixli 03 nömrəli iclas qərarı ilə İddiaçı satılmış 0,08 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılan naturada araşdırılma və ölçmə işlərinə Cavabdeh tərəfindən edilən maneçiliklər aradan qaldırılaraq son qoyulsun. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-443/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-443/2025
01.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver