Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-241/2022 18.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdehin vəkili-nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs: Abşeron rayon 1 saylı Notariat Ofisi) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv olunması tələbinə dair mülki işə 18 mart 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (üçüncü şəxs: Abşeron rayon 1 saylı Notariat Ofisi) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, 147 saylı fərdi yaşayış evinin alqı-satqısına dair 1 saylı notariat kontorunda Cavabdeh ilə imzalanmış 23.09.2014-cü il tarixli. 4Ə/4371 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh adına verilmiş RX ******* saylı, 10.10.2014-cü il tarixli reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qardaşı Raminlə birlikdə ata yurdu olan Bakı şəhəri, Yasamal rayonu, 22-ci Nərimanov döngəsi, 23-cü dalan, 4 saylı mənzildə qeydiyyatda olmaqla yaşamışlar. Bu mənzil qardaşı Raminin adına rəsmiləşdirilmişdir. 31.05.2014-cü il tarixdə Ramin həmin yaşayış evi plana düşdüyü üçün Yasamal Rayon İcra Hakimiyyətinə 79.000 manata satmış və ona düşən hissə kimi 25.000 manat pul vəsaiti ödənilmişdir. 2014-cü il tarixdə Ramin bildirdi ki, Xırdalanda 2 mərtəbəli həyət evi satılır, amma tək almağa pul vəsaiti çatmır, onlar 23.000 manat pul qoyaraq birlikdə evi ala bilərlər. O, qardaşına inanaraq ata yurdunun plana düşərək satılmasından əldə etdiyi 25.000 manatdan 23.000 manat pulu ev almaq üçün Raminə vermişdir. Aralarında olan razılaşmaya əsasən evin 1-ci mərtəbəsi onun, 2-ci mərtəbəsi isə Raminin və digər qardaşının adına rəsmiləşdirilməli idi. 23.09.2014-cü il tarixdə 2 qardaşı və o, vəsaitlərini birləşdirib Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, 147 saylı fərdi yaşayış evini almışlar. Lakin sonradan müəyyən olundu ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, 147 saylı fərdi yaşayış evini öz adına rəsmiləşdirmişdir. Halbuki, həmin fərdi yaşayış evinin 1/3 hissəsi onun adına rəsmiləşdirilməli idi. Dəfələrlə Raminə müraciət edərək aralarında olan razılaşmaya əməl edərək fərdi yaşayış evinin ona aid hissəsini adına rəsmiləşdirməsini xahiş etsə də, o, hər dəfə bəhanə gətirərək bundan yayınmışdır. 2019-cu ilin dekabr ayından başlayaraq qardaşı Ramin onun bu evdə yaşamasına süni şəkildə maneçilik törətmiş, lakin doğma qardaşı olduğu üçün bu barədə heç bir yerə şikayət etməmişdir. 2019-cu il tarixdə isə onun evdən çıxarılması barədə məhkəmədə iddia qaldırmışdır. Abşeron Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə qardaşı Raminlə birlikdə pul qoyaraq aldıqları evdən çıxarılması qət edilmişdir. Sonra Ramin ona bildirmişdir ki, məhkəmə qətnaməsindən apellyasiya şikayəti verməsin, bu evi satıb onun 23.000 manat pulunu qaytaracaq. Lakin qətnamə icraya yönəldikdə başa düşmüşdür ki, qardaşı Ramin bu dəfə də inamından sui-istifadə edərək onu aldatmışdır. Sonra o, qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və verilmiş ərizə təmin edilərək ötürülmüş müddət bərpa olunmuşdur. Hazırda mülki iş Apellyasiya Məhkəməsinin icraatındadır. Həmin fərdi yaşayış evinin alınması zamanı 23.000 manat pul onun tərəfindən ödənildiyi üçün 23.09.2014-cü il tarixdə 1 saylı notariat kontorunda Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, 147 saylı fərdi yaşayış evinə dair Cavabdeh ilə imzalanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və onun əsasında verilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX ******* nömrəli 10.10.2014-cü il tarixli çıxarış ləğv edilməlidir. İddiaçı, habelə onun vəkili və nümayəndəsi Vəkil iştirak etdikləri məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi X4 iddianı qəbul etmədi və onun təmin olunmamasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon 1 saylı Notariat Ofisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarından olan ********** qeydiyyat nömrəli 12.09.2014-cü il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, 147 saylı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi X1 adına qeydə alınmışdır. Mülki işin materiallarından olan Abşeron rayon 1 saylı Notariat Kontorunda təsdiq edilmiş daşınmaz əmlakın AN-İ ******* saylı, 23 sentyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X3 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, 147 saylı fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini Cavabdeh 10000 manat müqabilində satmışdır. Mülki işin materiallarından olan RX ******* nömrəli 10.10.2014-cü il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, 147 saylı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi Cavabdeh adına qeydə alınmışdır. Mülki işin materiallarından olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 12 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh adına Yasamal Rayon Məhkəməsinin 18.07.2006-cı il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 22-ci Nərimanov döngəsi, 23-cü dalan, 4 saylı mənzilin ¾ hissəsi qeydiyyatdan keçmişdir. 12.03.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh öz hissəsindən 7/28 hissəsini A.M.Ramazanovaya satmışdır. Cavabdeh mülkiyyətində qalan 14/28 hissəsi isə 31.05.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Yasamal Rayon İcra Hakimiyyətinə satılmış və əmlak söküldüyünə görə hüquqlar ləğv edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər bacıqardaşdırlar. Abşeron rayon 1 saylı Notariat Kontorunda təsdiq edilmiş daşınmaz əmlakın AN-İ ******* saylı, 23 sentyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, 147 saylı fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini Cavabdeh 10000 manat müqabilində satmışdır. Bundan sonra Cavabdeh mübahisəli əmlakla bağlı öz adına RX ******* nömrəli 10.10.2014-cü il tarixli reyestrdən çıxarış almışdır. Hazırda İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, 147 saylı fərdi yaşayış evinin alqı-satqısına dair 1 saylı notariat kontorunda Cavabdeh ilə imzalanmış 23.09.2014-ci il tarixli, 4Ə/4371 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh adına verilmiş RX ******* saylı, 10.10.2014-ci il tarixli reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu zaman İddiaçı istinad edir ki, mübahisəli əmlakların alınması üçün çəkilən xərclərin 23000 manat hissəsini o, ata yurdunun satılması nəticəsində əldə etdiyi vəsaitdən vermişdir və qardaşı ilə razılaşmışdır ki, bunun müqabilində evin 1-ci mərtəbəsi ona veriləcəkdir. Lakin sonradan qardaşı bu vədi yerinə yetirməmişdir, buna görə də müqavilə etibarsız hesab edilməli, cavabdehin adına verilmiş reyestrdən çıxarış isə ləğv olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki mülki qanunvericiliyə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, müqavilənin etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Əksinə, alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Müqavilə tərəflərin iradə ifadəsinə uyğun, notarial qaydada təsdiq olunmaqla bağlanılmışdır. İşdən görünür ki, İddiaçı alqı-satqı müqaviləsi üzrə tərəf olmamışdır. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Qeyd edilən hüquq normalarını hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən sadalanan hüquq normalarının pozuntusu halları olmamışdır. Belə olan halda qeyd edilən müqavilənin etibarsızlığından söhbət gedə bilməz. Həmçinin bu müqavilənin etibarsızlığına dair heç bir əsas olmadığından onun nəticəsində tərtib olunmuş reyestrdən çıxarışın ləğv olunması barədə tələb də təmin oluna bilməz. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Əmlakın dəyərinin müəyyən hissəsinin iddiaçı tərəfindən Cavabdeh verilməsinə görə əqdin etibarsız hesab edilməsi barədə iddiaçının dəlili əsassızdır, çünki mövcud qanunvericilikdə bu əsasla əqdin etibarsız hesab edilməsi barədə hər hansı müddəa yoxdur. Bundan başqa, işdən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərkən qanunvericilikdə nəzərdə tutulmuş kəsici müddəti də ötürmüşdür. Belə ki, işdən görünür ki, məlum alqı-satqı müqaviləsi 2014-cü ildə bağlanmış, iddiaçının isə bu əqdin və onun nəticəsinin mövcudluğundan ən azından onun evdən çıxarılması barədə iddia üzrə 2019-cu ilin dekabr ayında məhkəmə çəkişməsində məlumatı olmuşdur. Hazırki iddia isə 18.06.2021-ci il tarixdə qaldırıldığına görə İddiaçı əqdin etibarsızlığı barədə Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan 1 illik iddia müddətini ötürmüşdür və istənilən halda bu iddia rədd olunmalıdır. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv olunması barədə iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv olunması barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-241/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-241/2022
18.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver