Məhkəmə qərarları › İş №2(012)-1789/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1789/2023

16.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1789/2023 16.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan 1 ədəd güzgülü şkaf, 1 ədəd kamod, 1 cüt divankreslo, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd yazı masası stolu, 1 ədəd yataq dəsti, 5 ədəd çilçıraq, 5 ədəd xalça, 1 ədəd ikimərtəbəli uşaq çarpayısı, 1 ədəd “Aziz” markalı soyuducu, 1 ədəd paltaryuyan maşın, 1 ədəd mətbəx mebeli, 10 ədəd yorğan, 7 ədəd döşək və 1 ədəd kombidən ibarət daşınar əmlakların cavabdehlərin qanunsuz sahibliyindən alınaraq geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, iddia tələbinin həcminin azaldılaraq, “1 ədəd kombi” əşyasının iddia tələbindən çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 Cavabdeh1 ilə xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra mövcud adət-ənənələrə uyğun olaraq cavabdehin qeydiyyatda olub yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə, 48 ünvanında yerləşən ümumi sahəsi 1213.8 kv.m olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə gəlin köçmüş və cehiz əşyalarını, o cümlədən, qızıl-zinət əşyalarını iddiaçı özü ilə gətirmişdir. Tərəflərin birgə nikah münasibətlərindən xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X11 anadan olmuş və həmin evdən qovulduqları günə kimi uşaqlar iddiaçı ilə birlikdə yaşamışlar. Abşeron rayon Məhkəməsinin 2(012)-2251/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, məhkəmənin 2(012)- 278/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə isə iddiaçının gəlin köçdüyü ümumi sahəsi 1213.8 kv.m olan torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Hazırda, iddiaçı azyaşlı uşaqları ilə birlikdə ünvan 2 ünvanında kirayədə yaşayır və cavabdehlər aşağıdakı cehiz əşyalarını qaytarmaqdan imtina edərək üzərində qanunsuz sahiblik edirlər. Həmin əmlaklar bunlardır: 1 ədəd güzgülü şkaf, 1 ədəd kamod, 1 cüt divan-kreslo, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd yazı masası stolu, 1 ədəd yataq dəsti, 5 ədəd çilçıraq, 5 ədəd xalça, 1 ədəd ikimərtəbəli uşaq çarpayısı, 1 ədəd “Aziz” markalı soyuducu, 1 ədəd paltaryuyan maşın, 1 ədəd mətbəx mebeli, 10 ədəd yorğan, 7 ədəd döşək və 1 ədəd kombi. Hesab edir ki, mülkiyyətdə olan qeyd edilən daşınar əmlaklar cavabdehlərin qanunsuz sahibliyindən geri qaytarılmalıdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi 1 ədəd güzgülü şkaf, 1 ədəd kamod, 1 cüt divankreslo, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd yazı masası stolu, 1 ədəd yataq dəsti əşyaları iddiaçının özünə məxsusdur. 5 ədəd çilçıraq əşyasına gəldikdə isə 3 otaqlı evdə 5 ədəd çilçırağın olması mümkün deyildir, lakin bu hissədə də iddia tələbi ilə razıdır, 5 ədəd xalça ola bilər ki, iddiaçınındır. 1 ədəd ikimərtəbəli uşaq çarpayısı onun yoldaşı tərəfindən alınmış, lakin bununla da razıdır. 1 ədəd “Aziz” markalı soyuducuya gəldikdə isə soyuducu, televizor və paltaryuyan maşın onun özü tərəfindən alınmışdır. Televizor atılmış, soyuducu xarab olduğundan təmirə aparmış, lakin xərcinə görə gətirməyi lüzum bilməmişdir. Ev onun tərəfindən tikilmiş, ona görə də kombi iddiaçıya aid deyildir. 10 ədəd yorğan və 7 ədəd döşək iddiaçıya məxsusdur. 1 ədəd mətbəx mebeli isə onun tərəfindən quraşdırılmışdır. Lakin bununla belə, iddia ərizəsi ilə razılaşır, etiraf edir və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini etiraf etmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, cavabdehlərin ərizəsini, mülki iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2251/2021 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində bağlanmış 46 saylı akt qeydli nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2009cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 anası İddiaçı yanında qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh1 hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. -Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-287/2022 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, cavabdeh İddiaçı azyaşlı uşaqlarıxx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X11 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə, 48 ünvanında yerləşən, ümumi sahəsi 1213.8 kv.m olan torpaq sahəsindən öz əşyaları ilə birlikdə çıxarılmaları və onların həmin torpaq sahəsinə girişinə qadağa qoyulması qət edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, X3, Cavabdeh1 və Əkpərov X4 rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə, 48 saylı evdə qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı X3 Cavabdeh1 ilə xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş, onların birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X11 anadan olmuşdur. Tərəflər nikaha daxil olduqdan sonra iddiaçı cavabdehə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə, 48 saylı evə gəlin köçmüş və özünə məxsus olan cehiz əşyalarını həmin fərdi yaşayış evinə gətirmişdir. Hazırda, tərəflərin Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2251/2021 saylı qətnaməsi ilə nikahı pozulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-287/2022 saylı qətnaməsi ilə isə iddiaçının fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Həmin məhkəmə aktları qanuni qüvvəsini aldığından iddiaçı cavabdehlərin qanunsuz sahibliyində olduğunu iddia etdiyi və ona məxsus olan cehiz əşyalarının ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi və cehiz əşyaları olaraq sadaladığı əşyaların ona məxsus olması cavabdehlərin izahatı ilə öz təsdiqini tapmaqla hazırki mülki işin mübahisəsiz tərəfidir. Mülki Prosessual Məcəllənin: 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1. maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə araşdırması zamanı tərəflərin izahatlarına əsasən, iddiaçının nikaha daxil olduqdan sonra yaşadığı və cehiz əşyalarını gətirdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə, 48 saylı evi tərk etməsi, iddiaçıya məxsus olan əşyaların həqiqətən də cavabdehə məxsus olan mənzildə olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə cavabdehlərin etirafını qanuni və əsaslı sayıb, həmin etirafın qanuna zidd olmadığı və ya başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəlir və hesab edir ki, iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 222.1. maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 9.2. bəndinə əsasən, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1 ədəd güzgülü şkaf, 1 ədəd kamod, 1 cüt divan-kreslo, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd yazı masası stolu, 1 ədəd yataq dəsti, 5 ədəd çilçıraq, 5 ədəd xalça, 1 ədəd ikimərtəbəli uşaq çarpayısı, 1 ədəd “Aziz” markalı soyuducu, 1 ədəd paltaryuyan maşın, 1 ədəd mətbəx mebeli, 10 ədəd yorğan və 7 ədəd döşək əşyaları alınaraq iddiaçı X2 qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1 ədəd güzgülü şkaf, 1 ədəd kamod, 1 cüt divan-kreslo, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd yazı masası stolu, 1 ədəd yataq dəsti, 5 ədəd çilçıraq, 5 ədəd xalça, 1 ədəd ikimərtəbəli uşaq çarpayısı, 1 ədəd “Aziz” markalı soyuducu, 1 ədəd paltaryuyan maşın, 1 ədəd mətbəx mebeli, 10 ədəd yorğan və 7 ədəd döşək əşyaları alınaraq iddiaçı X2 qaytarılsın. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar