Məhkəmə qərarları › İş №2(012)-2583/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2583/2025

18.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2583/2025 18.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında Bakı 12 saylı Mediasiya Təşkilatında xx.xx.2024-ci il tarixli barışıq sazişi imzalanmışdır. Barəşıq sazişinin 3-cü bəndində şərtlər aşağıdakı kimi qəbul edilmişdir: İkinci tərəf öhdəlik götürür ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 500 (beş yüz) manat olmaqla ümumilikdə 1000 (bir min) sabit pul məbləğində alimenti birinci tərəfə ödəyəcəkdir. Cavabdeh barışıq sazişinin 3-cü bəndinin şərtlərini kobud şəkildə pozaraq, birgə nikahdan dünyaya gələn xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün alimenti ödəmir. Dəfələrlə ona barışıq sazişinin şərtlərinə əməl etməyi bildirsə də, o, buna məhəl qoymur. Cavabdeh hərbiçidir və hazırda yüksək məbləğdə pensiya alır. Lakin buna baxmayaraq, aliment ödəməkdən boyun qaçıraraq övladlarına baxmır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh ərizəni qəbul edərək, onun təmin edilməsinə etiraz etmədi və əlavə olaraq izahatında bildirdi ki, barışıq sazişinə əsasən tələb olunan aliment məbləği üzrə ödəniş etmək üçün maddi imkanı olmayıb. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 12 saylı Mediasiya Təşkilatında təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00207 saylı barışıq sazişinin 3-cü bəndindən görünür ki, Cavabdeh öhdəlik götürür ki, yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılmaları üçün onlar yetkinlik yaşına çatanadək hər ay hər bir uşaq üçün 500 (beş yüz) manat olmaqla ümumilikdə 1000 (bir min) sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəkdir. İşdə olan AZ-İİ 056592 və AZ-İV 691300 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı iki uşaq doğulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxırlar. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. İşdən görünür ki, tərəflər özlərinin nikah münasibətləri və birgə nikahdan doğulmuş uşaqların aliment təminatı ilə bağlı bir sıra hüquq və vəzifələri barədə mediasiya prosesində razılaşmış və barışıq sazişi bağlamışlar. Lakin Cavabdeh bu sazişlə üzərinə götürdüyü öhdəlikləri sazişin 3-cü bəndində göstərilən qaydada yerinə yetirmədiyindən Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 3-cü bəndi qanuna zidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Belə olan halda məhkəmə hesab edir ki, həmin barışıq sazişinin qeyd edilən bəndi məhkəmə qaydasında təsdiq edilməlidir. Belə ki, MPM-nin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmçinin Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşaqların valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00207 saylı barışıq sazişinin 3-cü bəndi aşağıdakı məzmunda təsdiq edilsin: “Cavabdeh öhdəlik götürür ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşaqların saxlanılmaları üçün onlar yetkinlik yaşına çatanadək hər ay hər bir uşaq üçün 500 manat olmaqla, ümumilikdə 1000 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəsin”. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar