Məhkəmə qərarları › İş №2(012)-2246/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2246/2025

16.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2246/2025 16.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, nənəsi 1927-ci il təvəllüdlü Namazova (Əzizova) Qızyetər Əli qızının 30 mart 1981-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Əzizbəyov (Qaraçanta) kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum Namazova (Əzizova) Qızyetər Əli qızı onun nənəsidir. O, 1927-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun Mağaracıq kəndində anadan olmuşdur. Namazova (Əzizova) Qızyetər Əli qızı 30 mart 1981-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun Əzizbəyov (Qaraçanta) kəndində vəfat etmiş və həmin kəndin qəbiristanlığında dəfn edilmişdir. Həmin zaman nənəsinin ölümü haqqında şəhadətnamə alınmamışdır 1988-ci ildə Ermənistan SSR-də ermənilərin azərbaycanlılara qarşı yeritdiyi deportasiya siyəsəti nəticəsində onlar zorla Azərbaycana köçürülmüşlər və bundan sonra Azərbaycan Respublikasının müxtəlif bölgələrində məskunlaşmaları və yaşayış şəraitini bərpa etməyə çalışmaları səbəbindən nənəsinin ölüm haqqında şəhadətnaməsini almaq imkanı olmamışdır. Daha sonra isə aradan uzun illər keçdiyindən bu sənədə artıq ehtiyac olmadığını fikirləşərək şəhadətnaməni almaq üçün müvafiq qurumlara müraciət etməmişlər. Lakin hal-hazırda vərəsəlik məsələlərinin həll edilməsi üçün bu sənədə ehtiyac vardır. Nənəsinin vəfat etməsi faktının müəyyən edilməsi onun ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün lazımdır. Həmin şəhadətnamə isə vərəsəliklə bağlı məsələlərin həll edilməsi üçün zəruridir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsinin nümayəndəsi Nümayəndə ərizənin həll edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə proses iştirakçılarını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərdi ki, ərizəçi onun qardaşı oğlu, mərhum Namazova (Əzizova) Qızyetər Əli qızı onun anasıdır. O təsdiq edir ki, anası Namazova (Əzizova) Qızyetər Əli qızı 1981-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun Əzizbəyov (Qaraçanta) kəndində ölmüş və elə orada da dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, ərizəçi onun qardaşı oğlu, mərhum Namazova (Əzizova) Qızyetər Əli qızı onun anasıdır. O da təsdiq edir ki, anası 1981-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun Əzizbəyov (Qaraçanta) kəndində ölmüş və elə orada da dəfn edilmişdir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - doğum haqqında 224515 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonunda doğulmuşdur. X2, anası X1r. - doğum haqqında 587871 saylı şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1953-cü il tarixdə Ermənistan SSR, Amasiya (Qukasyan) rayonunda doğulmuşdur. X3, anası X7r. - ölüm haqqında 438725 saylı şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1997-ci il tarixdə ölmüşdür. - ölüm haqqında AZ-İİ 402277 saylı şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə ölmüşdür. - Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-376/2025 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilinmədiyi üçün ölümün qeydə alınması imkan xaricindədir. Bununla bağlı məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. - Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X4 adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi ilə bağlı müraciətə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3 bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s. ) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Q.Namazovanın ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, Namazova (Əzizova) Qızyetər Əli qızı ərizəçinin nənəsi olmuş, 30 mart 1981-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Əzizbəyov (Qaraçanta) kəndində vəfat etmişdir. Namazova (Əzizova) Qızyetər Əli qızının ölüm faktı ərizəçinin izahatı və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahidlər ifadələrində Namazova (Əzizova) Qızyetər Əli qızının 30 mart 1981-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Əzizbəyov (Qaraçanta) kəndində vəfat etməsini təsdiq etmişlər. Hazırda müvafiq sənədlər olmadığına görə, ərizəçi nənəsinin ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin nənəsi Namazova (Əzizova) Qızyetər Əli qızı 30 mart 1981-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Əzizbəyov (Qaraçanta) kəndində ölmüşdür. Məhkəmə şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Namazova (Əzizova) Qızyetər Əli qızının 30 mart 1981-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Əzizbəyov (Qaraçanta) kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Namazova (Əzizova) Qızyetər Əli qızının 30 mart 1981-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Əzizbəyov (Qaraçanta) kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar