Məhkəmə qərarları › İş №2(012)-1888/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1888/2020

17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1888/2020 17.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, İddiaçının vəkili-nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh «xxxxxxxxxxx» MMC-yə qarşı “mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi və ödənilmiş pulun geri qaytarılması” tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxx” MMC tərəfindən ona qaytarılmalı olan əsas borc 13348 manat və əldən çıxmış faydanın miqdarı, yəni 1334 manat 80 qəpik, 31 manat dövlət rüsumu, cəmi 14713 manat 80 qəpik pulun ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi X3 iddia tələbini müdafiə edərək bildirdi ki, xx xxxxxx 2016-cı il tarixdə cavabdeh olan “xxxxxxxxxxx” MMC ilə bağladığı müqaviləyə əsasən Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 29 saylı küçəsində inşa edilən bina 2, mərtəbə 15, ümumi sahəsi 56,2 kv.m ibarət 1 otaqlı 165 №-li mənzil mənə təhvil verilməli idi. Həmin müqavilənin 3.1-ci maddəsinə görə müqavilə üzrə mənzilin 1kv.m-lik sahəsinin qiyməti 950 manat olmaqla müqavilənin qiyməti cəmi 53390 manat müəyyən edilmişdir. O, cədvələ əsasən pul köçürmələri etsə də, binanın tikintisi başa çatmırdı. xx xxx 2019-cu il tarixdə cavabdehə müraciət edərək, müqavilənin pozulmasını yazılı surətdə xahiş etdi. Həmin gün ərizəsi qeydiyyatdan keçdi və ona maliyyə arayışı verildi. Həmin maliyyə arayışı ilə cavabdeh ondan 13348 manat pul aldığını təsdiq etmişdir. xx xxx 2019-cu il tarixdən müqavilənin pozulmasına baxmayaraq ona çatası pul 9 ay ərzində qaytarılmır. Bu pul məbləği ona vaxtında qaytarılsaydı başqa mənzil ala bilərdi. Buna görə cavabdeh ona real zərər vurmuşdur. Bunlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh “xxxxxxxxxxx” MMC iddianı qəbul etmir. 29-cu küçəniin tikinti işləri müvəqqəti olaraq dayandırıldığından iddiaçı xx xxx 2019-cu ildə ərizə ilə müraciət edərək müqavilənin ləğv edilməsini xahiş etmiş, «xxxxxxxxxxx» MMC tərəfindən müqavilə ləğv edilmişdir. İddiaçı mənzilə nağd pul ödəməmiş, 120 aylıq kredit müqaviləsi üzrə pulu ödəməyi öhdəsinə götürmüşdür. Qanunvericiliyə əsasən, iddiaçı tərəfindən pretenziya da daxil olmayıb. 2019-cu ildən tikinti işləri dayandırılmışdır. Hal-hazırda isə tikinti başlanılıb. 29-cu küçənin tikintisinə də başlanılacaqdır.Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, «xxxxxxxxxxx» MMC ilə alıcı İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 29 saylı küçəsində inşa edilən bina 2, mərtəbə 15, ümumi sahəsi 56,2 kv.m ibarət 1 otaqlı 165 №-li mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini, yəni 53390 manatı müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ümumi dəyəri 53390 manat olan Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 29 saylı küçəsində inşa edilən bina 2, mərtəbə 15, ümumi sahəsi 56,2 kv.m ibarət 1 otaqlı 165 №-li mənzil üçün cəmi 13348 manat ödəniş etmiş, 40042 manat borc qalığı qalmışdır. İş materiallarında olan AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* №-li arayışdan görünür ki, xx.xx.1984-cü ildə Bakıda anadan olmuş İddiaçı xx xxxx 2002-ci ildən ünvan 1 mənzil 99 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları, tərəflərin izahatları ilə müəyyən edilir ki, iddiaçı cavabdehlə bağladığı xx xxxxxx 2016-cı il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 53390 manat olan Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 29 saylı küçəsində inşa edilən bina 2, mərtəbə 15, ümumi sahəsi 56,2 kv.m ibarət 1 otaqlı 165 №-li mənzil üçün 13348 manat ödəniş etmiş, sonradan tikinti dayandırılmış, öhdəlik cavabdeh təşkilat tərəfindən yerinə yetirilmədiyi üçün iddiaçı sözügedən müqavilənin ləğvi ilə bağlı cavabdeh təşkilata rəsmi müraciət etdiyindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş, lakin ödənilmiş məbləğ iddiaçıya qaytarılmamışdır. Mülki Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, mənzilin tikintisi və iddiaçıya təhvil verilməsi ilə bağlı cavabdehin öhdəliyinin icrasi müddəti müəyyən edilməyib. Həmçinin şəraitə görə də bunu təyin etmək mümkün deyildir. Nəzərə alınsa ki, cavabdeh təşkilatın tikilməsi qeyrimüəyyən müddətə ehtimal olan mənzilə iddiaçının marağının itməsi təbii haldır və buna görə də sifarişçi olaraq iddiaçının müqavilədən imtinası qanuni hesab edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, işin halları və qeyd edilən qanunvercilik normaları baxımdan iddiaçının həmin müqavilə üzrə ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüququ vardır. Çünki Mülki Məcəllənin 759.1-ci maddəsinə görə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı mənzilin dəyərindən 13348manat ödəmişdir. Tərəflər arasında bağlanmış 30noyabr 2016-cı il tarixli müqavilənin 3.5-ci bəndinə əsasən müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) halında alıcı müqavilənin 3.1-ci maddəsində razılaşdırılmış məbləğin 2 faizi həcmində minimum 2000 manat olmaqla dəbbə pulu ödəyir. Bu baxımdan, iddiaçının ödədiyi 13348manat puldan müqaviləyə əsasən 2000 manat dəbbə pulu çıxılmaqla, qalan 11348 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsini məhkəmə işin hallarına uyğun olmaqla əsaslı və qanuni hesab edir. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü 1334,80 manat məbləğində əldən çıxmış fayda barədə əsasli sübutlar məhkəməyə təqdim edilmədiyindən bu hissədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 649-cu maddəsinə əsasən satılmış daşınmaz əşyanın uyğunsuzluğu müqaviləyə uyğun olmamasından savayı həmin əşyaya aid artıq mövcud olmayan hüquqların daşınmaz əmlakın dövlət reyestrində göstərildiyi halda da baş verir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 11348 (on bir min üç yüz qırx səkkiz) manat pul və ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu cavabdeh «xxxxxxxxxxx» MMC-dən tutulub İddiaçı ödənilsin. İddiaçı 1334,80 (min üç yüz otuz dörd manat səksən qəpik) manat əldən çıxmış faydanın ödənilməsi ilə bağlı tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar