Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2976/2021 22.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüquqlarının tanınması” tələbinə dair iddiası üzrə mülki işə 22 iyun 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu Cavabdeh adına sənədləşdirilmiş Xırdalan şəhərində yerləşən “AAF-Park” Yaşayış Kompleksindəki 7 saylı, binanın 35 saylı mənzilinə köçürülməklə orada ona yaşamaq hüququ verilməsinə və mənzildən istifadəyə maneçiliyin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə izahatında bildirdi ki, o, Cavabdeh ilə nikahlarını rəsmiləşdirmədən 9 fevral 2019-cu il tarixdə el adəti ilə toy edib ailə qurmuşlar. O, gəlin kimi cavabdehin yaşadığı mənzilə, yəni Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, bina, mənzil 73-də daimi yaşamaq üçün ailə üzvülərinin hamısının razılığı ilə buraxılmışdır. Cehiz əşyalarını həmin evə gətirmişdir. X15 10 fevral 2019-cu il tarixdə vəfat etdiyindən nikahlarını 07 may 2019-cu il tarixdə 1 Saylı “ ASAN Xidmət” də qeyd etdirmişlər. Bütün ailə üzvüləri ilə birlikdə ümumi təsərrüfatı birgə idarə etməklə gəlin kimi köçdüyü mənzildə yaşamışlar. Lakin, yoldaşının qardaşının ailəsi ilə yaşamaqları problemler yaratmışdır. Həmin evdə 2019-cu ilin sentyabrın 16-a kimi yaşamışlar. Qardaşlar arasında mübahisə yarandığından və bir mənzildə yaşamaqları mümkün olmadığından həmin mənzil 2019-cu ilin iyulunda 200000 manata satılmışdır. Mənzilin satışından əldə edilmiş pulla qaynı Natiqə Fatmai kəndində torpaq sahəsi alıb, ev tikdirmiş, qaynı və baldızı Bakı şəhəri, Binəqədi rayonu Naxçıvanı küçəsində 2 otaqlı mənzil almışlar. Cavabdehin isə tam təmirli mənzil almağa pulu çatmadığına görə onun valideynlərinin ona cehiz pulu kimi verdikləri, lakin onun anasında olan 20000 manat pulu ondan alıb Ramilə vermişdir. Cavabdeh onun cavabdehə verdiyi pulu da özündə olan pulun üstünə qoyub, Xirdalan şəhərində “ AAAF Park “ Yaşayış Kompleksindəki 7 saylı, binanın 35 saylı mənzilini müqavilə ilə almışdır. Onlar 2019-cu ilin sentyabrında həmin mənzilə köçmüş və 2020-ci ilin iyul ayına kimi ümumi təsərrüfatı birgə idarə etməklə və bir ailə kimi yoldaşıyla bu mənzildə yaşamışlar. Lakin, binadakı mənzillərə çıxarışlar verilmədiyindən heç biri mübahisəli mənzilə pasport qeydiyyatına alınmamışlar. Buna baxmayaraq onlar hər ikisi eyni hüquqla həmin mənzilin istifadəçisi və sahibi olmuşlar, mülküyyət hüququnun veriləcəyini gözləmişlər. Cavabdehlə münasibətləri pozulmuş və onların nikahları ləğv edilmişdir. Cavabdeh isə onun bütün əmlaklarını və hətta geyim paltarları da əlindən alaraq onu mənzildən çıxarmışdır. Cavabdeh faktiki olaraq onu özbaşınalıqla mənzildən istifadə hüququndan, sahiblikdən və mənzildə yaşamaqdan məhrum etmişdir. Halbuki, mübahisəli mənzil birgə nikah dövründə hər ikisinin pulu ilə alınmışdır. Hazırda o, mənzilinə qayıdaraq orada yaşamaq istəyir. Cavabdeh isə onu mənzilində yaşamağa imkan vermir. Cavabdehin özbaşınalıqla onu yaşadığı mənzildən məhrum etməsi həm Azərbaycan Respublikasının Konstitusiyasına və həmdə MM-nin tələblərinə ziddir. Odur ki o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə izahatında və ünvanlandığı iddia ərizəsinə etirazda bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, 2019-cu ilin fevral ayında ailə həyatı qurmuşdur, nikahları 07 may 2019-cu il tarixində rəsmiləşdirilmişdir. İddia ərizəsində yazılır ki, evdə mübahisə olduğu üçün ev satılıb, halbuki, bu həqiqətə uyğun deyil. O, evi 2019-cu ilin avqust ayında satmış və satdıqdan sonra “AAAF-Park” dan 55000 manata ev almışdır. Belə ki, evin ilkin sahibi evi 45000 manata almış, lakin evə 10000 manat xərc qoyaraq təmir etdiyinə görə, ona 55000 manata satmışdır. Guya iddiaçının anası ona 20000 manat pul vermişdir. Lakin iddiaçının anasının maddi vəziyyəti aşağı olduğundan ona bu məbləğdə pulu verməsi qeyri-mümkündür. İddia ərizəsində göstərilir ki, Xırdalan şəhəri “AAAF Park” yaşayış kompleksindəki 7 saylı binanın 35 saylı mənzili müqavilə ilə almışlar. Ailə münasibətləri pozulan zaman evin alınması həqiqətə uyğun deyildir. İddiaçının həmin evə istifadə hüququnun olmasın təsdiq edən heç bir sənəd yoxdur. Onu da qeyd etmək istəyir ki, ünvan 1 ünvanda yerləşən mənzil 06.08.2019-cu il tarixində anası X4 tərəfindən satılaraq mübahisə edilən mənzil isə 07.08.2019-cu il tarixində anasının vəsaiti ilə alınmışdır. Onların nikahları 20 avqust 2020-ci il tarixdə Məmmədova (Bağırova) Həcər Fizuli qızının təşəbbüsü ilə 1 saylı Bakı “ASAN Xidmət” X6 ləğv edilmişdir. Bundan əlavə iddiaçının Şüvəlanda 5 otaqlı evi vardır. Odur ki, o, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 ilə Cavabdeh arasında bağlanmış nikah 20 avqust 2020-ci il tarixində pozulmuşdur. İş materiallarında olan 06 avqust 2019-cu il tarixli, 10UMİ/19 saylı alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı X4 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 97.26 kv.m olan 73 saylı mənzili alıcı-ipoteka qoyanın-X5 mülkiyyətinə verir. Satılan əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********97-05101-093006 reyestr nömrəsi ********* qeydiyyat nömrəsi ilə 30.01.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 302 nömrəli reyestr kitabının 28815 nömrəli vərəqində qeydiyyata alınmış MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə X2 (Satıcıya) məxsusdur. Müqavilə bağlananadək əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Əmlakın satış qiyməti 200000 (iki yüz min) manatdır. Əmlakın dəyərinin 20000 (iyirmi min) manatı Alıcı-ipoteka qoyanın özü tərəfindən, 180000 (bir yüz səksən min) manatı isə 11.03.2019-cu il tarixli 10UM/19 saylı əsas kredit müqaviləsi və onun çərçivəsində bağlanmış əlavə kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit hesabına ödənilir. Alıcı-İpoteka qoyan satılan əmlakı (bundan sonra ipoteka predmeti) bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Borc verən (İpotekasaxlayan) arasında Bakı şəhərində bağlanmış 11.03.2019-cu il tarixli 10UM/19 saylı Əsas Kredit Müqawləsinə görə Borcverən (ipotekasaxlayan) Borcalana ******* (bir milyon) manat məbləğində, illik maksimum 28% (iyirmi səkkiz faiz), minimum 1 (bir) ay olmaqla, 11.03.2024-cü il tarixinədək Əsas Kredit Müqaviləsi çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verir, Borcalan (Alıcı-İpoteka qoyan) isə krediti və kreditdən istifadəyə görə Əlavə Kredit Müqavilələrində nəzərdə tutulmuş faizləri Əlavə Kredit Müqavilələrinin ayrılmaz hissəsi olan ödəniş cədvəlində göstərilmiş ödəniş tarixindən gec olmayaraq (bir qayda olaraq, kredit müddəti ərzində hər ayın kreditin Borcalan (Alıcı-ipoteka qoyan) kredit hesabına daxil olduğu müfaviq günündə Borcverənə (İpotekasaxlayana) ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 07 avqust 2019-cu il tarixli, No.M-4664 saylı mənzilin alğı-satqı müqaviləsindən görünür ki, satıcı “xxxx” MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin B kompleksində inşa edilən (inşa edilmiş) bina 7, mərtəbə 6, ümumi sahəsi 76.1 kv.m olan, 2 otaqlı, 35 №-li mənzili alıcı Cavabdeh təhvil verməyi, alıcı isə bunun qarşılığında satıcıya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür. İş materiallarında olan Bakı şəhəri 27 saylı notariat ofisinin xüsusi notariusunda X4 tərəfindən yazılmış və imzasıyla təsdiq edilmiş 16 yanvar 2021-ci il tarixli ərizədən görünür ki, o, onun mərhum həyat yoldaşı X8, onun 3 övladı ailəsi ilə birlikdə onların şəxsi mülkiyyətində olan 5 (beş) otaqlı mənzildə ( Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 5, m.73) ailələri ilə birgə bir yerdə yaşamışlar. Lakin kiçik oğlu Cavabdeh ailə həyatı qurduqdan sonra qeyd edilən mənzildə birgə yaşamaq mümkün olmadığı üçün qərara gəldilər ki, yaşadıqları 5 (beş) otaqlı mənzili satıb hər övladına ailələri ilə birlikdə ayrı-ayrılıqda mənzil alıb, hərəni öz mənzilinə köçürsün. Qeyd edilən mənzili 200000 (iki yüz min) manata satılmış, mənzili satdıqdan sonra qızına, oğlu Cavabdeh mənzilin alınması üçün 55000 (əlli beş min) manat pul vermişdir. Qeyd edilən pullara hər 2 (iki) oğlu özlərinə ailəsi ilə birlikdə yaşamaq üçün Məmmədov Ramin 2 (iki) otaqlı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində AAAF yaşayış B kompleksi 7 nömrəli, 35 saylı mənzili ailəsi ilə birlikdə yaşamaq üçün almışdır. Qeyd edilən 55000 (əlli boş min) manata pulu şəxsən m köhnə mənzilini satdıqdan sonra oğlu Məmmədov Raminə mənzil almaq üçün vermişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, iddiaçının iddia ərizəsində göstərdikləri və məhkəmədə verdiyi izahatı işin faktiki halları ilə uyğunluq təşkil etmir.Belə ki, iddiaçı iddia etmişdir ki, mübahisə predmeti olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAF-Park” Yaşayış Kompleksindəki 7 saylı binanın 35 saylı mənzili birgə nikah dövründə, birgə təsərrüfat hesabına əldə edilmiş,lakin məhkəmədə əksinə olaraq təkzib olunmayan sübutlarla təstiq edilmişdir ki,sözügedən mənzilin alınma tarixi birgə nikah dövrünə düşsədə, mənzil birgə təsərrüfat hesabına alınmamışdır.Belə ki, məhkəmədə müəyyən edilmiş işin faktiki hallarından görünür ki, cavabdehin anası X1 ünvan 4 ünvanda yerləşən mənzil 06.08.2019-cu il tarixində 200000(ikim yüz min) manata satılmış, mübahisə edilən mənzil isə 07.08.2019-cu il tarixində mənzilin satışından əldə olunan anasının vəsaiti hesabına alınmışdır.Belə ki, X4 oğlu Cavabdeh mənzilin alınması üçün 55000 (əlli beş min) manat pul vermiş,bu halı məhkəmədə iddiaçının özü də təstiq etmişdir. İddiaçı mübahiəli mənzilin alınması ilə bağlı 20000(iyirmi min) manat cavabdehə pul verdiyi bildirmiş, lakin bununla bağlı məhkəməyə hər hansı bir sübutu təqdim etməmiş, yalnız formal mülahizəsinə əsaslandığından, məhkəmə həmin izahata tənqidi yanaşmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsində göstərilmişdir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.4-cü maddəsində göstərilmişdir ki, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Lakin, məhkəmədə sübutların tədqiqatı zamanı Ailə Məcəlləsinin 32.1-ci, Mülki Məcəllənin 225.1-ci və 225.4-cü maddəsində göstərilən xüsusatlar müəyyən edilməmiş, əksinə olaraq Mülki Məcəllənin 225.2-ci maddəsində göstərilmiş xüsusat müəyyən edilmişdir. Bundan başqa məhkəmədə müəyyən edilmiş işin faktiki halarından görünür ki, tərəflər 2019-cu ilin fevral ayında qeyri-rəsmi nikah münasibətlərinə daxil olmuş, nikahları 07 may 2019-cu il tarixində rəsmiləşdirilmiş və onların nikahları 20 avqust 2020-ci il tarixdə ləğv edilmişdir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə görə istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu səlahiyyət əsasında fiziki şəxs əşyadan istifadə etməklə öz maddi və mənəvi tələbatını ödəyir (hazırkı halda mənzildə yaşayır). Əşyadan istifadə etmək əşyaya münasibətdə şəxsin öz mənafeləri üçün hərəkət etməsini (müxtəlif ehtiyacı və tələbatı ödəmək, fayda götürmək, gəlir, artım və bəhər əldə etmək və s.), onun köməyi ilə istehsal və ya istehlak ehtiyaclarının ödənilməsini, əşyanın sosial-təsərrüfat təyinatına uyğun olaraq istismar edilməsini ifadə edir. İstifadə obyekti mənzil olduğu halda, ondan istifadə həmin mənzildə yaşamaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Əmlak hüquqları sahiblik, istifadə və sərəncam hüquqları ilə yanaşı digər – ipoteka, servitut və digər hüquqlardan ibarətdir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İş materiallarından və tərəflərin izahatından da göründüyü kimi, İddiaçı X3 mükiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 97.26 kv.m olan 73 saylı mənzilə gəlin köçən zaman cavabdehlə aralarında rəsmi nikah olmamış, bundan əlavə həmin ev satılmış və cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin B kompleksində inşa edilən (inşa edilmiş) bina 7, mərtəbə 6, ümumi sahəsi 76.1 kv.m olan, 2 otaqlı, 35 №-li mənzil alındığından AR Mülki Məcəlləsinin 228-ci maddəsinin tələblərinə əsasən, mübahisələndirilən yaşayış evinə iddiaçının hər hansı bir istifadə hüququnun olmadığından iddiaçının həmin mənzilə köçürülməsi və istifadə hüququnun verilməsini məhkəmə qeyri-mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı onu Cavabdeh adına sənədləşdirilmiş Xırdalan şəhərində yerləşən “AAF-Park” Yaşayış Kompleksindəki 7 saylı, binanın 35 saylı mənzilinə köçürülməklə orada ona yaşamaq hüququ verilməsinə və mənzildən istifadəyə maneçiliyin aradan qaldırılmasına dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-2976/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2976/2021
22.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə istifadə hüququnun tanınması - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver