Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1943/2022 21.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Məmmədova (Baxışova) Aygün Ələkbər qızının iştirakı ilə, İddiaçı Məmmədova Aygün Ələkbər qızının Cavabdeh qarşı qızıl-zinyət əşyaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədova Aygün Ələkbər qızı Cavabdeh qarşı qızıl-zinyət əşyaları tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona məxsus Türkiyə istehsalı olan komplekt dəst (brilyant qaşlı 25 qram) - 2000 manat, sep, bilərzik dəst (20 qram) - 1400 manat, nişan üzüyü (Türkiyə istehsalı, brilyant, 10 qram) - 700 manat, sep (Rusiya istehsalı, 5 qram, uşaq üçün) - 350 manat olan qızıl-zinət əşyalarının və ya onların dəyəri olan 4450 manat pul vəsaitinin, ödənilmiş 30 manat dövlət rüsumu və 50 manat mediasiya xərcinin alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Məmmədova Aygün Ələkbər qızı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 2009-cu ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdeh ilə nikaha daxil olan zaman toy-nişan ərəfəsində ona qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Həmin qızıl-zinət əşyaları aşağıdakılardan ibarətdir: Türkiyə istehsalı olan komplekt dəst (brilyant qaşlı 25 qram) - 2000 manat, qızıl sep, bilərzik (20 qram) - 1400 manat, nişan üzüyü (Türkiyə istehsalı, brilyant, 10 qram) - 700 manat, qızıl sep (Rusiya istehsalı 5 qram, uşaq üçün) - 350 manat. Ona məxsus qızıl-zinət əşyaları Abşeron rayonu, Saray qəsəbəsi, Həzi Aslanov küçəsi, 7 saylı fərdi yaşayış evindədir. Cavabdehlə heç bir ailə münasibəti qalmamış və bundan sonra da münasibətin bərpası mümkün deyildir. Bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət edərək toy-nişan ərəfəsində ona hədiyyə olunmuş qızıl-zinət əşyalarını tələb edir. Eyni zamanda, qeyd edir ki, mülki iş üzrə məhkəməyə daxil olmuş “X1 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli 0152-086/2022 saylı rəyi ilə razıdır. İddia ərizəsində qeyd etdiyi bütün qızıl-zinət əşyalarının hamısı cavabdehdədir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddia ərizəsini qəbul edərək iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının onda olduğunu, iddiaçının həmin əşyaları gəlib götürməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə dair münasibətini, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -“X1 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli 012-086/2022 saylı rəyindən görünür ki, qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinin dəyərini müəyyən etmək üçün müqayisə yanaşmasından istifadə etməklə yerinə yetirilən hesablamalar və təhlillər nəticəsində uyğun müqayisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri seçilmiş, həmçinin, müqayisə elementləri üzrə vahidin dəyəri korrektə edilmiş və nəticədə, qiymətləndirmə obyektinin yekun bazar dəyəri hesablanmışdır. Həmçinin, 1 ədəd Türkiyə istehsalı 585 əyarlı 10 qram olan nişan üzüyünün və 585 əyarlı 25 qram dəstin brilyant qaşlı olduğu qeyd olunsa da brilyant qaşların ölçüsü və növü barədə heç bir məlumat verilməmiş və fotoşəkillər əsasında müəyyən etmək mümkün olmadığından üzüyün dəyəri brilyant qaşsız hesablanmamışdır. Bütün göstərilənləri nəzərə alaraq, aparılan təhlil və hesablamalar nəticəsində, 1 ədəd Türkiyə istehsalı 585 əyarlı, 25 qram olan qarnitur (dəst), 1 ədəd 585 əyarlı, 20 qram olan boyunbağı, bilərzik dəsti, 1 ədəd brilyant qaşlı, 585 əyarlı, Türkiyə istehsalı, 10 qram olan nişan üzüyü və 1 ədəd Rusiya istehsalı, 585 əyarlı, 5 qram olan boyunbağından ibarət qızıl-zinət əşyalarının qiymətləndirmə tarixinə olan bazar dəyəri 5100 manat müəyyən edilmişdir. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 6 (altı) ədəd fotoşəkildən görünür ki, həmin şəkillərdə iddiaçı iddia tələbində tələb etdiyi qızıl-zinət əşyalarından istifadə etmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Məmmədova Aygün Ələkbər qızı Sumqayıt şəhəri 18-ci mkr, 25 saylı evin 34 saylı mənzilində, Cavabdeh isə ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Məmmədova Aygün Ələkbər qızı ilə Cavabdeh nikaha daxil olaraq ailə həyatı qurmuş, onların birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. Tərəflər nikaha daxil olduqdan sonra Cavabdeh məxsus olan Abşeron rayonu Saray qəsəbəsi H.Aslanov küçəsi 7 saylı fərdi yaşayış evində yaşamış, iddiaçı özünə məxsus olan cehiz əmlaklarını və hədiyyə verilmiş qızıl-zinyət əşyalarını həmin mənzilə gətirmişdir. Tərəflərin ailə nikah münasibətləri pozulduğundan iddiaçı mənzili tərk etmiş və həmin mənzildə qalmış, ona məxsus olan qızıl-zinyət əşyalarının cavabdeh tərəfindən ona qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin: 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1. maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Qanunun tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, hazırki iddia tələbində iddiaçı nikaha daxil olanadək ona hədiyyə şəklində verilmiş və ümumi dəyəri 4450 manat olduğunu iddia etdiyi qızıl-zinyət əşyalarının cavabdehdən alınaraq ona verilməsini tələb etmişdir. Qanunun tələblərindən də göründüyü kimi, məhkəmə həmin əşyalara iddiaçının özünə məxsus olan əmlakı kimi qiymət verməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatlarına əsasən, iddiaçının nikaha daxil olduqdan sonra yaşadığı və cehiz əşyalarını gətirdiyi Abşeron rayonu Saray qəsəbəsi H.Aslanov küçəsi 7 saylı fərdi yaşayış evini həmin əşyaları aparmadan könüllü şəkildə tərk etməsi, iddiaçıya məxsus olan qızıl-zinət əşyalarının həqiqətən də cavabdehə məxsus olan mənzildə olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə cavabdehin etirafını qanuni və əsaslı sayıb, həmin etirafın qanuna zidd olmadığı və ya başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəlir və hesab edir ki, iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 222.1. maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 9.2. bəndinə əsasən, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Mülki Prosessual qanunvericiliyin, eyni zamanda, Plenum qərarının hüquqi mövqeyinə istinad edərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki iş üzrə çıxarılan məhkəmə aktının yekun nəticə hissəsində cavabdehdən alınmalı olan əmlak barəsində zəruri rekvizitlər (adı, miqdarı və sair) dəqiq şəkildə qeyd olunmalıdır. Hazırki işin mahiyyətindən də göründüyü kimi, iddiaçı Türkiyə istehsalı olan komplekt dəst - 2000 manat, sep, bilərzik dəst - 1400 manat, nişan üzüyü - 700 manat, sep - 350 manat dəyərində olan qızıl-zinət əşyalarının və ya onların dəyəri olan 4450 manat pul vəsaitinin tutulmasını tələb etmişdir. Məhkəmə eyni zamanda, qeyd edir ki, mülki iş üzrə məhkəməyə daxil olmuş “X1 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli 012-086/2022 saylı rəyi əsasında, qızıl-zinət əşyalarının qiymətləndirmə tarixinə olan ümumi dəyəri 5510 manat müəyyən edilmişdir. Məhkəmə Qiymətləndirmə Mərkəzi MMC-nin rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, əsas sübut növü kimi qiymətləndirib nəzərə alır. Lakin məhkəmə irəli sürülmüş tələblər əsasında iddia tələbinə mahiyyəti üzrə baxıb yekun məhkəmə aktı çıxarmalı olduğundan qızıl-zinyət əşyalarının dəyəri olaraq 4450 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh Türkiyə istehsalı olan komplekt dəst (brilyant qaşlı 25 qram) - 2000 manat, sep, bilərzik dəst (20 qram) - 1400 manat, nişan üzüyü (Türkiyə istehsalı, brilyant, 10 qram) - 700 manat, sep (Rusiya istehsalı, 5 qram, uşaq üçün) - 350 manat olan qızıl-zinət əşyaları, həmin əşyalar olmadığı təqdirdə isə onların dəyəri olan cəmi 4450 manat pul vəsaiti alınaraq iddiaçı Məmmədova Aygün Ələkbər qızına qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzinə əsasən, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında Qanun”a əsasən, iddia tələbi 4450 manat dəyərində olduqda iddia ərizəsinin verilməsinə görə 64.5 manat pul vəsaiti ödənilməlidir. İddiaçı tərəfindən isə 30 manat dövlət rüsumu ödənildiyindən həmin məbləğdə 30 manat dövlət rüsumu və 50 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə, dövlət rüsumuna görə qalıq qalan 34.5 manat pul vəsaiti isə iddiaçıdan alınaraq dövlət nəfinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh Türkiyə istehsalı olan komplekt dəst (brilyant qaşlı 25 qram) - 2000 (iki min) manat, sep, bilərzik dəst (20 qram) - 1400 (min dörd yüz) manat, nişan üzüyü (Türkiyə istehsalı, brilyant, 10 qram) - 700 (yeddi yüz) manat, sep (Rusiya istehsalı, 5 qram, uşaq üçün) - 350 (üç yüz əlli) manat olan qızıl-zinət əşyaları, həmin əşyalar olmadığı təqdirdə isə onların dəyəri olan cəmi 4450 (dörd min dörd yüz əlli) manat pul vəsaiti, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 50 (əlli) manat mediasiya xərci alınaraq iddiaçı Məmmədova (Baxışova) Aygün Ələkbər qızına qaytarılsın. İddiaçı Məmmədova (Baxışova) Aygün Ələkbər qızından ödənilməli olan dövlət rüsumuna görə 34.5 (otuz dörd manat əlli qəpik) manat pul vəsaiti alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov