Məhkəmə qərarları › İş №2(012)-2235/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2235/2023

01.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2235/2023 01.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1985-ci il təvəllüdlü X8 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, dəqiqləşdirməyə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci il təvəllüdlü X8 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, mərhum oğlu X15 xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, uzun sürən xəstəlikdən sonra xx.xx.1996-cı il tarixdə vəfat etmiş və Biləcəri qəbiristanlığında dəfn olunmuşdur. Dəfn mərasimi ilə əlaqədar ölümü təsdiq edən sənədləri vaxtında ala bilməmişdir. Oğlunun ölümü ilə əlaqədar şəhadətnamənin alınması üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması qeyri-mümkün olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Oğlu 1996-cı ildə, qızı isə 1995-ci ildə vəfat etmiş, hər iki uşağı genetik xəstəlikdən dolayı vəfat etmişdir. Dəfələrlə müalicələr alınmış, son bir ili isə hər iki uşağı yataq şəraitində olmuşdur. Onun nikahı qohum evliliyi olmuş, həmin nikahdan 4 övladı olmaqla 2 uşağı hazırda, sağlamdır, yaşayır. Qızına görə ölüm haqqında şəhadətnamə ala bilmişdir. Oğlu daima həkim nəzarətində olsa da övladı evdə vəfat etmişdir. Onun uşaqlara görə 5 il müddətindən tez olmaqla pensiyaya çıxmaq hüququ var, bu səbəbdən də, ona ölüm haqqında şəhadətnamənin alınması zəruridir. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, onun Ərizəçi ilə 1992-ci ildən qonşuluq münasibətləri vardır. ünvan 1 ünvanında yaşamışlar. Ərizəçi uşaqları anadan olanda xəstə olmuş, uşaqların biri 5 yaşına kimi inkişaf etmiş, həmin yaşdan sonra isə inkişafdan qalmışlar. Uşaqların anası çox əziyyət çəkmiş, uşaqları Moskvaya aparmış və genetik xəstəlik olduğu bildirilmişdir. Ərizəçi uşaqları 13 yaşına qədər saxlamış, uşaqların vəfatından sonra müalicələr yolu ilə sağlam iki uşaqları olmuşdur. Ərizəçi oğlu Bakıda, Azadlıq prospekti 7 ünvanında vəfat etmiş və Biləcəri qəbiristanlığında dəfn olunmuşdur. Uşaq vəfat edəndə onun yanında vəfat etmiş və vəfat etmə tarixini tam xatırlamasa da payız ayı idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Ərizəçi ilə eyni nəsildən olmaqla qohumdur və eyni kənddə doğulub böyümüşlər. Ərizəçi iki uşağı vəfat etmişdir. X15 və X12 anadan olanda hər hansı bir problem olmamış, sonradan, qeyri-adiliklər üzə çıxmışdır. O vaxt imkan olanda uşaqları Moskvaya aparmış və xəstəliklər ortaya çıxmışdır. Ərizəçi Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşamışdır. Uşaqlar Biləcəri qəbiristanlığında dəfn olunmuşdur. Uşaq 1996-cı ildə ev şəraitində vəfat etmişdir. Uşaqlar xəstəlikdən vəfat etmiş, hər hansı bədbəxt hadisədən olmamışdır. O, dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.1985-ci il tarixli, Xİ-ЖГ № 321533 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.1985-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2408 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X9, anası Ərizəçidır. -Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05/Q-2238/69 saylı arayışdan görünür ki, X15 barəsində ölüm akt qeydi aşkar olunmamış, arxiv məlumatları Bakı şəhəri Maraqlı şəxs 1993-1999-cu illərə dair ilkin, 1996-2002-ci illərdə dair isə bərpa akt qeydləri üzrə yoxlanılmışdır. -145 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1024 saylı arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq küçəsi, 7 saylı evin, 13 saylı mənzilində qeydiyyatda olmaqla aşağıdakı ailə tərkibi vardır: 4 uşağı doğulmuş, X2, X5, X3 və X6 8 yaşadək tərbiyə etmişdir. -Bakı şəhəri Maraqlı şəxs xx.xx.2021-ci il tarixli, 2943 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, A-137 saylı arayışdan görünür ki, Ərizəçi həqiqətən də, övladları X13 xx.xx.1996-cı il tarixdə və X10 xx.xx.1995-ci il tarixdə 2 saylı Biləcəri qəbiristanlığında dəfn olunmuşdur. -20 nömrəli Uşaq Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 5769 saylı arayışdan görünür ki, Ərizəçi övladları X10 (xx.xx.1984-cü il təvəllüdlü), X13 (xx.xx.1985-ci il təvəllüdlü) haqqında poliklinikada heç bir məlumat tapılmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli, 100 nömrəli əmri ilə təsdiq edilmiş 1 nömrəli əlavəyə uyğun olaraq “Tibbi qeydiyyat sənədlərinin nümunələri”nə əsasən: 1. Uşağın ambulator tibbi kitabçasının (Forma 112) saxlama müddəti 25 il, 2. Dispanser müşahidə vərəqinin (Forma 030) saxlama müddəti 5 il, 3. Ümumi dispanserizasiya qeydiyyat kitabının saxlama müddəti 1 il, 4. Həkim Məsləhət Komissiyasının rəylərinin qeydiyyat kitabının (Forma 35) saxlama müddəti 5 il, 5. Ölüm hadisələrinin qeydiyyat kitabı (Forma 125) saxlama müddəti 3 ildir. Vəfat etmiş övladları barəsində tibbi sənədlərin saxlanma müddəti keçdiyi üçün ərizənin təmin olunması mümkün olmamışdır. -Ərizəçi tərəfindən təqdim olunmuş fotoşəkillərdən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X14 dəfn olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Ərizəçi Abşeron rayonu, Digah qəsəbəsində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X15 ərizəçinin oğlu olmuş, sonuncu xx.xx.1996-cı il tarixdə halı pisləşdiyindən (xəstələndiyindən) vəfat etmiş və X8 ölüm faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X8 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin oğlu X15 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş X8 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş X8 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etməsi faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar