Məhkəmə qərarları › İş №2(012)-1871/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1871/2024

02.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1871/2024 02.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cehiz və qızıl-zinət əşyalarının qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qiyməti 1500 manat olan “Damla” şirkətinə məxsus bir ədəd iki nəfərlik taxt, bir ədəd geyim dolabı, bir ədəd termo və iki ədəd tumbadan ibarət yataq mebeli dəstinin; qiyməti 130 manat olan bir ədəd “Eurolux” markalı qırmızı rəngdə tozsoran maşının; qiyməti 80 manat olan bir ədəd “Galax” firmasına aid qara rəngli ətçəkən maşının; qiyməti 70 manat olan bir ədəd çilçırağın; qiyməti 120 manat olan bir ədəd qaşıq dəstinin; qiyməti 50 manat olan bir ədəd sininin; qiyməti 100 manat olan “Zenit” qazan dəstinin; qiyməti 50 manat olan üç ədəd qırmızı rəngli tavanın; qiyməti 20 manat olan üç ədəd dəmir ləyənin; qiyməti 50 manat olan bir ədəd boz rəngli ədyalın; qiyməti 80 manat olan bir ədəd böyük ölçüdə ağ rəngli ədyalın; qiyməti 50 manat olan bir ədəd pərdə palıdın; qiyməti 300 manat bir ədəd böyük güldanın; qiyməti 25 manat olan bir ədəd balaca güldanın; qiyməti 250 manat olan mavi servisin; qiyməti 70 manat olan iki ədəd böyük qazanın; qiyməti 70 manat olan iki ədəd şirəli qazan dəstlərinin; qiyməti 1000 manat olan şirniyyat qabları, çörək qabları, limon qabları, duz qablarının; qiyməti 200 manat olan bir ədəd böyük döşəyin; qiyməti 100 manat olan iki dəst yastığın; qiyməti 80 manat olan çaydan və “Tefal” firmasına aid elektrik çaydanın; qiyməti 2000 manat olan - çəkisi 4 qram olan bir ədəd üzükdən, çəkisi 4 qram olan bir ədəd qolbağdan, çəkisi 6 qram olan bir cüt sırğadan və çəkisi 3 qram olan bir ədəd klondan ibarət “Pandora” qızıl dəstinin; qiyməti 450 manat olan - çəkisi 5,5 qram olan bir ədəd qolbağının; qiyməti 300 manat olan - çəkisi 4 qram olan bir ədəd üzüyün Cavabdeh alınaraq ona qaytarılması, həmin əşyalar cavabdehdə olmadıqda onların dəyərinin Cavabdeh tutularaq ona ödənilməsi və iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə el adətinə uyğun kəbin kəsdirib toy etməklə ailə qurmuşdur və Cavabdeh məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, Cavanşir küçəsində yerləşən evə gəlin köçmüşdür. O, gəlin köçərkən özü ilə cehiz əşyaları aparmışdır. Sonradan cavabdehin ona qarşı münasibəti pisləşdiyinə görə o, xx.xx.2023-cü il tarixdə həmin evdən çıxmağa məcbur olmuşdur. Evdən çıxarkən cavabdeh ona əşyalarını götürməyə imkan verməmiş, o da məcburən əşyalarını cavabehin evində qoyub çıxmışdır. O, dəfələrlə Cavabdeh cehiz və qızıl-zinət əşyalarını ona qaytarmasını tələb etsə də cavabdeh həmin əşyaları ona qaytarmamışdır. O da məcburiyyət qarşısında qalıb iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Onun Cavabdeh məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, Cavanşir küçəsində yerləşən evdə olan əşyaları aşağıda qeyd etdiklərindən ibarətdir: 1. “Damla” şirkətinə məxsus bir ədəd iki nəfərlik taxt, bir ədəd geyim dolabı, bir ədəd termo və iki ədəd tumbadan ibarət yataq mebeli dəsti - qiyməti 1500 manat; 2. Bir ədəd “Eurolux” markalı qırmızı rəngdə olan tozsoran maşın - qiyməti 130 manat; 3. Bir ədəd “Galax” firmasına aid, qara rəngli ətçəkən maşın qiyməti 80 manat; 4. Bir ədəd çilçıraq - qiyməti 70 manat; 5. Bir ədəd qaşıq dəsti - qiyməti 120 manat; 6. Bir ədəd sini - qiyməti 50 manat; 7. “Zenit” qazan dəsti - qiyməti 100 manat; 8. Üç ədəd qırmızı rəngli tava - qiyməti 50 manat; 9. Üç ədəd dəmir ləyən - qiyməti 20 manat; 10. Bir ədəd boz rəngli ədyal - qiyməti 50 manat; 11. Bir ədəd böyük ölçüdə ağ rəngli ədyal - qiyməti 80 manat; 12. Bir ədəd pərdə palıd - qiyməti 50 manat; 13. Bir ədəd böyük güldan - qiyməti 30 manat; 14. Bir ədəd balaca güldan - qiyməti 25 manat; 15. Mavi servis - qiyməti 250 manat; 16. İki ədəd böyük qazan - qiyməti 70 manat; 17. İki ədəd şirəli qazan dəstləri - qiyməti 70 manat; 18. Şirniyyat qabları, çörək qabları, limon qabları, duz qabları - cəmi qiyməti 1000 manat; 19. Bir ədəd böyük döşək - qiyməti 200 manat; 20. İki dəst yastıq - qiyməti 100 manat; 21. Çaydan və “Tefal” firmasına aid elektrik çaydan - qiyməti 80 manat; 22. Çəkisi 4 qram olan bir ədəd üzükdən, çəkisi 4 qram olan bir ədəd qolbağdan, çəkisi 6 qram olan bir cüt sırğadan və çəkisi 3 qram olan bir ədəd klondan ibarət “Pandora” qızıl dəsti - qiyməti 2000 manat; 23. Çəkisi 5,5 qram olan bir ədəd qolbağ qiyməti 450 manat; 24. Çəkisi 4 qram olan bir ədəd üzük - qiyməti 300 manat. Cavabdeh ona məxsus əşyaları qaytarmaqdan imtina etdiyinə görə hesab edir ki, məhkəmə qərarı ilə həmin əşyalar Cavabdeh alınıb ona qaytarılmalı, həmin əşyalar cavabdehdə olmadıqda onların dəyəri məhkəmə qərarı ilə Cavabdeh tutularaq ona ödənilməlidir. Məlumat olaraq onu da qeyd edir ki, cavabdeh Ağstafa rayonunda qeydiyyatda olmasına baxmayaraq 25 ildir ki, Bakıda və 8 ildir ki, Abşeron rayonu, Qobu qəsəbəsi, Cavanşir küçəsində yerləşən evdə yaşamışdır. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «cehiz və qızıl-zinət əşyalarının qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Ağstafa rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı iddia ərizəsində cavabdehin yaşayış yeri kimi ünvan 1 ünvanını göstərərək iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versə də Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh Ağstafa rayonu, Göycəli kəndində qeydiyyatdadır. Belə olan təqdirdə MPM-in 35.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Ağstafa rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən məhkəmədə baxılan işlər üzrə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin məcəllənin 44.2.2-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinin tələbinə görə ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.2-ci maddəsinin tələbinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 40, 44, 45, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı «cehiz və qızıl-zinət əşyalarının qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Ağstafa rayon Məhkəməsinə göndərilsin. Qərardaddan alındığı (verildiyi) andan 10 (on) gün ərzində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar