Məhkəmə qərarları › İş №2(012)-1856/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1856/2025

06.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1856/2025 06.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlakın qaytarılması» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, BA366916 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən onun mülkiyyətində olan “Mersedes Benz E200 CDİ” minik markalı, ** GU *** dövlət qeydiyyat nömrəli avtomaşının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək onun iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, 2024-cü ilin mart ayında özünə avtomaşın almaq istəmiş, maşınların alqı-satqısı ilə məşğul olan qohumunun yanına getmişdir. Həmin vaxt Cavabdeh1 da orada olmuş və öz avtomaşınını kreditə salmaq istəmiş, lakin borcu olduğu üçün cavabdehin avtomaşınını kreditə salmamışlar. Ona görə də Cavabdeh1 məcbur olub maşını satmaq qərarına gəlmişdir. O da həmin vaxtı maşın almaq istədiyi üçün Cavabdeh1 maşınına baxdıqdan sonra maşından xoşuma gəlmişdir. Onunla Cavabdeh1 avtomaşın barədə 19800 manata razılaşmış və o, pulu cavabdehə ödədikdən sonra cavabdeh maşını ona satmışdır. O da həmin vaxt adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini almışdır. Həmin şəhadətnamədə qeydiyyat tarixi kimi xx.xx.2024-cü il tarixi, nömrəsi isə BA366916 qeyd edilmişdir. Bundan sonra Cavabdeh1 maşını ona icarəyə verməsini xahiş etmiş, bunun müqabilində hər ay 800 manat pul verəcəyini bildirmişdir. O, cavabdehə etibar edib avtomaşını idarə etmək üçün etibarnamə vermişdir. Cavabdeh1 avtomaşını ondan alandan sonra nə icarə pulu vermişdir, nə də maşını ona qaytarmır. Buna görə o, cavabdehə zəng etmiş, məlum olmuşdur ki, Cavabdeh1 artıq Rusiya Federasiyasına getmişdir. Bu səbəbdən də o, öz avtomaşınını Cavabdeh1 geri tələb etmiş, cavabdeh əvvəlcə avtomaşını ona geri qaytarmaqdan imtina etmiş, lakin sonradan avtomaşınını ona qaytarmaqdan imtina etməsə də avtomaşını yaşadığı evin podvalında qoyduğunu, oraya gedib maşını götürməsini demişdir. Lakin o, öz avtomaşınını götürmək istəyəndə Cavabdeh1 anası olan digər Cavabdeh2 onu həyətə buraxmır ki, o, xx.xx.2024-cü il tarixli, BA366916 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyətində olan “Mersedes Benz E200 CDİ” minik markalı, ** GU *** dövlət qeydiyyat nömrəli avtomaşını onların yaşadığı evin podvalından götürsün. Hazırda avtomaşın Cavabdeh1 anası Cavabdeh2 yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evinin podvalında saxlanılır. Lakin Cavabdeh2 maşını ona verməkdən imtina etmişdir. Hazırda o, Cavabdeh1 verdiyi etibarnaməni də ləğv etmişdir. Ona görə də cavabdehlərə qarşı hazırki tələb ilə məhkəməyə müraciət etmişdir. Odur ki, göstərilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, onun övladı olan Cavabdeh1, təxminən 5-6 ildir ki, “TOPAZ” oynayır. Belə ki, Cavabdeh1 maşınını girov qoyaraq 10200 manat pul almış, qarşılığında 2 il ərzində 19800 manat pulu ödəməyə razılaşmışdır. İddiaçı onun oğluna 10200 manat məbləğində pul sələmə vermişdir, çünki 10200 manat qarşılığında 19800 manat ödənilməsi xeyli çoxdur. Bu da onu göstərir ki, iddiaçı ilə onun arasında olan məsələ sələm haqq-hesabı ilə bağlıdır. Maşın İddiaçı adına keçirilmişdir. Oğlu hazırda 10200 manat puldan hər ay 830 manat olmaqla 3 ay pul ödəmişdir. Beləliklə, onların 7700 manat borcu vardır. Qeyd edir ki, maşın İddiaçı mülkiyyətində olsa da iddiaçı bu maşını oğlunu aldadaraq əldə etmişdir. Artıq 3 ildir ki, sözügedən avtomobil onun evinin həyətindədir. Onların haqlı olduqlarını təsdiq edən videogörüntülər və şahidlər vardır. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan AR Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat- İmtahan İdarəsi (AR DİN BDYPİ Qİİ) tərəfindən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E200 CDİ minik” markalı, ** GU *** dövlət qeydiyyat nömrəli avtomaşın xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı şəxsi kartoçkasından görünür ki, “Mercedes Benz E200 CDİ minik” markalı, ** GU *** dövlət qeydiyyat nömrəli avtomobil sonuncunun xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri 22 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 7E-3320 reyestr nömrəli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan 2007-ci il buraxılışlı, “Mercedes Benz E200 CDİ minik” markalı, ** GU *** dövlət qeydiyyat nişanlı (mühərikin № N/Z SİL, BAN № WDB2110071B239859 (qeydiyyat şəhadətnaməsi seriya və № - BA366916, verilmə tarixi - xx.xx.2024-cü il, verən orqanın adı - AR DİN BDYPİ Qİİ) avtomobili etibarnamə əsasında xx.xx.2026-cı il tarixədək Cavabdeh1 vermişdir. Məhkəmə Cavabdeh2 izahatını dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu maddəsinin 1-ci və 2-ci hissələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci, 152.5-ci və 157.2-ci maddələri təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, AR Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsi (AR DİN BDYPİ Qİİ) tərəfindən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Mercedes Benz E200 CDİ minik” markalı, ** GU *** dövlət qeydiyyat nömrəli avtomaşın xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır və iş materiallarında olan İddiaçı şəxsi kartoçkasından göründüyü kimi “Mercedes Benz E200 CDİ minik” markalı, ** GU *** dövlət qeydiyyat nömrəli avtomobil sonuncunun xüsusi mülkiyyətindədir. Bakı şəhəri 22 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 7E-3320 reyestr nömrəli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnaməyə əsasən İddiaçı mülkiyyətində olan 2007-ci il buraxılışlı, “Mercedes Benz E200 CDİ minik” markalı, ** GU *** dövlət qeydiyyat nişanlı (mühərikin № N/Z SİL, BAN № WDB2110071B239859 (qeydiyyat şəhadətnaməsi seriya və № - BA366916, verilmə tarixi - xx.xx.2024-cü il, verən orqanın adı - AR DİN BDYPİ Qİİ) avtomobili etibarnamə əsasında xx.xx.2026-cı il tarixədək Cavabdeh1 vermiş və hal-hazırda həmin etibarnamə ləğv edilmişdir. Lakin İddiaçı dəfələrlə cavabdehlərdən mülkiyyətində olan avtomaşını qaytarmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi faktları təkzib edəcək sübutlar cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, “Mercedes Benz E200 CDİ” minik markalı, ** GU *** dövlət qeydiyyat nömrəli avtomaşın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia təmin edilsin. “Mercedes Benz E200 CDİ minik” markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı geri qaytarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar