Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2021/2023 01.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh cehiz əşyaları olan 2000 manat dəyərində mebel dəsti, 1 ədəd soyuducu, 900 manat dəyərində “Samsung” markalı paltaryuyan, 319 manat dəyərində 1 ədəd tozsoran, 400 manat dəyərində 1 ədəd “Samsung” televizor, digər geyim əşyalarının geri qaytarılması və ya onlar olmadığı təqdirdə ümumi dəyəri olaraq 3619 manat və ödənilmiş 57 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə bağladığı nikahı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı gəlin köçdüyü zaman yaşadığı ünvana cehiz əşyalarını gətirmiş, həmçinin, cehiz əşyaları da həmin ünvanda mövcuddur. Hazırda, bütün cehiz əşyaları cavabdehin qeydiyyatda olduğu ünvanda qalmışdır. Sözügedən əmlaklar cavabdeh tərəfindən verilmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, qızı 2016-cı ildə evlənmiş və nikaha daxil olan zaman o, qızına cehiz əşyaları vermişdir. Qızı nikaha daxil olduqdan sonra Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, cavabdehə məxsus olan evdə yaşamışdır. Qızı 2021-ci ildə boşanmış və yaşadığı evi tərk etmişdir. Cavabdeh yalnız məhkəməyə müraciət etdikdən sonra cehiz əşyalarını qaytaracağını bildirmişdir. 2000 manat pul vəsaitini o, cavabdehə verməklə mebelin pulunu ödəmişdir. Belə ki, cavabdeh mebel sexində işləyirdi. Mebel əşyaları hazırda, cavabdehin evindədir. İddia ərizəsində olan və qiyməti qeyd olunmuş əşyaları o, mağazadan almışdır. O, məhkəmədənkənar qaydada həmin əmlakları götürməyə cəhd etsə də, cavabdeh mütləq şəkildə məhkəmə yolu ilə verəcəyini bildirmişdir. Sözügedən əşyaları o, "xxxx" MMC-dən almışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İ № 388402 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 nikahı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsinə əsasən ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 324 nömrəsi ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına “Rəhimova” soyadı verilmişdir. -xx.xx.2016-cı il tarixli, BL005919 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, alıcı Nümayəndə xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə hər ay 76 manat, sonuncu ay isə 68 manat ödəmək şərtilə ümumi dəyəri 904 manat dəyərində olan 1 ədəd “Samsung” paltaryuyan, 1000 manat dəyərində olan məhsul və 319 manat dəyərində olan tozsoranı kreditə almışdır. -xx.xx.2019-cu il tarixli, BL313919 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, alıcı Nümayəndə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə hər ay 81 manat, sonuncu ay isə 68 manat ödəmək şərtilə ümumi dəyəri 2000 manat dəyərində olan 1 ədəd Vipz aksesuar məhsul və 1389 manat dəyərində olan “LG” markalı soyuducunu kreditə almışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, F.Abbasov küçəsi, 1 saylı evdə, Cavabdeh isə Abşeron rayonu, Digah qəsəbəsi, H.Rəhmanov küçəsi, 4/2 saylı evdə qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh nikaha daxil olmuş, tərəflər nikaha daxil olduqdan sonra iddiaçı Cavabdeh məxsus olan, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən evinə gəlin köçmüş və nikaha daxil olana qədər anası tərəfindən ona cehiz əmlak kimi aldığı əşyalarını həmin mənzilə gətirmişdir. Tərəflərin xarakterləri uyğun gəlmədiyindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Tərəflərin nikahı pozulduqdan sonra iddiaçı mənzili tərk etmiş və hazırda, həmin mənzildə olan, ona məxsus olan cehiz əşyalarının cavabdeh tərəfindən ona qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlandırılacaq): 34.1. maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, hazırki iddia tələbində iddiaçı nikaha daxil olanadək ona hədiyyə şəklində verilmiş və ümumi dəyəri 3619 manat olduğunu iddia etdiyi cehiz əşyalarının cavabdehdən alınaraq ona verilməsini tələb etmişdir. Qanunun tələblərindən də göründüyü kimi, məhkəmə həmin əşyalara iddiaçının özünə məxsus olan əmlakı kimi qiymət verməlidir. Belə ki, mülki iş materiallarına əlavə olunmuş müqavilələrə 1 saylı əlavəyə əsasən, iddia ərizəsində qeyd olunmuş cehiz əşyaları iddiaçının anası Nümayəndə tərəfindən kreditə götürülərək alınmışdır. Göstərilən hal iddiaçının iddia etdiyi cehiz əşyalarının iddiaçının özü tərəfindən nikaha daxil olanadək alındığını göstərir ki, bu da işin mübahisələndirilməyən tərəfidir. Mülki Prosessual Məcəllənin 222.1. maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli Qərarının 9.2. bəndinə əsasən, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Mülki Prosessual qanunvericiliyin, eyni zamanda, Plenum Qərarının hüquqi mövqeyinə istinad edərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki iş üzrə çıxarılan məhkəmə aktının yekun nəticə hissəsində cavabdehdən alınmalı olan əmlak barəsində zəruri rekvizitlər (adı, miqdarı və sair) dəqiq şəkildə qeyd olunmalıdır. Hazırki işin mahiyyətindən də göründüyü kimi, iddiaçı cehiz əşyaları kimi 2000 manat dəyərində mebel dəsti, 1 ədəd soyuducu, 900 manat dəyərində “Samsung” markalı paltaryuyan, 319 manat dəyərində 1 ədəd tozsoran, 400 manat dəyərində 1 ədəd “Samsung” televizor əşyalarının geri qaytarılmasını və ya onlar olmadığı təqdirdə isə ümumi dəyəri olaraq 3619 manat pul vəsaitinin tutulmasını tələb etmişdir. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçının nikahın pozulmasından sonra fərdi yaşayış evini tərk etməsi onun özünə məxsus olan şəxsi və cehiz əşyalarını götürməsini mümkünsüz edir. Bununla yanaşı, iddiaçı məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etsə də, cavabdeh ona qarşı iddia tələbinə dair öz hüquqlarının müdafiə etməsi üçün şərait yaradılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə bildirişlərini əldə etməsinə baxmayaraq hər hansı bir münasibət göstərməmişdir. Belə olan halda, cavabdeh iddianı etiraf etməsi münasibətini yaratmışdır. Göründüyü kimi, iddiaçının nikahın pozulmasından sonra gəlin köçdüyü mənzili tərk etməsi, cavabdehin həmin əmlakları götürməsinə maneə yaratması iddiaçının nikaha daxil olana qədər alınmış cehiz əmlaklarının məhkəmə qaydasında cavabdehdən alınmasına dair müdafiə hüququnu yaratmışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Beləliklə, məhkəmə iddiaçının iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, 2000 manat dəyərində mebel dəsti, 1 ədəd soyuducu, 900 manat dəyərində “Samsung” markalı paltaryuyan, 319 manat dəyərində 1 ədəd tozsoran, 400 manat dəyərində 1 ədəd “Samsung” televizor əşyalarının cehiz əşyası kimi alınması mülki iş materiallarına əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmışdır. Lakin iddiaçı iddia tələbində soyuducu əşyasının markasını və qiymətini qeyd etməmiş, məhkəmə iddia tələbinə mahiyyəti üzrə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəbdən də, iddia tələbləri bu hissədə əsaslı hesab edilməklə qismən təmin edilməlidir. Məhkəmə həmçinin, iddiaçının iddia tələbinin “geyim əşyalarının qaytarılması” hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı iddia ərizəsində həmin əşyaların nədən ibarət olmasını qeyd etməmiş, bu barədə mötəbər sübutlarını ərizəyə əlavə etməmişdir. Bu səbəbdən də, iddia tələbləri bu hissədə əsaslı hesab edilməməklə təmin edilmir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh iddiaçının iddia tələbində tələb etdiyi geyim əşyaları istisna olmaqla, qalan bütün əşyalar alınaraq iddiaçıya geri qaytarılmalı, həmin əşyalar olmadığı təqdirdə isə onların ümumi dəyəri tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 57 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 2000 manat dəyərində mebel dəsti, 1 ədəd soyuducu, 900 manat dəyərində “Samsung” markalı paltaryuyan, 319 manat dəyərində 1 ədəd tozsoran, 400 manat dəyərində 1 ədəd “Samsung” televizor əşyaları, həmin əşyalar aşkar edilmədikdə isə onların dəyəri olaraq cəmi 3619 (üç min altı yüz on doqquz) manat pul vəsaiti alınaraq İddiaçı qaytarılsın. Cavabdeh dövlət rüsumuna görə 57 (əlli yeddi) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov