Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2218/2023 12.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/3-01724 saylı, xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi, eyni zamanda mediasiya və məhkəməyə çəkilən xərclərin qarşı tərəfdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, onunla Maraqlı şəxs 2008-cu ilin fevral ayından faktiki nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X3 adlı bir övladları var. Onların münasibətləri pozulmuşdur və 2009-cu ildən etibarən ayrı yaşayırlar. Övladının təminatı üçün Maraqlı şəxs uşağın saxlanması üçün aliment məbləğinin artırılması tələbi ilə bağlı olaraq mediasiyaya müraciət etmişdir. Bakı 3 saylı Mediasiya Təşkilatında aralarında mübahisənin razılıq əsasında müəyyən şərtlərin və öhdəliklərin yerinə yetirilməsi üçün xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişində mediasiya prosesində qarşı tərəf xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən etibarən hər ay 193 manat ödəməyi öhdəsinə götürmüşdür Barışıq sazişinin 6-cı bəndinə əsasən saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Sazişin 8-ci bəndinə əsasən sazişin könüllü icrasından imtina edilərsə, tərəf onun məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin sazişin 9-cu bəndinə əsasən sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd edilən tədbirləri görmək üçün çəkdiyi müvafiq xərci və məsrəfləri digər tərəf ona ödəməlidir. Mediasiyaya çəkilən xərclər 250 manat təşkil edir. Saziş üzrə qarşı tərəf üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün o, bu sazişin təsdiq olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında bildirdi ki, barışıq sazişindəki imza ona məxsusdur. Lakin hazırda maddi imkanı pis olduğu üçün orada göstərilən məbləğdə aliment verə bilmir. Onun maddi imkanı nəzərə alınmalıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 3 saylı Mediasiya Təşkilatında təsdiq edilmiş MŞB/3-01724 saylı, xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, Maraqlı şəxs xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən etibarən Ərizəçi hər ay 193 manat ödəməyi öhdəsinə götürmüşdür. Aliment məbləği xx.xx.2022-ci il tarixindən etibarən hər ayın 1-5 tarixləri arasında ödənilməlidir. Saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Sazişin könüllü icrasından imtina edilərsə, digər tərəf onun məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd edilən tədbirləri görmək üçün çəkdiyi müvafiq xərci və məsrəfləri digər tərəf ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxırlar. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. İşdən görünür ki, tərəflər birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1 üçün alimentin ödənilməsi barədə mediasiya prosesində razılaşmış və müqavilə bağlamışlar. Lakin Maraqlı şəxs bu sazişlə üzərinə götürdüyü öhdəlikləri orada göstərilən qaydada yerinə yetirmədiyindən Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Belə olan halda məhkəmə hesab edir ki, həmin barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməlidir. MPM-nin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmçinin Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşaqların valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. İşdən görünür ki, tərəflər arasında mediasiya prosesinin keçirilməsi və barışıq sazişinin imzalanması üçün ərizəçi tərəfindən 100 manat vəsait xərclənmişdir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən ərizə təmin edildiyindən bu vəsait Maraqlı şəxs tutularaq Ərizəçi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Tərəflərin birgə nikahından olan xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay 193 manat sabit məbləğdə aliment 01 noyabr 2022-ci il tarixindən etibarən hər ayın 1-5 tarixləri arasında tutulsun.” Alimentin tutulması barışıq sazişində göstərilən 01 noyabr 2022-ci il tarixindən hesablansın. Mediasiya xərci kimi 100 manat pul Maraqlı şəxs tutularaq Ərizəçi verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2218/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2218/2023
12.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver