Məhkəmə qərarları › İş №2(012)-2936/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2936/2025

13.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2936/2025 13.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun həyat yoldaşı - xx.xx.1971-ci il təvəllüdlü X7 Abşeron rayonu, Xırdalan şəhəri, Mehti Hüseyn 76 ünvanında yerləşən fərdi yaşayış evində xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, onun həyat yoldaşı X13 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Mehti Hüseyn 76 ünvanında yerləşən fərdi yaşayış evində dünyasını dəyişmişdir. Belə ki, o, işə getmiş, işdən evə qayıtdıqda həyat yoldaşı Elnur Rəhimovun yatmış vəziyyətdə vəfat etdiyini görmüşdür. Mərhum X1 qəbiristanlığında dəfn olunmuşdur. Ölüm hadisəsi xx.xx.2024-cü il tarixdə baş vermişdir və bununla bağlı Respublika Təcili və X5 Mərkəzi PHŞ Abşeron TTTYS tərəfindən həkim xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasına ölüm haqqında tibbi arayışın verilməsi ilə bağlı onun tərəfindən müraciət olunsa da sözügedən xəstəxana tərəfindən ölüm haqqında tibbi arayış verilməmişdir. Maraqlı şəxs isə ölüm haqqında tibbi arayış olmadığı üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ölüm haqqında şəhadətnamənin əldə edilməsi vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün çox vacibdir. Odur ki, ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin müəyyən edilməsinə zərurət meydana gəlmişdir. Əlavə olaraq bildirir ki, həyat yoldaşı Elnur Rəhimov heç bir poliklinikada qeydiyyatda olmamış, lakin yüksək təzyiqdən əziyyət çəkmişdir. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X6 ərizəni qəbul etdiklərini, X7 30 dekabr 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Mehti Hüseyn 76 ünvanında yerləşən fərdi yaşayış evində ölməsi faktının müəyyən edilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X8 məhkəmədə ifadəsində bildirdi ki, X4 onların yeznəsi, yəni bacısının əri olmuşdur və ailəsi ilə birlikdə Xırdalan şəhərində yerləşən həyət evində yaşamışdır. Elnur Rəhimov 30 dekabr 2024-cü il tarixdə vəfat etmiş və Masazır qəbiristanlığında dəfn olunmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X9 məhkəmədə ifadəsində bildirdi ki, X4 onun atasıdır. Onlar vaxtilə Xırdalan şəhəri, 28-ci məhəllədə yaşamışdırlar. Türkiyədə olarkən ona zəng edib atasında narahatlıq olduğundan Bakıya gəlməli olduğunu bildirmişlər. Lakin o, evdəkilərin səsindən atasının vəfat etdiyini hiss etmiş, Bakıya gələndə isə atası artıq vəfat etmişdir. Onun atası - X4 30 dekabr 2024-сü ildə vəfat etmiş və Masazır qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan AA3284973 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 21 may 1971-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Şəki şəhər VVAQ şöbəsi tərəfindən verilmiş Vİİ-ЖГ № 423830 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 və X10 25 noyabr 2000ci il tarixdə nikahlarını bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 393 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Rəhimova” soyadı verilmişdir. İş materiallarında olan “Respublika Təcili və X5 Mərkəzi” PHŞ Abşeron Təcili və X5 Stansiyasının xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, X2 rayonu, Xırdalan şəhəri, Mehti Hüseyn 76 ünvanında həkim gələnə qədər ölmüşdür. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X20 tərəfindən verilmiş 09 yanvar 2025-ci il tarixli, 18-1-20/2-R-23-xxxx/2025 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. E.Rəhimovun ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 14 yanvar 2025ci il tarixli, 3-16-5/8-15-114/2025 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə tesdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 21 may 1971-ci il təvəllüdlü X7 30 dekabr 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Mehti Hüseyn 76 ünvanında yerləşən fərdi yaşayış evində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 21 may 1971-ci il təvəllüdlü X7 30 dekabr 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Mehti Hüseyn 76 ünvanında yerləşən fərdi yaşayış evində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar