Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2294/2022 30.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmiş İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair mülki iş materiallarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə X1 arasında bağlanmış 27.11.2013-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.02.2022-ci il tarixli, 2(011)-705/2022 saylı qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə Abşeron Rayon Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İşdən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında, Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçı iddia ərizəsini cavabdehlərdən Cavabdeh1 qeydiyyat yeri üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə versə də, Xətai Rayon Məhkəməsi mübahisəli əmlakın Abşeron rayonunda yerləşməsi əsası ilə MPM-nin 39.1-ci maddəsinə istinad etməklə iş materiallarını Abşeron Rayon Məhkəməsinə göndərmişdir. İş materiallarından isə görünür ki, hazırki tələb cavabdehlər arasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 15047 kv.metrlik əmlak kompleksi müəssisəsinin və 1,8693 ha torpaq sahəsinin satılmasına dair bağlanmış əqdin etibarsız hesab edilməsi və bu əmlaka dair verilmiş reyestrdən çıxarışın ləğv edilməsi barədədir. Başqa sözlə, hazırki mübahisə predmeti daşınmaz əmlaklar deyil, onların özgəninkiləşdirilməsi barədə əqd və mülkiyyət hüququnu təsdiq edən sənəddir. Bu səbəbdən məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırki mübahisəyə müstəsna aidiyyət qaydaları tətbiq edilə bilməz, yəni hazırki mübahisəyə cavabdehlərin qeydiyyatda olduqları Bakı şəhəri Xətai Rayon Məhkəməsində və ya Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunan xüsusatlar məhkəmələr arasında fikir ayrılığının yaranmasına səbəb olduğundan və yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edildiyindən iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDİM: Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmiş İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair 2(012)- 2294/2022 saylı mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2294/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2294/2022
30.03.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver