Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2034/2025 04.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə, həmin evə və digər yardımçı sahələrdən istifadə hüququnun tanınması və cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli 2(049)-2922/2025 saylı qətnaməsindən (hakim Muradağa Qasımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə, həmin evə və digər yardımçı sahələrdən istifadə hüququnun tanınması və cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respubliksı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış Çıxarış və Texniki Pasport əsasında paylı mülkiyyətinə verilmiş, Lənkəran rayonu, Bürcəli kəndində yerləşən evə köçürülmə, digər yardımçı sahələrədən istifadə hüququnun tanınması və maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0,18 ha. torpaq sahəsinin 5/12 - hissəsi və həmin torpaq sahəsinin üzərindəki, iki mərtəbəli, üç otaqlı, ümumi yaşayış sahəsi 186,70 kv.metr, yaşayış sahəsi 60,50 kv.metr, köməkçi sahəsi 126,20 kv.metr olan olan fərdi yaşayış evinin 1/3 - hissəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publilc hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi (Bundan sonra DƏDKR publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi) tərəfində müvafiq Çıxarış və Texniki pasport əsasında xüsusi mülkiyyətinə verilmişdir. Lakin, mülkiyyətində olan torpaq sahəsinin 5/12 - hissəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinin 1/3 - hissəsi Cavabdeh tərəfindən zəbt edilməklə orada köçüb yaşamağına heç bir imkan, şərait yaratmır. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. İddiaçı iddiasını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyib təmin olunmamasını xahiş etmişdir Lənkəran Rayon Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli 2(049)-2922/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, İddiaçı Lənkəran rayonu Bürcəli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi və ona cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən MPM-in 215-ci maddəsinni tələblərini kobud sürətdə pozmuşdur. Belə ki, məhkəmə iddiaçının onların paylı mülkiyyətlərində olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edərkən qanunvericiliyin tələbində qeyd olunmuş qaydaya riayət etməmişdir. İddiaçının da həmin fərdi yaşayış evinə mülkiyyət hüququ vardır. Lakin ailələri arasında olan münasibətlər imkan vermir ki, bir evdə yaşayalar. Məhkəmə isə iddiaçını mübahisəli fərdi yaşayış evinə köçürərkən nəzərə almamışdır ki, həmin fərdi yaşayış evindən birgə istifadə etmələri ilə bağlı mübahisə mövcuddur. Əgər belə bir mübahisə mövcud olmasaydı, onda iddiaçı hazırki, iddia ərizəsi ilə heç məhkəməyə müraciət etməzdi. İddiaçının qeyd olunan tələblə məhkəməyə müraciəti yolverilməzdir. Məhkəmə də iddiaçının tələbinə uyğun olaraq qətnamə qəbul etmişdir ki, bu da yuxarıda qeyd etdiyi kimi qanunvericiliyin pozulmasına səbəb olmuşdur. Onlaırn həmin fərdi yaşayış evinə mülkiyyət hüququ olsada, hazırki, halda onun istifadəsi ilə bağlı aralaırnda mübahisə mövcuddur. Lakin məhkəmə qətnamə qəbul edərkən həmin mübahisəyə aydınlıq gətirmədən, yəni kimin hansı formada özünə düşən hissədən istifadə etməsinə aydınlıq gətrimədən iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsini təmin etmişdir. Məhkəmə kollegiyasının nəzərinə onu da çatdırır ki, məhkəmə qəbul etdiyi qətnaməsində heç qeyd etməmişdir ki, mübahisəli fəri yaşayış evi neçə mərtəbədən və neçə otaqdan ibarətdir. Həmçinin məhkəmə müəyyən etməmişdir ki, hazırda mübahisəli fərdi yaşayış evində yaşamaq üçün şərait mövcuddurmu?. Həmin fərdi yaşayış evi təmirlidirmi və ya təmirsizdirmi? Bütün bunlara, eyni zamanda iddiaçı həmin fərdi yaşayış evinə köçəndən sonra həmin evin özünə düşən payından hansı formada istifadə edəcəyinə məhkəmə aydınlıq gətirməmişdir. Məhkəmə özü qətnaməsində qeyd edir ki, iş materiallarına əlavə edilmiş və qanuni qüvvəsini almış Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-39/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan ev və torpaq sahəsinin naturada bölünməsi və s. tələbinə dair iddiası, tərəflərin paylı mülkiyyətlərində olan, Lənkəran rayonu Bürcəli kəndində yerləşən sahəsi 186,7 kv.m olan mübahisəli yaşayış evinin və həmin evin yerləşdiyi 0,18 ha həyətyanı torpaq sahəsinin İddiaçı münasibətdə, müvafiq olaraq 1/3 və 5/12, Cavabdeh münasibətdə müvafiq olaraq 1/3 və 5/12 və X3 münasibətdə, müvafiq olaraq 1/3 və 2/12 hissədə olmaqla təcrid şəklində bölünməsinin texniki cəhətdən mümkün olmadığından, təmin edilməmişdir. Hazırda iddiaçı həmin evin və torpaq sahəsinin onun payına düşən hissəsinin natura qaydasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bu mümkün olmadığına görə, hazırki iddia ilə məhkəməyə müraciət edərək paylı mülkiyyəti olan evinə köçürülməsini xahiş edir. Burada sual olunur ki, əgər onların iddiaçı ilə paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin naturada bölünməsi mümkün deyilsə, onda iddiaçı həmin evə köçəndən sonra həmin evin hansı hissəsində yaşayacaqdır. Məhkəmə isə bütün bunlara aydınlıq gətirmədən iddia tələbini təmin etmişdir. Məhkəmə qətnamə qəbul edərkən MPM-in 8.2-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, məhkəmə hazırki, iş üzrə qətnamə qəbul edərkən ədalət mühakiməsini tərəflərin bərabərliyi prinsipinə əməl etmədən və məhkəmə iclasında müəyyən edilmiş faktlar əsasında həyata keçirilməli olduğu halda, bunu etməmiş, yuxarıda qeyd etdiyi kimi məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi faktları nəzərə almadan, yəni həmin hallara aydınlıq gətirmədən, ancaq iddiaçının iddia ərizəsində qeyd etdiyi hallara və onun təqdim etdiyi sübutlara əsaslanaraq iddia tələbini təmin etmişdir ki, bu da qanununvericiliyin tələbinə ziddir. Bununla da məhkəmə qətnamə qəbul edərkən MPM-in 8.2-ci maddəsinin tələblərini pozaraq iddiaçını ondan üstün tutmuşdur. Məhkəmənin iddia tələbinin qismən təmin etməyi üçün qeyd etdiyi əsaslar fərziyyədir və heç bir hüquqi əsası yoxdur. Hansı ki, hamıya bəlli olan haldır ki, iki mübahisəli ailənin bir fərdi yaşayış evində yaşaması mümkün deyildir. Qanunvericiliyin tələbinə görə də hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə isə qeyd etdiyi hallar ilə bağlı heç bir araşdırma aparmadan iddiaçının paylı mülkiyyətlərində olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul etmişdir ki, bu da gələcəkdə hər hansı bir cinayət hadisəsinin baş verməsinə səbəb ola biləcəkdir. Çünki, ailələri arasında olan münasibətlər çox pisdir və belə olan halda bir fərdi yaşayış evində yaşamaları mümkün deyildir. Bütün bu halları məhkəmə iclasında bildirsə də, məhkəmə qeyd etdiyi halları nəzərə almamışdır. Məhkəmə iddiaçını hazırda yaşadığı və paylı mülkiyyətlərində olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edərkən kimin həmin fərdi yaşayış evinin hansı hissəsindən istifadə etməsinə aydınlıq gətirməmişdir. Gəlin məhkəmənin qəbul etdiyi qətnamənin nəticə hissəsinə diqqət yetirək “Cəbiyeva X7 rayonu Bürcəli kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün və ona cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılsın.” Lənkəran rayonu, Bürcəli kəndində neçə fərdi yaşayış evi vardır, indi sual olunur, o, indi Lənkəran rayonu, Bürcəli kəndində yerləşən kimin fərdi yaşayış evinə köçürülməlidir. Həmçinin qətnamənin nəticə hissəsinin ona cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılsın ifadəsi yer alır. Burada məhkəmə aydınlaşdırmamışdır ki, ona hansı maneələr törədir ki, məhkəmə həmin maneələrin aradan qaldırılmasını təmin etmişdir. Məhkəmənin qətnaməsindən görmək olar ki, iddiaçı onunla paylı mülkiyyətdə olan fərdi yaşayış evinə köçəndən sonra istədiyini edəcəkdir, o da durub, ona baxmalıdır, ola bilsin ki, onun tərəfindən ona qarşı hər hansı bir maneə olacaqdır. Onda belə çıxır ki, onların bütün günü məhkəmələrdə keçəcəkdir. Tərəfindən ona qarşı hər hansı bir maneə olanda o, məhkəməyə verəcək, onun tərəfindən ona qarşı hər hansı bir maneə olanda onu məhkəməyə verəcəkdir. Ya da məhkəmə hər hansı bir icra məmurunu evə növbətçi qoymalıdır ki, orada bir yerdə yaşamaqlarıına nəzarət etsin. Hələ kim evin hansı hissəsindən istifadə etməlidir, məhkəmə müəyyən etməmişdir. Bütün bu hallara məhkəmə aydınlıq gətirmədən və bu faktları araşdırmadan iddiaçının iddia tələbini qismən təmin etmişdir, yəni bütün bu ziddiyyətli məqamlar məhkəmə tərəfindən araşdırılmamış və məhkəmə həmin ziddiyyətli məqamlara aydınlıq gətirmədən iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Mübahisəli fərdi yaşayış evi təkcə iddiaçının deyil, cavabdehlə iddiaçı daxil olmaqla digər qardaşı olan X2 da paylı mülkiyyətindədir. İndi tutaq ki, iddiaçı həmin evə köçürüldü, o, da ailəsini gətirəcək həmin evə, bundan sonra digər payçı olan qardaşı da paylı mülkiyyətçi kimi həmin evə köçmək istəyəcək və öz ailəsini gətirəcək həmin evə. Bundan sonra da həmin evdə 3 ailənin bir yerdə yaşaması mümkün deyildir, həmin evdə xaos olacaqdır. Bütün qeyd etdiyi hallar məhkəmə tərəfindən nəzərə alınmadan və bu hallar müəyyən edilmədən qətnamə qəbul edilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı cavabdehin apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, apellyasiya şikayətinin əsassız və formal mülahizə xarakterli olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyidirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinə nəzər saldıqda məlum olur ki, həmin şikayət uzun-uzadı olmasına baxmayaraq, əsasən maddi və prosessual hüquq normalarının formal olaraq sadalanmasından ibarətdir. Apellyasiya şikayətini ümumiləşdirdikdə cavabdeh “mübahisəli evdə qeydiyyatda olmasını, köçürülməsi məhkəmə tərəfindən təmin edilmiş həmin fərdi yaşayış evində birgə yaşayış birgə istifadə etməyimiz ilə bağlı mübahisənin mövcud olmasını, hazırda mübahisəli fərdi yaşayış evində yaşamaq üçün şəraitin olub-olmamasını, həmçinin paylı mülkiyyətdə olan evin naturada bölünməsinin mümkün olmamasını, onda iddiaçı həmin evə köçəndən sonra həmin evin hansı hissəsində yaşamasının məhkəmə tərəfindən nəzərə alınmamasını” qeyd etməklə, həmin hallara əsaslanmışdır. Apellyasiya məhkəməsinin nəzərinə çatdırmaq istəyir ki, qanuni qüvvəsini almış Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)- 39/2025 nömrəli qətnaməsi ilə cavabdeh qardaşı Cavabdeh qarşı paylı mülkiyyətdə olan ev və torpaq sahəsinin naturada bölünməsi və s. tələbinə dair iddiası, tərəflərin paylı mülkiyyətlərində olan, Lənkəran rayonu, Bürcəli kəndində yerləşən sahəsi 186,70 kv.metr olan mübahisəli yaşayış evinin və həmin evin yerləşdiyi 0,18 ha həyətyanı torpaq sahəsinin İddiaçı olan münasibətdə müvafiq olaraq 1/3 və 5/12, Cavabdeh münasibətdə müvafiq olaraq 1/3 və 5/12 və X3 münasibətdə müvafiq olaraq 1/3 və 2/12 hissədə olmaqla təcrid şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığından, təmin edilməmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı işdə iştirak edən cavabdehin izahatı, həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi (Bundan sonra DƏDKR publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi) tərəfindən xx.xx.2024-cü il tarixli, reyestr nömrəsi **********19-10301 olan Çıxarış və “Texniki pasport” əsasında işin mübahisəsiz halları kimi müəyyən edildiki, Lənkəran rayonu, Bürcəli kəndində yerləşən sahəsi 186,70 kv.m. olan mübahisəli yaşayış evinin və həmin evin yerləşdiyi 0,18 ha. həyətyanı torpaq sahəsi yuxanda qeyd olunan hissələrdə İddiaçı, Cavabdeh və X2 paylı mülkiyyətindədir. Mən ilk əvvəl mübahisəli torpaq və evdə olan payımın natura şəklində ayrılıb-bölünmsi tələbi ilə bağlı məhkəməyə müraciət etdim. Bu mümkün olmadığına görə, paylı mülkiyyətimdə olan evimə köçürülmə iddia tələbi ilə məhkəməyə müraciət etmişəm. Yəni cavabdeh qardaşım, paylı mülkiyyətçi kimi, Lənkəran rayonu, Bürcəli kəndində yerləşən torpaq sahəsi və onun üzərində rəhmətlik atam tərəfindən inşa edib tikilmiş fərdi yaşayış evindən istifadə etdikləri kimi, digər payçı olan mən iddiaçı bacının da, onunla bərabər həmin torpaq sahəsi və evdən istifadə etmək hüququm vardır. Cavabdeh mübahisəli evdə mülkiyyət hüququ üzrə qeydiyyatdan keçməklə normal şərtlər daxilində yaşadığından, bərabərlik, dövlət tərəfindən qorunan mülkiyyət toxunulmamazlığım və qanunvericiliyə əsasən, həmin şərtlər daxilində bu evdə yaşamaq hüququm vardır və cavabdehin verdiyi apellyasiya şikayəti mən iddiaçının fərdi yaşayış evimə köçürülməməsi üçün əsas oluna bilməz. Apellyasiya Məhkəməsinin nəzərinə çatdırıram ki, Lənkəran rayonu, Bürcəli kəndində, X1 məxsus fərdi evində, həyat yoldaşım X6 ilə birlikdə müvəqqəti olaraq yaşayıram. (15 yanvar 2026-cı il tarixli, № 12/26- 17 nömrəli arayış əlavə edilir.) Hesab edirəm ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən göstərilən hallara kifayət qədər aydın şəkildə və qanunun normaları ilə şərh ediləmklə qiymət verilmiş və həmin hallar formal mülahizələrdən ibarət olduğundan əsaslı sayılmamışdır. Lakin apelyator hazırki şikayətində də eyni halları təkrarlamaqla birinci instansiyası məhkəməsinin konkret olaraq hansı maddi və prosessual hüquq normalarının pozmasını göstərməmiş, maddi və prosessual hüquq normalarının müddəalarının pozulmasının nədə ifadə olunmasını əsaslandırmamış, faktlara və hüquqa əsaslanmaq əvəzinə, şəxsi mülahizə xarakterli sözlərə əsaslanmışdır. Buna görə də, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-2922/2025 saylı qətnaməsi cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə nisbətdə qanuni və əsaslıdır, qətnamə qəbul edilərkən həm maddi və həm də prosessual hüquq normalarının müddəalarına tam əməl olunmuşdur. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, apellyasiya şikayətinə qarşı təqdim etmiş olduğu yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh teleqramla məhkəməyə müraciət edərək üzürlü səbəbdən məhkəmə baxışında iştirak edə bilməyəcəyini bildirib, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin üzürlü səbəbin nədən ibarət olmasına aydınlıq gətirməmiş, bunu təsdiq edə biləcək sübutunu verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissədə ləğvini və həmin hissədə də, rəddini xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin olunan hissəsində yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən olunur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü ildə verilmiş **********19-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0.18 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 186.7 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında paylı mülkiyyətdədir. Əmlak üzərində payçıların payları aşağıdakı nisbətdədir: İddiaçı torpaq sahəsində payı 5/12, fərdi yaşayış evində 1/3 hissələrdə; Cavabdeh torpaq sahəsində payı ¼ hissədədir; torpaq sahəsinə 4/12 hissədə, fərdi yaşayış evinə isə 2/3 hissədə paylar verilmədən açıq saxlanmışdır. İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan ev və torpaq sahəsinin naturada bölünməsi və s.” tələbinə dair iddiası üzrə qanuni qüvvəyə minmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-39/2025 nömrəli qətnaməsindən görünür ki, tərəflərin paylı mülkiyyətində olmaqla Lənkəran rayonu Bürcəli kəndində yerləşən sahəsi 186,7 kv.metr olan mübahisəli yaşayış evinin və həmin evin yerləşdiyi 0,18 ha həyətyanı torpaq sahəsinin tərəflərin paylarına mütənasib olaraq təcrid şəklində bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunaraq, iddia təmin edilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı mübahisəli fərdi yaşayış evi üzərində 1/3, mübahisəli torpaq sahəsi üzərində isə 5/12 hissədə pay hüququna malik olmaqla mülkiyyətçi kimi öz əmlakından sərbəst istifadə etmək hüququna malik olduğundan, bu hüququn istənilən şəxs, o cümlədən mülkiyyət üzərində digər pay sahibləri tərəfindən məhdudlaşdırılması yolverilməzdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd etməyi zəruri hesab edir ki, tərəflər mübahisəli əmlak üzərində paylara malik olan şəxslərdir və aralarında mübahisənin mövcudluğu əmlakdan istifadə etmək istəyən payçının konstitusion hüquqlarının pozulmasına, istifadə hüquqlarının məhdudllaşdırılmasına səbəb və əsas ola bilməz. Nəqədərki, əmlakın natruada bölgüsü aparılmamışdır və bu artıq qüvvəyə minmiş məhkəmə qərarına əsasən mümkün hesab edilməmişdir, əmlakdan istifadə ilə bağlı bir payçı, digərinə münasibətdə hər hansı bir üsüntlük hüququna malik deyildir. Tərəflərə lazım gəlir ki, mövcud durumla barışaraq mübahisəni birgə yaşayış qaydalarına uyğun olaraq öz aralarında razılaşma əsasında həll etsinlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli 2(049)-2922/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-2034/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2034/2025
04.02.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə istifadə hüququnun tanınması - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver