Məhkəmə qərarları › İş №2(012)-1953/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1953/2024

23.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1953/2024 23.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/8/2023-01823 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişi üzrə öz üzərinə götürdüyü öhdəlik şərtlərinin Maraqlı şəxs tərəfindən məcburi icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə birgə nikhahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 üçün minimum aliment məbləğinin ödənilməsi üçün qanuna müvafiq olaraq ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiyaya müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə mediasiyada birgə nikahdan doğulmuş X2 aylıq tələbatlarının ödənilməsi üçün 2023-cü ildən uşağın saxlanılması üçün nəzərdə tutulmuş minimum 220 manat alimentin verilməsi tələbinə dair tam mediasiya sessiyası keçirilmişdir. Mediasiya prosesində onların arasında barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişində göstərilmişdir ki, Maraqlı şəxs birgə nikah münasibətlərindən doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatandək saxlanılması üçün xx.xx.2023-cü il tarixindən etibarən hər növbəti ayın 1-dən 10-dək 220 manat sabit pul məbləğində aliment ödəyəcəyi ilə bağlı öhdəlik götürür. Bu vəsaitin birinci tərəfin ona təqdim edəcəyi bank hesabına ödəməyə dair öhdəlik götürür. Ölkə üzrə uşaqların saxlanılması üçün minimima dəyişiklik edildikdə birinci tərəfə, yəni Ərizəçi aliment məbləğini bu dəyişikliyə əsasən ödəyəcəyinə dair öhdəlik götürür. Lakin Maraqlı şəxs mediasiya prosesi zamanı öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir və bu öhdəliklərdən yayınmaqla tərəflər arasında bağlanmış MŞB/8/2023-01823 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərini icra etməkdən yayınır. Həmin Sazişin 6-cı bəndinə əsasən göstərilmişdir ki, saziş, əgər sazişdə tərəflər arasında ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 təqdim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Maraqlı şəxs məhkəmə iclasında bildirdi ki, barışıq sazişindəki imza ona məxsusdur. Lakin onun şərtlərini başa düşmədən sazişi imzalamışdır. Hazırda maddi imkanı pis olduğu üçün orada göstərilən məbləğdə aliment verə bilmir. Onun maddi imkanı nəzərə alınmalıdır. Ərizəçi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 8 saylı Mediasiya Təşkilatında təsdiq edilmiş MŞB/8/2023-01823 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, Maraqlı şəxs xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən Ərizəçi hər növbəti ayın 1-dən 10-dək 220 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu vəsaitin Ərizəçi ona təqdim edəcəyi bank hesabına (kartına) ödəməyə dair öhdəlik götürür. Ölkə üzrə uşaqların saxlanılması üçün yaşayış minimumuna dəyişiklik edildikdə Ərizəçi aliment məbləğini bu dəyişikliyə əsasən ödəyəcəyinə dair öhdəlik götürür. Maraqlı şəxs bu mübahisə ilə bağlı Ərizəçi qarşı qarşılıqlı tələbinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həli olunduğunu təsdiq edir. Maraqlı şəxs öz öhdəliklərini pozduğu təqdirdə, Ərizəçi aidiyyəti məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxladığı ona məlumdur və buna etiraz etmir. Saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Sazişin könüllü icrasından imtina edilərsə, digər tərəf onun məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxırlar. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. İşdən görünür ki, tərəflər birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 üçün alimentin ödənilməsi barədə mediasiya prosesində razılaşmış və müqavilə bağlamışlar. Lakin Maraqlı şəxs bu sazişlə üzərinə götürdüyü öhdəlikləri orada göstərilən qaydada yerinə yetirmədiyindən Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Belə olan halda məhkəmə hesab edir ki, həmin barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməlidir. Belə ki, MPM-nin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmçinin Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşaqların valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Tərəflərin birgə nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən Maraqlı şəxs hər ay 220 manat sabit məbləğdə aliment hər ayın 1-10 tarixləri arasında tutulsun.”. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar