Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2805/2023 27.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma, mənzilin açarlarının təhvil verilməsi və mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma, mənzilin açarlarının təhvil verilməsi və mənzilə köçürülmə tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, 4 saylı evin 15 saylı mənzilindən ona və ailəsinə məxsus olan əmlakları ilə birlikdə çıxarılması, mənzilin açarlarının ona təhvil verilməsi və onun həmin mənzilə əmlakları ilə birlikdə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, 4 saylı evin 15 saylı mənzili xx.xx.2013-cü il tarixdən onun mülkiyyətindədir. Cavabdeh, X3, X5, X4 və X2 həmin mənzildə məskunlaşmışlar. Bununla bağlı qeyd edilən şəxslərin mənzildən çıxarılması barədə Abşeron Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmiş, lakin həmin vaxt 1 saylı MTİİTS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 210 saylı saxta arayış əsasında qeyd edilmişdir ki, guya Cavabdeh həmin evdə yaşamır. Buna görə də mənzildən çıxarılma barədə iddia tələbində onun adını qeyd etməmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-675/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş və yuxarıda qeyd edilən 4 cavabdehin ailə üzvləri ilə birlikdə (Cavabdeh başqa) bu mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamə 27 aprel 2022ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Lakin hazırda Cavabdeh da həmin mənzildən çıxarılmasına zərurət vardır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O bildirdi ki, mübahisəli mənzilə külli miqdarda xərc çəkilmişdir və iddiaçı həmin məbləği ödəməsə, mənzildən çıxmayacaqdır. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-675/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X3, X5, X4 və X1 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 4, 15 saylı mənzildən çıxarılmaları qət edilmişdir. Qətnamədən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX ******* saylı çıxarışla Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 4, 15 saylı mənzil tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 1 saylı MTİTTS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 330 saylı arayışdan görünür ki, Seymur Hacıyev, Samir Hacıyev, Qasım Hacıyev, Sevinc Hacıyeva, Oğuz Hacıyev və Cavabdeh Zəngilan rayonundan məcburi köçkün kimi Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 4, 15 saylı mənzildə yaşayırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli mənzil mülkiyyət hüququ ilə xx.xx.2013-cü il tarixdən İddiaçı adına qeydə alınmışdır. Cavabdeh isə Zəngilan rayonundan məcburi köçkün kimi bu mənzildə məskunlaşmışdır. Hazırda İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma, mənzilin açarlarının təhvil verilməsi və mənzilə köçürülmə tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, 4 saylı evin 15 saylı mənzilindən ona və ailəsinə məxsus olan əmlakları ilə birlikdə çıxarılması, mənzilin açarlarının ona təhvil verilməsi və onun həmin mənzilə əmlakları ilə birlikdə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin hallarından görünür ki, mübahisəli mənzilin mülkiyyətçisi İddiaçıdır. Cavabdeh isə onun icazəsi olmadan, özbaşına bu mənzildə yaşayır. Bu isə mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Qüvvədə olan qanunvericilik isə bunu tamamilə qadağan edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Həmin Məcəllənin 5-ci maddəsinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Mənzilə orada yaşayanların razılığı olmadan daxil olmağa qanunla nəzərdə tutulmuş hallarda və qaydada qəza vəziyyəti, təbii fəlakət, kütləvi iğtişaş zamanı və ya fövqəladə xarakterli digər şəraitdə yalnız vətəndaşların həyatı və (və ya) onların əmlakının xilas edilməsi, onların şəxsi təhlükəsizliyi və ya ictimai təhlükəsizliyin təmin edilməsi, habelə cinayət törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması, törədilməsində şübhə olmayan cinayət faktlarının qarşısının alınması və ya törədilmiş cinayətin, yaxud baş vermiş bədbəxt hadisənin şəraitinin müəyyənləşdirilməsi məqsədilə yol verilir. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 9.2.2-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulları ilə həyata keçirilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə görə məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. İşdən görünür ki, cavabdeh məcburi köçkün statusundan istifadə edərək müvafiq reyestrdən çıxarışla iddiaçıya məxsus mənzildə məskunlaşmışdır və bu, onun qanunla qorunan mənzilə dair mülkiyyət hüquqlarını kobud şəkildə pozur. İddiaçı qanunla müəyyən edilmiş hüquqları və qanuni maraqları cavabdehin hərəkətləri nəticəsində pozulduğundan məhkəmə hesab edir ki, İddiaçı hazırki tələbi qismən təmin edilməlidir. Mübahisənin başqa qaydada həll edilməsi isə arzuolunmaz məhkəmə presedentinin yaranmasına səbəb ola bilər ki, bu da yolverilməzdir. Belə ki, qüvvədə olan qanunvericiliyə görə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququ mövcuddur ki, cavabdehin bu yaşayış sahəsində məskunlaşması buna maneçilik törədir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsasları kimi istinad etdiyi halları qanunla nəzərdə tutulmuş qaydada sübut edə bilmişdir. Cavabdehin ona və ailəsinə məxsus olan əmlakları ilə birlikdə mənzildən çıxarılması hissəsində iddia təmin edildiyindən həmin mənzilin açarlarının təhvil verilməsi və iddiaçının əmlakları ilə birlikdə oraya köçürülməsi tələbinin təmin edilməsinə zərurət yoxdur, çünki birinci tələb qalan tələbləri özündə ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ona və ailəsinə məxsus olan əmlakları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, 4 saylı evin 15 saylı mənzilindən çıxarılmalı, qalan hissədə iddia təmin edilməməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ona və ailəsinə məxsus olan əmlakları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, 4 saylı evin 15 saylı mənzilindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2805/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2805/2023
27.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver