Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2733/2020 27.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-qanuni tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Elçin Adil oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-qanuni tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, C.Cabbarlı küçəsi 24 B ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında iri və xırdabuynuzlu heyvanların saxlanması məqsədilə cavabdehlər tərəfindən qeyri-qanuni inşa edilmiş tövlələrin sökülməsi və cavabdehlərin qanunsuz fəaliyyəti nəticəsində mülkiyyətindən istifadəyə yaranmış maneənin aradan qaldırılması üçün hüququnun pozulmasına kimi mövcud olmuş vəziyyətin bərpa edilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, iddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, C.Cabbarlı küçəsi 24 B ünvanında yerləşən fərdi yaşayış evi və ölçüsü 0,0682 ha olan torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ RX seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixində daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı qeyd olunan torpaq sahəsini 2012-ci ildə alqı-satqı yolu ilə əldə etmiş və həmin tarixdən fərdi yaşayış evinin tikintisinə başlamışdır. Tikinti işlərini yekunlaşdırdıqdan sonra 2014-cü ilin oktyabr ayından ailəsi ilə birlikdə həmin fərdi yaşayış evində yaşayır. Mülkiyyətində olan ev iki mərtəbədən, 6 yaşayış otağından ibarət olmaqla ümumi sahəsi 255,5 kv.metrdir. Həmin evin tikintisinə və tam təmir olunmasına külli miqdarda vəsait xərcləmişdir. Qeyd olunan torpaq sahəsini aldıqdan sonra orada fərdi yaşayış evinin tikintisinə başlamamışdan əvvəl ona məxsus olan torpaq sahəsi ilə bitişik torpaq sahəsində yerləşən 23 saylı fərdi yaşayış evində yaşayan Cavabdeh1 və onun oğlu Cavabdeh2 ilə tanış olmuş və onlarla mehriban qonşuluq münasibəti yaratmağa çalışmışdır. Həmin vaxt qonşu Cavabdeh1 sahəsində yaşadığı fərdi yaşayış evinin yanında ölçüsü təxminən 6 kv.metr olan tövlə olmuş və həmin tövlədə 1 ədəd iribuynuzlu heyvan saxlanılırdı. Fərdi yaşayış evinin tikintisinə başlamamışdan əvvəl evin ön tərəfinin istiqamətinin və pəncərələrin yerlərinin müəyyən edilməsində qonşu kimi Cavabdeh1la məsləhətləşmiş və bu zaman iddiaçı onun fərdi yaşayış evinin və həyətində olan kiçik tövlənin yerləşdiyi yeri də nəzərə almışdır. Cavabdeh1 özü də evin hazırki layihə əsasında tikilməsini ona tövsiyə etmişdir. Yuxarıda qeyd etdiyi kimi o, 2014-cü ilin oktyabr ayında evin tikintisini və təmirini bitirib ailəsi ilə bərabər ora köçmüşdür. 2017-ci ilin son aylarında cavabdehlər onlara məxsus torpaq sahəsinin aşağı hissəsində özlərinin yaşadıqları evin əks istiqamətində, ona məxsus olan evin isə bir neçə metrliyində iki böyük tövlə inşa etmişlər. Dəfələrlə etdiyi etirazlara baxmayaraq cavabdehlər öz qanunsuz hərəkətlərini dayandırmamışlar və həmin vaxtdan iddiaçı və ailə üzvləri mülkiyyətində olan evlərində rahat yaşaya bilmirlər. Yaşadıqları evin cəmi 5-6 metrliyində inşa edilmiş tövlələrdə müntəzəm olaraq ən azı 10-15 iribuynuzlu heyvan olur. Həmin tikililəri sahəsini və ölçüsünü nəzərə aldıqda ferma adlandırmaq daha doğru olardı. Heyvanlar müntəzəm qaydada kəsilib satıldıqdan sonra, hər həftənin cümə günləri “fermaya” yeni iribuynuzlu heyvanlar gətirilir. Ətrafda olan antisanitariya, səs-küy, iy-qoxu, xəstə inəklərin iniltisi və sair bu kimi neqativ halları ifadə etmək çox çətindir. Artıq uzun müddətdir ki, iki azyaşlı övladı, xəstə anası, iddiaçı və həyat yoldaşı öz evlərində nəinki həyətinə çıxıb istirahət edə bilmir, hətta yaşadıqları evin pəncərələrini belə aça bilmirlər. Evlərin içinə kimi girən dəhşətli üfunətin iyindən, ağcaqanad, milçək və bu kimi həşəratların əlindən evdə dayanmaq olmur. Dəfələrlə cavabdehlərə qanunsuz fəaliyyətlərinə son qoymalarını, qəsəbənin heyvan saxlanması üçün deyil, insanların yaşaması üçün nəzərdə tutulduğunu, qonşuluq hüquqlarına hörmət etmələrini xahiş etsələr də, heç bir nəticəsi olmamış, əksinə onlar öz fəaliyyətlərini daha da genişləndirmiş, heyvanların sayını artırmışlar. İddiaçı mülkiyyətində olan evdə yaşamağın artıq qeyri-mümkün olduğunu nəzərə alaraq məcburən hazırki ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri barədə dəfələrlə aidiyyəti orqanlara müraciətləri olmuşdur. Lakin görülən tədbirlər müvəqqəti xarakter daşımış, bir müddət sonra cavabdehlər öz qanunsuz fəaliyyətlərinə davam etmişlər. Cavabdehlərin hərəkətləri nəticəsində onun ilk növbədə mülkiyyət hüququ pozulmuşdur. Belə ki, cavabdehlərin hərəkətləri nəticəsində yaranmış dözülməz vəziyyət onun mülkiyyətində olan əmlakdan (fərdi yaşayış evindən) istifadə səlahiyyətini həyata keçirməyə mane olur. Hər iki torpaq sahəsinin təyinatı fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsidir. Başqa sözlə torpaq sahələrinin xarakteristikası heyvandarlıqla məşğul olmaq, ferma və ya bu tipli tikililər inşa edilməsi üçün nəzərdə tutulmamışdır. İddiaçının və cavabdehlərin yaşadıqları Abşeron rayonu, Saray qəsəbəsi şəhərtipli qəsəbə olmaqla yaşayış məntəqəsi kateqoriyasına aiddir və qəsəbənin infrastrukturu, sosial-məişət obyektləri orada ferma təsərrüfatı ilə məşğul olmaq, çox sayda iri və ya xırdabuynuzlu heyvan saxlamaq üçün nəzərdə tutulmamışdır. Cavabdehlərin şəhərtipli qəsəbə ərazisində heyvandarlıqla məşğul olmaları qanunvericiliyə zidd olmaqla yanaşı, inşa edilən fermalar da qüvvədə olan tikinti norma və qaydalarına əsasən qanunsuz tikililərdir Cavabdehlərin hüquqazidd hərəkətləri, yəni iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yaxınlığında ferma tipli tikililər inşa edərək orada çox sayda iribuynuzlu heyvan saxlamaqla yüksək səs-küyün, ağır və üfunətli iy-qoxunun, yenə həmin fəaliyyətin nəticəsində müxtəlif həşəratların onun və ailə üzvlərinin yaşadığı evə dolması nəticəsində mülkiyyətində olan fərdi yaşayış evindən istifadəsinə maneələr yaranmışdır. Odur ki, qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh2 və məhkəmə iclası zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş Abşeron rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, izahatı iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2015-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 24B ünvanında yerləşən 0,0682 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 128 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Abşeron rayon Baytarlıq İdarəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03 nömrəli müqavilədən görünür ki, ümumi sahəsi 200 kv.m olan sahə üçün xx.xx.2019-cu ildən xx.xx.2020-ci il müddətində profilaktik məsələlər dezinfeksiyaedici maddələrlə infeksion xəstəliklərə qarşı mübarizə aparılması razılaşmışdır. -Abşeron rayon Baytarlıq İdarəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01 nömrəli müqavilədən görünür ki, ümumi sahəsi 200 kv.m olan sahə üçün xx.xx.2020-ci ildən xx.xx.2021-ci il müddətində profilaktik məsələlər dezinfeksiya edici maddələrlə infeksion xəstəliklərə qarşı mübarizə aparılması razılaşmışdır. -İş materiallarına əlavə olunan aktlardan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində Cavabdeh1 məxsus ümumi sahəsi 200 kv.m olan obyektdə müxtəlif tarixlərdə Baytarlıq sanitariya tədbirlərinin və yolxucu xəstəliklərin qarşısının alınması üçün qabaqlayıcı məqsədlə profilaktik dezinfeksiya aparılmışdır. -Azərbaycan Respublikası Qida X1 Regional Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli 000146 nömrəli məktubundan görünür ki, Cavabdeh2 məxsus həyət evində 5 baş iribuynuzlu (inək), 2 baş buzov müəyyən edilmişdir. Cavabdeh2 yaşadığı həyətdə məxsus həyət evində fərdi təsərrüfatla məşğul olduğu və həyətində kəsim aparmadığı müşahidə olunmuşdur. Baxış zamanı xəstə heyvan aşkar olunmamış, fərdi təsərrüfatın saxlanması zamanı yararnan tullantıların vaxtaşırı daşınması ilə əlaqədar xəbərdarlıq edilmişdir. Həyətində kəsim aparacağı halda inzibati məsuliyyət daşıyacağı nəzərinə çatdırılmışdır. -Azərbaycan Respublikası Qida X1 Regional Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli 000583 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 23 ünvanına X3 Bölməsinin əməkdaşı tərəfindən baxış keçirilmiş, heyvan kəsiminin qarşısı alınmış, heyvan saxlanması ilə bağlı bu sahədə mövcud olan baytarlıq-sanitariya tələblərinin yerinə yetirilməsinə dair vətəndaşa icrası məcburi göstərişlər verilmiş və təsərrüfat nəzarətə götürülmüşdür. -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X5 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2147 nömrəli məktubundan görünür ki, Cavabdeh1 tövlədə əmələ gələn iri buynuzlu mal-qaranın tullantıların sanitariya və baytarlıq qaydalarına düzgün idarə olunması üçün icrası məcburi olan göstəriş verilmiş və aidiyyatı üzrə qanuna müvafiq tədbir görülməsi üçün Abşeron rayonu Baytarlıq İdarəsinə məktubla müraciət olunmuşdur. İş materiallarına əlavə olunmuş fotoşəkillərdə iddiaçının qonşuluğunda hasardan o biri tərəfdə tövlə tikintisi və iri buynuzlu heyvanlar görünür. İşin araşdırılan hallarından müəyyən edildi ki, Abşeron rayonu, Saray qəsəbəsi, C.Cabbarlı küçəsi 24 B ünvanında yerləşən fərdi yaşayış evi və ölçüsü 0,0682 ha olan torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ RX seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən İddiaçı mülkiyyətindədir. 23 saylı fərdi yaşayış evinin sahibi Cavabdeh1 və onun oğlu Cavabdeh2 İddiaçı qonşusudur. Qonşu Cavabdeh1 və oğlu Cavabdeh2 özlərinin həyətyanı sahəsində heyvanlar saxlanılması üçün tövlə tikmiş və həmin tövlədə iri və xırda buynuzlu heyvanlar saxlanılır. İddiaçının izahatına əsasən tövlədə saxlanılan heyvanların anti sanitariya şəraitində saxlanılması və bunun nəticəsində baş verən iyi-qoxu, həşaratların hərəkəti, heyvanların səsi qonşu kimi onları narahat etmişdir. İddiaçı tərəfindən bununla bağlı əlaqədar təşkilatlara müraciətlər edilmiş, nəticəsində yerli baytarlıq, Qida X1 Regional Bölməsi tərəfindən yerli baxış keçirilmiş, Abşeron rayon Baytarlıq İdarəsi ilə Cavabdeh1 arasında müqavilə bağlanaraq İsgəndərova məxsus 200 kv.m olan sahə üçün xx.xx.2020-ci ildən xx.xx.2021-ci il müddətində profilaktik məsələlər dezinfeksiyaedici maddələrlə infeksion xəstəliklərə qarşı mübarizə aparılması razılaşmış, yolxucu xəstəliklərin qarşısının alınması üçün qabaqlayıcı məqsədlə profilaktik dezinfeksiya işləri aparılmış və Cavabdeh1 xəbərdarlıqlar edilmişdir. Bununla belə qonşudan gələn manelərlə əlaqədar İddiaçı evinin yaxınlığında iri və xırdabuynuzlu heyvanların saxlanması məqsədilə cavabdehlər tərəfindən qeyri-qanuni inşa edilmiş tövlələrin sökülməsi və cavabdehlərin qanunsuz fəaliyyəti nəticəsində mülkiyyətindən istifadəyə yaranmış maneənin aradan qaldırılması üçün hüququnun pozulmasına kimi mövcud olmuş vəziyyətin bərpa edilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbinin cavabdehlər tərəfindən qeyri-qanuni inşa edilmiş tövlələrin sökülməsi hissəsinə dair qeyd edir ki, qonşunun qonşuya hər hansı maneənin yəni işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün olması həmin ərazidə inşa edilmiş tövlə ilə əlaqələndirilərək tikilinin sökülməsi barədə iddia tələbi əsaslı deyildir. Belə ki, iddiaçı qonşu tərəfindən maneələrin tikilmiş qeyri qanuni tövlədən baş verdiyini bildirsə də həmin tövlənin qeyri-qanuni olduğunu və oradan onlara maneələrin olması barədə yetərli sübutları məhkəməyə təqdim etməmişdir. Sübut olaraq fotoşəkillərə istinad olunmuşdur ki, bu isə yalnız həmin tikilinin mövcudluğunu göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Eyni zamanda qeyri-qanuni tikintinin sökülməsi barədə iddianın verilməsi üçün iddiaçının subyektiv hüququ olmalıdır. Belə ki, tikililərin qanuni və qanunsuz olması və istismara yararlı olub-olmaması ilə bağlı iddiaların verilməsi müvafiq icra hakimiyyətlərinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq öz elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 170.1. maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Qanunun müvafiq normasından göründüyü kimi qonşunun qonşuya yaratdığı maneə qadağan edilə bilər. Eyni zamanda həmin məcəllənin 171.1. maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2. maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 171.3. maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Qanunun qeyd edilən normasından göründüyü kimi qonşunun qonşuya yaratdığı maneə əhəmiyyətli dərəcədə olmalıdır. Həmin maneə əhəmiyyətli dərəcədə olmadıqda qonşu bu cür təsirə dözməyə borcludur. İddiaçı iddia tələbini əsaslandırsa da qonşunun onlara yaratdığı maneə əhəmiyyətli dərəcədə olması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə işin araşdırılan hallarından görünür ki, iddiaçı qonşunun ona maneə yaratması ilə bağlı müvafiq qurumlara müraciət etmişdir. Həmin qurumlar tərəfindən şikayət əsasında araşdırılmalar aparılımış və qərarlar qəbul edilmişdir. Həmin qərarların qəbul edilməsi, müvafiq orqanların səlahiyyətinə aid olduğundan və bu qərarların qəbul edilməsi iddiaçını qane etmədikdə iddiaçının onların qərarlarından müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə göstərilənlərə və qanunun qeyd edilən normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd edilən maddəsinə əsasən iddia təmin edildiyindən və eyni zamanda iddiada digər tərəfdən tələb edilmədiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci və 238-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-qanuni tikilinin sökülməsi və maneənin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2733/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2733/2020
27.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver