Məhkəmə qərarları › İş №2(012)-2938/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2938/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2938/2021 14.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı Yelo Bank ASC-nin nümayəndəsi X2 Cavabdeh iştirakı ilə İddiaçı Yelo Bank ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Yelo Bank ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı X1 Bankının (Yelo Bank ASC) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 11.09.2013-cü il tarixli 17-A-1-4562-13 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4143,05 manat əsas, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 11.09.2017-ci il tarixə ödənilməmiş 1708,32 manat faiz və iddia qaldırılan günə hesablanmış 4773,15 manat dəbbə pulu olmaqla cəmi 10624,52 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən Nikoyl İKB-nin (Yelo Bank ASC) xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi cavabdehə məxsus olan 2013-cü il buraxılışlı, Renault Tondar-90 markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDO1197374 ban nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Yelo Bank ASC-nin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, X1 Bankının (Yelo Bank ASC) 6 saylı filialı ilə Cavabdeh arasında 11.09.2013-cü il tarixli 17-A-1-4562-13 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı müqavilənin 1.5, 1.6 və 1.11-ci bəndlərinə əsasən illik 17 % hesablanmaqla 48 aylıq müddətə cavabdehə 10200 manat kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin təyinatı 2013-cü il buraxılışlı, Renault Tondar-90 markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDO1197374 ban nömrəli, ağ rəngli avtomobilin alınması olmuşdur. Müqavilənin 1.4-cü bəndinə əsasən kredit müqaviləsi üzrə bütün öhdəliklərin təminatı 11.09.2013-cü il tarixli 17-A-1-4562-13 saylı ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş, bu müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə 14800 manat məbləğində qiymətləndirilmiş cavabdehə mülkiyyət hüququ ilə məxsus olan Renault Tondar-90 markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən cavabdeh hər ay sabit məbləğdə olmaqla 295 manat, ümumilikdə isə 14118 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla əlaqədar olaraq, tərəflər arasında tərtib edilmiş ödəniş cədvəlinə əsasən kreditin faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydasını müəyyən etmişdir. Cavabdeh kredit borcu Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyü üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 874/2019 saylı qərardadı ilə Abşeron rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2(012)-645/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçı Nikoyl İKB-nin (Yelo Bank ASC) Cavabdeh qarşı olan iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. Lakin Cavabdeh qeyd edilən Fərmanla nəzərdə tutulmuş güzəştlərdən yararlanmamış, kredit borcunun restrukturizasiya olunması ilə bağlı Fərmanın son icra müddəti olaraq 30.09.2019-cu il tarixədək banka heç bir ödəniş etməmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Eyni zamanda bildirdi ki, ipoteka predmeti olan 2013-cü il buraxılışlı, Renault Tondar- 90 markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil bankda özündə deyil, ümumiyyətlə avtomobilin kimin istifadəsində olması barədə məlumatı yoxdur. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Nikoyl İKB ilə bağladığı 11.09.2013-cü il tarixli, 17-A-1-0-4562-13 saylı kredit müqaviləsi əsasında avtomaşın alınması məqsədilə ona 10200 manat kredit verilmişdir. Həmçinin 11.09.2013-cü il tarixli, 17-A-1-0-4562-13 saylı ipoteka müqaviləsinə əsasən alınmış 2013-cü il buraxılışlı, Renault Tondar-90 markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı, NARLSRALDD1197374 ban nömrəli, ağ rəngli avtomaşın bank qarşısında öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Bundan sonra avtomaşını **-YP-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı avtomaşında xidmət aparan X9 əməkdaşları tərəfindən saxlanılmış, ona bildirilmişdir ki, bankın tələbinə əsasən avtomaşın ondan alınaraq Nikoyl İKB-yə verilməlidir. Hüquqi savadı olmadığından və həmin vaxt sağlamlığında ciddi problemlər olduğundan avtomaşının özünü DYP əməkdaşı kimi təqdim edən Seyid adlı polis əməkdaşına təhvil vermişdir. Bundan sonra avtomaşını Nikoyl İKB-yə məxsus dayanacaqda görmüş, bu zaman bankın əməkdaşı Emin Axundov avtomaşının satılacağını və borcunun tamamilə bağlanacağını bildirmişdir. Lakin illər sonra 2019-cu ildə Bank ondan borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin məhkəmə çəkişməsi zamanı məlum olmuşdur ki, bank avtomaşının onda olmasını inkar edir, ümumiyyətlə avtomaşını görmədiyini bildirir. Belə olan halda məlum olur ki, ona məxsus avtomaşın qanunsuz formada mənimsənilmişdir. Məsələnin mübahisəsiz halı odur ki, dörd ilə yaxın müddətdir ki, o, mülkiyyətindən məhrum edilmişdir. Məhkəmə çəkişməsi ilə əlaqədar, mülki işə Sumqayıt Apelyasiya Məhkəməsində baxılarkən məhkəmə tərəfindən 15.01.2019-cu il tarixli, 2(105)-874/2019 saylı qərarla təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22.07.2019-cu il tarixli rəyinə əsasən sözügedən avtomaşının rəy verilən tarixə orta bazar qiymətinin 10000 manat olduğu müəyyən edilmişdir. Həmin ərəfədə cənab prezident İlham Əliyevin restrukturizasiya ilə bağlı sərəncamından sonra bank restrukturizasiyanın aparılması məqsədilə iddia ərizəsini geri götürmüşdür. Lakin bundan sonra bank uzun müddət ona qarşı iddia qaldırmamış, yalnız onun cinayət təqibi orqanlarına müraciətindən sonra yenidən iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Bu hal kifayət qədər şübhə doğuran məqamdır. Aydındır ki, bank avtomaşının bazar qiymətini öyrəndikdən və həmin qiymətin banka olan borcdan çox olduğunu biləndən sonra ilkin olaraq, iddia tələbini yenidən irəli sürməyə qərar vermiş, lakin onun cinayət təqibi orqanlarına müraciətindən sonra məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Sözügedən avtomaşınla o, taksi fəaliyyəti göstərmiş və əldə etdiyi gəlirlə həm ailəsini dolandırmış, həm də kredit borcunu ödəmişdir. Sözügedən avtomaşının ona qaytarılması məqsədilə Abşeron rayon prokurorluğuna yazmış olduğu müraciətinə prokurorluğun 14.01.2021-ci il tarixli, 20-S-21 saylı cavab məktubunda qeyd edilmişdir ki, Nikoyl İKB ASC-nin ona qarşı olan həmin iddiası Abşeron rayon Məhkəməsi tərəfindən təmin edilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Abşeron rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Buna əsaslanaraq, ona mülki qaydada hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Lakin Abşeron rayon Məhkəməsinin 27.09.2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Nikoil İKB-nin 6 saylı filialı ilə onun arasında bağlanmış 11.01.2013-cü il tarixli, 17-A-1-0-4562-13 saylı kredit müqaviləsi üzrə 18.04.2017-ci il tarixə ödənilməmiş 5471,74 manat əsas, 2365,29 manat faiz, 72,19 manat cərimə borcu olmaqla, ümumilikdə 7909,22 manat, dövlət rüsumu üçün ödənilmiş 20 manat və bildirişin Azərbaycan Respublikası DİN BDYPİ-də qeydiyyata alınması üçün ödənilmiş 10 manat pul vəsaitinin əvəzinin ondan tutularaq, iddiaçı Nikoyl İKB-a verilməsi, tələbin ipoteka predmeti olan ona məxsus 2013-cü il buraxılışlı Renault Tondar-90 markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı, NARLSRALDD1197374 ban nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, avtomobilin satışından əldə olunmuş pul vəsaitinin hesabına Nikoyl İKB-yə ödənilməsi olan borc və dövlət rüsumunun əvəzinin ödənilməsi, pul vəsaitinin qalan hissəsinin ona qaytarılması qət edilmişdir. Tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsində baxılarkən məhkəmənin 27.01.2019-cu il tarixli, 2(105)-874/2019 saylı qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 27.09.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Nikoyl İKB ASC-nin ona qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardaddan göründüyü kimi sözügedən avtomaşın hələ də onun mülkiyyətindədir, onun üzərində sərəncamvermə hüququ ona məxsusdur. Bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Əlavə olaraq, hazırki mülki işin araşdırılması zamanı ona məxsus ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrədən zəng gəlmiş, zəng vuran şəxs özünü təqdim etmədən ondan yuxarıda göstərilən avtomobilə dair baş etibarnamə verməyini tələb etmişdir. Həmin şəxs söhbət əsnasında ona bildirmişdir ki, avtomaşını Nikoil İKB ASC-dən almışdır, hazırda müvafiq sənəd olmadan avtomaşını idarə edir. Avtomaşınla bağlı vermiş olduğu başqa sualları isə cavablandırmaqdan imtina etmişdir. Bundan başqa oğlu X3 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrəsindən zəng gəlmiş, zəng edən şəxs özünü Nikoyl İKB ASC-nin nümayəndəsi kimi təqdim etmiş, tələb etmişdir ki, atasını, yəni onu razı salsın ki, banka gedib, avtomaşınla bağlı sənədləşmələrə imza atsın. Bütün bunlar bir daha sübut edir ki, onun xüsusi mülkiyyəti hələ də bankdadır və illərdir o, öz mülkiyyətindən məhrum olmuşdur. Ona görə də 2013-cü il buraxılışlı, Renault Tondar-90 markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı, NARLSRALDD1197374 ban nömrəli, ağ rəngli avtomaşının ondan qanunsuz və əsassız əlindən alınması, mənimsənilməsi halı ilə bağlı vəzifəli şəxslərin əməlində cinayət tərkibinin olmasını nəzərə alaraq, sözügedən xüsusatların hərtərəfli, obyektiv və tam araşdırılması üçün iş üzrə xüsusi qərardad çıxarmaqla, prokurora məlumat verilməsini xahiş edir. Eyni zamanda bildirdi ki, hal-hazırda ipoteka ilə yüklü edilmiş ona məxsus avtomobilin harada olması ona məlum deyildir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Kreditor Nikoyl İKB Bank ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 11.09.2013-cü il tarixli 17-A-1-4562-13 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilənin 1.2, 1.4 və 1.5-ci bəndlərinə əsasən, Bank tərəfindən borcalana 2013-cü il buraxılışlı, Renault Tondar-90 markalı avtomobilin alınması məqsədilə illik 17% dərəcəsi ilə 48 ay müddətinə olmaqla 10200 manat kredit verilmiş, borcalan isə kredit məbləğini və ona hesablanmış faizləri müqavilənin 1.6. bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş 48 ay müddətinə banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 7.1-ci bəndinin h yarımbəndindən müəyyən olunur ki, bu müqavilənin müddəaları borcalan tərəfindən yerinə yetirilmədikdə kreditor pul vəsaitlərinin ödənilməsini və pul öhdəliyinin icra edilməsini vaxtından əvvəl tələb edə bilər. -Kredit müqaviləsinin 7.3-cü bəndindən müəyyən olunur ki, krediti və kredit üzrə faizlərin vaxtından əvvəl tələb edilməsi zamanı kreditor həmin tələblərlə bərabər faktiki vurulmuş zərəri və kreditin verilməsi üçün çəkilmiş xərclərini borcalandan tələb edə bilər. Bu halda borcalan həmin tələbləri kreditora ödəməlidir. Kredit müqaviləsinin 9.2-ci bəndindən müəyyən olunur ki, borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün bu müqavilənin 1.14-cü bəndinə əsasən 0,15% miqdarda dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. -Kredit müqaviləsinin 12.3-cü bəndindən müəyyən olunur ki, borcalan öz üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə kreditor öhdəliklərin icrasını bankın öz seçimi ilə məhkəmə və ya notariusun icra qeydi əsasında təminat üsuluna yönəltmək hüququna malikdir. -11.09.2013-cü il tarixli 17-A-1-4562-13 saylı kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 11.10.2013-cü il tarixdən başlayaraq, 11.09.2017-ci il tarixinə kimi hər ay banka 295 manat (sonuncu ay 253 manat) ödəməklə qaytarmalıdır. -AB № 951822 saylı 11.09.2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Renault Tondar-90 markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. -İpoteka saxlayan Nikoyl İKB ASC ilə ipoteka verən Cavabdeh arasında bağlanmış 11.09.2013-cü il tarixli 17-A-1-4562-13 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, 11.09.2013-cü il tarixli 17-A-1-4562-13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi üçün ipoteka verən mülkiyyətində olan 2013-cü il buraxılışlı, Renault Tondar-90 markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilini bank qarşısında ipoteka ilə yüklü etmişdir. -İpoteka müqaviləsinin 2.3-cü bəndindən müəyyən olunur ki, ipoteka ilə yüklü edilmiş əmlak 14800 manat dəyərində qiymətləndirilmişdir. -İpoteka müqaviləsinin 5.1.17-ci bəndindən müəyyən olunur ki, ipotekasaxlayan ipotekaqoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa ipoteka ilə yüklü edilmiş əmlakın ona verilməsini tələb etmək hüququna malikdir. -İpoteka müqaviləsinin 8.1.1-ci bəndindən müəyyən olunur ki, əsas öhdəliyin və ya onun bir hissəsinin vaxtında icra olunmaması ipotekasaxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. -İpoteka müqaviləsinin 8.1.2-ci bəndindən müəyyən olunur ki, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipotekasaxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. -Yelobank ASC-nin Cavabdeh ünvanladığı 16.03.2021-ci il tarixli 03-163 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlanıldığını bildirmişdir. -Yelobank ASC-nin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə ünvanladığı 18.03.2021-ci il tarixli 03-172 saylı bildirişin qeydə alınmasına dair ərizədən müəyyən olunur ki, bank ipoteka predmetinə tutma yönəldilməsinə dair prosedura başlaması barədə bildirişin qeydə alınmasını xahiş etmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi Qeydiyyat İmtahan şöbəsinin ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 12.09.2013-cü il tarixli AA № 101777 saylı çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh mülkiyyətində olan Renault Tondar-90 markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin 11.09.2013-cü il tarixli 17-A-1-4562-13 saylı ipoteka müqaviləsinə əsasən Nikoyl İKB qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. -Yelobank ASC-nin 10.04.2021-ci il tarixli 04-237/25 saylı maliyyə arayışından görünür ki, 11.09.2013-cü il tarixli 17-A-1-4562-13 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh 11.09.2017-ci il tarixə 4143,05 manat əsas, 1708,32 manat faiz və 4773,15 manat dəbbə pulu olmaqla cəmi 10624,52 manat borcu vardır. -Yelobank ASC-nin borcalan Cavabdeh məxsus olan hesabdan çıxarışından görünür ki, borcalan Cavabdeh 11.09.2013-cü il tarixli 17-A-1-4562-13 saylı kredit müqaviləsi üzrə borcundan 19.04.2019-cu il tarixdə gecikmiş əsas ödəmə olaraq 1386,88 manat ödəniş etmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 27.08.2019-cu il tarixli 2(105)-874/2019 saylı qərardadından görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 27.09.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Nikoyl İKB ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçı Nikoyl İKB ASC-yə yenidən ümumi əsaslarla məhkəməyə müraciət etmək hüququnun olduğunun izah edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının iddiaçının özünə aid edilməsi, iş üzrə ekspertiza xərci olaraq 120 manatın Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmış, qərardad qəbul edildiyi andan qüvvəyə minmişdir. -Abşeron rayon Prokurorluğunun Cavabdeh ünvanladığı 14.01.2021-ci il tarixli 20- S-21 saylı məktubundan görünür ki, Abşeron rayon prokurorluğuna daxil olmuş müraciətdə Nikoyl bankla arasında bağlanmış 11.09.2013-cü il tarixli kredit müqaviləsinə əsasən avtomobil alınması məqsədilə bankdan 10200 manat kredit götürdüyünü və həmin pula aldığı avtomobilin bank qarşılığında kredit təminatı kimi ipoteka ilə yüklü edilməsini, sonradan kredit borcunu ödəmədiyi üçün avtomobilin məhkəmə qərarı əsasında alınaraq bankın duracağına yerləşdirildiyini və hazırkı vaxtadək qaytarılmadığını göstərməklə, avtomobilin qaytarılmasına köməklik göstərilməsini xahiş etmiş, müəyyən edilmişdir ki, Nikoyl bankın Cavabdeh qarşı olan həmin iddiası Abşeron rayon Məhkəməsi tərəfindən təmin edilmiş və Sumqayıt Apelyasiya Məhkəməsi qərarı ilə Abşeron rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Müraciəti ilə bağlı izah edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən mülki mübahisələr üzrə işlərə mülki məhkəmə icraatı qaydasında məhkəmələr baxır. Odur ki, həmin müraciətlə bağlı yuxarı məhkəmə instansiyasına məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. -Səyyar-Asan2 tərəfindən verilmiş 10.06.2013-cü il tarixli AZE № 13527781 saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 05.02.2021-ci il tarixli arayışdan görünür ki, Hacıyev X6 rayonu Xırdalan qəsəbəsi Mirqasımov küçəsi 8 saylı evdə qeydiyyatdadır. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən Nikoyl İKB ASC adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu Puşkin küçəsi 30 saylı ev olmaqla 22.11.2019-cu il tarixdə **********986800 nömrə ilə çıxarış verilmiş, qurumun hazırki adı Yelobank ASC adlanır. -Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Yelo Bank ASC adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə 26.11.2020-ci il tarixdə qanuni təmsilçisi X5 olmaqla **********306300 nömrə ilə çıxarış verilmişdir. Mülki Məcəllənin: 425.1 maddəsinə əsasən, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3 maddəsinə əsasən, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 741 və 742.1 maddələrinə əsasən, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. İşin müəyyən edilən hallarına əsasən cavabdeh kredit və ipoteka müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun (bundan sonra İpoteka haqqında Qanun adlanacaq): 39.1. maddəsinə əsasən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 33 maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.3 maddəsinə əsasən, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin: 269.4. maddəsinə əsasən, ipoteka, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 295 maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya, borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 319.1 maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etməzsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməli və əgər onun tələblərindən artıq olarsa, artıq məbləğ borcluya qaytarılmalıdır. 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2 maddələrinə əsasən, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 462.1 maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları, tərəflərin izahatlarını və Sumqayıt Apellyasiya Məhkəməsinin 27.08.2019-cu il tarixli 2(105)- 874/2019 saylı qərardadını araşdıraraq müəyyən etmişdir ki, Cavabdeh iddiaçı Nikoyl İKB ASC ilə 11.09.2013-cü il tarixdə 17-A-1-0-4562-13 saylı kredit müqaviləsi bağlamış və həmin müqavilə əsasında 48 ay müddətinə qaytarmaq, illik 17 faiz ödəmək şərtilə avtomobilin alınması məqsədilə 10200 manat kredit götürmüş, həmin tarixli 17-A-1-0- 4562-13 saylı ipoteka müqaviləsinə əsasən isə götürdüyü kredit borcu hesabına alınmış 2013-cü il buraxılışlı Renault Tondar-90 minik markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək bank qarşısında kredit borcu yarandığından bank Cavabdeh kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Abşeron rayon Məhkəməsinin 27.09.2018ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. İddiaçı Nikoyl İKB ASC qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 27.08.2019-cu il tarixli 2(105)-874/2019 saylı qərardadına əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 27.09.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Nikoyl İKB ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi cavabdehdən tələb olunan pul vəsaitinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın təhsil dairəsinə düşdüyündən baxılmamış saxlanılmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı yenidən kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə araşdırması zamanı cavabdehin sonuncu dəfə 19.04.2019-cu il tarixdə ödəniş edərək sonradan ödəniş etməməsi öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə iddiaçının kredit müqaviləsi üzrə əsas borca görə 4143,05 manat, faiz borcuna görə 1708,32 manat borcun tutulmasını əsaslı hesab edib təmin edilməsi qərarına gəlir. İşin araşdırılan hallarından görünür ki, müqavilə üzrə öhdəlikləri vaxtında yerinə yetirmədiyinə görə cavabdehə 4773,15 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 11.09.2013-cü il tarixli 17-A-1-4562-13 saylı krеdit müqaviləsi üzrə 4143,05 manat əsas borca hesablanmış 4773,15 manat cərimənin azaldılaraq 200 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Məhkəmə iddiaçı Yelobank ASC-nin kredit müqaviləsi üzrə borcun bank qarşısında ipoteka ilə yüklü edilmiş Renault Tondar-90 markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi ilə bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının iddia tələbi ilə 2018-ci ildə müraciət etməsi və həmin müddətdə borcun ödənilməməsi səbəbindən məhkəmə aktı əsasında avtomobilin bankın duracağına yerləşdirilməsi, bu barədə cavabdehin aidiyyəti quruma - Abşeron rayon Prokurorluğuna müraciət etməsi nəticəsində avtomobilin həmin müddətdən etibarən cavabdehin istifadəsində olmadığı öz təsdiqini tapdığından və eyni zamanda tərəflərin izahatına əsasən hazırda avtomobilin yerinin müəyyən edilməsi mümkün olmadığından, məhkəmə iddia tələbinin bu hissəsini əsassız hesab edib təmin edilməməsi qərarına gəlir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan iddiaçı tərəfindən iddia qaldırılması üçün ödənilmiş 30 manat rüsumu cavabdehə aid edilməli və ondan 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları məcmu halda qiymətləndirərək, qanunun tələblərini rəhbər tutaraq hesab edir ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi nəticəsində cavabdehdən iddiaçının xeyrinə 4143,05 manat əsas, 1708,32 manat faiz və 200 manat dəbbə pulu olmaqla cəmi 6051.37 manat pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 11.09.2013-cü il tarixli 17-A-1-4562-13 saylı kredit müqaviləsi üzrə 4143,05 (dörd min yüz qırx üç manat beş qəpik) manat əsas, 1708,32 (min yeddi yüz səkkiz manat otuz iki qəpik) manat faiz, 200 (iki yüz manat) manat dəbbə pulu olmaqla cəmi 6051,37 (altı min əlli bir manat otuz yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti iddiaçı Yelo Bank ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar