Məhkəmə qərarları › İş №2(012)-2201/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2201/2022

10.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2201/2022 10.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasına qarşı vəzifədən azad edilməsi barədə 16.04.2021-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki işə 10 may 2022-cu il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasına qarşı vəzifədən azad edilməsi barədə 16.04.2021-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, onun İddiaçı Azərbaycan Respublikası MN-nin Mərkəzi Hərbi X3 Bölməsinin müdiri vəzifəsindən azad edilməyi barədə cavabdeh MN-nin Mərkəzi Hərbi Sanatoriyasının 16 aprel 2021-ci il tarixli əmrinin ləğv edilməsi və onun vəzifəsinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 05 yanvar 2017-ci il tarixindən 16 aprel 2021-ci il tarixə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasında işləmişdir. Sonuncu vəzifəsi həmin qurumda aktiv istirahətin təşkili bölməsinin müdiri vəzifəsi olmuşdur. Vəzifə borcunun icrasına həmişə layiqincə və məsuliyyət hissi ilə yanaşmışdır. Sanatoriyanın Tibbi hissə üzrə müavini Şahin Quliyev onu qeyri-qanuni hərəkətlər etməyə məcbur edirdi. O, Hərbi Sanatoriyanın keçmiş rəisi Mahir Məcidova da bu barədə məlumat vermişdir. Ancaq o da heç bir tədbir görməmişdir. O da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinə ərizə ilə müraciət etmişdir. Onun ərizəsində göstərdiyi faktlar sübuta yetdiyinə görə sanatoriyanın rəisi və onun müavininə “töhmət” verilməklə, hər ikisi digər xidmətə işə keçirilmişdirlər. Onların xidməti iş yerləri dəyişdirilməzdən əvvəl müavin Şahin Quliyev onu dəfələrlə yanına çağırıb hədələmişdir. İddiaçı bu dəfə MN- nin Həmkarlar Təşkilatına müraciət etmişdir. Bu məsələdən xəbər tutan rəis müavini Şahin Quliyev heç bir günahı olmamasına baxmayaraq ona “şiddətli töhmət” verilməsinə nail olmuşdur. Belə haqsızlıqdan sonra pozulmuş hüquqlarımı bərpa etmək üçün heç bir ümidi qalmamış, 16 aprel 2021-ci il tarixdə məcburiyyət qarşısında qaldığına görə, ərizə yazaraq işdən çıxmışdır. Hazırda bildiyinə görə Müdafiə Nazirliyinin Mərkəzi hərbi sanatoriyasına təyin olunmuş yeni rəhbərlik sanatoriyada işgüzar mühit yaratmışdır. Ona görə də, işə bərpa olunmaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinə ərizə ilə müraciət etmişdir. MN-nin Baş Tibb İdarəsi tərəfindən verilmiş 15.10.2021-ci il tarixli, 5/1565 saylı cavab məktubu rəsmən poçt vasitəsilə 25 noyabr 2021-ci il tarixdə almışdır. Həmin cavab əsassız olduğuna görə onu qane etməmişdir. Buna baxmayaraq, məsələnin sülh yolu ilə həllinə nail olmaq üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununu rəhbər tutaraq ərizə ilə Mediasiya Təşkilatına müraciət etmişdir. Ancaq cavabdehin nümayəndəsi 11.03.2022-ci il tarixdə saat 11:00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edib, məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinin nümayəndəsi X4 iddia tələbinə verilən etirazı müdafiə edərək bildirdi ki, İddiaçı 16 aprel 2021-ci il tarixdə Mərkəzi Hərbi Sanatoriyanın Aktiv istirahətin təşkili bölməsinin müdiri vəzifəsindən başqa iş yeri tapmağı ilə əlaqədar öz arzusu ilə ərizəsi əsasında işdən azad olunmuşdur. O, işdən azad olunarkən Əmək Məcəlləsinin tələbləri pozulmamış, başqa iş yeri tapmağı ilə əlaqədar ərizə ilə müraciət etmiş və öz ərizəsi əsasında 16 aprel 2021-ci il tarixdə işdən azad olunmuşdur. İddia ərizəsində göstərdiyi digər xüsusatlarla həqiqəti əks etdirmir. Belə ki, İddiaçı öz ərizəsi əsasında müqaviləsinə xitam verilməsinə baxmayaraq bundan 5 (beş) ay sonra işdən əsassız olaraq azad edilməsinə və Mərkəzi Hərbi Sanatoriyada olan nöqsanlara dair ərizəsi ilə Müdafiə Nazirliyinin Tibb İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı İddiaçı müqaviləsinə əsassız xitam verilməsi ilə bağlı qeyd etdikləri öz təsdiqini tapmamış, aşkar olunan nöqsanlara görə isə (tibb xidməti mayoru Şahin Quliyev, 28 fevral 2021-ci il tarixdə Hərbi Sanatoriyanın rəis müavini-tibb hissə rəisi vəzifəsinə təyin edildikdən bir müddət sonra vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 10 may 2021-ci il tarixdə arvadı Təranə Quliyevanı Hərbi Sanatoriyanın Aktiv istirahətin təşkili-bölməsinin 8-ci dərəcəli təlimatçısı (kütləvi tədbirlər üzrə) vəzifəsinə təyin olunmasına nali olmuşdur. Bu əməli ilə tibb xidməti mayoru Ş.Quliyev Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin tələblərini və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 72-ci maddəsinin “i” bəndinin tələblərini pozduğuna görə) təqsirkar şəxslərin İntizam Nizamnaməsinə uyğun cəzalandırılması barədə əmr verilmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiklərinin əksinə olaraq Mərkəzi Hərbi Sanatoriyasının sabiq rəisi və tibb hissə üzrə müavini “digər xidməti” işə deyil, hər ikisi tibb xidməti ilə əlaqəli bir pillə yuxarı tibb xidməti mayoru X1 Nazirliyinin Baş Klinik Hospitalının otolorinqologiya şöbəsinin rəisi, tibb xidməti mayoru X7 Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində lazaret rəisi vəzifələrə təyin edilmişlər. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları tədqiq edib hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə görə əsassız olduğundan təmin edilməməlidir İşin materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 15.10.2021-ci il tarixdə İddiaçı göndərilmiş məktubundan görünür ki, “əsassız olaraq Mərkəzi Hərbi Sanatoriyada işdən azad edilməyiniz və baş vermiş neqativ hallara dair Müdafiə Nazirliyinin Tibb İdarəsi rəisinə ünvanladığınız ərizəniz araşdırılmışdır. Ərizənizdə qeyd etdiyiniz qeyri-qanuni işdən azad olunmağınıza dair bildirilir ki, toplanan sənədlərdən görünür ki, Siz işdən azad olunarkən Əmək Məcəlləsinin tələbləri pozuimamiş, başqa iş yen tapmağınızla əlaqədar ərizə ilə müraciət etmiş və öz ərizəniz əsasında 16 aprel 2021-ci il tarixdə işdən azad olunmuşunuz. Məlumat üçün bildirir ki, ərizənizdə qeyd etdiyiniz xüsusatlara dair araşdırmanın nəticəsi olaraq sanatoriyanın sabiq rəisi (hal-hazırda Müdafiə Nazriliyinin Baş Klinik Hospitalının otolorinqologiya şöbəsinin rəisi) tibb xidməti mayoru Məcidov. Mahir Kamal oğlu və sanatoriyanın rəis müavini-tibb hissə rəisi, tibb xidməti mayoru X7 intizam qaydasında cəzalandırılmışlar." İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 25.01.2022-ci il tarixli, 2- 1(118)-827/2022 saylı qərardadının surətindən görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Tibb İdarəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasına qarşı verilmiş Qoçu Gülməmməd oğlunun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi X3 Bölməsinin müdiri vəzifəsindən azad edilməsi barədə 16 aprel 2021-ci il tarixli əmrin ləğv edilməsi və iddiaçının vəzifəyə bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasının üzərinə qoyulmasına dair iddiası mümkün sayılmamışdır. İş materiallarında olan 15.12.2000-ci ildə doldurulmuş ******* nömrəli Əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 08.10.1985-ci ildə müvəqqəti müdir satıcı təyin edilmiş, 02.12.2000-ci ildə İqtisadi ixtisarla əlaqədar tutduğu vəzifədən azad edilmiş, 05.01.2017-ci ildə MTT bölməsinin anbar müdiri (ərzaq xidməti üzrə) vəzifəsinə işə qəbul edilmiş, 25.08.2017-ci ildə MTT bölməsinin ərzaq və əşya xidməti müdiri vəzifəsinin keçirildi, 03.05.2018-ci ildə tibbi turizm bölmə müdiri vəzifəsinə keçirilmiş, 08.07.2019-cu ildə Aktiv istirahətin təşkili bölmə müdiri vəzifəsinə keçirilmiş, 16.04.2021-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz təşəbbüsü ilə işdən azad edilmişdir (əmr № 63, 15.04.2021). İş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən Sanatoriyanın rəisi SQ-nin baş kurortoloquna ünvanlanmış 02.04.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, iş yerini dəyişməyi ilə əlaqədar 16.04.2021-ci il tarixdən işdən azad olunmağına sərəncam verilməsini xahiş etmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə 02 aprel 2021-ci il tarixli ərizəsində onun işdən azad olunmasını xahiş etmiş, ərizəsi əsasında da 15.04.2021-ci il tarixli, 63 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz təşəbbüsü ilə işdən azad edilmişdir. İddianın dəlillərini təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Məhkəmə işin qeyd edilən hallarına və sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasına qarşı vəzifədən azad edilməsi barədə 16.04.2021-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa. tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar