Məhkəmə qərarları › İş №2(012)-2703/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2703/2021

19.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2703/2021 19.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 19 may 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu- X1 ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu- X4 03 avqust 2020-ci il tarixdə ünvan 1 ünvanında intihar etmişdir. İntihar hadisəsindən sonra hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırılma aparılmış və oğlunun ölümündə cinayət hadisəsinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. Hazırda oğlunun ölməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçi bununla əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, ona məhkəməyə müraciət etməli olması izah edilmişdir. Məhkəmə iclasında Ərizəçi qızı ərizədə göstərilənləri təsdiq edərək, ərizəsinə uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarından olan AZE seriyalı 19172984 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X4 28.04.1993-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuşdur. Mülki işin materiallarından olan Abşeron rayon İHB-nın Saray qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilən arayışdan müəyyən edilir ki, mərhum X4 həqiqətən də, 03 avqust 2020-ci il tarixdə vəfat etmişdir və mərhum Saray qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Mülki işin materiallarından olan 16.05.2021-ci il tarixli aktdan müəyyən edilir ki, həqiqətən də, X4 03 avqust 2020-ci il tarixdə vəfat etmiş və Saray qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Aktın doğruluğunu M.B.Dadaşov, R.Q.Məmmədov və M.H.Musayev öz imzaları ilə təsdiq etmişdir. Mülki işin materiallarında olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və X3 Stansiyası tərəfindən verilən xəbərdarlıq vərəqəsindən müəyyən edilir ki, 03 avqust 2020ci il tarixdə, saat 18:00-da 28.04.1993-cü il təvəllüdlü X1 meyidi Abşeron rayonu, Saray qəsəbəsi ərazisində aşkar olunmuşdur. “Kişi cinsindən meyit” Abşeron rayonu polis əməkdaşlarına təhvil verilmişdir. Mülki işin materiallarında olan Abşeron Rayon Prokurorluğu tərəfindən verilən 06 oktyabr 2020-ci il tarixli məktubdan müəyyən edilir ki, aparılmış araşdırma zamanı X1 özünü öldürməsində cinayət hadisəsinin olması müəyyən edilmədiyindən, material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 21 noyabr 2020-ci il tarixli, 05/Q-1318/15 saylı arayışdan müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bu səbəbdən də Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X6 Abşeron rayon Mərkəzi xəstəxanası tərəfindən verilən 14 dekabr 2020-ci il tarixli, 1982 №-li məktubdan müəyyən edilir ki, X1 ölüm səbəbi məlum olmadığına və ölümün intihar xarakterli olduğuna görə adına xəstəxana tərəfindən “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, 28.04.1993-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş X2 03 avqust 2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində ölməsi iş materialları ilə tam təsdiq edilir, ona görə də bu faktı müəyyən edilməli, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 28.04.1993-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş X1 03 avqust 2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar