Məhkəmə qərarları › İş №2(012)-1984/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1984/2025

07.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1984/2025 07.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, Ərizəçi (Maraqlı şəxs) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, (Maraqlı şəxs kimi göstərməklə) xx.xx.1952-ci il təvəllüdlü anası X2 yaşadığı ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş “BŞT və X1 Mərkəzi PHŞ” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqindən görünür ki, həmin tarixə saat 10:05 radələrində ünvan 1 ünvanında yaşayan X2 adına çağırış daxil olmuş, həkiməqədər ölüm olmaqla,qadın cinsində meyit aşkar olunmuşdur. - Tibbi Ərazi Bölmələrini X3 X6 Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X4 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi ambulator tibb müəssisəsi tərəfindən verilir. R.Məmmədovun ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilmir. Ərizəyə əlavə edilmiş Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X2 ölümünün qeydiyyata alınması ilə bağlı Maraqlı şəxsnə təqdim edilmiş ərizəyə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizənin qəbul edilməsindən Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Xüsusi icraat qaydasında ərizənin məzmunu ilə müəyyən edilir ki, ərizəçinin anası X4 xx.xx.2024-ci il tarixdə vəfat etmiş, ərizəçi “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət etsə də, müvafiq tibb müəssisəsi tərəfindən ona həmin şəhadətnamə verilməmiş, yalnız “BŞT və X1 Mərkəzi PHŞ” tərəfindən xəbardarlıq vərəqəsi verilmiş, ölümü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığına görə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bu səbəbdən ərizəçi xx.xx.1952-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndində isə göstərilir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina olunmalı, ərizəçiyə “Ölüm haqqında tibbi şəhadətnamə’'nin alınması ilə bağlı müvafiq tibb müəssisəsinə müraciət etmək, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisəsinə qarşı aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi (Maraqlı şəxs) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçi “Ölüm haqqında tibbi şəhadətnamə’'nin alınması ilə bağlı müvafiq tibb müəssisəsinə müraciət etmək, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisəsinə qarşı aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar