Məhkəmə qərarları › İş №2(012)-2252/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2252/2025

11.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2252/2025 11.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs) barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Abşeron 1 saylı mediasiya təşkilatında bağlanmış MŞAB/MT041/2024-00145 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, onunla Maraqlı şəxs arasında Abşeron 1 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Barşıq sazişinin şərtləri aşağıdakı kimi qəbul edilmişdir: 1. Birinci tərəf: X2 bu saziş imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı-onunla İmişli Rayon VVADQ Şöbəsində xx.xx.2004-cü il tarixdə № 171 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. 2.Birinci tərəf: Maraqlı şəxs onunla birgə nikahdan dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 ananın yanında (himayəsində) qalmasına razıdır. 3. Birinci tərəf: Maraqlı şəxs onunla birgə nikahdan dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yasına çatana kimi saxlanılması üçün onun ödəyəcəyi aliment məbləğindən imtina edir. Hal-hazırda heç bir tələbi yoxdur və nikahın pozulması zamanı məhkəməyə aliment tələbinin olmayacağı barədə ərizə verməyi öhdəsinə götürür. 4. Birinci tərəf Maraqlı şəxs onunla birgə nikahdan dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 (uşaqların mənafeyi nəzərə alınaraq), onların təlim-tərbivəsinə, təhsilinə, psixologiyasına, normal gündəlik rejiminə xələl gətirmədən onunla istənilən vaxt ünsiyyətdə olmalarına şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür. 5. Birinci tərəf Maraqlı şəxs onunla birgə nikah dövründə əldə olunmuş Maraqlı şəxs adına rəsmiləşdirilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini sataraq öz aralarında 1/2 hissədə bölünməsinə razılıq verdi. Əmlakın satış qiymətini və paylara uyğun qarşılıqlı ödəmənin aparılmasını tərəflər özləri müəyyən edəcəklər. 6. Birinci tərəf Maraqlı şəxs bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğu və ikinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. Bildirir ki, Maraqlı şəxs barışıq sazişinin 4-cü hissəsində qeyd olunmuş şərtləri kobud şəkildə pozaraq, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 onunla ünsiyyətdə olmalarına, görüşmələrinə imkan verməyərək maneələr yaradır. Bir ata kimi onu övladlarıyla barışıq sazişində də qeyd edildiyi kimi istənilən vaxt ünsiyyətdə olmaq hüququ vardır. Eyni zamanda Maraqlı şəxs barışıq sazişinin 5-ci hissisində qeyd olunmuş şərtlərə də əməl etməyərək kobud surətdə pozmuşdur. Belə ki, barışıq sazişində Maraqlı şəxs ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini sataraq ö/ aramızda bərabər surətdə bölməyə razılıq versə də, buna əməl etməmişdir. Evin real alıcıları olmağına baxmayaraq. Maraqlı şəxs razılıq verməyərək evin satılmasına maneə yaradır. Dəfələrlə ona barışıq sazişinin şərtlərinə əməl etməyi bildirsə də, qarşı tərəf buna məhəl qoymur və barışıq sazişinin şərtlərini pozmuş olur. Bu halları nəzərə alaraq hesab edir ki, aralarında bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiqlənməsinə zərurət vardır. Qanunvericiliyin tələblərinə görə məhkəmə tərəfindən sadələşdirilmiş icraat qaydasında həmin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi nəzərdə tutulmuşdur. Əlavə olaraq qeyd edir ki, sözügedən evin 60000 manata alıcısı olmuş, lakin qarşı tərəf alqısatqıya, danışığa gəlməmişdir. Belə ki, qarşı tərəf evin 65000 manata satılaraq 32000 manat məbləğinin verilməsini istəyir. O, evin 60000 manata satılacağı təqdirdə belə, 32500 manat məbləğinin qarşı tərəfə verilməsinə razıdır. Qeyd edilənlərə əsasən, o, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin rəsmi sənədi olmasa da, ev onun adınadır. Hazırda ərizəçi evin 60000 manata alıcısının olduğunu bildirmişdir. Onu da qeyd edir ki, onun bütün əşyaları sözügedən evdədir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞAB/MT041/2024-00145 saylı barışıq sazişindən görünür ki, tərəflər-Ərizəçi ilə Maraqlı şəxs- Birinci tərəf: X2 bu saziş imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı ikinci tərəf Ərizəçi İmişli Rayon VVADQ Şöbəsində xx.xx.2004-cü il tarixdə № 171 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə), birgə nikahdan dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 ananın yanında (himayəsində) qalmasına, birgə nikahdan dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun ödəyəcəyi aliment məbləğindən imtina etməsinə, halhazırda heç bir tələbinin olmamasına və nikahın pozulması zamanı məhkəməyə aliment tələbinin olmayacağı barədə ərizə verməyinə, birgə nikahdan dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 (uşaqların mənafeyi nəzərə alınaraq), onların təlim-tərbivəsinə, təhsilinə, psixologiyasına, normal gündəlik rejiminə xələl gətirmədən onunla istənilən vaxt ünsiyyətdə olmalarına şərait yaradacağına, birgə nikah dövründə əldə olunmuş Maraqlı şəxs adına rəsmiləşdirilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini sataraq öz aralarında 1/2 hissədə bölünməsinə, əmlakın satış qiymətini və paylara uyğun qarşılıqlı ödəmənin aparılmasını tərəflərin özlərinin müəyyən edəcəklətrinə, Maraqlı şəxs bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğu və ikinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığına dair razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 305.1.17. maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2004-cü il tarixdə rəsmi nikah daxil olaraq ailə həyatı qurmuşdur. Tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. Daha sonra tərəflər arasında münasibət pozulmuş və onlar xx.xx.2024-cü il tarixli, MŞAB/MT041/2024-00145 saylı barışıq sazişinə əsasən, alimentin ödənilməsinə dair razılığa gəlmişlər. Barışıq sazişinin şərtlərinə əsasən, saziş üzrə öhdəliklər könüllü şəkildə icra edilməli olduğu halda Maraqlı şəxs tərəfindən öhdəliyindən yayınması halları olduğundan və bu hal barışıq sazişinin, eyni zamanda, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, barışıq sazişinin məhkəmə qaydasında məcburi icrası qaydasını istisna etmədiyindən Ərizəçi barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra Mediasiya haqqında Qanun adlanacaq): 1.0.1. maddəsinə əsasən, mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. 3.1.2. maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələrə mediasiya qaydasında baxılır. 4.1. maddəsinə əsasən, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Göründüyü kimi, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyən, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edən “Mediasiya haqqında Qanun” tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədi ilə qəbul edilmişdir. “Mediasiya haqqında Qanun”un: 24.6. maddəsinə əsasən, mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. 32.1.1. maddəsinə əsasən, tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, MŞAB/MT041/2024- 00145 saylı barışıq sazişinə əsasən, mülki iş üzrə tərəflər barışıq sazişi bağlamışlar. “Mediasiya haqqında Qanun”un: 9.3.1. maddəsinə əsasən, barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifəsidir. 34.1. maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. maddəsinə əsasən, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4. maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. maddəsinə əsasən, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Qanunun tələblərindən görünür ki, mediasiya prosesində tərəflər arasında mübahisə barışıq sazişinin imzalanması ilə başa çatdıqda həmin saziş üzrə tərəflər sazişin icra edilməsinə görə məsuliyyət daşıyır və sazişin icra edilməməsinə görə məhkəmə qaydasında məcburi şəkildə icrasının təmin edilməsi hüququnu yaratmışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, maraqlı şəxs barəsində xx.xx.2024-cü il tarixli, MŞAB/MT041/2024-00145 saylı barışıq sazişi təsdiq edilərək icrası təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın: 12.3.1. bəndinə əsasən, barışıq sazişinin imzalandığı gündən mediasiya prosesinə xitam verilir.

13. bəndinə əsasən, barışıq sazişi Qanunun 34-cü maddəsinə uyğun olaraq icra edilir. Mülki Prosessual Məcəllənin 355-24. maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞAB/MT041/2024-00145 saylı barışıq sazişinin şərtləri 10 gün müddətində maraqlı şəxs tərəfindən icra edilməli olduğu halda icra edilməmiş, bununla da, ərizəçi həmin sazişin məhkəmə qaydasında təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 355-25.3. maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları, qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirərək qeyd edir ki, öhdəliyin icrasından yayınan tərəfin öhdəliyin icrasını təmin etmək məqsədilə barışıq sazişinin təsdiq edilməsinə maneə törədən və ya bundan imtina edilməsinə əsas olan hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Abşeron 1 saylı mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞAB/MT041/2024-00145 saylı barışıq sazişi məhkəmə qaydasında təsdiq edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar