Məhkəmə qərarları › İş №2(012)-2969/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2969/2021

17.06.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2969/2021 17.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi, Əbdül Ağayev küçəsində yerləşən 0,08 ha torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması, qeyri-qanuni qoyulmuş qapının bağlanması, mülkiyyətində olan və sökülmüş hissənin bərpası, Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Fatmayı kəndi, Əbdül Ağayev küçəsində yerləşən 24 saylı ev iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsi və onun üzərində inşa edilmiş ev 20.04.2016-cı il tarixdə onun adına qeydiyyata alınmışdır. Belə ki, iddiaçı özünə məxsus Abşeron rayonu, Fatmayı kəndi, Əbdül Ağayev küçəsində yerləşən 24 saylı evi və torpaq sahəsini sərbəst surətdə istifadə edə bilmir. Buna maneə yaradan isə cavabdehdir. Cavabdehlə qohumluq əlaqələri olduğu üçün cavabdehin bu günə kimi ona qarşı olunan qanunsuz hərəkətlərinə səbr etmiş, lakin cavabdehin etdikləri dözülməz həddə çatdığı üçün və onun şəxsi mülkiyyətində olan əmlakını az qala mənimsədiyi üçün məhkəmə qaydasında aralarında yaranmış əsaslı problemlərin həll olunmasını istəyir. O, iddia ərizəsinə fotoşəkilləri də əlavə edərək, qeyd etdiklərini sübuta yetirməyə çalışmışdır. Belə ki, cavabdeh onun həyətyanı sahəsinə keçərək, oranı daşlarla hasara almış və qeyriqanuni qapı qoyaraq, onun mülkiyyətindən sərbəst surətdə istifadə etməsinə maneələr yaratmışdır. Cavabdeh onun həyətyanı torpaq sahəsində özü istədiyi yerdən özünə yer ayırır və istifadə edir. O, hal-hazırda cavabdehin bu cür hərəkət və hərəkətsizliyi səbəbindən özünə məxsus olan sözügedən torpaq sahəsindən heç cür istifadə edə bilmir. Bu isə onun dövlət tərəfindən tanınan və qorunan konstitusion hüquqlarının kobud surətdə pozulması deməkdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, ilk növbədə, mübahisələndirilən daşınmaz əmlakla bağlı onun cavabdeh qismində cəlb olunmağı mümkünsüz hesab olunmalıdır, Belə ki, adıçəkilən ünvanda yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüququ ona deyil, X6 məxsusdur. Bu faktı təsdiq edən rəsmi sənədlər 06 avqust 2013-cü il tarixli bağışlama müqaviləsi; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 28 avqust 2013-cü il tarixli çıxarışdır. Eyni zamanda, İddiaçı iddia tələbi üzrə eyni məzmunlu iddiası onun mərhum atası X9 tərəfindən irəli sürülmüş və Abşeron Rayon Məhkəməsinin 2(012)-18/2015 saylı 10 avqust 2015-ci il tarixli qətnaməsi ilə eyni tərəflər arasında, eyni predmetlə bağlı adıçəkilən məhkəmə tərəfindən yekun akt qəbul olunmuş və mərhum Rahib Fərəcov tərəfindən yazılmış apelyasiya şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2094/2015 saylı 28 oktyabr 2015-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. Bu səbəbdən göstərilənlərə əsasən iddiaçının ona qarşı olan iddia tələbləri üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20.04.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Abşeron rayonu Fatmayı kəndi Ə.Ağayev küçəsində 0.08 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən 24 saylı ev İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 141 saylı reyestr kitabının 12 saylı vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 16.04.2016-cı il tarixli **********54-10301 saylı texniki pasportun surətindən müəyyən olunur ki, Abşeron rayonu Fatmayı kəndi Ə.Ağayev küçəsi 24 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və bu barədə 291 inventar nömrəli qeydiyyat aparılmışdır. - 03.02.2003-cü il tarixli JN-364a saylı 30803018 Kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Abşeron rayonu Fatmayı kənd sakini X7 Abşeron rayon Aqrar İslahat Komissiyasının 25.10.2002-ci il tarixli 44 saylı qərarı ilə 0.08 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.08.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsi X4 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 444 saylı reyestr kitabının 67 saylı vərəqində qeydiyyata alınmışdır. - Abşeron Rayon Məhkəməsinin 10.08.2015-ci il tarixli 2(012)-18/2015 tarixli qətnaməsindən görünür ki, X4 X7 qarşı torpaq sahəsinin giriş-çıxışına yaradılan maneələrin aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi tələbinə dair ilk, X5 X6 qarşı giriş-çıxış qapısının bağlanması tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə ilk iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən X4 mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin giriş-çıxışına X9 tərəfindən yaradılmış maneənin aradan qaldırılması və ümumi istifadədə olan yolun üzərində X9 tərəfindən aparılmış tikilinin onun öz hesabına sökülməsi, ilk iddia üzrə ödənilmiş 30 (otuz) manat pul vəsaitinin əvəzinin cavabdeh X2 tutulub iddiaçıya verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 10 (on) manat pul vəsaitinin X5 özünə aid edilməsi, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin X2 tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. - Sumqayıt Apelyasiya Məhkəməsinin 28.10.2015-ci il tarixli 2(105)-2094/2015 saylı qərardadından görünür ki, iddiaçı X4 cavabdeh X7 qarşı torpaq sahəsinin giriş-çıxışına yaradılan maneənin aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi tələbinə dair ilk, X5 X6 qarşı giriş-çıxış qapısının bağlanması tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10.08.2015-ci il tarixli 2(012)-18/2015 tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X9 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. - Hədiyyə verən X15 ilə hədiyyə alan X10 arasında bağlanmış 06.08.2013-cü il tarixli torpaq sahəsinin bağışlanma müqaviləsinin surətindən müəyyən olunur ki, hədiyyə verən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron Ərazi İdarəsi tərəfindən 21.08.2013-cü il tarixdə verilmiş 7407 saylı arayışa və Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN- 356A KOD 30803018 olan şəhadətnamə əsasında Abşeron rayonu Fatmayı kəndində yerləşən 0,15 ha torpaq sahəsindən 0,15 ha torpaq sahəsini hədiyyə alanın mülkiyyətinə vermiş, hədiyyə alan isə torpaq sahəsini xüsusi mülkiyyətinə qəbul etmişdir. - Hədiyyə verən X9 ilə hədiyyə alan İddiaçı arasında bağlanmış 08.04.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən müəyyən olunur ki, hədiyyə verən Abşeron rayonu Fatmayı kəndində yerləşən ümumi sahəsi 155.9 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə ona məxsus olan 155.9 kv.m hissəsini, eyni zamanda həmin ünvanda yerləşən 0.08 ha torpaq sahəsini hədiyyə alanın mülkiyyətinə vermişdir. -Abşeron rayonu Fatmayı Bələdiyyəsi tərəfindən verilmiş 18.05.2021-ci il tarixli 28 saylı arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən sökülmüş hasar və hasar daxilindəki yarımtikili İddiaçı məxsusdur. - Abşeron rayon X20 və Şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən verilmiş 01.10.2020-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında İddiaçı, X8, X3, X9, X11, X12, X13 qeydiyyatdadır. - 2(012)-18/2015 saylı mülki iş üzrə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.06.2015-ci il tarixli 6872 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX serialı, ******* saylı X4 xüsusi mülkiyyətində olan 0,10 ha sahəsinin çıxarışına əsasən ölçülərin naturada üst-üstə düşdüyü müəyyən edilmişdir. JN-364A kod 30803018 saylı şəhadətnaməyə əsasən X5 mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin naturada üst-üstə düşdüyü müəyyən edilmişdir. İddiaçı X6 məxsus 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə X5 mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin koordinatları naturada üst-üstə düşmədiyi müəyyən edilmişdir. Cavabdeh X5 faktiki istifadəsində olan X6 məxsus torpaq sahəsinin giriş-çıxış yolunun inşa edilməsi iddia edilən tikilinin ümumi istifadədə olan yerdə inşa edildiyi və heç kimin mülkiyyətinə aidiyyəti olmadığı müəyyən edilmişdir. İddiaçı X6 məxsus torpaq sahəsinə açılmış girişçıxış yolunun X7 məxsus evdən istifadə etməyə məhdudiyyət yaratmadığı müəyyən edilmişdir. - Asan-Sumqayıt tərəfindən verilmiş 13.06.2015-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Abşeron rayonu Fatmayı kəndi Ə.Ağayev küçəsi 24 saylı evdə qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Abşeron rayonu Fatmayı kəndi ünvanında yerləşən torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 20.04.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu Fatmayı kəndi Ə.Ağayev küçəsi 0.08 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən 24 saylı ev İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 141 saylı reyestr kitabının 12 saylı vərəqində, 28.08.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsi X4 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 444 saylı reyestr kitabının 67 saylı vərəqində qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən və fərdi yaşayış evindən maneələr yaratdığı iddia etdiyi X4 mülkiyyətində olan 0.10 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29.06.2015-ci il tarixli 6872 saylı rəyə əsasən, həmin torpaq sahələrinin çıxarışlarına əsasən, onların ölçülərinin naturada üst-üstə düşdüyü, eyni zamanda, döngə nöqtələrinin koordinatlarının üst-üstə düşmədiyi müəyyən edilməklə yanaşı, torpaq sahəsinin giriş-çıxış yolunun inşa edilməsi iddia edilən tikilinin ümumi istifadədə olan yerdə inşa edildiyi və heç kimin mülkiyyətinə aidiyyəti olmadığı və X6 məxsus torpaq sahəsinə açılmış giriş-çıxış yolunun X7 məxsus evdən istifadə etməyə məhdudiyyət yaratmadığı da müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən sərbəst surətdə istifadə etməyə maneə törətdiyini iddia etdiyi Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 28.08.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh deyil, cavabdehin oğlu X4 mülkiyyətində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə iddia tələbi ilə bağlı belə nəticəyə gəlir ki, İddiaçı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsini tələb irəli sürülməli olmayan şəxsə qarşı irəli sürdüyündən iddia tələbləri əsaslı deyildir, ona görə də təmin edilməməlidir. 09.04.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edilmədiyindən mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi, Əbdül Ağayev küçəsində yerləşən 0,08 ha torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması, qeyri-qanuni qoyulmuş qapının bağlanması, mülkiyyətində olan və sökülmüş hissənin bərpası, Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar