Məhkəmə qərarları › İş №2(012)-2373/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2373/2025

04.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2373/2025 04.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, Ərizəçi şəxsin ölüm faktının müəyyən olunması barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: Ərizəçi şəxsin ölüm faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci il təvəllüdlü bacısı X1 xx.xx.2024-cü il tarixdə Xaçmaz rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və işin materiallarını nəzərdən keçirib hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, işin materiallarından göründüyü kimi, ərizəçi ölüm haqqında tibbi şəhadətnamənin və ölüm haqqında şəhadətnamənin alınması üçün müvafiq qurumalara müraciət etmədən, yəni bu barədə tibbi şəhadətnaməni və qeydiyyat orqanının imtinasını almadan birbaşa məhkəməyə müraciət etmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 saylı Qərarının 9.2-ci bəndinə görə şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Bundan əlavə, ərizədən görünür ki, Ərizəçi maraqlı şəxs kimi müvafiq qurumu ərizəsində qeyd etməmiş, bununla da xüsusi icraat qaydasında verdiyi ərizəsini qanunla nəzərdə tutulmuş formada tərtib etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, xüsusi icraat qaydasında verilmiş ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizənin məhkəməyə verilməsi ilə bağlı dövlət rüsumu olaraq 100 manat vəsaiti ödəməmiş, dövlət rüsumunu ödəməkdən azad olunması barədə mötəbər sənədləri ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: Ərizəçi şəxsin ölüm faktının müəyyən olunması barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar