Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2569/2021 12.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron LTD 2013 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron LTD 2013 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron LTD 2013 MMC ilə Cavabdeh1 arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış 26.11.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh1 ünvan 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun (girişinin) 13-cü mərtəbəsindəki 1 otaqlı 64 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron LTD-2013 MMC ilə Cavabdeh1 arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış 26.11.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsinə və Cavabdeh1 və həmin mənzildə onunla birlikdə yaşayan şəxslərin əmlakları ilə birlikdə ünvan 1 ünvanında inşa olunan yaşayış binasının 1-ci blokunun (girişinin) 13-cü mərtəbəsindəki 1 otaqlı 64 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, payçı kimi Fuad-LTD Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 20 may 2009-cu il tarixli Kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən icraçı Fuad LTD MMC-nin ünvan 2 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 13cü mərtəbəsində yerləşən ümumi sahəsi 47 kv.m olan bir otaqlı 64 saylı mənzilin hər kv.m üçün onun tərəfindən 285 manat olmaqla, cəmi 13395 manat pul ödəməyi, icraçı Fuad LTD MMC isə həmin ödəniş müqabilində 2010-cu ildə qeyd olunan mənzili tikib ona təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin tərəflərin öhdəliyi adlanan 1-ci bölməsinə əsasən, icraçı ünvan 3 ünvanında tikilən 9 girişli, 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 13-cü mərtəbəsində 64 saylı mənzili ona verməyi öz öhdəsinə götürmüşdür. Mənzil 1 otaqdan ibarətdir və mənzilin ümumi sahəsi 47 kv.m. təşkil edir (1-ci bənd) və mənzil ona ümumi TQİ-ri, daxili elektrik xətləri (mis, məftil), daxili santexnika xətləri (qaz, su, kanalizasiya xətləri birləşmə nöqtələrinədək, xarici qapı və pəncərələr (plastik materialdan) şüşələnmiş vəziyyətdə, yüksək keyfiyyətli suvaq işləri, pilləkən qəfəsinin rənglənməsi və ağardılması, pilləkən qəfəsində məhəccərin quraşdırılması, mərtəbələrdə elektrik şitlərinin quraşdırılması, girişlərdə dəmir seyf qapıların qoyulması (yerli istehsaldan), mənzillərdə dəmir seyf qapıların qoyulması (yerli istehsaldan), binanın fasadında tamamlama işlərinin görülməsi, liftlərin quraşdırılması və sazlanaraq işə buraxılması (sakinlərin 50%-i binaya köçdükdən sonra), xarici mühəndis qurğularının və qurğularının çəkilişi, məhəllədaxili abadlıq işləri, həyətin abadlaşdırılması və dizel generatorunun quraşdırılması vəziyyətində təhvil verilməlidir (6-cı bənd). Həmin müqavilənin “Müqavilənin qiyməti” adlanan 2-ci bölməsinə əsasən, mənzilin hər kv.m-nin dəyəri 285 manat həcmində qiymətləndirilməklə, mənzilin ümumi dəyəri 13395 manat təşkil edir (1-ci bənd). Həmin müqavilənin “Ödənilmişdir” bölməsində aparılmış qeyddən görünür ki, 20 may 2009-cu ildə 13395 manat pul ödənilmişdir. (Həmin qeyd icraçı Fuad LTD MMC-nin möhürü ilə təsdiq edilmişdir). Fuad-LTD MMC tərəfindən verilmiş 20 may 2009-cu il tarixli maliyyə arayışından görünür ki, o, 20 may 2009-cu ildə Fuad-LTD Məhdud Məsuliyyətli Cəmiyyətindən ümumi sahəsi 47 kv.m olan 1 otaqlı mənzil almış və 13395 manat pul ödəmişdir. O, cavabdeh Abşeron LTD 2013 MMC-yə qarşı öhdəliyin məcburi icrası tələbinə dair iddia ərizəsi ilə Abşeron Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən həmin mənzilin tikintisinin başa çatdırılaraq, ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə onun cavabdeh Abşeron LTD 2013 MMC-yə qarşı öhdəliyin məcburi icrası tələbinə dair iddiası təmin edilmiş, Fuad LTD MMC ilə bağladığı 20 may 2009-cu il tarixli Kooperativ binada mənzil tikintisi müqaviləsində nəzərdə tutulan qeyd olunan mənzilin tikintisinin başa çatdırılaraq, ona təhvil verilməsi vəzifəsinin cavabdeh Abşeron LTD 2013 MMC-nin üzərinə qoyulması, cavabdeh Abşeron LTD 2013 MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat pul vəsaitinin onun xeyrinə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Abşeron LTD 2013 MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsinin cavabdeh Abşeron LTD 2013 MMC-nin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 avqust 2020-ci il tarixli, 2(102)-3141/2020 saylı qərarına əsasən isə cavabdeh Abşeron LTD 2013 MMC-nin kasasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almış, icraya yönəldikdən sonra məlum olmuşdur ki, Fuad LTD MMC tərəfindən ona satılmış ünvan 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun (girişinin) 13-cü mərtəbəsindəki bir otaqlı 64 saylı mənzil Abşeron LTD 2013 MMC tərəfindən 26 noyabr 2013-cü il tarixdə qanunsuz olaraq Cavabdeh1 satılmışdır. Eyni zamanda, onda olan məlumata görə qeyd olunan mənzil Cavabdeh1 tərəfindən alınmış olsa da hal-hazırda həmin mənzildə Cavabdeh1 bacısı və digər qohumları yaşayır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh1, X1 və digər şəxlərin əşyaları ilə birlikdə mənzildən çıxarılmasına dair də qətnamə qəbul edilməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1 və Abşeron LTD 2013 MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 185.5. maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Abşeron LTD 2013 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və tədqiq edilmiş; -Fuad-LTD MMC-nin nizamnamə əsasında fəaliyyət göstərən sədri X5 ilə İddiaçı arasında bağlanmış 20.05.2009-cu il tarixli kooperativ binada mənzil tikintisi üçün müqavilənin surətindən görünür ki, icraçı ünvan 4 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47 kv.m olan bir otaqlı 64 saylı mənzili payçıya verməyi, payçı isə mənzilin pay haqqını müəyyənləşdirilən qiymət üzrə ödəməklə son nəticədə mənzili qəbul etməyi öz üzərinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən, mənzilin hər kv.m-nin dəyəri 285 manat olmaqla, mənzilin ümumi dəyəri 13395 manat təşkil edir. Müqaviləyə edilmiş qeyddən görünür ki, payçı tərəfindən 13395 manat 20.05.2009cu il tarixdə ödənilmişdir. Fuad-LTD MMC-nin maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən də 20.05.2009-cu il tarixdə Fuad-LTD MMC-dən ümumi sahəsi 47 kv.m olan bir otaqlı mənzili almış və 13395 manat pul ödəmişdir. -Abşeron Rayon Məhkəməsinin 16.07.2019-cu il tarixli 2(012)-2126/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Fuad LTD Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 20 may 2009-cu il tarixli Kooperativ binada mənzil tikintisi Müqaviləsində nəzərdə tutulan ünvan 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun (girişinin) 13-cü mərtəbəsindəki ümumi sahəsi 47 kv.m olan bir otaqlı 64 saylı mənzilin tikintisinin başa çatdırılaraq, iddiaçıya təhvil verilməsi vəzifəsi cavabdeh Abşeron LTD-2013 Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmuş, cavabdeh Abşeron LTD-2013 Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.08.2020-ci il tarixli 2(102)- 3141/2020 saylı qərarından görünür ki, cavabdeh Abşeron LTD 2013 MMC-nin kasasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 17.01.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərardan daha sonra görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 17.01.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Abşeron LTD 2013 MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 16.07.2019-cu il tarixli qətnaməsinin cavabdeh Abşeron LTD 2013 MMC-nin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. -Abşeron Rayon Məhkəməsinin 16.07.2019-cu il tarixli 2(012)-2126/2019 saylı icra vərəqəsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 16.07.2019-cu il tarixli 2(012)- 2126/2019 saylı qanuni qüvvəsini almış qətnaməsi 20.08.2019-cu il tarixdə icraya yönəldilmişdir. -Fuad-LTD MMC-nin nizamnamə əsasında fəaliyyət göstərən direktoru X6 ilə Cavabdeh1 arasında bağlanmış 26.11.2013-cü il tarixli kooperativ binada mənzil tikintisi üçün müqavilənin surətindən görünür ki, icraçı ünvan 5 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 52 kv.m olan bir otaqlı 64 saylı mənzili payçıya verməyi, payçı isə mənzilin pay haqqını müəyyənləşdirilən üzrə ödəməklə son nəticədə mənzili qəbul etməyi öz üzərinə götürmüşdür. -Müqavilənin 2-ci bəndinə əsasən, mənzilin hər kv.m-nin dəyəri 423 manat olmaqla, mənzilin ümumi dəyəri 22000 manat təşkil edir. -Müqaviləyə edilmiş qeyddən görünür ki, payçı tərəfindən 22000 manat 26.11.2013cü il tarixdə ödənilmişdir. -Abşeron Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli 2(102)-2569/2021 saylı soğu məktubuna əsasən Bakı şəhəri Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 61 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 08.03.2021-ci il tarixli 61 saylı arayışından müəyyən olunur ki, Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu Ş.Qurbanov küçəsi 2/15 saylı evin 74 saylı mənzilində qeydiyyatda olsa da bu ünvanda yaşamır. -Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Abşeron LTD 2013 MMC hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu Badamdar ŞTQ M.Müşfiq küçəsi 31A saylı ev, VÖEN ********** olmaqla 26.11.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 25.02.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 78 saylı evin 49 saylı mənzilində qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 25.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu Ş.Qurbanov küçəsi 2/15 saylı evin 74 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Fuad-LTD MMC ilə bağladığı 20.05.2009-cu il tarixli kooperativ binada mənzil tikintisi üçün müqaviləyə əsasən, ünvan 4 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47 kv.m olan bir otaqlı 64 saylı mənzili almışdır. Həmin müqaviləyə əsasən icraçı mənzili payçıya təhvil verməyi öhdəsinə götürsə də öhdəliyini icra etməmiş, bu səbəbdən də iddiaçı öhdəliyin məcburi icrası tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 16.07.2019-cu il tarixli 2(012)-2126/2019 saylı qətnaməsinə əsasən, iddia ərizəsi təmin edilərək mənzilin tikintisinin başa çatdırılaraq iddiaçıya təhvil verilməsi vəzifəsinin icraçı Abşeron LTD 2013 MMC-yə həvalə edilməsi qət edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməyərək yuxarı instansiya məhkəmə aktları ilə Abşeron Rayon Məhkəməsinin 16.07.2019-cu il tarixli 2(012)-2126/2019 saylı qətnaməsi qüvvədə saxlanılmış, qətnamə qanuni qüvvəsini alaraq 20.08.2019-cu il tarixdə icraya yönəldilmişdir. Lakin cavabdeh MMC tərəfindən öhdəlik icra edilməyərək 26.11.2013-cü il tarixdə bağlanmış müqaviləyə əsasən qeyd olunan mənzil sonradan Cavabdeh1 satılmaqla iddiaçının mənzilə dair mülkiyyət hüquqları pozulmuşdur. Odur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron LTD-2013 MMC ilə Cavabdeh1 arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış 26.11.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsinə və Cavabdeh1 və həmin mənzildə onunla birlikdə yaşayan şəxslərin əmlakları ilə birlikdə ünvan 1 ünvanında inşa olunan yaşayış binasının 1-ci blokunun (girişinin) 13-cü mərtəbəsindəki 1 otaqlı 64 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.3-cü maddəsinə əsasən mənziltikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Tərəflər, yəni Fuad LTD MMC ilə İddiaçı arasında hüquq münasibətlərinin yarandığı dövrdə (mənzilə dair müqavilə 20.05.2009-cu il tarixdə bağlanmışdır) qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonar mətndə Mülki Məcəllə adlandırılacaq); 152.1-152-3-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Avropa İnsan Hüquqları Məhkəməsinin Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, İnsan hüquqlarının və X3 haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində mülkiyyət anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da əmlak hüquqları və beləliklə, mülkiyyət kimi qiymətləndirilə bilər. Mülkiyyət anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı Avropa İnsan Hüquqları Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin mülkiyyətidirmi? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş mülkiyyət anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. Mülkiyyət anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və qanuni gözləntisi olan əmlakı da əhatə edə bilər. Gözlənti mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı (Payçı) qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən ünvan 8 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blok 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47 kv.m olan 1 otaqlı mənzilin dəyərini ödəməklə həmin mənzilə mülkiyyət hüquqları əldə etmiş və onun bu hüquqları məhkəmə aktlarına əsasən təsdiqlənmişdir. Mülki Prosessual Məcəllənin 82.3.-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qərarı olmasına baxmayaraq icraçı müqavilə üzrə öhdəliyini icra etməyərək mənzili payçıya verməmiş, iddiaçı ilə bağladığı müqavilədən sonra yenidən Cavabdeh1 ilə eyni ev və mənzilə dair müqavilə bağlayaraq iddiaçıya məxsus mənzili ikinci dəfə M. İbrahimovaya satmışdırdir. Mülki Məcəllənin 14.2; 14.2.1. maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır. İddiaçı Fuad-LTD MMC ilə bağladığı 20.05.2009-cu il tarixli kooperativ binada mənzil tikintisi üçün müqaviləyə əsasən hər iki tərəf arasında mülki hüquq və vəzifələr yaranmış, həmin müqavilə qüvvədə olduğu zaman cavabdeh digər şəxslə eyni mənzilə müqavilə bağlamışdır. Bir müqavilə üzrə hüquq və vəzifələrin yarandığı zaman başqa bir şəxslə eyni mənzilə dair hüquq və vəzifələrin yaranması qanunvericiliyə ziddir və bu müqavilə mülki hüquq münasibətləri yaratmır, mübahisə edilən əqd olduğundan etibarsız hesab edilməlidir. Bu səbəbdən də məhkəmə iddia tələblərinin Cavabdeh1 ilə icraçı Abşeron LTD 2013 MMC arasında bağlanmış 26.11.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair tələblərini əsaslı hesab edib təmin edilməsi qərarına gəlir. Mülki Məcəllənin; 389.1. maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə araşdırması zamanı eyni zamanda, iddiaçıya məxsus mübahisə predmeti olan mənzildə cavabdehin yaşadığı məlum olmuş, Cavabdeh1 iddiaçının mülkiyyətində olan mənzildə heç bir hüquqi əsası olmadan yaşaması müəyyən olunmuşdur. Bu səbəbdən də məhkəmə iddia tələblərini cavabdehin iddiaçıya məxsus olan mənzildən çıxarılaraq mənzilin boşaldılması tələblərini də əsaslı hesab edib təmin edir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən ünvan 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun (girişinin) 13-cü mərtəbəsindəki 1 otaqlı 64 saylı mənzildə Cavabdeh1 və onun ailə üzvlərinin yaşadığı bildirilsə də, lakin həmin şəxslərin kimliyi qeyri-müəyyən olduğundan və həmin mənzildə həqiqətən də yaşayıbyaşamadıqları barədə sübutlar məhkəməyə təqdim olunmadığından məhkəmə iddia tələblərinin bu hissədə təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələb etmədiyindən, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İnsan hüquqlarının və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Məhkəmə qətnaməsi haqqında 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İcraçı Abşeron LTD 2013 MMC ilə payçı Cavabdeh1 arasında bağlanmış Kooperativ binada mənzil tikintisi haqqında 26.11.2013-cü il tarixli müqavilə etibarsız hesab edilsin. Cavabdeh1 ünvan 2 ünvanında inşa edilən 14 mərtəbəli, yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47 kv.m olan bir otaqlı 64 saylı mənzildən çıxarılaraq mənzil boşaldılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2569/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2569/2021
12.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver