Məhkəmə qərarları › İş №2(012)-2102/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2102/2023

10.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2102/2023 10.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə 7000 manatlıq qızıl-zinət əşyalarının və ya onların dəyərinin, həmçinin ödənilmiş 90 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən öncə mediasiya prosesində iştirakı tələb olunduğu halda həmin tələbə riayət olunmasına dair qanunla nəzərdə tutulmuş məlumatı əks etdirən sənədi iddia ərizəsinə əlavə etməmişdir. İddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, həmin mediasiya prosesi İddiaçı ilə Cavabdeh arasındakı alimentin artırılması və mənzilə köçürülmə mübahisəsinə aiddir. Başqa sözlə, məhkəmənin qənaətinə görə İddiaçı hazırki mübahisə ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada mediasiya prosesindən keçməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə görə ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, İddiaçı hazırki ərizəni verərkən müvafiq ödəniş vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə 91 manat məbləğində dövlət rüsumunu xx.xx.2023-cü ildə saat 15:23-də ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı hazırki iddia ərizəsi, habelə iş üzrə ödəmiş olduğu 91 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Hüseynova (Paşazadə) Sevinc İdayət qızının Cavabdeh qarşı əmlak tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı Hüseynova (Paşazadə) Sevinc İdayət qızının hazırki mülki iş (2(012)- 2102/2023 saylı mülki iş) üzrə ödəmiş olduğu 91 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından Hüseynova (Paşazadə) Sevinc İdayət qızına qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar