Məhkəmə qərarları › İş №2(012)-2451/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2451/2021

18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2451/2021 18.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ləğv prosesində olan «xxxx» KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan «xxxx» KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə 18 iyun 2021-ci il tarixdə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan «xxxx» KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4233,38 manat məbləğində əsas borc, 2793,96 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 619,13 manat isə kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 7646,47 manat məbləğində kredit borcunun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti “VAZ-21703” markalı (Tip-sedan, buraxılış ili 2013, Ban-0437665), ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan «xxxx» KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan «xxxx» KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 məhkəmədə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Lada” filialı (bundan sonra “Bank” adlanacaq) ilə Cavabdeh1 arasında bağlanmış 2254 №-li 08 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən “VAZ-21703” markalı (Tip: sedan, Buraxılış ili-2013, Ban- 0437665), ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədi ilə cavabdehə 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 8800 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan “VAZ-21703” markalı (Tip: sedan, Buraxılış ili-2013, Ban-0437665), ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 2254 №-li 08 iyul 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış İpoteka müqaviləsinin 2-ci bəndinə əsasən kreditin təminatı kimi “VAZ-21703” markalı (Tip: sedan, Buraxılış ili-2013, Ban-0437665). ** EV *** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Cavabdeh1 kredit verildikdən sonra Cavabdeh2 ilə Bank arasında 11 dekabr 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır.Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********278 saylı 30.05.2019-cu il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh1 27 may 2019-cu il tarixə kredit üzrə borcu cəmi 7646,47 manat təşkil edir. Bundan 4233,38 manat əsas borc, 2793,96 faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 619,13 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 12-ci bəndinə əsasən müqavilə pozulduğu halda Bankın kredit üzrə borcun qaytarılması və hesablanacaq faizlərin, cərimələrin və müqavilədə göstərilmiş digər xərclərin ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır. Kredit müqaviləsinin 4-cü bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə borcalan bank qarşısında özünün bütün əmlakları ilə kredit borcu, faizlər və cərimələr həddində cavab verir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 08 iyul 2013-cü il tarixli, 2254 saylı kredit müqaviləsindən görünür ki, ləğv prosesində olan «xxxx» KB ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən ləğv prosesində olan «xxxx» KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 illik 22 % dərəcəsi ilə 36 ay müddətinə 8800 manat məbləğində borc pul vermişdir. İş materiallarında olan 11 dekabr 2014-cü il tarixli, 2254 saylı zaminlik müqaviləsindən görünür ki, «xxxx» KB ASC bundan sonra zamin adlandırılacaq Cavabdeh2 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh1 arasında 08 iyul 2013-cü il tarixli, 2254 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışlar. İş materiallarında olan 08 iyul 2013-cü il tarixli, 2254 saylı ipoteka müqaviləsindən görünür ki, ləğv prosesində olan «xxxx» KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh1 arasında 08 iyul 2013-cü il tarixli, 2254 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin təminatı üsulu kimi ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh1 məxsus «VAZ-21703” markalı (Tip-sedan, buraxılış ili 2013, Ban-0437665), ** EV *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri 10000 (on min) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 10 iyun 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ləğv prosesində olan «xxxx» KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 27.05.2019-cu il tarixinə 4233,38 manat məbləğində əsas borc, 2793,96 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 619,13 manat isə kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 7646,47 manat məbləğində kredit borcu vardır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Cavabdeh1 ilə ləğv prosesində olan «xxxx» KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu arasında kredit müqaviləsi, zaminlik müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh1 08 iyul 2013-cü il tarixli, 2254 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1, 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin ümumi məzmununa əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə iddiaçının cavabdehdən Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 619,13 manat məbləğində borcun tələb etməsi ilə bağlı hesab edir ki, bu tələbin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh1 (borcalan) kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan Cavabdeh2 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, ləğv prosesində olan «xxxx» KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 məxsus ipoteka ilə yüklü edilmiş «VAZ-21703” markalı (Tip-sedan, buraxılış ili 2013, Ban-0437665), ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilinə tutumanın yönəldilməsi, bu əmlakın hərracda satılması tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Bundan başqa iş materiallarında olan ləğv prosesində olan «xxxx» KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh1 arasında bağlanmış 08 iyul 2013-cü il tarixli, 2254 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus «VAZ-21703” markalı (Tipsedan, buraxılış ili 2013, Ban-0437665), ** EV *** dövlət qeydiyyat nişanlı avtomobil 10000 (on min) manat qiymətləndirilmişdir. Həmin qiymət məhkəmədə mübahisə predmeti olmadığından məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti də həmin həddə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan «xxxx» KB ASC-yə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 08 iyul 2013-cü il tarixli, 2254 saylı kredit müqaviləsi üzrə 4233,38 manat məbləğində əsas borc, 2793,96 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 619,13 manat isə kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 7646,47 manat məbləğində kredit borcunun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan «xxxx» KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Tutma ipoteka predmeti olan «VAZ-21703” markalı (Tip-sedan, buraxılış ili 2013, Ban- 0437665), ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilnə yönəldilsin. İpoteka predmeti açıq hərracdan satılsın və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti 10000 (on min) manat məbləğində müəyyən edilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan «xxxx» KB ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar